Çıxışlar və müsahibələr

  • Yenilənib 16.07.2014 08:15
  • Yaradılıb 16.07.2014 08:13

Azərbaycanın xarici iqtisadi əlaqələri yeni mərhələdə

 

"Azərbaycanın beynəlxalq nüfuzu, biziml əməkdaşlıq etmək istəyən ölkələrin sayı getdikcə artır. Azərbaycan dünyada, beynəlxalq arenada özünü etibarlı tərəfdaş və etibarlı dost kimi təsdiq edə bilmişdir".
İlham ƏLİYEV

 

Son illər Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin daha da möhkəmlənməsi, ən nüfuzlu təşkilatlarda layiqincə təmsil olunması, siyasi sahədə böyük nailiyyətlərin qazanılması, o cümlədən siyasi gündəliyimizdə başlıca məsələ olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, bir sıra ölkələrdə Xocalı soyqırımının tanınması və digər uğurlarla zəngin olmuşdur.
Bununla yanaşı, dünyada böhran proseslərinin hələ də davam etməsi, hətta qabaqcıl ölkələrin ciddi maliyyə problemləri ilə üzləşməsi fonunda Azərbaycanın davamlı iqtisadi inkişafı, quruculuq işlərinin geniş vüsət alması, əhalinin həyat səviyyəsinin yüksəlməsi, ölkəmizin dünya iqtisadiyyatına inteqrasiyasının sürətlənməsi son illərin nailiyyətlərini səciyyələndirən əsas amillərdəndir.
Bu yaxınlarda "Yeni Avropa" saytına müsahibəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi, "Regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilən, dinamik və hərtərəfli inkişaf edən Azərbaycanın iqtisadi qüdrəti və fəal xarici siyasəti beynəlxalq aləmə daha sıx inteqrasiyanı, ikitərəfli və çoxtərəfli əlaqələrin möhkəmlənməsini təmin etmişdir".
Sözsüz ki, bu uğurlara Prezident İlham Əliyevin ümummilli lider Heydər Əliyevin inkişaf strategiyasına əsaslanan düşünülmüş və uzaqgörən siyasəti nəticəsində nail olmaq mümkün olmuşdur. Ölkəmiz son 10 ildə, yəni, tarix baxımından qısa müddət ərzində sıçrayışlı iqtisadi inkişafa nail olmuş, bütün sahələrdə köklü islahatlar apararaq mərkəzləşdirilmiş planlı sistemdən bazar iqtisadiyyatına keçidi başa çatdırmış, böyük transmilli layihələrin təşəbbüskarı və aparıcı iştirakçısı olmuş, kosmosa peyk çıxaran dövlətlər sırasına qoşulmuş, yeni inkişaf mərhələsinə qədəm qoymuşdur.
Bu gün ölkəmiz cənab Prezidentin qeyd etdiyi kimi, "...bu, mürəkkəb regionda bir sabitlik adasıdır və təbii ki, bu da davamlı iqtisadi inkişafın başlıca amillərindən biridir".
Aparılan düşünülmüş və uzaqgörən, məqsədli dövlət proqramları vasitəsilə konkret hədəflərə yönələn siyasət nəticəsində son 10 il ərzində ÜDM 3,2 dəfə, qeyri-neft sektoru 2,6 dəfə, investisiyalar 6,5 dəfə, dövlət büdcəsinin gəlirləri 16 dəfə, xarici ticarət dövriyyəsi 6,6 dəfə artmışdır. Bu dövr ərzində əhalinin gəlirləri 6,5 dəfə, orta aylıq əməkhaqqı 5,5 dəfə artmış, yoxsulluq səviyyəsi 8,4 dəfə azalaraq 5,3 faiz təşkil etmiş, 1,2 milyondan çox iş yeri açılmış, işsizlik səviyyəsi 5 faiz təşkil etmişdir.
