Çıxışlar və müsahibələr

  • Yenilənib 11.07.2014 07:57
  • Yaradılıb 11.07.2014 07:57

Zati-aliləri, möhtərəm cənab Prezident!
Hörmətli müşavirə iştirakçıları!
Əvvəlki illərdə olduğu kimi, cari ilin birinci yarımilində də ölkəmizin sosial-iqtisadi inkişafı davam etmiş, iqtisadi siyasətin prioritet istiqamətləri olan makroiqtisadi sabitliyin möhkəmləndirilməsi, qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, ölkənin sənaye potensialının gücləndirilməsi, regionların tarazlı inkişafı, əlverişli biznes və investisiya mühitinin formalaşdırılması və digər sahələrdə əhəmiyyətli işlər görülmüş, nəticədə əhalinin rifahının yüksəlməsi davam etmişdir.
Bu davamlı inkişaf, Ümummilli Lider Heydər Əliyevin sosial-iqtisadi inkişaf strategiyasının 10 ildən artıq bir müddət ərzində cənab Prezident, Sizin tərəfinizdən inamla davam etdirməyiniz və gərgin əməyiniz sayəsində mümkün olmuşdur.
Cari ilin 6 ayı ərzində Ümumi Daxili Məhsulun artımı 2.1%, qeyri-neft sektorunun real artım tempi isə 7.0%, inflyasiya 1.6% təşkil etmişdir. Qeyri-neft sektorunun Ümumi Daxili Məhsulda payı 56.3%-ə çatmışdır. Dövlət büdcəsinin gəlirləri 9,3 milyard manat və ya 101,6% yerinə yetirilmiş, xərcləri isə 8,7 milyard manat təşkil etmişdir.
Vergilər Nazirliyi tərəfindən proqnoza 103,6% əməl olunmuş, qeyri-neft sektorundan daxil olmuş vəsait isə ötən ilin eyni dövrünə nisbətən 14,5% artmaqla, ümumi daxilolmalarda payı 56,9%-ə çatmışdir. Dövlət Gömrük Komitəsi tərəfindən isə proqnoza 100,2% əməl edilmiş, daxil olmuş vəsait ötən ilin eyni dövrü ilə müqayisədə 14,5% artmışdır.
İlk 6 ayda iqtisadiyyatın və sosial sahələrin inkişafına bütün maliyyə mənbələri hesabına 7.6 milyard manat əsas kapitala investisiya yönəldilmiş və əvvəlki ilin müvafiq dövrünə nisbətən 3.4% artmışdır. Əsas kapitala qoyulmuş vəsaitin 70.7%-ni daxili investisiyalar təşkil etmişdir.
Əhalinin gəlirlərinin artması davam etmiş və ötən ilin eyni dövrü ilə müqayisədə 4.7%, hər nəfərə düşən gəlirlər isə 3.3% artmışdır. Yanvar-may ayları ərzində orta aylıq əmək haqqı 6.5% artaraq, 438.1 manata yüksəlmişdir. Bu ilin 1 iyun tarixinə əhalinin banklardakı əmanətləri keçən ilin eyni dövrünə nisbətən 12.8% artaraq, 6.6 milyard manata çatmışdır.
Əldə edilmiş nailiyyətlər nüfuzlu beynəlxalq təşkilatların hesabatlarında da öz əksini tapmışdır. Belə ki, Fitch, Standard and Poors və Moodys reytinq agentlikləri bir çox inkişaf etmiş ölkələrin reytinqlərini azaltdıqları halda, Azərbaycanın kredit reytinqini yüksəltmiş, onların hər biri iqtisadiyyatımıza investisiya səviyyəli kredit reytinqi vermişdir.
Bununla yanaşı DB, BVF və AYİB kimi təşkilatların Azərbaycan iqtisadiyyatına dair proqnozları optimist olmuşdur.
Möhtərəm cənab Prezident! Ölkəmizin sosial-iqtisadi inkişafına müstəsna töhfə verən məqsədli dövlət proqramları uğurla icra olunur.
Cari ilin 6 ayı ərzində Dövlət İnvestisiya Proqramı çərçivəsində bütün istiqamətlərdə infrastruktur layihələrin icrası, sosial obyektlərin təmir-tikintisi, abadlıq və quruculuq işləri davam etdirilmişdir.
