Çıxışlar və müsahibələr

  • Yenilənib 18.02.2014 13:55
  • Yaradılıb 18.02.2014 13:55

İqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin Trend-ə müsahibəsi


- Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair iki dövlət proqramının icrası başa çatdı. Bu proqramların ölkənin inkişafında əhəmiyyəti nədən ibarətdir?
- Prezident İlham Əliyevin uğurla davam etdirdiyi sosial-iqtisadi siyasət nəticəsində son 10 ildə Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoymuş, iqtisadiyyatın davamlı inkişafı təmin edilmiş, ölkəmiz daha da qüdrətlənmiş, əhalinin sosial rifahı yüksəlmiş, Azərbaycan beynəlxalq əhəmiyyətli iri layihələrin təşəbbüskarına və əsas iştirakçısına, dünyada nüfuzu gündən-günə artan dövlətə çevrilmişdir. Qazanılmış uğurlar statistik göstəricilərdə də öz təsdiqini tapır. Belə ki, 10 il ərzində ÜDM 3,2 dəfə, qeyri-neft sektoru 2,6 dəfə, o cümlədən informasiya və rabitə 8,2 dəfə, tikinti 4,7 dəfə, nəqliyyat 2,5 dəfə, kənd təsərrüfatı 1,5 dəfə, turizm 10,6 dəfə, dövlət büdcəsinin gəlirləri 16 dəfə, investisiyalar 6,5 dəfə, xarici ticarət dövriyyəsi 6,6 dəfə, ixrac 9,3 dəfə artmış, strateji valyuta ehtiyatları 31,3 dəfə artaraq 50 milyard dolları ötmüşdür. Bu müddətdə əhalinin gəlirləri 6,5 dəfə, orta aylıq əməkhaqqı 5,5 dəfə artmış, yoxsulluğun səviyyəsi 8,4 dəfə azalaraq 5,3%-ə, işsizliyin səviyyəsi isə 2 dəfə azalaraq 5%-ə enmişdir.
Azərbaycanın uğurları beynəlxalq təşkilatlar, reytinq agentlikləri tərəfindən də yüksək qiymətləndirilir. "Qlobal Rəqabət Qabiliyyəti İndeksi" hesabatına əsasən dünya ölkələrinin rəqabət qabiliyyətliliyi reytinqində Azərbaycan 39-cu yeri tutur və ardıcıl olaraq 5 ildir ki, MDB məkanında öz liderlik mövqeyini qoruyub saxlayır.
Bu nailiyyətlərin əldə edilməsində, xüsusilə də ölkə regionlarının inkişafının yeni keyfiyyət mərhələsinə yüksəlməsində regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarının uğurlu icrası böyük əhəmiyyət kəsb etmişdir. Məsələyə kompleks yanaşmanı və ünvanlılığı özündə əks etdirən 2004-2008-ci və 2009-2013-cü illəri əhatə edən dövlət proqramları bölgələrin mövcud potensialından səmərəli istifadə etməklə regionların davamlı sosial-iqtisadi inkişafına, müasir infrastruktur və sosial xidmətlərlə təminat səviyyəsinin yaxşılaşmasına, ən əsası isə əhalinin sosial rifahının daha da yüksəlməsinə səbəb olmuşdur. Dövlət proqramlarının icrası ölkə regionlarının sosial-iqtisadi mənzərəsini tamamilə dəyişmiş, əhalinin işgüzar fəallığı daha da artmış, sahibkarlığın sürətli inkişafı təmin edilmişdir. Son 10 il ərzində regionlarda 56 minə yaxın müəssisə fəaliyyətə başlamış, 900 mini daimi olmaqla 1,2 milyondan çox yeni iş yeri yaradılmışdır.