Yaradılmış əlverişli biznes və investisiya mühiti nəticəsində indiyədək ölkə iqtisadiyyatına 180 milyard dollara yaxın investisiya qoyulmuşdur ki, bunun da yarısı xarici investisiyalardır. Adambaşına düşən xarici investisiyaların göstəricilərinə görə Azərbaycan MDB ölkələri arasında qabaqcıl yerlərdən birini tutur.
Yuxarıda qeyd edildiyi kimi, hətta inkişaf etmiş ölkələrin ciddi maliyyə və sosial problemlərlə qarşılaşmasına baxmayaraq, Azərbaycanda davamlı iqtisadi inkişaf müşahidə edilir, xarici borcun ÜDM-ə nisbəti 8,3 faiz, büdcə kəsirinin ÜDM-ə nisbəti 0,3 faiz, valyuta ehtiyatları isə ÜDM-in 70 faizini təşkil edir.
Bu gün Cənubi Qafqaz iqtisadiyyatının 75 faizi Azərbaycanın payına düşür. Dünyada etibarlı tərəfdaş kimi tanınan və beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərini tam şəkildə və vaxtında yerinə yetirən Azərbaycanın təşəbbüskarı olduğu transmilli layihələr Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır.
Bakı-Tbilisi-Ceyhan neft, Cənubi Qafqaz qaz kəməri vasitəsilə Xəzər dənizinin enerji resursları region ölkələrinə və Avropaya nəql edilir. Transanadolu və Transadriatik qaz kəmərləri isə enerji əməkdaşlığımızı genişləndirərək Azərbaycanı Avropanın böyük təbii qaz təchizatçılarından birinə çevirəcəkdir.
Bununla yanaşı, tranzit imkanlarının reallaşması üçün böyük layihələr həyata keçirilməkdədir. Bu istiqamətdə Beynəlxalq Dəniz Limanının və gəmiqayırma zavodunun tikintisi, TRASECA və Şimal-Cənub dəhlizləri çərçivəsində magistral yolların yenidən qurulması, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin həyata keçirilməsi, son 10 il ərzində 6 beynəlxalq hava limanının istifadəyə verilməsi Azərbaycanı Avrasiya nəqliyyat dəhlizlərinin əhəmiyyətli halqasına çevirir.
Qazanılmış sosial-iqtisadi nailiyyətlər, nüfuzlu beynəlxalq hesabatlarda da öz əksini tapmışdır. Fitch, Standard and Poors və Moodys reytinq agentlikləri son illərdə ölkəmizin suveren reytinqini davamlı olaraq artırır. "Dünya rəqabət qabiliyyətliliyi 2013-2014" hesabatında Azərbaycan artıq 5 ildir ki, MDB ölkələri arasında birincidir. Hesabatda "inflyasiya" göstəricisi üzrə ölkəmiz dünyada 1-ci, "Makroiqtisadi mühit" üzrə 8-ci, "ümumi milli yığımın ÜDM-ə nisbəti"nə görə 10-cu yerdə olmuş, BMT-nin İnsan İnkişafı İndeksi hesabatına əsasən yüksək insan inkişafı qrupunda qərarlaşmışdır.
Təbii ki, Azərbaycan əldə etdiyi nailiyyətlərlə kifayətlənmir. Bu gün qarşımızda duran başlıca hədəflərdən biri iqtisadiyyatın şaxələnməsinin genişləndirilməsi, qeyri-neft sektorunun inkişafının sürətləndirilməsidir.
Bu çərçivədə əsas vəzifələrdən biri ölkənin sənaye potensialının güclənməsi, qeyri-neft sənayesinin inkişafı, mövcud imkanlardan səmərəli istifadə olunmasıdır. 2014-cü il cənab Prezident tərəfindən "Sənaye ili"elan edilmiş, bununla bağlı müvafiq tədbirlər planı təsdiq edilmişdir. Hazırda tədbirlər planına uyğun olaraq, "Azərbaycan Polad İstehsalı Kompleksi"nin qurulması, Sumqayıt Kimya Sənaye, Balaxanı sənaye, yüksək texnologiyalar parklarının təşkili, sənaye məhəllələrinin yaradılması istiqamətində ardıcıl işlər görülür. Bu işlərdə beynəlxalq təcrübənin öyrənilməsi, təcrübə mübadiləsinin aparılması məqsədilə 2014-cü ilin noyabrında BMT-nin Sənayenin İnkişafı Təşkilatı (UNİDO) ilə birlikdə sənayenin inkişafına dair beynəlxalq konfransın keçirilməsi planlaşdırılır.
