Xəbərlər

  • Yenilənib 29.07.2020 18:13
  • Yaradılıb 11.04.2020 14:00

Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlar dövlət zəmanətli kreditləri onlayn rejimdə ala bilərlər


 


Kredit-zəmanət mexanizmi nədir?
 
 
 

 
Elektron Kredit Platformasının üstünlükləri
 
 
 

 
Dövlət zəmanətli kredit üçün müraciət qaydası barədə video təlimat
 
 
 
 


İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri vəziflərini icra edən Samir Hümbətovun güzəştli kreditləşmədə yeni mexanizmlər barədə şərhi
 
 
 


Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə dövlətin kredit-zəmanət dəstəyi mövzusunda ən çox verilən suallar
 
 
1. Dövlət zəmanəti hansı sahibkarlıq subyektlərinə verilir?
 
Dövlət zəmanəti pandemiyadan (COVİD 19) zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə şamil edilir və sahibkarların zərər çəkmiş iqtisadi fəaliyyət sahələri üzrə manatla aldıqları kreditlərə verilir.
 
 
2. Dövlət zəmanəti verilən kreditlər hansı məqsədlər üçün istifadə edilə bilər?
 
Sahibkarlar aldıqları kreditləri yalnız təyinatı üzrə istifadə etməlidir. Alınan kredit digər kredit öhdəliklərinin bağlanmasına yönəldilməməlidir.
 
 
3. Pandemiyadan zərər çəkmiş sahələrin iqtisadi fəaliyyət növləri hansılardır?
 
Bu barədə məlumat İqtisadiyyat Nazirliyinin və Nazirlik yanında Dövlət Vergi Xidmətinin rəsmi internet səhifələrində yerləşdirilmişdir. Bu fəaliyyət növləri aşağıdakılardır:
 
- İctimai iaşə fəaliyyəti;
 
- İstehsal (ərzaq, dərman, tütün, alkoqollu və alkoqolsuz içki, neft məhsulları istisna);
 
- İdman-sağlamlıq obyektlərinin fəaliyyəti;
 
- Topdan və pərakəndə ticarət (ərzaq, dərman və neft məhsullarının satışı istisna olmaqla);
 
- Yerləşmə vasitələri hesab edilən mehmanxana, motel, hostel və oxşar obyektlərin fəaliyyəti;
 
- Turoperator və turagent fəaliyyəti;
 
- Avtomobillərə texniki xidmət göstərilməsi və onların təmiri;
 
- Bərbərxanaların, gözəllik salonlarının fəaliyyəti;
 
- Hazırlıq (tədris) və ixtisasartıma kurslarının, uşaq tədris və inkişaf mərkəzləri, uşaq klubları, psixoloji mərkəzlərinin fəaliyyəti;
 
- Özəl təhsil müəssisələri (o cümlədən, uşaq bağçaları)
 
- Ölkədaxili yük və sərnişin daşıma (o cümlədən taksi ilə) fəaliyyəti;
 
- Sərgilərin təşkili, səhnə, istirahət və əyləncə (oyun), kinoteatr, teatr, muzey və konsert zallarının fəaliyyəti;
 
- Sifarişlər üzrə malların, o cümlədən yeməklərin, ərzaq və qeyri-ərzaq malların daşınması və (və ya) çatdırılması xidmətləri.
 
 
4. Güzəştli kredit pandemiyadan zərər çəkmiş bütün sahibkarlara aiddir? Dövriyyə, ödənilən vergilər və s. tələblər var?
 
Pandemiyadan zərər çəkmiş bütün sahibkarlar bu kreditlərdən yararlana bilər. Sahibkarlar kredit təşkilatlarına maliyyə-kredit təhlili aparmaq üçün zəruri olan sənədləri təqdim etməlidirlər.
 
 
5. Kənd təsərrüfatı pandemiyadan zərər çəkmiş sahələrə aid edilməmişdir. Kənd təsərrüfatı ilə məşğul olan şəxslər də dövlət təminatlı kredit üçün müraciət edə bilərlərmi?
 
Dövlət zəmanətli kreditlər pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlar üçün nəzərdə tutulub.
 
 
6. Yeni uçota alınmış (yeni VÖEN almış) vergi ödəyiciləri də güzəştli kredit üçün müraciət edə bilərlər?
 
Sahibkar Dövlət Vergi Xidmətində pandemiyadan zərər çəkmiş sahə üzrə qeydiyyatdan keçibsə, bu kreditlərdən yararlana bilər.
 