Azərbaycan Respublikası Prezidentinin dövlət proqramlarının icrasını və regionların inkişafını diqqət mərkəzində saxlaması dövlət proqramlarının uğurlu icrasında həlledici amil olmuşdur. Belə ki, dövlət başçısı bölgələrə mütəmadi səfərlər etmiş, infrastruktur obyektlərinin və yeni müəssisələrin açılış və təməlqoyma mərasimlərində iştirak etmiş, müəssisələrin fəaliyyəti ilə yaxından tanış olmuş, tapşırıq və tövsiyələrini vermiş, müxtəlif məsələlərin həlli ilə bağlı 240 sərəncam imzalamışdır. Ümumilikdə proqramların icrasına bütün mənbələr hesabına 50,7 milyard, o cümlədən birinci proqramın icrasına 16 milyard, ikinci proqramın icrasına isə 34,7 milyard manat vəsait yönəldilmişdir.
Görülmüş işlərin nəticəsidir ki, son 10 ildə regionlarda ümumi məhsul buraxılışı 3,2, sənaye məhsulu 3,1, rabitə xidmətləri isə 6,1 dəfə artmışdır. Bu dövrdə regionlardan vergi ödənişləri 14,2 dəfə artmışdır. Qeyd etmək yerinə düşərdi ki, artıq 5 şəhər və rayonda xərclər yerli gəlirlər hesabına maliyyələşdirilir.
Təbii ki, Azərbaycan regionlarında müşahidə edilən bu əhəmiyyətli dəyişikliklər əsası ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən regionların davamlı iqtisadi yüksəlişi strategiyasının Prezident İlham Əliyev tərəfindən inamla və ardıcıllıqla davam etdirilməsinin məntiqi nəticəsidir. Bir sözlə, regional dövlət proqramlarının uğurlu icrası Azərbaycanı ən ucqar kəndlər də daxil olmaqla bütün bölgələrində dinamik tərəqqi yaşanan bir ölkəyə çevirmişdir.
- Heç şübhəsiz ki, regionların inkişafının mühüm istiqamətlərindən biri də infrastruktur təminatının yaxşılaşdırılması olmuşdur...
- Tamamilə doğrudur. Regional dövlət proqramlarının icra olunduğu 10 il ərzində bölgələrin infrastruktur təminatının gücləndirilməsi mühüm istiqamət kimi diqqət mərkəzində saxlanılmışdır. Dövlət proqramları çərçivəsində regionlarda infrastrukturun bərpası və inkişafı, əhalinin daha keyfiyyətli kommunal xidmətlərlə, o cümlədən elektrik enerjisi, qaz və su ilə təchizatı, yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması, səhiyyə və təhsil müəssisələrinin tikintisi istiqamətində mühüm tədbirlər həyata keçirilmiş, bu sahəyə irihəcmli dövlət investisiyaları yönəldilmişdir.
2004-2013-cü illər ərzində 8332 kilometr, o cümlədən 2622 kilometr respublika əhəmiyyətli, 5710 kilometr yerli əhəmiyyətli avtomobil yolları çəkilmiş və təmir olunmuşdur. Bu dövrdə 222 körpü və yol ötürücüsü tikilmiş, 85 körpü əsaslı təmir edilmişdir. Bundan başqa, 400 kilometrdən çox dəmir yolu əsaslı təmir olunmuş, regionlarda 4 yeni hava limanı tikilmiş, 2 liman tam yenidən qurularaq istismara verilmişdir.
Dövlət başçısının mühüm vəzifə kimi müəyyən etdiyi və xüsusi diqqət göstərdiyi kənd yollarının yenidən qurulması məqsədilə təkcə son 5 ildə 1,1 milyon nəfər əhalisi olan 26 rayonun 702 yaşayış məntəqəsi müasir yol infrastrukturu ilə təmin edilmişdir.
Keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təminat ölkəmizin iqtisadi yüksəlişində böyük əhəmiyyətə malikdir. Bu məqsədlə son 10 ildə 17 yeni elektrik stansiyası istismara verilmiş, 10 min kilometrdən çox elektrik verilişi xətləri və 1500-dən çox yarımstansiya inşa edilmiş və yenidən qurulmuşdur. Bildiyimiz kimi, Azərbaycan iqtisadiyyatının dinamik inkişafı, sənaye potensialının genişlənməsi, yeni müəssisələrin açılması enerji tələbatını da artırır. Bütün bunları nəzərə alaraq, Prezident İlham Əliyev regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrasına həsr olunmuş konfransdakı proqram xarakterli çıxışında enerji potensialının tələbatı daim qabaqlamasını, yeni elektrik stansiyalarının tikintisini, alternativ və bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsini qarşıdakı illər üçün vəzifə olaraq müəyyənləşdırmişdir.
Yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində işlər davam etdirilmiş, son 10 il ərzində ölkə üzrə ümumi uzunluğu 4,8 min kilometrdən artıq magistral qaz kəmərləri, 25 min kilometrdən çox müxtəlif diametrli daşıyıcı xətt çəkilmiş, 8 min kilometrə yaxın boru xətti isə əsaslı təmir olunmuşdur. Bundan başqa, 50-yə yaxın qazpaylayıcı stansiya tikilmiş və ya yenidən qurulmuşdur. Görülmüş işlərin nəticəsi olaraq, regionlarda qazlaşma səviyyəsi 83,4%-ə çatdırılmışdır.
Dövlət proqramlarına uyğun olaraq, su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması sahəsində əhəmiyyətli işlər görülmüşdür. Belə ki, 10 il ərzində regionlarda 3430 kilometr içməli su xətti, 1225 kilometr kanalizasiya kollektorları və şəbəkəsi, 96 su anbarı, 39 su və kanalizasiya-nasos stansiyaları tikilmişdir. Dövlət proqramlarının icrasından əvvəl ölkə üzrə xidmət göstərilən əhalinin cəmi 26%-i fasiləsiz içməli su alırdısa, hazırda bu göstərici 55%-ə çatdırılmışdır.
Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması üçün 400 mindən çox əhalisi olan 222 yaşayış məntəqəsində modul tipli sutəmizləyici qurğular quraşdırılmışdır. Dövlət başçısının bu yaxınlarda imzaladığı sərəncama əsasən, 32 rayonun 223 yaşayış məntəqəsində 250 subartezian quyusunun qazılması su təchizatının yaxşılaşdırılmasına əhəmiyyətli töhfə olacaqdır.
Dövlət proqramlarının icrası Azərbaycanda rabitə və informasiya-kommunikasiya texnologiyaları sahəsinin inkişafına böyük imkanlar yaratmışdır. Rabitə xidmətlərinin keyfiyyətinin daha da yüksəldilməsi məqsədilə regionlarda 982 poçt şöbəsi, 1395 ATS tikilmiş və ya əsaslı təmir olunmuş, bütün rayon mərkəzlərinə fiber-optik kabel çəkilmişdir. Bu gün regionlarda hər 100 nəfərdən 60-ı internet, 48-i isə genişzolaqlı internet istifadəçisidir. Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2013-cü ilin "İnformasiya-kommunikasiya ili" edilməsi, Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə çıxarılması bütünlükdə ölkəmizdə bu sahənin inkişafına böyük təkan vermişdir.
Ölkədə turizm infrastukturunun inkişafı istiqamətində görülən işlər də xüsusi önəm kəsb edir. Ötən müddətdə Qəbələ, Qusar, Quba, Naxçıvan, Mingəçevir, Şəki, Tovuz, Salyan, Lerik, Şəmkir, Göygöl və digər regionlarda turizm komplekslərinin, hotellərin, istirahət mərkəzlərinin istifadəyə verilməsi turizmin inkişafına, əhalinin istirahətinə, idmanın müxtəlif növləri ilə məşğul olmağa geniş imkanlar yaratmışdır. Son 10 ildə regionlarda müasir tələblərə cavab verən 14 hotel tikilmiş, beləliklə, ölkədəki 5 ulduzlu hotellərin sayı 35-ə çatmışdır.
