Çıxışlar və müsahibələr

  • Yenilənib 23.09.2014 12:52
  • Yaradılıb 23.09.2014 12:52

Tanınmış dövlət xadimi, bacarıqlı mütəxəssis, vətənpərvər insan

 

Uzun illər dövlət idarəçiliyi sahəsində müxtəlif məsul vəzifələrdə çalışmış, Azərbaycan hökumətinə rəhbərlik etdiyi dövr ərzində respublikanın ictimai-siyasi həyatına, sosial-iqtisadi inkişafına mühüm töhfələr vermiş Sadıq Rəhimovun anadan olmasının 100 illiyi tamam olur. Görkəmli dövlət xadimi Sadıq Rəhimovun səmərəli fəaliyyəti, iqtisadiyyatın, xüsusilə sənayenin inkişafındakı böyük xidmətləri daim hörmətlə xatırlanır.
Bu gün ölkəmizdə sənayenin inkişafı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən sosial-iqtisadi siyasətin prioritet istiqamətlərindəndir. Dövlət başçısının məqsədyönlü və uzaqgörən siyasətinin nəticəsidir ki, iqtisadiyyatın digər sahələri kimi, yeni mərhələyə qədəm qoymuş Azərbaycan sənayesi də uğurla inkişaf edir. Son 10 il ərzində sənayeləşmə templəri daha da yüksəlmiş, sənayenin infrastruktur təminatı əhəmiyyətli dərəcədə yaxşılaşmış, müasir texnologiyalara əsaslanan, rəqabətqabilliyətli məhsullar istehsal edən onlarla yeni sənaye müəssisəsi fəaliyyətə başlamışdır. Təkcə 2013-cü ildə Bakının Qaradağ rayonunda Gəmiqayırma, Qazaxda sement, Sumqayıtda polad boru, Daşkəsəndə qızıl, Qəbələdə şərab zavodları, Sumqayıtda tekstil parkı, Hacıqabulda seramik plitələr, Abşeronda karton qablar istehsalı müəssisələri, Cənub Elektrik Stansiyası da daxil olmaqla 30-dan çox müasir sənaye müəssisəsi istifadəyə verilmişdir. Ümumilikdə, son 10 ildə Bakıda və ölkə regionlarında energetika, maşınqayırma, metallurgiya, məişət cihazları, tikinti materialları, qida məhsulları istehsalı və digər sahələrdə istifadəyə verilmiş sənaye müəssisələri müasir çağırışlar və yeni təşəbbüslər nəzərə alınmaqla sənayenin modernləşdirilməsi, rəqabətqabiliyyətli sənayenin formalaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin real nəticələridir. Hazırda bu müəssisələrin bir çoxunun məhsulları xarici bazarlara çıxarılır, analoji məhsullarla rəqabət aparır.
Prezident İlham Əliyevin sənayeləşmə siyasətinə uyğun olaraq, görülmüş genişmiqyaslı işlərin nəticəsidir ki, son 10 ildə sənaye istehsalı 2,7 dəfə, o cümlədən tikinti məmulatlarının istehsalı 2,5 dəfə, elektrik avadanlıqlarının istehsalı 2,1 dəfə, metallurgiya sənayesi 2,2 dəfə, geyim istehsalı 2,5 dəfə artmış, təkcə 2013-cü ildə sənayedə 33,7 milyard manatlıq məhsul və xidmətlər istehsal olunmuş, ölkə sənayesinə 47,6 milyard manat investisiya yatırılmışdır. Bu dövrdə əlavə dəyər qeyri-neft sənayesində 1,9 dəfə, o cümlədən qeyri-neft emalı sənayesində 2,1 dəfə artmışdır. Bütün bunlar isə heç şübhəsiz ki, ölkəmizin ixrac imkanlarını daha da artırmış, qeyri-neft məhsulları ixracının 5 dəfəyədək yüksəlməsinə nail olunmuşdur. Həyata keçirilən diversifikasiya tədbirlərinin nəticəsi kimi, son illərdə qeyri-neft sənayesinin artım tempi sənayenin neft sektorunun artım tempini üstələmişdir.