Eyni zamanda, kənd təsərrüfatının, informasiya-kommunikasiya texnologiyalarının, alternativ və bərpa olunan enerji sahələrinin, turizmin və digərlərinin inkişafı ilə bağlı tədbirlər görülür, çoxsaylı layihələr həyata keçirilir. Bununla yanaşı, regionların, habelə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramları çərçivəsində əhalinin həyat səviyyəsinin yüksəldilməsi məqsədilə kompleks tədbirlər görülür.
Ölkəmizin gələcək inkişafının davamlılığının təmin edilməsi üçün təsdiq olunmuş "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında çox iddialı, eyni zamanda, real hədəflər müəyyənləşdirilmişdir. Belə ki, 2020-ci il üçün neft amilindən asılılıq minimuma endiriləcək, qeyri-neft sektorunun inkişafı hesabına ÜDM 2 dəfə artacaqdır.
Bu hədəflərə nail olunması, ölkəmizin qüdrətinin daha da artmasını, beynəlxalq müstəvidə mövqeyinin möhkəmlənməsini və əhalinin rifahının daha da yaxşılaşmasını təmin edəcəkdir.
Qeyd olunan vəzifələrin yerinə yetirilməsində xarici iqtisadi əlaqələrin rolu çox əhəmiyyətlidir. Təsadüfi deyildir ki, Azərbaycan Respublikasının diplomatik xidmət orqanları rəhbərlərinin bu günlərdə keçirilmiş beşinci müşavirəsində Prezident İlham Əliyev bildirmişdir ki, "Xarici siyasətimiz daxili siyasətimizin davamıdır. Bu gün Azərbaycanın xarici siyasəti prinsipiallığı və müstəqilliyi ilə seçilir. Bunun əsas səbəbi, əlbəttə ki, güclü siyasi iradənin mövcudluğudur. ...Eyni zamanda, ölkəmizin uğurlu inkişafı və son illərdə iqtisadi müstəqilliyimizin tam şəkildə təmin olunması bizə imkan verir ki, xarici arenada da öz sözümüzü deyək, öz maraqlarımızı müdafiə edək".
Son illərdə Azərbaycanın iqtisadi qüdrətinin artması, həyata keçirilən diversifikasiya siyasəti, müasir texnologiyalara əsaslanan və rəqabətqabiliyyətli məhsul istehsal edən yüzlərlə müəssisənin fəaliyyətə başlaması təbii ki, ölkənin xarici ticarətində də müsbət meyillərə təkan vermişdir. Belə ki, xarici ticarətin coğrafiyası genişlənmiş, onun əmtəə strukturu təkmilləşmişdir. Təkcə 2013-cü ildə 149 ölkə ilə xarici ticarət əməliyyatları aparılmış, xarici ticarət dövriyyəsi 3,4 faiz artaraq 34,7 milyard dollar təşkil etmiş, qeyri-neft ixracı 6 faiz artmışdır.
Ötən il Azərbaycanın ticarət dövriyyəsinin 44 faizi Avropa İttifaqı, 20 faizi İslam Əməkdaşlıq Təşkilatı, 12 faizi MDB, 7 faizi Türkdilli Dövlətlərin Əməkdaşlıq Təşkilatı ölkələrinin payına düşmüşdür.
Son 10 ildə ölkəmizin xarici ticarət dövriyyəsi 6,6 dəfə, ixrac 9,3 dəfə, o cümlədən qeyri-neft ixracı 4,7 dəfə, idxal isə 4,1 dəfə artmışdır.
