Çıxışlar və müsahibələr

  • Yenilənib 13.05.2014 12:19
  • Yaradılıb 13.05.2014 12:17

İqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin
Azərbaycan-Fransa biznes forumunda çıxışı

 

Hörmətli forum iştirakçıları, xanımlar və cənablar!
Fransa Respublikasının Prezidenti cənab Fransua Olandın Azərbaycana rəsmi səfəri çərçivəsində keçirilən Azərbaycan–Fransa biznes forumunda hər birinizi salamlayıram.
Azərbaycanla Fransa arasında siyasi, iqtisadi və humanitar əlaqələr yüksələn xətlə inkişaf edir, əməkdaşlığımız qarşılıqlı faydalı tərəfdaşlıq prinsiplərinə əsaslanır. Ölkələrimiz arasında 45 sənəd, o cümlədən iqtisadi sahədə 17 sənəd imzalanmışdır.
Bu xüsusda, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Fransaya çoxsaylı səfərlərinin, son 3 il ərzində Fransa Prezidentlərinin ölkəmizə 2 rəsmi səfərinin və görüşlər çərçivəsində əldə edilmiş razılaşmaların böyük əhəmiyyətini vurğulamaq istərdim.
Siyasi əlaqələrimizin yüksək inkişaf səviyyəsi öz növbəsində iqtisadi əməkdaşlığımızın genişlənməsinə də şərait yaratmışdır.
Fransa Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. 2013-cü ildə ticarət dövriyyəmizin həcmi 1,56 mlrd. ABŞ dolları olmuşdur. 2014-cü ilin I rübü ərzində isə ticarət dövriyyəsinin həcmi 370 mln. dollar təşkil etmiş, ötən ilin müvafiq dövrü ilə müqayisədə 50% artmışdır.
Maliyyə əməkdaşlığımız da geniş vüsət almış və müxtəlif sahələri əhatə edərək 1 milyard dollardan artıq olmuşdur.

İqtisadi sahədə əlaqələrimizin mühüm istiqamətlərindən biri qarşılıqlı investisiya əməkdaşlığıdır. Fransa tərəfindən Azərbaycana yatırılmış investisiyaların həcmi 2,4 milyard, o cümlədən neft-qaz sektoruna 2,2 milyard dollar təşkil etmişdir.
Bu sahədə Fransa şirkətlərinin fəaliyyətini xüsusilə qeyd etmək istərdim. Total və GDF Suez şirkətləri podratçı qismində Hasilatın Pay Bölgüsü haqqında Sazişlərdə təmsil olunmuş, həmçinin 91 Fransa şirkəti Dövlət Neft Şirkəti ilə subpodratçı qismində əməkdaşlıq etmişdir.
Azərbaycanın qeyri-neft sektoruna Fransa şirkətlərinin investisiyaları isə təqribən 200 mln dollar olmuşdur. Bu ümumilikdə qeyri-neft sektoruna yatırılmış birbaşa xarici investisiyaların 1,9%-ni təşkil edir və xarici investor ölkələr sırasında 9-cu göstəricidir.
Sözsüz ki, bu göstərici bizi qane etmir, qeyri-neft sektorunun inkişafının prioritetliyini və mövcud böyük potensialı nəzərə alaraq, bu istiqamətdə əməkdaşlığın ciddi şəkildə artırılmasını zəruri hesab edirik.
Öz növbəsində Azərbaycan tərəfindən də Fransada investisiya qoyuluşu həyata keçirilmişdir. Ötən il Dövlət Neft Fondu tərəfindən Paris şəhərində 135 mln. avro məbləğində daşınmaz əmlak satın alınmışdır.
Azərbaycanda kənd təsərrüfatı, nəqliyyat, sənaye, tikinti, bankçılıq və digər sahələrdə 51 Fransa investisiyalı şirkət fəaliyyət göstərir. Bu şirkətlər dövlət vəsaiti və xarici kreditlər hesabına Azərbaycanda həyata keçirilən, dəyəri 1,8 milyard dollar təşkil edən 22 layihədə podratçı kimi iştirak etmişdir. Qeyd olunan layihələr iqtisadi əlaqələrin geniş spektrini əhatə edir.