 
7. Dövlət zəmanəti verilən kreditlər üçün sahibkarlar eyni vaxtda neçə kredit təşkilatına müraciət edə bilər?
 
Sahibkarlar 3 kredit təşkilatını seçə və eyni vaxtda müraciət edə bilərlər.
 
 
8. Dövlət zəmanəti verilən kreditləri əldə etmək üçün necə müraciət etmək olar?
 
Sahibkarlıq subyekti www.e-edf.gov.az saytından “Asan imza” vasitəsilə “Elektron kredit platforması”na daxil olur, bu zaman onun fəaliyyət sahəsinin pandemiyadan zərər çəkmiş iqtisadi fəaliyyət növlərinə aid olub-olmadığı avtomatik müəyyənləşdirilir. Fəaliyyət sahəsi pandemiyadan zərər çəkmiş iqtisadi fəaliyyət növlərinə aid olan sahibkarlıq subyekti zəmanət tələb edilən kredit sifarişi üzrə müvəkkil kredit təşkilatını seçir, biznes-planına uyğun olaraq kredit məbləğini qeyd edir və müraciətini təsdiq edir. Sahibkarlıq subyekti “Elektron kredit platforması”nda “Şəxsi kabinet”inə daxil olmaqla müraciətin nəticələri ilə bağlı məlumat əldə edə bilər.
 
 
9. Sahibkarlıq subyektinin dövlət zəmanətinin əldə olunması ilə bağlı müraciətinə hansı müddət ərzində baxılır?
 
Sahibkarlıq subyektinin dövlət zəmanətinin əldə olunması ilə bağlı müraciətinə sürətli kredit (200.000 manatadək) üzrə 7 iş günü, ənənəvi kredit üzrə isə 10 iş günü ərzində baxılır. Dövlət zəmanəti Fondun Müşahidə Şurası tərəfindən müəyyən edilən kredit təşkilatları vasitəsilə verilir.
 
 
 
10. Dövlət zəmanətli kredit hansı şərtlərlə verilir?
  • kreditin maksimal məbləği 3.000.000 manatadək;
  • illik faiz dərəcəsi 15%-dək ola bilər. Bu faiz dərəcəsinin 50%-i dövlət tərəfindən ödənilir (subsidiyalaşdırılır).
  • kreditin müddəti 3 ilədək ola bilər.
  • kredit üzrə güzəşt müddəti 12 ayadək ola bilər. Güzəşt müddətində sahibkarlıq subyekti yalnız faiz borcunu ödəməlidir.
 
11. Sahibkarlıq subyekti tərəfindən alınan kreditin hansı hissəsinə zəmanət verilir?
 
Sahibkarlıq subyekti tərəfindən alınan kreditin 60%-dək hissəsinə dövlət zəmanəti verilir.
 
Məsələn; müvəkkil kredit təşkilatı 1.000.000 manat məbləğində kredit verirsə, kreditin 600 000 manatlıq hissəsinədək (1.000.000 manat X 60%) dövlət zəmanəti verilə bilər.
 
 
12. Müraciət etmək üçün mütləq biznes-plan hazırlanmalıdır?
 
Maliyyə-kredit təhlilinin aparması üçün biznes-plan tələb olunur. Biznes plan tərtib etmək üçün konsaltinq şirkətlərinə müraciət etmək olar.
 
 
13. Kredit ödənişləri üzrə gecikməsi olan sahibkarlıq subyektləri bu mexanizmdən yararlana bilərmi?
 
10 mart 2020-ci il tarixinə 60 günədək gecikməsi olan sahibkarlıq subyektləri də bu mexanizmdən yararlana bilərlər.
 
 
14. Sürətli kredit nədir?
 
Sürətli kredit Fondun Müşahidə Şurasının müəyyən etdiyi müvəkkil kredit təşkilatları tərəfindən 200.000 manatadək verilən kreditlərdir.
 