Sənayeləşmə böyük həcmdə sərmayə yatırılmasını tələb edir və bu məqsədlə dövlət xarici kapitalı cəlb etməklə yanaşı, həm də ölkənin sənayeləşməsi prosesində əsas investor rolunu oynayır, bu sahənin inkişafı üçün yeni mexanizmlər tətbiq edilir. Hazırda yaradılmaqda olan sənaye parklarının dövlət tərəfindən müvafiq infrastrukturla təmin olunması, vergi güzəştlərinin tətbiqi, müasir sənaye müəssisələrinin yaradılması üçün güzəştli kreditlərin verilməsi və s. belə dəstək mexanizmlərindəndir. Bu baxımdan, Sumqayıt Texnologiyalar Parkı Azərbaycan sənayesində bir çox yeniliklərə imza atmışdır. Hazırda Sumqayıt Kimya Sənaye, Balaxanı Sənaye və Yüksək Texnologiyalar parklarının təşkili istiqamətində tədbirlər davam etdirilir. Paytaxt Bakı ilə yanaşı, ölkə regionlarında da sənaye potensialının gücləndirilməsi tədbirləri diqqət mərkəzində saxlanılır. Belə ki, Gəncə və Mingəçevir şəhərlərində, Bakının Qaradağ rayonunda da müasir sənaye parklarının, eləcə də ölkənin digər şəhər və rayonlarında sənaye məhəllələrinin yaradılması nəzərdə tutulur.
Həyata keçirilən düşünülmüş siyasət, məqsədyönlü tədbirlər rəqabətədavamlı, müasir texnologiyalara əsaslanan müəssisələrin yaradılmasına, ixracın genişlənməsinə yeni imkanlar yaradır.
Qeyd etmək lazımdır ki, Azərbaycan sənayesinin gələcək illərdə də sürətli inkişafı üçün möhkəm təməl yaradılmışdır. Belə ki, ölkəmizdəki makroiqtisadi sabitlik, güclü sənaye potensialı, zəngin təbii ehtiyatlar, nəqliyyat infrastrukturu, əlverişli biznes və investisiya mühiti, valyuta ehtiyatları, yüksək ixtisaslı kadrlar sənayenin, eləcə də bütünlükdə iqtisadiyyatın inkişafını stimullaşdıran başlıca amillərdir. Bundan başqa, dünyanın ən iri enerji layihələrindən olan "Şahdəniz-2", TANAP və TAP layihələrinin reallaşdırılması hələ uzun illər Azərbaycanda iqtisadiyyatın, xüsusilə də sənayenin inkişafına öz töhfəsini verəcəkdir.
Bu günlərdə Bakıda təməlqoyma mərasimi keçirilmiş Cənub Qaz Dəhlizi iştirakçı dövlət və şirkətlərin geniş əməkdaşlığını təmin edəcək, iqtisadiyyatın, eləcə də sənayenin inkişafına təkan verəcəkdir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin qeyd etdiyi kimi, "Bu layihə Azərbaycana əlavə dividendlər gətirəcək. Ölkə iqtisadiyyatı daha da sürətlə inkişaf edəcək... Bu layihə, eyni zamanda, tərəfdaş ölkələrimiz üçün də çox faydalıdır".
Heç şübhəsiz ki, 2014-cü ilin Azərbaycanda "Sənaye ili" elan edilməsi, bu sahənin inkişafı ilə bağlı həyata keçirilən davamlı tədbirlər Azərbaycanı regionun güclü sənaye mərkəzinə çevirəcəkdir.