Belə ki, Arianspeys şirkəti ilə Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə buraxılması layihəsi, "Knim" şirkəti ilə Bərk məişət tullantılarının yandırılması zavodunun inşası və istismarı layihəsi, "Alstom" şirkəti ilə elektrik ötürücü sistemin təkmilləşdirilməsi layihəsi, "Sistra" şirkəti ilə metropolitenin inkişafı layihəsi icra edilmiş, Eyrbas və ATR şirkətlərinin istehsalı olan təyyarələr alınmışdır.
Eyni zamanda, Fransanın "Danone" şirkəti ilə Azərbaycan şirkəti arasında birgə müəssisə yaradılmış və məşhur "Danone" brendi ilə ölkəmizdə məhsul istehsalına başlanacaqdır.
Sevindirici haldır ki, bugünkü biznes-forumda rəsmilərlə yanaşı tikinti, enerji, sənaye, maliyyə, nəqliyyat, kommunikasiya texnologiyaları, kənd təsərrüfatı və digər sahələrdə fəaliyyət göstərən 200-dən artıq, o cümlədən Fransadan 90 iş adamı iştirak edir.
Forum çərçivəsində şirkətlərimiz arasında ümumi məbləği milyard dollarlarla ölçülən 10-a yaxın kommersiya anlaşması imzalanacaq, həmçinin nüfuzlu Azərbaycan və Fransa şirkətlərinin iştirakı ilə Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası təsis ediləcəkdir.
Qeyd etmək istərdim ki, iş adamları və işgüzar dairələr arasında əlaqələrin təşviqi məqsədilə birgə tədbirlərin, sərgilərin keçirilməsi üzrə müsbət ənənələrimiz yaranmışdır.
2011 və 2013-cü illərdə Fransada biznes forumların keçirilməsi, müxtəlif sərgilərdə və festivallarda Azərbaycan məhsullarının nümayiş etdirilməsi, habelə 2012 və 2013-cü illərdə Gəncə şəhərində Beynəlxalq Üzüm və Şərab Festivallarının keçirilməsi, şübhəsiz, işgüzar münasibətlərin inkişafında mühüm rol oynamışdır.
Bakı-Bordo, Quba-Nior, Naftalan-Leql şəhərlərinin qardaşlaşması isə öz növbəsində regional müstəvidə əlaqələrin inkişafı üçün yeni imkanlar yaratmışdır.
Hörmətli Forum iştirakçıları!
Azərbaycanda siyasi və makroiqtisadi sabitlik, iqtisadiyyatın davamlı inkişafı, əlverişli biznes mühiti iş adamları arasında qarşılıqlı faydalı əməkdaşlığın inkişafı üçün geniş imkanlar yaradır.
Azərbaycanda böyük uğurla həyata keçirilən hərtərəfli və dayanıqlı sosial-iqtisadi inkişaf strategiyası nəticəsində son 10 il ərzində ölkəmizdə ÜDM 3,2 dəfə, investisiyalar 6,5 dəfə, dövlət büdcəsinin gəlirləri 16 dəfə, xarici ticarət dövriyyəsi 6,6 dəfə artmış, yoxsulluq səviyyəsi 8,4 dəfə azalmış (50%dən 5,3%ə), işsizlik 5% təşkil etmişdir. Valyuta ehtiyatları 53 mlrd. dollara çatmış, xarici borcun ÜDM-ə nisbəti 8% təşkil etmişdir.
Azərbaycanda yaradılmış əlverişli biznes mühiti ölkəmizə böyük həcmdə investisiyaların cəlb edilməsinə şərait yaratmışdır. Belə ki, 1995-2013-cü illər ərzində ölkə iqtisadiyyatına 172,4 mlrd dollar həcmində investisiya yatırılmış, bu məbləğin təqribən yarısı (49% xar, 51% dax, 64% qeyri-neft, 36% neft, ) xarici investisiyaların payına düşmüşdür. Son illər ərzində qeyri-neft sektoruna yönəldilən irihəcmli investisiyalar nəticəsində bu sektorun ümumi investisiyalarda payı 64% olmaqla, cəmi 111 mlrd. dollara çatmışdır.
Azərbaycanda geniş kadr potensialı və insan resursları mövcuddur, insan kapitalının intellektual inkişafına böyük önəm verilir. Xüsusi dövlət proqramı çərçivəsində Azərbaycan gəncləri dünyanın qabaqcıl təhsil müəssisələrində, o cümlədən Fransanın aparıcı elm ocaqlarında dövlət vəsaiti hesabına təhsil alırlar.
Cənubi Qafqazın siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilmiş Azərbaycanın əldə etdiyi uğurlar bir sıra nüfuzlu beynəlxalq təşkilatların və reytinq agentliklərinin hesabatlarında öz əksini tapmışdır. Belə ki, Dünya İqtisadi Forumunun hesabatında ölkəmiz iqtisadiyyatın rəqabət qabiliyyətinə görə MDB ölkələri sırasında lider olmaqla 39-cu yerdə qərarlaşmış, makroiqtisadi sabitlik üzrə dünyada 8-ci yeri tutmuşdur. BMT-nin İnsan İnkişafı Hesabatına əsasən Azərbaycan yüksək insan inkişafı qrupuna aid edilmiş, "Standart & Poor's", "Moody's" və "Fitch Ratings" kimi nüfuzlu reytinq agentlikləri tərəfindən Cənubi Qafqaz ölkələri sırasında yalnız Azərbaycana investisiya reytinqi verilmişdir.