Dövlət proqramlarının icra olunduğu müddətdə əhəmiyyətli ekoloji tədbirlər həyata keçirilmiş, mühafizə olunan təbiət ərazilərinin sahəsi 2 dəfə artırılaraq 900 min hektara çatdırılmış, 9 milli park yaradılmış, 20 milyon ağac və kol əkilmişdir.
- Dövlət proqramları sosial sahələrin inkişafına necə təsir etdi?
- Prezident İlham Əliyevin "İnsan amili bizim siyasətimizin prioritetidir. Bütün bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır" strateji xəttinə uyğun olaraq, regionların sosial-iqtisadi inkişafı dövlət proqramları çərçivəsində əhalinin sosial müdafiəsi, bölgələrdə sosial layihələrin reallaşdırılması, yeni sosial obyektlərin tikintisi istiqamətində əhəmiyyətli işlər görülmüşdür. Təhsil müəssisələrinin tikintisi, əsaslı təmiri və maddi-texniki bazasının müasir tələblərə uyğun qurulması dövlət proqramlarının prioritet istiqamətlərindən olmuş, son 10 il ərzində 2708 məktəb tikilmiş və ya əsaslı təmir edilmişdir. Bütün bunlar isə ölkəmizdə gələcək nəslin hərtərəfli inkişafına göstərilən yüksək diqqətin bariz nümunəsidir.
Əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə regionlarda 38 mərkəzi xəstəxana olmaqla, 500-dən çox səhiyyə obyekti müasir texnika və avadanlıqlarla təmin olunmaqla tikilmiş və ya əsaslı təmir edilmişdir. Artıq Azərbaycanın bir sıra regionlarında belə ən mürəkkəb tibbi əməliyyatların aparılması üçün hər cür şəraitə malik səhiyyə müəssisələri fəaliyyət göstərir.
Dövlət proqramları çərçivəsində, həmçinin 700-ə yaxın mədəniyyət, 250-dən çox idman və gənclər obyekti tikilmiş və ya yenidən qurulmuşdur.
Heydər Əliyev Fondunun, şəxsən Mehriban xanım Əliyevanın təhsil, səhiyyə, mədəniyyət, ekologiya və digər sahələrdə iri layihələrin həyata keçirilməsində mühüm rolu, böyük əməyi olmuşdur. Bu layihələrin reallaşdırılması minlərlə insanın sosial şəraitinin yaxşılaşması üçün yeni imkanlar yaratmışdır.
"ASAN xidmət"in fəaliyyətə başlaması vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətini, şəffaflığını və operativliyini daha da artırmışdır.
Əhalinin sosial müdafiəsi sahəsində həyata keçirilən siyasətin mühüm istiqamətlərindən biri də sosial müdafiəyə daha çox ehtiyacı olan təbəqəyə, o cümlədən əlillərə, müharibə veteranlarına, az təminatlı vətəndaşlara, qaçqın və məcburi köçkünlərə xüsusi diqqətin yetirilməsidir. Bunun nəticəsidir ki, son 10 il ərzində məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə 12 çadır şəhərciyi ləğv olunaraq 77 qəsəbə salınmış, burada 37 min ailə yerləşdirilmişdir. Eyni zamanda, əlil və şəhid ailələri üçün 2788, o cümlədən regionlarda 2041 mənzilli yaşayış binaları və 450-dən çox fərdi ev tikilmişdir.