Həyata keçirilən iqtisadi siyasətin ən mühüm istiqamətlərindən biri xarici investisiyaların, qabaqcıl texnologiyaların, idarəetmə təcrübəsinin cəlb olunmasıdır. Ölkədə bərqərar olmuş siyasi və makroiqtisadi sabitlik, investorların hüquqlarının etibarlı qorunması, əlverişli coğrafi mövqe, zəngin təbii ehtiyatlar, yüksək ixtisaslı işçi qüvvəsi Azərbaycanı xarici investisiyalar üçün ən cəlbedici ölkələrdən birinə çevirmişdir. Bu günədək Azərbaycan Respublikası hökuməti ilə xarici dövlətlər arasında investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında 46 saziş imzalanmışdır.
Təkcə ötən il ölkə iqtisadiyyatına 10,5 milyard dollar məbləğində xarici investisiya qoyulmuşdur. Əhəmiyyətlidir ki, bu investisiyaların yarıdan çoxu qeyri-neft sektoruna yönəlmişdir.
Ümumilikdə, 1995-ci ildən etibarən 2013-cü ilin sonunadək Azərbaycan iqtisadiyyatına 83,8 milyard dollar xarici investisiya qoyulmuş və bu vəsaitdən 35 milyard dollar qeyri-neft sektorunun payına düşmüşdür.
Qeyri-neft sektoruna birbaşa xarici sərmayələr üzrə ən böyük investorlar 26 faizlik payla Türkiyə, 16 faizlik payla Böyük Britaniya və 12 faizlik payla ABŞ olmuşdur. Azərbaycanda əsas kapitala xarici investisiya qismində isə Böyük Bitaniyadan 18 milyard, ABŞ-dan 7 milyard, Yaponiyadan 4 milyard dollar vəsait yatırılmışdır.
Hazırda ölkədə 6857 xarici investisiyalı müəssisə fəaliyyət göstərir. Bu şirkətlərin 36 faizi, yəni, 2464-ü Türkiyə, 8,3 faizi, yəni, 570-i Rusiya, 7,8 faizi, yəni, 541-i Böyük Britaniya mənşəli investisiyalar hesabına yaradılmışdır.
Xarici şirkətlər eyni zamanda, Azərbaycanda dövlət əsaslı vəsait hesabına həyata keçirilən infrastruktur və digər layihələrdə podratçı və subpodratçı qismində fəal iştirak edirlər. Məsələn, Türkiyənin şirkətləri müqavilə dəyəri 10,4 mlrd ABŞ dolları təşkil edən 153 layihəyə, Çexiyanın şirkətləri müqavilə dəyəri 2 milyard dollar olan 6 layihəyə, Fransa şirkətləri müqavilə dəyəri 1,8 milyard dollar olan 22 layihəyə cəlb olunmuşdur.
Davamlı iqtisadi inkişaf, maliyyə imkanlarının artması, özəl sektorun inkişafı Azərbaycanı eyni zamanda investisiya ixracatçısına çevirmiş, Türkiyə, Gürcüstan, Rusiya, Monteneqro, Serbiya, İsveçrə və digər ölkələrə əhəmiyyətli həcmlərdə investisiya yatırılmışdır. Azərbaycan şirkətlərinin potensialı və peşəkarlığı xeyli artmış, bir sıra ölkələrdə, o cümlədən Avropada mühüm infrastruktur layihələrinin icrasında özəl şirkətlərimiz aktiv fəaliyyət göstərməyə başlamışdır.
Ölkəmizin beynəlxalq arenada formalaşmış müsbət imicinin digər göstəricisi də son dövrlər xarici ölkələrin özəlləşdirmə və investisiya layihələrində Azərbaycanın iştirakına dair dəvətlərin, eləcə də xarici dövlətlər tərəfindən ölkəmizə bu məqsədlə həyata keçirilən səfərlərin sayının artmasıdır.
"Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda Prezident İlham Əliyevin verdiyi tapşırığa uyğun olaraq, ticarət və investisiya fəaliyyəti sahəsində bizim başlıca vəzifəmiz məhsullarımızın yeni bazarlara çıxışını təmin etməkdən, dost ölkələrdə investisiya fəaliyyətini genişləndirməkdən ibarətdir. Bu məqsədlə müntəzəm olaraq xarici ölkələrə səfərlər edilir, milli sərgilər, biznes forumlar, görüşlər təşkil olunur.