Regionların sosial-iqtisadi inkişafına dair 3-cü Dövlət Proqramı, bütün bölgələrin hərtərəfli və tarazlı inkişafı sahəsində 2004-cü ildən başlanılmış məqsədyönlü siyasətin davamı olmaqla, yeni müəssisələrin və iş yerlərinin yaradılmasında, irimiqyaslı layihələrin həyata keçirilməsində mühüm rol oynayır.
Sosial sahələrin inkişafı yenə də diqqət mərkəzində saxlanılmış, 6 ay ərzində regionlarda 32 məktəb, 15 bağça, 12 səhiyyə, 6 gənclər və idman, 20 mədəniyyət və digər sosial obyekt tikilmiş və ya əsaslı təmir olunmuşdur. Hazırda, 300-dən çox sosial obyektin təmir-tikintisi davam etdirilir.
Bakı şəhərinin və qəsəbələrin sosial-iqtisadi inkişafına dair 2-ci Dövlət Proqramı çərçivəsində isə, ötən 6 ay ərzində 10 təhsil, 8 gənclər və idman obyektində təmir-tikinti işləri yekunlaşmış, 100-ə yaxın təhsil, səhiyyə, mədəniyyət və digər sosial obyektlərdə işlər davam etdirilir.
Cənab Prezident! Tapşırığınıza uyğun olaraq proqram çərçivəsində Böyükşor gölünün bərpası ilə əlaqədar təqdim olunmuş layihəyə uyğun işlər qrafik üzrə həyata keçirilir, birinci mərhələdə gölün 300 ha sahəsinin dib çöküntülərdən təmizlənməsi işlərinə başlanılmışdır.
Möhtərəm cənab Prezident! Əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramına uyğun olaraq, kənd təsərrüfatı sahəsində müasir istehsal və infrastruktur komplekslərinin yaradılması istiqamətində işlər davam etdirilmiş, bir sıra ərzaq məhsullarının, o cümlədən quş əti, yumurta, ət və ət məhsulları, süd məhsullarının istehsalı artmış, özünü təminetmə səviyyəsi yüksəlmiş, bəzi məhsullarımızın məşhur brendlərin adı ilə istehsalına başlanılmışdır.
Ərzaq təminatında yerli istehsalın payının artırılması ilə bağlı verdiyiniz tapşırığa əsasən, iri özəl taxılçılıq təsərrüfatlarının qurulması istiqamətində işlər davam etdirilir. Ötən il yaradılmış ilk pilot taxılçılıq təsərrüfatında taxıl biçini başa çatmış və hər hektardan orta hesabla 56 sentner yüksək keyfiyyətli məhsul yığılmışdır.
Tapşırığınıza uyğun olaraq, ümumilikdə 12 rayon ərazisində 30 min hektaradək sahədə, 15 sahibkarlıq subyektinə məxsus 19 iri fermer təsərrüfatının yaradılması və onların zəruri infrastrukturla təmin olunması istiqamətində işlər davam etdirilir.
Ət və süd istehsalının həcminin və keyfiyyətinin artırılması, emal sənayesinin davamlı və fasiləsiz xammalla təmin olunması məqsədilə, iri heyvandarlıq komplekslər ilə yanaşı, regionlarda 50 başlıq iribuynuzlu cins heyvanlardan ibarət ailə təsərrüfatlarının yaradılmasına başlanılmış, artıq bu tip 2 təsərrüfat güzəştli kreditlər hesabına maliyyələşdirilmişdir.
Cənab Prezident, müvafiq Sərəncamınızın icrası məqsədilə, Bakıda və Abşeronda kənd təsərrüfatı məhsullarının tədarükü, saxlanması, daşınması, ixracı və satışını təmin edəcək və tutumu 110 min ton olan 3 logistik mərkəzin və daxilində "fermer mağazaları" da fəaliyyət göstərəcək 1 "yaşıl market" kompleksinin layihələri razılaşdırılmış, tikintisi güzəştli kreditlər hesabına maliyyələşdirilmiş və bu ilin sonuna kimi istifadəyə veriləcəkdir.
Bundan əlavə, qeyri-neft məhsullarının, o cümlədən kənd təsərrüfatı və ərzaq məhsullarının ixracının artırılması məqsədilə, tapşırığınıza uyğun olaraq, Qazaxıstanın Aktau şəhərində logistik mərkəzin tikintisinə başlanılmışdır. Belə mərkəzlərin digər ölkələrdə də yaradılması istiqamətində tədbirlər həyata keçirilir.
