Çıxışlar və müsahibələr

  • Yenilənib 05.09.2013 10:57
  • Yaradılıb 20.09.2012 06:17

İqtisadi İnkişaf naziri cənab Şahin Mustafayevin "İqtisadi inkişafın Azərbaycan modeli" tədbirindəki çıxışı

 

Hörmətli konfrans iştirakçıları!

Hörmətli qonaqlar!

Dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan Respublikasında demokratik dövlət quruculuğunun həyata keçirilməsi və liberal bazar iqtisadiyyatının formalaşdırılması obyektiv zərurətə çevrildi.

Lakin, müstəqilliyin ilk illəri Azərbaycan üçün ciddi sınaq dövrü olmuşdur. Belə ki, müəssisələr arasında mövcud əlaqələrin pozulması, o dövrdəki siyasi rəhbərliyin səriştəsizliyi, Ermənistanın təcavüzü nəticəsində Azərbaycan ərazisinin 20%-nin işğalı, 1 milyondan çox soydaşımızın doğma yurd-yuvasından didərgin düşməsi, Azərbaycanın iqtisadi, siyasi, informasiya blokadasına alınması ölkənin sosial-iqtisadi həyatında xaosa gətirib çıxarmışdı.

Bu dövrün iqtisadi mənzərəsi həmin illərin makroiqtisadi göstəricilərində daha aydın görünür. 1991-1994-cü illər ərzində ölkə iqtisadiyyatında ÜDM hər il orta hesabla 16,5% azalmışdı. Tə­nəz­zül meyli sə­na­ye­də xü­su­si­lə kəs­kin xa­rak­ter al­mış­, 1985-ci ilə nis­bə­tən sə­na­ye is­teh­sa­lı­nın həc­mi 1993-cü il­də 50%-ə qədər azalmışdı. Ölkə istehsal potensialının demək olar ki, 2/3-ni itirmişdi.

1991-ci ildən etibarən inflyasiya səviyyəsi dəfələrlə artaraq, 1994-cü ildə 1764 %-ə çatmış, büdcə kəsirinin ümumi daxili məhsula nisbəti 13%-ə qədər artmış, 1992-1994-cü illərdə xarici ticarət dövriyyəsinin həcmi 42% azalmışdır.

1991-1995-ci illərdə əhalinin pul gəlirləri real ifadədə 3,3 dəfə, adambaşına pul gəlirləri orta hesabla 3,6 dəfə aşağı düşmüşdü. 1991-ci ildən başlayaraq 4 il ərzində əhalinin əmək haqqı isə 5,7 dəfə azalmışdı.

Yalnız Ümummilli Liderimiz Heydər Əliyev xalqın tələbi ilə yenidən hakimiyyətə qayıtdıqdan sonra ölkədə siyasi sabitlik bərqərar oldu, atəşkəs əldə edildi, irimiqyaslı iqtisadi islahatlara başlanıldı. Bunun nəticəsində ölkədə maliyyə vəziyyəti sabitləşdi, iqtisadiyyata cəlb olunan investisiyaların həcmi ildən-ilə artdı, xalqın həyat səviyyəsi yaxşılaşmağa başladı.

1994-cü ildə dünyanın aparıcı neft şirkətləri ilə "Əsrin müqaviləsi"nin imzalandı və bununla da ölkənin enerji təhlükəsizliyinin möhkəm təməli qoyuldu.

Əldə edilən mənfəət neftinin satışından daxil olan vəsaitlərin səmərəli idarə edilməsi, həmin vəsaitlərin prioritet sahələrin inkişafına və sosial-iqtisadi baxımdan mühüm əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsinə yönəldilməsini təmin etmək üçün Dövlət Neft Fondu yaradıldı. Hazırda beynəlxalq təşkilatlar tərəfindən Fondun fəaliyyəti və bu sahədə şəffaflığın təmin edilməsi yüksək qiymətləndirilir.

Eyni zamanda planlı iqtisadi sistemdən liberal bazar iqtisadiyyatına keçid üçün neft sektoru ilə yanaşı digər sahələrdə də genişmiqyaslı islahatlara başlanıldı. Belə ki, bazar iqtisadiyyatına uyğun qanunvericiliyin, büdcə, vergi, bank sistemlərinin formalaşdırılması, aqrar islahatlarının həyata keçirilməsi, dövlət əmlakının özəlləşdirilməsi, sahibkarlığın inkişafı üçün əlverişli biznes mühitinin yaradılması nəticəsində bazar iqtisadiyyatına keçidin əsası qoyuldu və sahibkarlıq sinfi formalaşdı.