Qeyd etmək lazımdır ki, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) xarici ölkələrdə Azərbaycanın investisiya mühitinin tanıdılması, xaricə ixracın təşviqi ilə əlaqədar bir sıra tədbirlər həyata keçirməkdədir. Təkcə 2014-cü ildə beynəlxalq tərəfdaşların iştirakı ilə 119-u ölkəmizdə, 77-si isə xaricdə olmaqla ümumilikdə 196 biznes forum, sərgi, konfrans və digər işgüzar tədbirlər təşkil edilmişdir.
Bu tədbirlər sırasında 2014-cü ilin 23-24 iyun tarixlərində Qəbələdə keçirilmiş V Azərbaycan-Rusiya Regionlararası Forumu xüsusi vurğulanmalıdır. Rusiya Federasiyasının regional inkişaf nazirinin rəhbərliyi ilə 300 nəfərlik nümayəndə heyətinin, habelə Azərbaycanın rəsmi şəxslərinin və biznes dairələrinin iştirak etdiyi tədbirə ümumilikdə 700-ə yaxın şəxs qatılmış, müxtəlif mövzuları əhatə edən 8 "dəyirmi masa" keçirilmiş, 11 sənəd imzalanmışdır.
İkitərəfli tədbirlərlə yanaşı, Türkiyə və Gürcüstanla birgə üçtərəfli, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının və Qara Dəniz İqtisadi Əməkdaşlıq Bankına üzv ölkələrin dövlət nümayəndələrinin və işgüzar dairələrinin iştirakı ilə çoxtərəfli biznes forumları da keçirilmişdir.
AZPROMO-nun Gürcüstanda nümayəndəliyi, ABŞ, Almaniya, Avstriya, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya və Rumıniyada təmsilçiləri fəaliyyət göstərir. AZPROMO indiyədək 36 ölkədən 67 xarici tərəfdaşla əməkdaşlıq haqqında anlaşma memorandumu imzalamışdır.
Azərbaycan beynəlxalq təşkilatlar, o cümlədən BMT, Avropa İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı, Müstəqil Dövlətlər Birliyi, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və digərləri ilə sıx əməkdaşlıq edir.
Dövlət başçısı tərəfindən müəyyən olunmuş Azərbaycan Respublikasının xarici siyasətinin əsas istiqamətlərindən biri Avropa İttifaqı ilə səmərəli və davamlı əməkdaşlığın inkişaf etdirilməsidir.
Avropa İttifaqı ölkələri Azərbaycanın əsas xarici ticarət tərəfdaşıdır. Ötən il ticarət dövriyyəmizin 44 faizi, yəni, 15,3 milyard dolları bu ölkələrin payına düşmüşdür. Son 10 ildə Azərbaycanda əsas kapitala yönəlmiş xarici investisiyaların yarıdan çoxu, qeyri-neft sektoruna birbaşa xarici investisiyaların isə 35,3 faizi bu təşkilatın üzv dövlətlərinin payına düşmüşdür.
Prezident İlham Əliyev 2014-cü ilin iyun ayında Avropa İttifaqı ilə əlaqələrimizi xarakterizə edərək bildirmişdir ki, "Azərbaycan Avropa İttifaqına mümkün qədər yaxın olmaq arzusundadır. Bu, bizim üçün strateji mahiyyəti olan məsələdir və bu əlaqələrin gələcəkdə böyük potensialı vardır".
Cənab Prezidentin sərəncamı ilə Avropa İttifaqı ilə əlaqələrin daha da gücləndirilməsi, səmərəli və əlaqələndirilmiş işin təmin edilməsi məqsədilə 37 üzvdən ibarət Avropaya İnteqrasiya üzrə Dövlət Komissiyası yaradılmışdır. Komissiyanın nəzdində müxtəlif sahələr üzrə 6 işçi qrupu təşkil edilmiş, Azərbaycan qanunvericiliyinin Avropa İttifaqı qanunvericiliyinə uyğunlaşdırılması üzrə tədbirlər planı hazırlanmışdır. Son bir ildə Avropa İttifaqı ilə əlaqələrimiz daha da inkişaf etmiş, 4 yeni əməkdaşlıq sənədi imzalanmışdır.