Zəngin ənənələrə malik Azərbaycan sənayesi hazırkı səviyyəyə çatmaq üçün böyük inkişaf yolu keçmişdir. Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən sənayeləşmə siyasətinin əsası hələ ötən əsrin 70-80-ci illərində Ümummilli Liderimiz tərəfindən qoyulmuş, məhz Heydər Əliyevin müstəsna xidmətləri sayəsində ölkəmizdə güclü sənaye potensialı formalaşmışdır. Ulu Öndərin məqsədyönlü fəaliyyəti nəticəsində o dövrdə iri sənaye müəssisələri qurulmuş, ölkə üçün ənənəvi olmayan yeni sənaye sahələri yaradılmış, sənayenin inkişafına irihəcmli vəsaitlər yönəldilmiş, istehsalata mütərəqqi texnologiyalar cəlb edilmişdir. Heydər Əliyev yaxşı bilirdi ki, respublikanın iqtisadi cəhətdən möhkəmlənməsi üçün SSRİ-nin strateji əhəmiyyət kəsb edən bir sıra sənaye müəssisələri məhz Azərbaycanda inşa olunmalıdır. Ona görə də, Heydər Əliyevin təkidi və qətiyyəti nəticəsində keçmiş ittifaq rəhbərliyi respublikamızda iri maşınqayırma, kimya, neft kimyası, elektron sənayesi, əlvan və qara metallurgiya, tekstil, yeyinti, emal müəssisələrinin tikintisinə razılıq vermişdi. Həmin illərdə istifadəyə verilmiş neft maşınqayırması kompleksi, Dərin Özüllər, məişət kondisionerləri, radio-quraşdırma, elektron-hesablama maşınları zavodları və digər iri müəssisələr nəinki respublikanın, hətta keçmiş SSRİ-nin bu sənaye məhsullarına olan tələbatının böyük hissəsini ödəyir, bir çox xarici ölkələrə ixrac olunurdu.
Heç şübhəsiz ki, ölkədə güclü sənaye potensialının yaradılmasında iqtisadiyyatın bu mühüm sahəsinin bacarıqla idarə olunması xüsusi əhəmiyyət kəsb edir. Heydər Əliyev dühasının uzaqgörənliyinin vacib məqamlarından biri də savadlı gənclərin, bacarıqlı insanların potensialından səmərəli istifadə edilməsi, onların kamil mütəxəssis kimi yetişdirilməsi, eləcə də yaşından asılı olmayaraq rəhbər vəzifələrə çəkilməklə yüksək etimadın göstərilməsi idi.
Belə şəxslərdən biri də bu günlər 100 illiyini qeyd etdiyimiz, ölkə sənayesinin inkişafında xüsusi xidmətləri olmuş görkəmli dövlət xadimi Sadıq Rəhimovdur.
Böyük-kiçikliyindən asılı olmayaraq tutduğu vəzifələrə daim məsuliyyətlə yanaşan Sadıq Rəhimovun işgüzarlığı və təşəbbüskarlığı onu tutduğu vəzifələrdə pillə-pillə yüksəltmişdir. Təsadüfi deyildir ki, 18 yaşından başlayaraq Azərbaycan Yüngül Sənaye Komissarlığının 2 saylı Bakı ayaqqabı fabrikində müxtəlif vəzifələrdə çalışmış Sadıq Rəhimov bu zavodda direktor vəzifəsinə qədər yüksəlmişdir. 1939-cu ildə Sadıq Rəhimov respublika hökuməti tərəfindən Moskvaya Ali Partiya Məktəbinə oxumağa göndərilir. Lakin Böyük Vətən Müharibəsinin başlanması ilə Sadıq Rəhimov təhsilini yarımçıq qoyaraq cəbhəyə gedir. 1941-1942-ci illərdə o, sovet ordusunun Qərb cəbhəsində vuruşan 160-cı atıcı diviziyasında siyasi şöbənin rəisi olmuş, Moskva və Smolenski ətrafında gedən döyüşlərdə fəal iştirak etmişdir. Vyazma şəhəri yaxınlığındakı döyüşlərdə yaralanan Sadıq Rəhimov arxa cəbhəyə göndərilir.