Möhtərəm Cənab Prezident, 2014-ci ilin Sənaye ili elan edilməsi haqqında Sərəncamınız Azərbaycanda sənayeləşmə prosesinin keyfiyyətcə yeni mərhələsini başlatmışdır. Sərəncama uyğun olaraq, 2015-2020-ci illərdə sənayenin inkişafına dair Dövlət Proqramı hazırlanmış və Proqramda "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında müəyyən edilmiş sənayenin uzunmüddətli inkişaf istiqamətləri əsas götürülmüşdür.
Bununla yanaşı, bu il üçün tərəfinizdən təsdiq edilmiş Tədbirlər Planına əsasən, sənaye potensialının gücləndirilməsi, bu sahədə rəqabət qabiliyyətinin artırılması, kadr potensialının, elmi-təminatın yaxşılaşdırılması, normativ hüquqi bazanın təkmilləşdirilməsi ilə bağlı müvafiq işlər həyata keçirilir.
Bu işlər çərçivəsində "Azərbaycan Polad İstehsalı Kompleksi"nin qurulması ilə bağlı məsləhət xidmətinin göstərilməsinə dair müqavilə imzalanmış, kompleksin yaradılması, mövcud istehsal sahələrinin fəaliyyətinin səmərəli təşkili, sağlamlaşdırılması və maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində tədbirlər qrafik üzrə həyata keçirilir. Bu Kompleks, dəmir filizinin hasilatından polad istehsalına qədər bütün mərhələləri əhatə etməklə, polad və çuqun məmulatlarına olan daxili tələbatın ödənilməsinə imkan verəcəkdir.
Sumqayıt Kimya Sənaye Parkında fəaliyyət göstərən rezidentlər tərəfindən polad və polietilen boruların istehsalına başlanılmış, yüksək təzyiqə davamlı hidrotexniki avadanlıqların, polipropilen və yüksək sıxlıqlı polietilenin istehsalının təşkili işləri aparılır. Bu məhsullar həm daxili tələbatın ödənilməsi, həm də ixrac üçün nəzərdə tutulmuşdur. Yeni rezidentlərin cəlb edilməsi, inşaat, əczaçılıq, aqrokimya və digər sahələr üçün kimya məhsullarının istehsalının təşkili məqsədilə potensial investrorlarla danışıqlar aparılır, onların layihələri dəyərləndirilir. Həmçinin, Parkın infrastrukturunun tam formalaşdırılması işləri davam etdirilir.
Balaxanı Sənaye Parkında qeydiyyata alınmış rezident şirkətlər tərəfindən tullantı yağlarından 120 adda müxtəlif növ məhsul istehsalının və plastik məmulatların təkrar emalının təşkilinə başlanılmışdır. Bununla yanaşı, potensial rezidentlərin cəlb edilməsi ilə bağlı müvafiq işlər davam etdirilir.
Mingəçevir və Gəncə Sənaye Parklarının yaradılması ilə bağlı da hüquqi bazanın formalaşdırılması məqsədilə müvafiq işlər görülür.
Cənab Prezident, tapşırığınıza uyğun olaraq, sənaye məhəllələrinin yaradılması məqsədilə müasir təcrübə öyrənilmiş və ilk olaraq Neftçala rayonunda layihəndirmə işlərinə başlanılmışdır.
Maşınqayırma sənayesindəki mövcud vəziyyət təhlil edilmiş, fəaliyyət göstərən müəssisələr tərəfindən təqdim olunmuş investisiya layihələri nəzərdən keçirilmiş və bu sahənin inkişafı ilə bağlı müvafiq təkliflər hazırlanır.
Ümumilikdə, 6 ayda qeyri-neft sənayesində məhsul istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 4.2% artmışdır.
Son dövrdə yeni sənaye müəssisələrinin fəaliyyətə başlaması nəticəsində bir sıra məhsullar üzrə idxaldan asılılıq azalmış, tələbatın yerli istehsal hesabına ödənilməsi artmışdır. Məsələn, ölkədə yerli xammal hesabına daxili tələbatı ödəyəcək həcmdə bir sıra tikinti materialları, o cümlədən sement istehsal edən zavodlar istismara verilmişdir ki, bunun da nəticəsində tikinti materiallarının istehsalı 16,8%, sement istehsalı isə 39,0% artmış və sementə olan tələbat ilin sonunadək daxili istehsal hesabına tam odəniləcəkdir.