Bu sənədlər sırasında vətəndaşların qarşılıqlı səfərlərinə geniş imkanlar yaradacaq Viza Sadələşdirilməsi Sazişini xüsusi qeyd etmək istərdim. Hazırda Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında Müasirləşmə üzrə Strateji Tərəfdaşlıq Sənədi müzakirə edilir, ölkədə Tvinninq, Tayeks, Siqma büdcəyə dəstək layihələri həyata keçirilir.
Azərbaycanın fəal əməkdaşlıq etdiyi təşkilatlardan biri də Müstəqil Dövlətlər Birliyidir. Prezident İlham Əliyev ötən ilin oktyabr ayında MDB Dövlət Başçıları Şurasının iclasında çıxış edərkən bildirmişdir ki, "Bu gün bizi iqtisadi və siyasi maraqlar birləşdirir və MDB çərçivəsində əməkdaşlıq, Azərbaycan üçün xarici siyasətin əsas prioritetlərindəndir. MDB-də baş verən inteqrasiya proseslərində mövqeyimiz əməkdaşlığın möhkəmləndirilməsinə, ikitərəfli və çoxtərəfli münasibətlərin və mehriban qonşuluq əlaqələrinin inkişafına yönəlmişdir".
MDB ölkələri qeyri-neft ixracı üzrə əsas tərəfdaşımızdır. Ölkəmizin qeyri-neft ixracının 42 faizi bu dövlətlərin payına düşür. Ermənistan istisna olmaqla, MDB-nin bütün üzv dövlətləri ilə sərbəst ticarət sazişləri imzalanmışdır.
Hazırda müvafiq infrastrukturun yaradılması, logistik mərkəzlərin təşkil edilməsi vasitəsilə bu bazarlara ixracın genişləndirilməsi, MDB-nin 2020-ci ilədək İqtisadi İnkişaf Strategiyasının həyata keçirilməsi, habelə Ümumrusiya Sərgi Mərkəzində Azərbaycanın daimi sərgisinin yaradılması istiqamətində zəruri işlər görülür.
Çoxtərəfli beynəlxalq əlaqələr formatında Azərbaycan üçün əhəmiyyətli qurumlardan biri də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasıdır. Azərbaycan Respublikası Prezidentinin 2014-cü ilin iyun ayında Bodrum Zirvə Toplantısında qeyd etdiyi kimi: "Türkdilli dövlətlərin birliyinin təməlində əlbəttə ki, ortaq köklər, ortaq mədəniyyət, tarix dayanır və bu gün biz bu möhkəm təməl üzərində gözəl əməkdaşlıq yaradırıq".
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının üzv dövlətlərinin investisiyaları hesabına Azərbaycanda 2600-dək müəssisə yaradılmışdır. Bu, ölkədə fəaliyyət göstərən xarici investisiyalı şirkətlərin 37 faizinə bərabərdir. Eyni zamanda, bu dövlətlər Azərbaycanın qeyri-neft sektorunda ikinci böyük xarici investordur. Təşkilat çərçivəsində hazırda bir sıra əməkdaşlıq sənədləri üzrə və Bodrum Zirvə Toplantısında Azərbaycan Respublikası Prezidenti tərəfindən irəli sürülmüş təklifə müvafiq olaraq Birgə İnvestisiya Fondunun yaradılması istiqamətində müzakirələr aparılır.
Eyni zamanda, ölkəmizin Ümumdünya Ticarət Təşkilatına üzvolma prosesi çərçivəsində ikitərəfli və çoxtərəfli danışıqlar da davam etməkdədir. Danışıqlar prosesində bizim əsas məqsədimiz daxili bazarın qorunması, milli istehsalçıların və istehlakçıların mənafelərinin maksimum səviyyədə təmin edilməsi ilə uzunmüddətli perspektivdə təşkilata üzv olmaqdır.