Bütün bunlar bir daha göstərir ki, dövlət proqramları çərçivəsində həyata keçirilmiş tədbirlərin başlıca hədəfi ölkəmizin iqtisadi qüdrətinin daha da artırılması, Azərbaycan vətəndaşının həyat səviyyəsinin yüksəldilməsidir. Regionların sosial-iqtisadi inkişafı, bölgələrdə yaşayan əhalinin daha yaxşı infrastruktur və xidmətlərlə təmin olunması, əhalinin məşğulluğunun artırılması və s. istiqamətlərdə işlər bundan sonra da davam etdiriləcəkdir.
- Dövlət proqramları çərçivəsində regionlarda sənayeləşmə siyasəti çərçivəsində hansı işlər görülüb? Sizcə, regionlarda hansı sənaye sahələrinin inkişafı daha perspektivlidir?
- Sözsüz ki, dövlət proqramları çərçivəsində görülən işlər regionlarda sənayenin inkişafına öz töhfəsini vermişdir.
Təsadüfi deyildir ki, son10 il ərzində regionlarda 500-dən çox sənaye müəssisəsi, o cümlədən Sumqayıtda texnologiyalar və tekstil parkları, Naxçıvanda sement, mərmər və avtomobil, Qazaxda sement, Gəncədə alüminium, Goranboyda gips və gips məhsulları, Mingəçevirdə polietilen borular, elektron avadanlıqları, Sumqayıtda kağız emalı, bitki yağları, Günəş panellər, Masallıda və Abşeronda kərpic, Hacıqabulda seramik plitələr, Gədəbəy və Daşkəsəndə qızıl emalı, Oğuzda qarğıdalı emalı və qlükoza, İmişlidə şəkər, bitki yağları və qarışıq yem zavodları, Masallıda mebel fabriki, yüzlərlə digər tikinti materialı, mebel, emal, çörək və digər müasir müəssisələr fəaliyyətə başlamışdır.
Ölkənin sənaye potensialının gücləndirilməsində və reallaşdırılmasında biznes və investisiya mühitinin, infrastruktur təminatının yaxşılaşdırılması ilə bərabər, dövlətin maliyyə dəstəyi də xüsusi önəm kəsb edir. Təkcə güzəştli kreditlər hesabına bu dövrdə ümumi dəyəri 730 milyon manat olan 104 sənaye layihəsi maliyyələşdirilmiş, bu layihələr üzrə 80 müəssisə istifadəyə verilmiş, 24-ü üzrə işlər davam etdirilir.
Dövlət başçısı tərəfindən 2014-cü ilin "Sənaye ili" elan olunması aparılan işlərin daha da genişləndirməsinə və sənayeləşmənin sürətləndirilməsinə təkan verəcəkdir.
Regionlarda perspektivli sənaye sahələrinə gəlincə, qeyd etmək istərdim ki, ölkə regionları təbii və iqtisadi resurslarla, o cümlədən xammalla zəngindir. Bunu nəzərə alaraq, yerli xammala əsaslanan metallurgiya, tikinti materialları, mebel, tekstil və s. sənaye sahələrinin inkişafı əsas istiqamətlərdəndir. Aqrar sənayenin inkişaf etdirilməsi məqsədilə potensial imkanlardan daha səmərəli istifadə etməklə kənd təsərrüfatı məhsulları emalının artırılmasına nail olunacaq ki, bu da ölkə əhalisinin qida sənayesi məhsullarına olan tələbatını daha dolğun ödəməklə yanaşı, ixrac potensialının genişləndirilməsinə şərait yaradacaqdır.
Regionlarda sənayeləşmənin sürətli davam etməsi məqsədilə digər tədbirlərlə yanaşı, dövlət başçısının tapşırığına əsasən, sənaye parklarının, şəhər və rayonlarda sənaye məhəllərinin yaradılması nəzərdə tutulur.
- Cənab nazir, kənd təsərrüfatı regionlarda əhalinin əsas məşğuliyyət sahələrindəndir. Ötən 10 il ərzində kənd təsərrüfatının inkişafı çərçivəsində hansı işlər görülmüşdür?
