Xəbərlər

  • Yenilənib 14.09.2021 11:56
  • Yaradılıb 08.09.2021 19:00

Qazaxıstanla iqtisadi əməkdaşlığın genişləndirilməsinə dair Anlaşma Memorandumu imzalanıb

 

İqtisadiyyat naziri Mikayıl Cabbarov Qazaxıstanın ticarət və inteqrasiya naziri Baxıt Sultanovla görüşüb.

Görüşdə Mikayıl Cabbarov Azərbaycan-Qazaxıstan əlaqələrinin yüksək səviyyədə olduğunu, iqtisadiyyatın müxtəlif istiqamətləri üzrə uğurlu əməkdaşlığı vurğulayıb. İqtisadiyyat naziri Qazaxıstanla iqtisadi tərəfdaşlığın inkişafını ehtiva edən bir sıra sənədlərin müzakirə olunduğunu, qarşılıqlı ticarətin gücləndirilməsi məqsədilə mühüm tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb. Qeyd edilib ki, iş adamları arasında əlaqələrin inkişafı baxımından ixrac missiyaları, biznes forumlar və digər tədbirlərin təşkili xüsusi əhəmiyyət kəsb edir və Azərbaycan daim bu istiqamətdə dəstək göstərməyə hazırdır.

Azərbaycanın iqtisadiyyat naziri ölkəmizin biznes və iqtisadi potensialı, o cümlədən Ələt Azad İqtisadi Zonası barədə məlumat verib, Qazaxıstan şirkətlərini ölkəmizdə yaradılmış əlverişli iş mühitindən yararlanmağa dəvət edib.

Qazaxıstanın ticarət və inteqrasiya naziri Baxıt Sultanov ölkələrimiz arasında iqtisadi əlaqələrin genişləndirilməsi məqsədilə mövcud potensialdan səmərəli istifadənin əhəmiyyətini qeyd edib, Qazaxıstan şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasında iştirakda maraqlı olduqlarını vurğulayıb, əməkdaşlığın inkişafı istiqamətləri barədə fikirlərini bölüşüb. 

Görüşdə Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyası çərçivəsində ticarət məsələləri üzrə birgə işçi qrupun yaradılması, ticarət, nəqliyyat-tranzit, infrastruktur və s. sahələrdə tərəfdaşlığın gücləndirilməsi barədə müzakirələr aparılıb.

Sonda Azərbaycanın İqtisadiyyat Nazirliyi ilə Qazaxıstanın Ticarət və İnteqrasiya Nazirliyi arasında Ticarət Əməkdaşlığı üzrə Anlaşma Memorandumu imzalanıb. Sənəddə qeyri-xammal məhsullarının və xidmətlərin ixracının təşviqi, ticarət infrastrukturunun təkmilləşdirilməsi, elektron ticarət, dövlət-özəl dialoqunun inkişafı, müəssisələr və biznes assosiasiyaları arasında əlaqələrin dəstəklənməsi, bilik və təcrübə mübadiləsi və s. sahələrdə əməkdaşlığı nəzərdə tutulur.

← Geriyə