Bununla yanaşı, Yaxın Şərq, Asiya, Amerika ölkələri ilə də əməkdaşlığımız genişlənir və bu regionlarla iqtisadi əlaqələrin inkişaf etdirilməsi daim diqqət mərkəzində saxlanılır.
Beynəlxalq maliyyə institutları ilə də fəal əməkdaşlıq aparılır. Hazırda 14 beynəlxalq maliyyə institutu ilə nəqliyyat, su təchizatı və kanalizasiya, enerji, kənd təsərrüfatı, maliyyə, ekologiya və digər sahələrdə ümumi dəyəri 7,2 milyard dollar olan 41 layihə icra olunur.
Ölkəmizin cari kredit portfelində Dünya Bankının payı 35 faizə, Asiya İnkişaf Bankının payı 16 faizə, Avropa Yenidənqurma və İnkişaf Bankının payı 10 faizə, İslam İnkişaf Bankının payı isə 6 faizə bərabərdir.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq ötən il Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatının Ticarət və İnkişaf Bankına üzvolma proseduru yekunlaşmış, Avropa İnvestisiya Bankı ilə Çərçivə Sazişi imzalanmışdır.
Beynəlxalq donor təşkilatları ilə də fəal əməkdaşlıq davam edir. Hazırda 20 beynəlxalq donor təşkilatı ilə birlikdə idarəetmə, ədliyyə, kənd təsərrüfatı, regional inkişaf, nəqliyyat, su təchizatı və digər sahələrdə təqribən 200 mln dollar dəyərində 70 layihə icra olunur.
Ölkəmizin dinamik sosial-iqtisadi inkişafı Azərbaycanın dünya birliyinə inteqrasiyasının gücləndirilməsi, qarşılıqlı faydalı əməkdaşlığın inkişafı, beynəlxalq və regional təşkilatlar çərçivəsində çoxtərəfli əməkdaşlığın genişləndirilməsi üçün əlverişli zəmin yaradır. Prezident İlham Əliyevin müəyyən etdiyi siyasətə uyğun olaraq Azərbaycanın xarici iqtisadi əlaqələrinin genişləndirilməsi istiqamətində kompleks tədbirlərin həyata keçirilməsi davam etdirilir.
Bu gün xarici siyasətimizin ana xətti Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün bərpa bərpasıdır. Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında cənab Prezidentin qeyd etdiyi kimi; "Beynəlxalq məsələlərlə bağlı bizim əsas məsələmiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllidir".
Münaqişə barədə həqiqətlərin üzə çıxarılması, beynəlxalq müstəvidə siyasi dəstəyin əldə olunması istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz mühüm işlər görür. Bu işlərin tərkib hissəsi olaraq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin iqtisadi aspektlərinin kifayət qədər qabardılması, Ermənistanın qonşu ölkələrə olan torpaq iddialarının regionun iqtisadi potensialının tam reallaşdırılmasına yaratdığı maneələr və məhdudiyyətlərin dünya ictimaiyyətinə daha geniş çatdırılması, təcavüzkar Ermənistanın regional layihələrdən təcrid olunması, iqtisadi tənəzzülün daha da dərinləşməsi üçün məqsədyönlü tədbirlər davam etdiriləcəkdir.
Ölkəmizin iqtisadi uğurlarının xaricdə geniş təbliğ edilməsi Azərbaycanın xarici siyasətinin vacib istiqamətlərindəndir. Bu məqsədlə sosial-iqtisadi inkişaf sahəsində qazanılan uğurlar, yaradılmış əlverişli biznes investisiya mühiti, investisiya imkanları daha geniş təblığ olunacaqdır. Bununla yanaşı, Azərbaycanın tranzit və turizm imkanlarının geniş təşviq edilməsi istiqamətində işlər aparılır.