- Dövlət proqramlarının icrası müddətində aqrar sektora dövlət dəstəyi tədbirləri, o cümlədən vergi güzəştləri, lizinq xidmətləri, güzəştli kreditlərin və subsidiyaların verilməsi davam etdirilmişdir. Regionlarda müasir texnologiyalara əsaslanan kənd təsərrüfatı məhsullarının istehsalı və emalı genişləndirilmiş, müasir quşçuluq, heyvandarlıq kompleksləri yaradılmış, aqrar sektorun infrastruktur təminatı əhəmiyyətli dərəcədə yaxşılaşmışdır. İntensiv metodlara əsaslanan aqrar sektorun yaradılmasına yönəlmiş siyasət, həyata keçirilən dövlət dəstəyi tədbirləri nəticəsində kənd təsərrüfatı məhsullarının istehsalı və ixracı artmış, özünütəminat səviyyəsi yüksəlmişdir.
Kənd təsərrüfatı torpaqlarında kollektor-drenaj şəbəkələri, suvarma kanalları tikilmiş və yenidən qurulmuş, torpaqların su təminatı, meliorativ vəziyyəti yaxşılaşdırılmışdır. Bundan əlavə, 2013-cü ildə istifadəyə verilmiş Taxtakörpü Su Anbarı, son 10 ildə tikinti və yenidənqurma işləri aparılmış Naxçıvanda Vayxır, Cəlilabadda Göytəpə, Hacıqabulda Pirsaat, Şamaxıda Zoqalavaçay su anbarları, Türyançay və Bəhrəmtəpə hidroqovşaqları, Taxtakörpü-Ceyranbatan, Yuxarı Qarabağ, Yuxarı Şirvan, Yuxarı Mil kanalları regionların su təminatının daha da yaxşılaşdırılmasında, əlavə torpaq sahələrinin dövriyyəyə cəlb edilməsində əhəmiyyətli rol oynayır. Şəmkirçay Su Anbarının tikintisinin başa çatdırılması bu sahədə əlavə imkanlar yaradacaqdır.
"Aqrolizinq" Açıq Səhmdar Cəmiyyəti tərəfindən yeni kombayn, traktor, ekskavator və digər kənd təsərrüfatı texnikaları və texnoloji avadanlıqları alınaraq fermerlərə lizinqə verilmiş və ya lizinq yolu ilə satılmışdır. Bundan başqa, torpaqların münbitliyini artırmaq, yüksək məhsuldarlığa nail olmaq, eləcə də heyvanların cins tərkibini yaxşılaşdırmaq məqsədilə müxtəlif növ mineral gübrələr, ətlik və südlük istiqamətdə iribuynuzlu damazlıq heyvanlar güzəştli şərtlərlə lizinqə verilmişdir.
Dövlət başçısının göstərişinə əsasən yaradılmış pilot taxılçılıq təsərrüfatında ötən il rekord həcmdə - hər hektardan 55 sentner taxıl və 100 sentnerdən artıq yüksək keyfiyyətli qarğıdalı yığılmışdır. Hazırda Beyləqan, Hacıqabul, Cəlilabad və Xaçmaz rayonlarında da 5 iri fermer təsərrüfatının yaradılması işləri aparılır.
Ölkəmizin üzümçülük sahəsindəki əvvəlki şöhrətinin qaytarılması ilə bağlı müəyyən edilmiş vəzifənin icrası istiqamətində "2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı" çərçivəsində işlər sürətləndirilmiş, üzüm istehsalı artmış, müasir texnologiyalara əsaslanan şərabçılıq müəssisələri açılmışdır.