Beləliklə, 1995-2003-cü illər ərzində ümumi daxili məhsul 90,1%, dövlət büdcəsinin gəlirləri 3 dəfə, ölkənin valyuta ehtiyatları 85 dəfə, sənaye məhsulunun həcmi 25,2%, kənd təsərrüfatı istehsalının həcmi 53,9%, xarici ticarət dövriyyəsi 4 dəfə, orta aylıq real əmək haqqı 5,1 dəfə artdı, inflyasiya səviyyəsi 2-3%-ə qədər endirildi.

Əldə olunmuş nailiyyətlər sonrakı illərdə ölkə iqtisadiyyatının davamlı və dinamik inkişafı üçün möhkəm zəmin yaratmışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aparılan sosial-iqtisadi siyasət nəticəsində qazanılmış uğurlar daha da möhkəmləndirilmiş, bu dövrdə makroiqtisadi sabitlik qorunub saxlanılmış, iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sahələrinin, regionların inkişafı sürətlənmiş, strateji valyuta ehtiyatlarının səmərəli istifadəsi təmin olunmuş, milli valyutanın sabitliyi, bank sisteminin etibarlılığı artırılmış, konservativ xarici borclanma strategiyası həyata keçirilmiş, sahibkarlığa dövlət dəstəyi gücləndirilmiş, əhalinin sosial rifahı davamlı olaraq yaxşılaşmışdır.

Bu məqsədlərə nail olmaq üçün regionların sosial-iqtisadi inkişafı, yoxsulluğun azaldılması və davamlı inkişaf, əhalinin ərzaq məhsulları ilə etibarlı təminatı və bir sıra sahəvi Dövlət Proqramları qəbul edilmiş və uğurla icra olunur.

Kənd təsərrüfatı məhsullarının istehsalının stimullaşdırılması, rəqabət qabiliyyətinin artırılması, əhalinin ərzaq məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsi və ixracının genişləndirilməsi məqsədilə subsidiyaların və vergi güzəştlərinin verilməsi, lizinq xidmətlərinin genişləndirilməsi kimi kompleks dövlət dəstəyi tədbirlərinin həyata keçirilməsi aqrar sektorun inkişafına müsbət təsir güstərmiş və ərzaq təhlükəsizliyi təmin edilmişdir.

Ölkənin regionlarında mövcud olan iqtisadi potensialdan tam və səmərəli istifadə olunması, sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılması və iqtisadiyyatın tarazlı inkişafının təmin edilməsi infrastruktur sahələrinin bərpası və genişləndirilməsinə, yeni istehsal və emal müəssisələrinin, təhsil, səhiyyə, idman-sağlamlıq, mədəniyyət obyektlərinin istifadəyə verilməsinə səbəb olmuşdur. Təkcə onu demək kifayətdir ki, son 6 ildə 2 minədək çox məktəb tikilmişdir ki, bu da ümumi məktəblərin sayının 40 faizindən çoxdur.

Transmilli nəqliyyat layihələri çərçivəsində, o cümlədən TRASEKA və Şimal-Cənub beynəlxalq dəhlizlərinin Azərbaycan seqmentində avtomobil magistrallarının tikintisi və yenidənqurulması, regionlarda yol şəbəkələrinin bərpası və təkmilləşdirilməsi işləri həyata keçirilmişdir.

Azərbaycanda hasil edilmiş karbohidrogenin dünya bazarlarına nəql edilməsi üçün Bakı-Novorossiysk, Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan neft, eləcə də Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri istismara verilmişdir.

Bakı-Tbilisi-Qars dəmir yolunun inşası nəticəsində Avropa və Asiya arasında birbaşa dəmir yolu əlaqəsinin yaradılması və Qara dəniz və Xəzəryanı ölkələrinin Avropanın dəmir yolu şəbəkəsinə qoşulması mümkün olacaqdır.