TAP, TANAP, Bakı-Tbilisi-Qars dəmir yolu layihələri, Şimal-Cənub, Şərq-Qərb magistral avtomobil yolları, yeni hava limanları, geniş turizm infrastrukturu ilə bağlı təbliğatın aparılması Azərbaycanın artan tranzit və turizm imkanlarından xarici tərəfdaşların faydalanması işinə öz müsbət töhfəsini verəcəkdir.
Azərbaycanın xarici ticarət əlaqələrinin inkişafı daim diqqətdə olan məsələlərdəndir. Belə ki, yerli məhsulların xaricə, o cümlədən qeyri-ənənəvi bazarlara ixracının genişləndirilməsi məqsədilə zəruri tədbirlər görülür. Dövlət başçısının bu istiqamətdə tapşırıqlarına uyğun olaraq, dövlət dəstəyi ilə potensial ixrac ölkələrində logistik mərkəzlərin yaradılması üzrə işlər görülür. Artıq Qazaxıstanın Aktau şəhərində logistik mərkəzin tikintisinə başlanmışdır.
Bununla yanaşı, qarşılıqlı investisiya fəaliyyətinin təşviq edilməsi istiqamətində işlər daha da gücləndiriləcəkdir. Bu, ilk növbədə, investorlar üçün mühüm əhəmiyyət kəsb edən investisiyaların qarşılıqlı qorunmasını, təşviqini, eləcə də ikiqat vergitutmanın aradan qaldırılmasını nəzərdə tutan hüquq-müqavilə bazasının yaradılması işlərini əhatə edəcək.
Paralel olaraq, Azərbaycanda prioritet istiqamətlərə, xüsusilə sənaye parklarına, kənd təsərrüfatına, İKT, turizm və digər sahələrə xarici investisiyaların cəlb olunması təşviq ediləcək, müvafiq sahələr üzrə yeni texnologiyaların və rəqabətqabiliyyətli idarəetmə sistemlərinin tətbiqi istiqamətində işlər davam etdiriləcəkdir.
Azərbaycanın xaricdəki dövlət və özəl investisiyalarının müdafiəsi daha da gücləndiriləcək, iqtisadi maraqlarımıza cavab verən layihələrdə şirkətlərimizin iştirakının təmin edilməsi üçün tərəfdaş ölkələrlə bu sahədə əməkdaşlıq daha da genişləndiriləcəkdir.
İqtisadi əlaqələrimizin genişlənməsində xarici ölkələrdə fəaliyyət göstərən azərbaycanlı iş adamlarının bir araya toplanılması, fəaliyyətinin əlaqələndirilməsi və onların dəstəklənməsi məqsədilə müvafiq ölkələrdə azərbaycanlı iş adamlarının birliklərinin yaradılması da önəmli məsələlərdəndir. Artıq bir sıra ölkələrdə belə birliklər fəaliyyət göstərir və bu sahədə işlər davam etdirilir.
Makroiqtisadi sabitliyin qorunması, iqtisadiyyatın diversifikasiyasının davam etdirilməsi, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması, dünya iqtisadi sisteminə inteqrasiyanın sürətləndirilməsi, xarici iqtisadi əlaqələrin və beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi, xarici ölkələrlə ikitərəfli əlaqələrin inkişafı müstəqil Azərbaycanın daha da qüdrətlənməsinə xidmət edəcək, ölkəmizin dünyada nüfuzunu daha da artıracaqdır.
Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində dünyanın siyasi və iqtisadi məkanında öz layiqli yerini tutmuş, etibarlı tərəfdaşa, regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilmiş Azərbaycan daha böyük nailiyyətlərə doğru inamla irəliləyir. Artıq indidən tam əminliklə demək mümkündür ki, əldə olunan bu nailiyyətlər və daha sürətli inkişaf üçün yaradılan münbit şərait qarşıya qoyulan əsas hədəfin - Azərbaycanın inkişaf etmiş dövlətə çevrilməsi məqsədinin reallaşmasına əsaslı təminat yaradır.

 

Şahin MUSTAFAYEV,
Azərbaycan Respublikasının
iqtisadiyyat və sənaye naziri

 

http://www.azerbaijan-news.az/index.php?mod=3&id=44528

 

← Geriyə