İqtisadi təşkilatlarla əməkdaşlıq

  • Yaradılıb 01.10.2012 11:11
  • Yenilənib 29.10.2018 15:19
  • Nəşr edilib 01.10.2012 11:11

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı

 

Təşkilat haqqında ümumi məlumat. Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı 25 iyun 1992-ci ildə İstanbul Bəyannaməsinin imzalanması ilə yaranmışdır. 5 iyun 1998-ci ildə Yalta şəhərində üzv dövlətlərin dövlət və hökumət başçılarının Yalta Əsasnaməsini imzalamaları ilə (1 may 1999-cu ildə qüvvəyə minmişdir) tam olaraq təşkilat statusunu almışdır. Təşkilatın yaradılması təşəbbüsü Türkiyəyə məxsusdur.

Üzv ölkələr. Azərbaycan, Albaniya, Bolqarıstan, Ermənistan, Gürcüstan, Moldova, Rusiya, Rumıniya, Türkiyə, Yunanıstan, Ukrayna, Serbiya.

Məqsədi. Təşkilat regional əməkdaşlığın əsas istiqamətlərini müəyyən etmək və region dövlətləri arasında əlaqələrin inkişaf etdirilməsi məqsədi ilə yaradılmışdır.

Azərbaycan ilə əməkdaşlıq. Bu günə kimi Azərbaycan Respublikası QDİƏT çərçivəsində 11-dən çox müxtəlif rəsmi sənədlərin hazırlanmasında və qəbul olunmasında, müvafiq işçi qrupların iclaslarında fəal iştirak edir. 2005-2007-ci illərdə Azərbaycan Respublikası enerji üzrə işçi qrupun fəaliyyətini koordinasiya etmişdir. Azərbaycan həmçinin, Qara Dəniz regionunun inkişaf etdirilməsi və regionda əməkdaşlığın möhkəmləndirilməsi məqsədilə tərtib olunan Qara Dəniz dairəvi avtomagistral yolunun tikintisi layihəsində iştirak edir. QDİƏT-in Xarici İşlər Nazirləri Şurasının 2009-cu il 15-16 aprel tarixində keçirilən 20-ci toplantısının qərarına əsasən, təşkilata sədrliyi 2009-cu ilin 1 may tarixindən altı ay müddətində Azərbaycan həyata keçirmişdir.

26 iyun 2012-ci il tarixində İstanbulda Prezident İlham Əliyevin də iştirakı ilə QDİƏT-in 20 illik Yubiley Sammiti, 2012-ci il 18-19 oktyabr tarixlərində isə Türkiyənin İstanbul şəhərində Ticarət və Əməkdaşlıq üzrə İşçi Qrupun iclası keçirilmişdir.

20 fevral 2014-cü il tarixində Bakı Biznes Mərkəzində Aqro-ərzaq zəncirinin inkişafına özəl sektorun cəlb olunması üzrə Yüksək Səviyyəli Forum keçirilmişdir. Tədbir QDİƏT-in Biznes Şurası, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Beynəlxalq Ərzaq Təşkilatı tərəfindən, İqtisadiyyat və Kənd Təsərrüfatı nazirliklərinin dəstəyi ilə təşkil edilmişdir.

11 may 2017-ci il tarixində İstanbulda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin iqtisadiyyat nazirlərinin iclasında iqtisadiyyat nazirinin müavini iştirak etmişdir.

1 iyul 2018-ci il tarixindən 31 dekabr 2018-ci il tarixinədək DQİƏT-də sədirlik Azərbaycan Respublikasına keçmişdir. 

← Geriyə