Son dövrlərdə müasir tipli 9 yeni elektrik stansiyası tikilib istifadəyə verilmiş, həmçinin alternativ və bərpa olunan enerji mənbələrinin istifadəsinin genişləndirilməsi üçün zəruri tədbirlər həyata keçirilmişdir. Ümumilikdə, ölkənin enerji təhlükəsizliyi təmin edilmiş, ölkə ərazisinin 85%-i qazlaşdırılmış, və Azərbaycan enerji idxalçısından onun ixracatçısına çevrilmişdir.

Bu gün ölkəmiz Avropanın enerji təhlükəsizliyinin fəal iştirakçısıdır. Bu günlərdə Azərbaycan, Gürcüstan, Rumınya və Macarstan dövlətləri arasında imzalanmış AGRİ layihəsinə dair Bakı bəyannaməsi bu istiqamətdə növbəti əhəmiyyətli addımdır.

Ekoloji təhlükəsizliyin təmin edilməsi istiqamətində müvafiq dövlət proqramına uyğun olaraq kompleks tədbirlər həyata keçirilir.

Sahibkarlığın davamlı inkişafı, biznes və investisiya mühitinin yaxşılaşdırılması, daxili və xarici investisiyaların cəlb edilməsi, qeyri-neft sektorunun dinamik inkişafı nəticəsində özəl sektorun ölkə iqtisadiyyatında payı 80%-dən çox olmuşdur.

Vergi yükünün azaldılması və vergi prosedurlarının asanlaşdırılması, dövlət qeydiyyatında və Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrində "bir pəncərə" prinsipinin tədbiqi, sahibkarlıq subyektlərinə güzəştli kreditlərin verilməsi özəl sektorun inkişafını daha da sürətləndirmişdir.

Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə investisiya layihələrinin güzəştli qaydada kreditləşdirilməsinin daha effektiv mexanizminin yaradılması sahibkarların maliyyə mənbələrinə çıxış imkanlarını asanlaşdırmışdır.

Qazanılmış uğurlar ölkənin ticarət, xüsusilə ixrac potensialının artmasını təmin etmiş, neft məhsulları ilə yanaşı, qeyri-neft məhsullarının ixracının da genişlənməsinə səbəb olmuşdur.

Ölkəmizin ixrac bazarlarının davamlı olaraq genişlənməsi, yeni bazarlara çıxış imkanlarının artması və ölkəmizin Ümumiləşdirilmiş Preferensiyalar Sisteminə (GSP) qoşulması ixrac potensialından daha səmərəli istifadəyə zəmin yaratmışdır.

Belə ki, 2009-cu ildə 140-a yaxın ölkə ilə ticarət əlaqələri qurulmuş, ümumi ticarət dövriyyəsi 2,9 dəfə, o cümlədən ixrac 4,1 dəfə, idxal isə 1,7 dəfə çox olmuşdur. İxracın diversifikasiyası istiqamətində uğurlar əldə edilmiş və qeyri-neft məhsullarının ixracı 1,9 dəfə çox olmuşdur.

Xarici ticarət əlaqələrində Avropa İttifaqı ölkələri xüsusi yer tutur və xarici ticarət dövriyyəsində bu ölkələrin payı 40%-ə yaxındır.

Yaradılmış münbit şərait, davamlı və sürətli iqtisadi inkişaf nəticəsində 2004-2009-ci illər ərzində ümumi daxili məhsulun həcmi 2,8 dəfə artmışdır.

Eyni zamanda, ölkənin iqtisadi təhlükəsizliyini təmin edə biləcək valyuta ehtiyatları formalaşdırılmış və onun həcmi 26 milyard ABŞ dollarını ötmüşdür ki, bu da xarici dövlət borcundan 8 dəfə çoxdur.

Yaradılmış əlverişli biznes mühiti nəticəsində iqtisadiyyata qoyulmuş investisiyaların həcmi 80 milyard dollardan çoxdur ki, bunun da yarısı xarici investisiyaların payına düşür. Adambaşına düşən xarici investisiyaların həcminə görə MDB və Şərqi Avropada aparıcı dövlətlərdən olan Azərbaycan, artıq xaricə investisiya yatıran ölkəyə çevrilmişdir.

2004-2009-cu illərdə əhalinin sosial müdafiəsinin gücləndirilməsinə yönəldilmiş büdcə xərcləri 4,8 dəfə, orta aylıq əmək haqqı 3 dəfə, əhalinin gəlirləri 3,4 dəfə, minimum pensiyanın məbləği 3,8 dəfə, minimum əmək haqqı 6,3 dəfə artmışdır. Yoxsulluq səviyyəsi 4,1 dəfə azalaraq 44,7 faizdən 11 faizə enmişdir. İndiyədək 900 mindən çox yeni iş yeri yaradılmışdır.