Sahibkarlığa Kömək Milli Fondu tərəfindən verilmiş güzəştli kreditlərin 64%-i kənd təsərrüfatı məhsullarının istehsalı və emalı layihələrinə yönəldilmişdir. Son 10 ildə ölkə regionlarında güzəştli kreditlər hesabına ət və süd, meyvə-tərəvəz istehsalı və emalı, sənaye, quşçuluq və s. sahələrdə yeni müəssisələr istifadəyə verilmiş, intensiv bağçılıq və üzümçülük təsərrüfatları, müasir istixana və taxıl anbarı kompleksləri, kənd təsərrüfatı məhsullarının tədarükü, saxlanması və satışı üzrə logistik mərkəzlər yaradılmış, 94 minə yaxın yeni iş yeri açılmışdır.
Aqrar sektorda emalçılarla istehsalçılar arasında münasibətlərin tənzimlənməsi, fermerlərin dövlətin dəstək mexanizmlərindən səmərəli istifadə etməsi məqsədilə regionlarda 50 başlıq südlük cins iribuynuzlu ailə təsərrüfatlarının yaradılmasına başlanılmışdır. Bu mexanizm ət və süd məhsulları istehsalının artırılmasında, emal sənayesinin davamlı və fasiləsiz xammalla təmin olunmasında, iribuynuzlu mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasında, kiçik sahibkarlığın daha sürətli inkişafında əhəmiyyətli olacaqdır.
Həyata keçirilən tədbirlər kənd təsərrüfatı və ərzaq məhsulları ilə özünü təminetmə səviyyəsinin yüksəlməsində, əhalinin ilboyu keyfiyyətli yerli məhsullarla təminatında, ixracın artmasında, qiymətlərin sabitliyinin təmin edilməsində əhəmiyyətli rol oynayır.
Dövlət proqramlarının icrası müddətində yeni ixrac bazarlarının müəyyənləşdirilməsi və ərzaq məhsullarının ixracının artırılması daim diqqət mərkəzində saxlanılmışdır. Bu sahədə ixrac qabiliyyətli müəssisələrin yaradılması, eləcə də qablaşdırma, saxlanma, daşınma imkanlarının artırılması üzrə layihələr həyata keçirilmiş, Qazaxıstanın Aktau şəhərində logistik mərkəzin yaradılmasına başlanılmışdır. Ümumilikdə 10 il ərzində qeyri-neft ixracı 4,7 dəfə, o cümlədən meyvə-tərəvəz emalı məhsullarının ixracı 2,5 dəfə, ixrac olunan qeyri-neft məhsullarının çeşidi 1,7 dəfə, ixrac ölkələrinin sayı isə 20 vahid artmışdır.
Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrasına həsr olunmuş konfransda dövlət başçısının müəyyənləşdirdiyi kimi, kənd təsərrüfatının inkişafı növbəti illərdə də iqtisadi sahədə prioritet olaraq qalacaq, kənd təsərrüfatının elmi əsaslarla inkişafı, mütərəqqi metodların tətbiqi, məhsuldarlığın artırılması, müasir texnikanın alınması, bölgələr üzrə ixtisaslaşmanın aparılması, torpaqların elektron uçot sisteminin qurulması, iri fermer təsərrüfatlarının, aqroparkların, logistik mərkəzlərin, ailə-fermer təsərrüfatlarının yaradılması, yerli istehsalın gücləndirilməsi işləri davam etdiriləcək, ən əsası isə ölkəmizdə ərzaq təhlükəsizliyinin 100% daxili istehsal hesabına təmin edilməsi hədəfinə nail olunması istiqamətində kompleks tədbirlər həyata keçiriləcəkdir.
- Dövlət proqramlarının regionlarda sahibkarlığın inkişafında rolu barədə nə deyərdiniz?