Bakıya qayıdan, bacarığı, təşkilatçılığı ilə daim seçilən Sadıq Rəhimov hələ gənc yaşlarından bir çox məsul vəzifələrdə - Gəncə Vilayət İcraiyyə Komitəsinin sədri, kommunal təsərrüfatı və mülki tikinti naziri, çox işlənən sənaye malları naziri, Nazirlər Sovetinin Sənayedə Təhlükəsiz İş Aparılması üzərində Nəzarət və Dağ-Mədən Nəzarəti Dövlət Komitəsinin sədri, Bakı Baş Tikinti İdarəsinin rəisi və s. işləmişdir.
Yüksək idarəçilik qabiliyyətinə malik olan, bacarıqlı mütəxəssis kimi tanınan Sadıq Rəhimov 1954-cü ildə Azərbaycan SSR Nazirlər Sovetinin sədri vəzifəsinə təyin olunmuş və 1958-ci ilədək Nazirlər Sovetinə rəhbərlik etmişdir. Bu dövrdə o, Azərbaycanda sənayenin, kənd təsərrüfatı, tikinti, nəqliyyat, mədəniyyət və s. sahələrin hərtərəfli inkişafı üçün ciddi səylər göstərmiş, bir çox tədbirlər həyata keçirmişdir.
Ümumiyyətlə, Sadıq Rəhimov hansı vəzifədə olmasından asılı olmayaraq, verilən tapşırıqları layiqincə yerinə yetirmiş, göstərilən etimadı doğrultmağa çalışmışdır. Sadıq Rəhimovun məhz 60-cı illərin əvvəllərində inşaat sahəsinin, xüsusilə də mənzil tikintisinin acınacaqlı vəziyyətdə olduğu bir vaxtda Bakı Baş Tikinti İdarəsinin rəisi vəzifəsinə təyin olunması bunun əyani göstəricisidir. Həmin dövrdə məşhur inşaatçı Əliş Ləmbəranski Bakı şəhər XDS İcraiyyə Komitəsinin sədri idi. Məhz onların birgə fəaliyyəti nəticəsində 60-cı illərdə paytaxtda yeni mikrorayonlar, yaşayış sahələri salınmış, əhalinin mənzillə təminat səviyyəsi yüksəlmişdi. Sadıq Rəhimovun səyləri nəticəsində hər il Bakıda 420-475 min kvadrat metr mənzil sahəsi istismara verilirdi. 70-ci illərdə Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev MK plenumlarından birində paytaxtda mənzil tikintisinin vəziyyətini təhlil edərkən, Sadıq Rəhimovun işgüzarlığını, təşkilatçılıq bacarığını və prinsipiallığını yüksək qiymətləndirmiş, mənzil tikintisinin sürətləndirilməsində Sadıq Rəhimovun əməyini xüsusi olaraq qeyd etmişdi.
1964-cü ildə 500 min kvadratmetrə yaxın mənzil sahəsinin istismara verilməsi, paytaxt Bakıya gözəllik verən kinoteatr, məktəblər, uşaq bağçaları və s. obyektlər Sadıq Rəhimovun yorulmaz fəaliyyətinin nəticəsi idi. Elmlər Akademiyasının əsas binası, onun fizika və kimya institutları, Politexnik İnstitutunun yeni korpusları, sirk və kinostudiya binaları, Yaşıl Teatr, Respublika Xəstəxanasının iki korpusu, Mirqasımov adına mərkəzi uşaq xəstəxanası, Onkologiya İnstitutu və s. binalar məhz Sadıq Rəhimovun Bakının Baş Tikinti İdarəsinin rəisi olduğu dövrdə istifadəyə verilmişdir. Bakı Baş Tikinti İdarəsinin əldə etdiyi nailiyyətlərə görə, Sadıq Rəhimov və bir qrup inşaatçı Ali Sovetin Rəyasət Heyətinin Fəxri Fərmanına, "Əməkdar inşaatçı" və "Əməkdar mühəndis" fəxri adlarına layiq görülmüşdür.