Qlobal maliyyə-iqtisadi böhran nəticəsində bir çox ölkələrdə ressesiyaya baxmayaraq, Azərbaycanda makroiqtisadi sabitlik, iqtisadi artım, yoxsulluq səviyyəsinin azalması və əhalinin maddi rifah halının yüksəlməsi 2009-cu ildə də davam etmiş və ÜDM 9,3% artmışdır.

Bu isə əvvəlki illərdə aparılmış siyasət nəticəsində yaradılmış zəmin və operativ tədbirlər, o cümlədən sahibkarlığa dövlət dəstəyi, real sektora investisiya qoyuluşları, manatın məzənnəsinin sabitliyinin qorunub saxlanılması və digər tədbirlər sayəsində mümkün olmuşdur.

Qeyd etmək lazımdır ki, bu gün Azərbaycan iqtisadiyyatının Cənubi Qafqaz iqtisadiyyatında payı 75% təşkil edir.

Azərbaycanın uğurları nüfuzlu beynəlxalq təşkilatların hesabatlarında da öz əksini tapmışdır. Təsadüfi deyil ki, Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən hazırlanan "Doing Business 2009" hesabatında Azərbaycan biznes mühitinin yaxşılaşdırılması sahəsində ən islahatçı ölkə elan edilmiş, "Doing Business 2010" hesabatında da ölkəmiz öz mövqelərini qoruyub saxlamışdır.

Dünya İqtisadi Forumunun "Qlobal Rəqabətlilik Hesabatı"nda Azərbaycan ötən il olduğu kimi bu il də MDB ölkələri arasında liderdir.

"Standard and Poors" beynəlxalq reytinq agentliyi ölkə iqtisadiyyatını əks etdirən göstəricini "Stabildən" "Pozitivə" yüksəltmiş, "Fitch Ratings" agentliyi isə Azərbaycana beynəlxalq səviyyəli "sabit" investisiya reytinqi vermişdir.

Beləliklə, Prezident İlham Əliyevin qeyd etdiyi kimi: "Biz tam şəkildə bazar iqtisadiyyatına keçmişik. Azərbaycan iqtisadiyyatı liberal iqtisadiyyatdır, müstəqil, dayanıqlı, öz resurslarına güvənən, dünya birliyinə sürətlə inteqrasiya edən iqtisadiyyatdır".

Ölkə rəhbərinin müəyyən etdiyi sosial-iqtisadi inkişaf siyasətinə uyğun olaraq gələcəkdə də Azərbaycanın davamlı inkişafını təmin etmək məqsədilə:

  • Makroiqtisadi sabitlik qorunub saxlanılacaq;
  • Ölkənin enerji, ərzaq və ekoloji təhlükəsizliyinin gücləndirilməsi üçün sistemli tədbirlər davam etdiriləcək;
  • İqtisadiyyatın diversifikasiyası genişləndirilməklə neft sektorundan asılılıq minimuma endiriləcək, innovativ iqtisadiyyata keçid təmin ediləcək, aqrar sektorun inkişafında intensiv üsullara üstünlük veriləcək və iqtisadiyyatın klasterlər üzrə inkişafına nail olunacaq;.
  • Biznes mühitinin daha da təkmilləşdirilməsi, xüsusi iqtisadi zonaların, sənaye şəhərciklərinin, biznes-inkubatorların yaradılması, məsləhət, informasiya təminatının, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi və işgüzar əlaqələrin inkişaf etdirilməsi yolu ilə sahibkarlığın və regionların inkişafı sürətləndiriləcəkdir.

Bu siyasət bütövlükdə insan kapitalının inkişafına, ölkədə yoxsulluğun azaldılmasına və işsizliyin minimuma endirilməsinə, dövlət büdcəsindən sosial sahələrə ayrılan maliyyə vəsaitlərinin daha da artırılmasına, sosial infrastrukturun inkişafına, nəticə etibarı ilə əhalinin həyat səviyyəsinin davamlı olaraq yüksəldilməsinə imkan verəcəkdir.

 

Diqqətinizə görə minnətdaram!

 

← Geriyə