Hazırda, Cənubi Qafqaz iqtisadiyyatının 75 faizi Azərbaycanın payına düşür. Ölkəmizin əlverişli coğrafi-iqtisadi mövqeyi və böyük tranzit potensialı mövcuddur. Bu istiqamətdə həyata keçirilən irimiqyaslı infrastruktur layihələri regionun tranzit potensialını zənginləşdirmiş, Bakı Beynəlxalq Dəniz Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu, müasir gəmiqayırma zavodu, beynəlxalq hava limanları (7 ədəd), magistral avtomobil yolları şəbəkəsi ölkəmizin geniş mənada Asiya və Avropa qitələrini birləşdirən bir infrastruktur marşrutu qismində qəbul edilməsini şərtləndirmişdir.
Bakı-Tbilisi-Ceyhan, Cənubi Qafqaz Boru Kəməri, TANAP, TAP kimi Azərbaycanın təşəbbüsçüsü və iştirakçısı olduğu dünya miqyaslı karbohidrogen tranziti layihələri isə Xəzər dənizinin təbii ehtiyatlarının Avropaya nəqlinə şərait yaratmış, yeni enerji dəhlizinin formalaşmasına səbəb olmuşdur.
Belə transmilli layihələrin iştirakçı ölkələri, məhz bu layihələrdəki iştirak payına mütənasib olaraq inkişaf edir, siyasi, maliyyə-iqtisadi, sosial dividendlər əldə edirlər.
Azərbaycan bütün ölkələrlə siyasi və iqtisadi əlaqələrin inkişafında maraqlıdır, 150-dən artıq dövlətlə ticarət əlaqələrinə malikdir. Xarici ticarət dövriyyəmizin 50 %-dən çoxu məhz Avropa ölkələrinin payına düşür.
Regionda yalnız bir ölkə, Azərbaycanın ərazilərini işğal etmiş və 1 milyondan artıq Azərbaycan vətəndaşının doğma torpaqlarından qaçqın və məcburi köçkün düşməsinə səbəb olmuş təcavüzkar Ermənistan dövləti regional proseslərdən kənarda qalmışdır. Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü, bir sıra qonşu ölkələrə torpaq iddiaları, regionda xüsusilə iqtisadi əməkdaşlığın genişləndirilməsinə ciddi maneələr törədir, iqtisadi potensialın tam reallaşdırılmasını məhdudlaşdırır.
Bu siyasət nəticəsində digər region ölkələrinin inkişafı fonunda Ermənistanda sosial-iqtisadi ressesiya yaşanır, ölkə regional layihələrdən kənarda qalır, demoqrafik uçuruma yuvarlanır. Ermənistan Azərbaycanın işğal olunan torpaqlarından geri çəkilərsə regionun inkişafı üçün yeni imkanlar yaranar, Ermənistan regional layihələrə qoşula bilər və bundan həm iqtisadi, həm də sosial səmərə əldə edə bilər.
Hörmətli forum iştirakçıları!
Azərbaycan ilə Fransa arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi üçün böyük potensial mövcuddur. Bu potensialın effektiv şəkildə həyata keçirilməsi üçün əməkdaşlıq sahələri ölkəmizin strateji inkişaf istiqamətləri ilə uzlaşmalı, "Azərbaycan 2020: Gələcəyə Baxış" inkişaf konsepsiyasının məqsədlərinə, iqtisadiyyatın diversifikasiyası, rəqabət qabiliyyətinin artırılması və innovasiya əsaslı inkişafı, qeyri-neft sektorunun hesabına ÜDM-in 2 dəfə artırılması, ÜDM-də neft sektorunun payının azalması kimi hədəflərinə uyğun gəlməlidir (Hazırkı nəticələr: 2007 - 60%, 2013 - 43%).
Əməkdaşlıq imkanları sırasında xüsusilə sənaye, kənd təsərrüfatı, İKT, turizm, investisiyalar, ekologiya və alternativ enerji sahələrini vurğulamaq istərdim.
Bugünkü Forum çərçivəsində iqtisadiyyat, enerji və infrastruktur sahələri üzrə 3 panel təşkil ediləcək, dövlət qurumlarının nümayəndələri qeyd olunan sahələr üzrə təqdimatlar keçirəcək və mümkün əməkdaşlıq layihələri barədə məlumatlar təqdim edəcəklər.
Əminəm ki, bu gün keçirilən biznes forum yeni əməkdaşlıq imkanlarının yaranmasına, işgüzar dairələr arasında mövcud əlaqələrin genişlənməsinə öz müsbət töhfəsini verəcəkdir. İş adamlarını bu imkanlardan səmərəli şəkildə istifadə etməyə dəvət edir və biznes forumun işinə uğurlar arzulayıram.
Diqqətinizə görə təşəkkür edirəm.

 

← Geriyə