 
 
15. Sahibkarlıq subyektinə zəmanətli kreditlərin verilməsindən hansı hallarda imtina oluna bilər?
 
Sahibkarlıq subyektinə zəmanətli kreditlərin verilməsindən müəyyən hallarda imtina edilə bilər. Bu hallar aşağıdakılardır:
 
- sahibkarlıq subyektinin müvəkkil kredit təşkilatından almaq istədiyi kreditin təyinatı zərər çəkmiş sahələrin iqtisadi fəaliyyət növlərinə uyğun deyildirsə;
 
- kredit hesabatına əsasən, sahibkarlıq subyektinin 2020-ci il 10 mart tarixinə 60 (altmış) gündən artıq (zamin durduğu öhdəliklər istisna olmaqla) gecikməsi olduqda;
 
- sahibkarlıq subyektinin bank hesabları üzərində məhkəmənin qərarı ilə, habelə qanunla müəyyənləşdirilmiş və ya bankla sahibkarlıq subyekti arasında müqavilədə nəzərdə tutulmuş hallarda pul vəsaitinin silinməsinə dair müvafiq sərəncam olduqda;
 
- sahibkarlıq subyekti zəmanət üçün müraciət etdiyi müvəkkil kredit təşkilatına aidiyyəti şəxs olduqda;
 
- sahibkarlıq subyekti zərər çəkmiş sahələrin iqtisadi fəaliyyət növü ilə məşğul olmadıqda;
 
- sahibkarlıq subyektinin nizamnamə kapitalında dövlətin iştirak payı 50 faizdən çox olduqda;
 
- sahibkarlıq subyektinin icraatda və ya icraatı dayandırılmış vergi cinayət işi olduqda;
 
- sahibkarlıq subyekti Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən riskli vergi ödəyicisi olduqda;
 
- sahibkarlıq subyektinin fəaliyyət növü obyekt tələb etdiyi halda vergi orqanında qeydiyyatda onun obyekti olmadıqda;
 
- sahibkarlıq subyektinin müraciət tarixinə fəaliyyət vəziyyəti aktiv olmadıqda;
 
- vergi uçot baza məlumatları ilə sahibkarlıq subyektinin faktiki iqtisadi və uçot göstəricilərində uyğunsuzluq aşkar olunduqda.
 
 
16. Dövlət zəmanəti verilməsindən imtina edilmiş kredit üzrə sahibkarlıq subyekti yenidən müraciət edə bilərmi?
 
Sahibkarlıq subyekti imtina səbəblərində qeyd olunan çatışmazlıqları aradan qaldıraraq yenidən müraciət edə bilər.
 
 
17. Yenidən müraciət üçün zaman və say məhdudiyyəti varmı?
 
İmtina aldıqdan sonra istənilən vaxt yenidən müraciət etmək olar. Müraciət sayında da məhdudiyyət yoxdur.
 
 
18. Faiz subsidiyası hansı kreditlərə və kreditlərin illik faizinin hansı hissəsinə verilir?
 
Faiz subsidiyası sahibkarların müvəkkil kredit təşkilatlarından manatla aldığı və dövlət zəmanəti verilən yeni biznes kreditlərinə şamil olunur və kreditin illik faiz dərəcəsinin 50%-i dövlət tərəfindən ödənilir.
 
Məsələn; müvəkkil kredit təşkilatı illik 14%-lə kredit verirsə, onun 7% bəndi (14 X 50%) dövlət tərəfindən ödənilir (subsidiyalaşdırılır). Yəni sahibkarlıq subyekti krediti 14%-lə deyil, 7%-lə ödəyəcək.
 
 
19. Hansı hallarda faiz subsidiyasının ödənilməsi ləğv edilə bilər?
 
Zəmanət verilmiş kredit müqaviləyə uyğun olaraq sahibkarlıq subyekti tərəfindən təyinatı üzrə istifadə edilmədikdə, sahibkarlıq subyektinin iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə məsuliyyətini təsdiqləyən qanuni qüvvəyə minmiş məhkəmə qərarı olduqda və ya sahibkarlıq subyektinin tələbi əsasında müvəkkil kredit təşkilatının bu barədə Fonda müraciəti olduqda faiz subsidiyasının ödənilməsi ləğv edilir.
 
 
20. Güzəştli kreditlərə dövlət zəmanəti və faiz subsidiyası verilirmi?
 
Dövlət tərəfindən yaradılmış maliyyə institutları və fondlarının resursları hesabına verilən güzəştli kreditlərə zəmanət və subsidiya verilmir.
 
 
 
Əlavə məlumat üçün:
 
Tel: (+99412) 310-23-00
 

← Geriyə