Görkəmli dövlət xadimi Sadıq Rəhimovun fəaliyyətinin böyük bir dövrü isə ölkəmizdə sənayenin inkişafı ilə bağlı olmuşdur. Sadıq Rəhimov 1942-1946-cı illərdə Azərbaycan SSR toxuculuq sənayesi nazirinin müavini, 1946-1949-cu illərdə toxuculuq sənayesi naziri, 1949-1952-ci illərdə isə Azərbaycanın yüngül sənaye naziri kimi rəhbər vəzifələrdə işləmiş, sənayenin inkişafına mühüm töhfələr vermişdir.
Sonrakı illərdə bir çox məsul vəzifələrdə çalışmış Sadıq Rəhimov 1965-ci ildə yenidən Azərbaycan SSR Yüngül Sənaye naziri təyin olunmuşdur. Bu gün tərəddüdsüz demək olar ki, 1965-1975-ci illərdə Azərbaycan SSR Yüngül Sənaye Nazirliyinə başçılıq etmiş Sadıq Rəhimovun Azərbaycanda yüngül sənayenin sürətli inkişafında, bu sahədə çoxsaylı müəssisələrinin yaradılmasında xüsusi xidmətləri olmuşdur.
Yüngül sənaye sahəsində fəaliyyət göstərdiyi uzun illər ərzində Sadıq Rəhimov bu sahədə bir sıra struktur dəyişikliklərin həyata keçirilməsinə, zavod və fabriklərdə texnoloji proseslərin yaxşılaşdırılmasına və modernləşdirilməsinə, müəssisələrin müasir avadanlıqlarla təmin olunmasına, əməyin düzgün təşkilinə və ixtisaslı kadrların hazırlanmasına nail olmuşdur. Onun səmərəli fəaliyyətinin nəticəsində yüngül sənaye sahəsində məhsul istehsalının həcmi və çeşidi artmış, təcrübəli mütəxəssislər yetişmişdir.
Sadıq Rəhimov özünə və başqalarına yüksək tələbkarlığı, insanlara həssas, qayğıkeş münasibəti ilə seçilən kadrlardan idi. O, yüksək intellektual keyfiyyəti, təşkilatçılıq qabiliyyəti, işgüzarlığı, təşəbbüskarlığı ilə hamının hörmətini qazanmışdı. Sadıq Rəhimov həm də əsl vətənpərvər idi. Uzun müddət yüksək vəzifələrdə çalışmış Sadıq Rəhimov Azərbaycan dilinin geniş tətbiq edilməsinə, dövlət müəssisələrində kargüzarlığın ana dilində aparılmasına xüsusi önəm verirdi.
O, dəfələrlə Azərbaycan KP MK və onun bürosunun, Azərbaycan SSR Ali Soveti və onun rəyasət heyətinin üzvü olmuş, Azərbaycan və SSRİ Ali sovetlərinin deputatı seçilmiş, plenum, konfrans, qurultay və sessiyalarda nümayəndə kimi iştirak etmişdir.
Sadıq Rəhimovun əmək fəaliyyəti yüksək qiymətləndirilmiş, o, Lenin, Qırmızı Bayraq, Qırmızı Əmək Bayrağı, "Şərəf nişanı" kimi orden və medallarla təltif edilmişdir.
Sadıq Rəhimov 1975-ci il iyunun 11-də Bakı şəhərində vəfat etmiş və Fəxri Xiyabanda dəfn olunmuşdur.
Tanınmış dövlət xadimi, vətənpərvər insan, Azərbaycanın sosial-iqtisadi inkişafında xidmətləri olmuş Sadıq Rəhimovun səmərəli fəaliyyəti, sənayenin inkişafındakı xidmətləri bu gün də ehtiramla xatırlanır. Təsadüfi deyildir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Sadıq Rəhimovun uzun illər müxtəlif vəzifələrdə səmərəli xidmətlərini, Azərbaycan hökumətinin rəhbəri kimi təqdirəlayiq fəaliyyətini nəzərə alaraq 100 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalamışdır. Bu, görkəmli dövlət xadiminin xatirəsinə göstərilən ehtiram, onun əməyinə verilən yüksək qiymətdir.

 

İqtisadiyyat və sənaye nazirinin müavini
Sevinc Həsənova

 

← Geriyə