Xəbərlər

  • Yaradılıb 28.06.2019 17:57
  • Yenilənib 28.06.2019 18:27
  • Nəşr edilib 28.06.2019 16:00

Qusarda yem emalı müəssisəsi istifadəyə verilib

 

İyunun 28-də Qusar rayonunun Gədəzeyxur kəndində Azərbaycan Hökuməti və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi tərəfindən birgə həyata keçirilən “Sosial-iqtisadi inkişaf fəaliyyəti” (SEDA) layihəsi çərçivəsində yem emalı müəssisəsi istifadəyə verilib.

Bununla bağlı İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə keçirilmiş tədbirdə çıxış edən KOBİA-nın İdarə Heyəti sədrinin müavini Nadir Adilov, Qusar Rayon İcra Hakimiyyətinin şöbə müdiri Ənvər Balabəyov, SEDA layihəsi üzrə menecer Əhməd Məmmədzadə və kənd sakinləri belə müəssisələrin bölgələrdə aqrar sektorun və heyvandarlığın inkişafı, yemə olan tələbatın ödənilməsi və yeni iş yerlərinin açılması baxımından əhəmiyyətli olduğunu vurğulayıblar.Qeyd edək ki, yem emalı müəssisəsində istehsal sahəsi və anbar inşa olunub, hər birinin gücü saatda 2 ton olan toxum təmizləyən, yem üyüdən və ot doğrayan avadanlıqlar quraşdırılıb.

Qusar rayonunun Gədəzeyxur kəndindəki yem emalı müəssisəsi Azərbaycan Hökuməti və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi tərəfindən birgə həyata keçirilən SEDA layihəsi çərçivəsində istifadəyə verilmiş sayca 29-cu yem emalı müəssisəsidir.

Tədbir çərçivəsində həmçinin, KOBİA-nın fəaliyyəti və “KOB Dostu” mexanizmi barədə məlumat verilib. Qeyd edilib ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan kənd sakinləri biznesin qurulması və inkişafı ilə bağlı Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən KOB dostlarına müraciət edə bilərlər.   

← Geriyə