- Xüsusilə vurğulamalıyam ki, Prezident İlham Əliyevin müəyyənləşdirdiyi "Sahibkarlığın inkişafı dövlət siyasətidir və dövlət siyasəti kimi qalacaqdır" strateji xətti regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının da başlıca istiqamətlərindən olmuşdur. Bu prinsipə uyğun olaraq, son 10 ildə biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi sahəsində ardıcıl tədbirlər həyata keçirilmişdir. Qanunvericilik bazasının təkmilləşdirilməsi, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, sahibkarlığa dövlət dəstəyinin genişləndirilməsi, vergi yükünün azaldılması, sağlam rəqabətin təmin edilməsi, 400-dən çox xidmətin elektron qaydada göstərilməsi, "bir pəncərə" prinsipinin tətbiqi, 10 il ərzində regionlarda 100 mindən çox sahibkarın iştirakı ilə keçirilmiş 1200-ə yaxın maarifləndirmə, biznes forum, konfrans və digər tədbirlərin nəticəsidir ki, hazırda regionlarda güclü özəl sektor formalaşmışdır. Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına regionlarda 18 minə yaxın sahibkara 945,9 milyon manat güzəştli kredit verilmişdir. Güzəştli kreditlərin 78%-i, açılan iş yerlərinin 81%-i regionların payına düşür.
"Azərbaycan İnvestisiya Şirkəti" paytaxt Bakı ilə yanaşı, regionlarda da qeyri-neft sektorunun inkişafı, yeni texnologiyalara əsaslanan müəssisələrin yaradılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirmiş, bir sıra iri layihələrdə, o cümlədən "Milk Pro", "Ağstafa Aqroservis", "Azərtoxum" və "Dəvəçi Broyler"də həyata keçirilən layihələrdə fəal iştirak etmişdir.
Bütün bunların nəticəsidir ki, məşğulluqda özəl sektorun payı 74%-ə,vergi daxilolmalarında 72,5%-ə yüksəlmiş, sahibkarlıq subyektlərinin sayı 2,5 dəfə artmış, ÜDM-də özəl sektorun xüsusi çəkisi 80%-i ötmüşdür. Rəqəmlərdən də göründüyü kimi, dövlət proqramlarının uğurlu icrası regionlarda, bütünlükdə ölkədə özəl bölmənin inkişafına böyük təkan vermiş, sahibkarlıq fəaliyyətinin daha da genişlənməsinə səbəb olmuşdur.
- Dövlət başçısı üçüncü regional proqramın hazırlanması barədə tapşırıq vermişdir. Yeni proqramda hansı istiqamətlər nəzərdə tutulur?
- Dövlət başçısının tapşırığına uyğun olaraq hazırlanan, 2014-2018-ci illəri əhatə edəcək yeni dövlət proqramı əvvəlki dövlət proqramlarının məntiqi davamı olacaq. Şübhəsiz ki, üçüncü dövlət proqramı əvvəlki proqramlar kimi, ölkədə qeyri-neft sektorunun sürətli inkişafına, ixracyönümlü və rəqabətədavamlı məhsul istehsalının artmasına, regionlarda, xüsusilə kəndlərdə infrastruktur və kommunal xidmətlərlə təminat səviyyəsinin yaxşılaşmasına, sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin yüksəlməsinə öz əhəmiyyətli töhfəsini verəcəkdir.
Sonda bir daha vurğulamaq istərdim ki, regionların inkişafına dair dövlət proqramlarının icrası mühüm sosial, iqtisadi nəticələrlə yadda qaldı. Görülən işlərin miqyası, əhatəliliyi, davamlılığı bir daha göstərir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə şəhərlər, rayon və qəsəbələr, ucqar kəndlər, bütünlükdə müstəqil Azərbaycan sürətlə inkişaf edir, ölkəmiz qüdrətlənir, Azərbaycan vətəndaşının rifahı daha da yüksəlir. Dövlət başçısının dediyi kimi: "Bu gün Azərbaycan dünya miqyasında ən sürətlə və uğurla inkişaf edən ölkələrin sırasındadır. Əminəm ki, növbəti illərdə biz öz inkişaf dinamikamızı saxlayacağıq, ölkəmizin uğurlu gələcəyini təmin edəcəyik".

 

← Geriyə