Möhtərəm cənab Prezident! Sosial-iqtisadi inkişaf strategiyanızın mühüm tərkib hissəsi olaraq sahibkarlığın inkişafı və bu sahədə dövlət tənzimlənməsinin təkmilləşdirilməsi istiqamətdə növbəti addım kimi mart ayında imzaladığınız Fərmanın icrası, ölkədə biznes və investisiya mühitinin daha da yaxşılaşdırılmasına birbaşa təsir edən istiqamətlər üzrə prosedur, vaxt sərfi və məsrəfləri azaltmaqla, ölkəmizin investisiya cəlbediciliyini artıracaqdır.
Fərmanın bütün bəndlərinin icrası ilə bağlı, müvafiq orqanlarla birlikdə qanunvericiliyə dəyişikliklər hazırlanmış və aidiyyəti üzrə təqdim olunmuşdur.
Sahibkarların maarifləndirilməsi, nümunəvi layihələrin təqdim olunması və güzəştli kreditlərin verilməsi məqsədilə 6 ay ərzində 19-u regionlarda, 5-i Bakı qəsəbələrində olmaqla 24 forum keçirilmişdir.
Qeyri-neft sektorunun prioritet sahələrinə maliyyə dəstəyinin daha da gücləndirilməsi məqsədilə, Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 2600-dən çox sahibkara 129 milyon manat güzəştli kredit verilmiş və bu kreditlər hesabına 6000-dək yeni iş yerinin yaradılması nəzərdə tutulur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə maliyyələşdirilmiş layihələrin sayı 27.4% artmış,onların 98%-i kiçik kreditlərin payına düşür.
Verilmiş kreditlərin 79%-i regionların, 21%-i Bakı qəsəbələrinin payına düşməklə, 84%-i aqrar sahənin, 16%-i isə sənaye və digər sahələrin inkişafına verilmişdir. Maliyyələşdirilmiş 20 istehsal, emal və infrastruktur müəssisələri artıq istifadəyə verilmiş və ilin sonunadək 60 belə müəssisənin istifadəyə verilməsi planlaşdırılır. İl ərzində sahibkarlara ümumilikdə 280 milyon manat güzəştli kreditlərin verilməsi nəzərdə tutulur.
Kiçik sahibkarlıqla məşğul olan şəxslərin güzəştli kreditlərə birbaşa çıxış imkanlarını təmin etmək məqsədilə, kredit ittifaqları ilə əməkdaşlıq genişləndirilir və xüsusilə regionlarda belə maliyyə qurumlarının yaradılması davamlı olaraq təşviq olunur.
İxrac və investisiya imkanlarının təşviqi, yerli şirkətlərin biznes əlaqələrinin daha da genişləndirilməsi və ölkə iqtisadiyyatına investisiya qoyuluşunun təbliği məqsədilə, cari ilin birinci yarısında yerli və xarici iş adamlarının və beynəlxalq tərəfdaşların iştirakı ilə 121-i ölkəmizdə və 75-i xaricdə olmaqla ümumilikdə 196 tədbir və görüşlər keçirilmişdir.
Möhtərəm cənab Prezident! Sizin rəhbərliyinizlə həyata keçirilən sosial-iqtisadi islahatlar, qarşıdakı dövrdə nailiyyətlərimizin daha da artmasını, ölkəmizin dünyada mövqeyinin daha da möhkəmlənməsini və xalqımızın sosial-iqtisadi vəziyyətinin davamlı olaraq yaxşılaşmasını təmin edəcək, əldə edilmiş müsbət nəticələr və davamlı inkişaf sayəsində müəyyən etdiyiniz hədəflərə nail olunacaqdır.
Sizi əmin edirik ki, ölkənin sosial-iqtisadi inkişafında əldə olunmuş nailiyyətlərin davam etdirilməsi istiqamətində verdiyiniz tapşırıqların vaxtında və layiqincə yerinə yetirilməsi üçün bütün imkanlarımızı səfərbər edəcəyik.
Diqqətinizə görə minnətdaram.

 

← Geriyə