Çıxışlar və müsahibələr

  • Yenilənib 15.05.2013 11:09
  • Yaradılıb 15.05.2013 10:52

Azərbaycan sənayesinin inkişafında yeni mərhələ

 

İqtisadi inkişaf naziri Şahin Mustafayev: "Sənaye parklarının yaradılması ölkə iqtisadiyyatının inkişafına və modernləşməsinə, sahibkarlığın dəstəklənməsinə, ölkənin ixrac qabiliyyətinin genişlənməsinə, məşğulluq səviyyəsinin yüksəlməsinə əhəmiyyətli təsi göstərəcək".

"İnkişaf etmiş ölkəyə çevrilmək" məramını tərəqqinin yeni hədəfi kimi müəyyənləşdirən Azərbaycanda iqtisadi inkişaf strategiyası artıq modernləşmə xəttinə əsaslanmaqla tam innovativ yönümdə həyata keçirilir. Qlobal trendlərə uğurla uyğunlaşdırılan çevik iqtisadi siyasətin prioritet sahələrindən biri isə məhz sənaye sektorudur. "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının əsas istiqamətlərindən olan sənayenin davamlı inkişafının təmin edilməsi məqsədilə dövlət tərəfindən çoxsaylı layihələr hazırlanır, ən müasir infrastruktur yaradılır, islahatlar aparılır. Nazirlər Kabinetinin son iclasında Prezident İlham Əliyev də müasir sənaye komplekslərinin yaradılmasının əhəmiyyətindən danışarkən sənaye istehsalının müasirləşdirilməsində texnoparkların xüsusi rolunu qeyd etmişdir.
İqtisadi inkişaf naziri Şahin MUSTAFAYEVlə söhbətimizin də əsas mövzusu sənayeləşmə sahəsində mövcud durum, nəzərdə tutulan planlar və qarşıda duran hədəflərlə bağlı oldu.
- Sənayeləşmə Azərbaycan iqtisadiyyatının əsas istiqamətlərindəndir. Bu sahənin inkişafı üçün hansı tədbirlər həyata keçirilir?
- Prezident İlham Əliyevin müəyyənləşdirdiyi sosial-iqtisadi inkişaf siyasətinin prioritet istiqaməti iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun dinamik inkişafının təmin edilməsi, rəqabətqabiliyyətliliyinin artırılması və bu sahəyə investisiya qoyuluşunun sürətləndirilməsidir. Bu siyasətə uyğun olaraq, görülmüş işlərin nəticəsidir ki, son illər ÜDM-nin artımı qeyri-neft sektoru hesabına təmin edilir, rəqabətədavamlı məhsul istehsalı artır. Belə ki, 2012-ci ildə qeyri-neft ÜDM-i 9,7 faiz, 2013-cü ilin I rübündə isə 11,4 faiz artmışdır.
Ölkəmizdə qeyri-neft sektorunun əsas sahələrindən olan qeyri-neft sənayesinin inkişafına xüsusi diqqət yetirilir. Bu sahənin inkişafının intensivləşdirilməsi məqsədilə sənaye müəssisələrinin müasir texnologiyalar əsasında yenidən qurulması, onların modernləşdirilməsi, yerli resurs və xammalla işləyən, ixrac qabiliyyətli məhsullar istehsal edən müasir sənaye komplekslərinin yaradılması, rəqabətədavamlı sənaye istehsalının genişləndirilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilir. Bu prosesdə dövlət sektoru ilə yanaşı, özəl sektor da fəal iştirak edir.
Dövlət başçısının sənayeləşmə siyasətinə uyğun olaraq, təkcə 2012-ci ildə Gəncə alüminium zavodu, Sumqayıt Texnologiyalar Parkında dəqiq mexanika, texniki qazlar zavodları, Naxçıvan və Qaradağda sement zavodları, bərk məişət tullantılarının çeşidlənməsi və yandırılması zavodları da daxil olmaqla 60-dan çox sənaye müəssisəsi istifadəyə verilmiş, 100-dən artıq sənaye müəssisəsinin inşası isə davam etdirilir.
Azərbaycanda polad istehsalı kompleksinin yaradılması, yeni sənaye müəssisələrinin, o cümlədən 2013-cü ildə Gəmiqayırma Zavodunun istifadəyə verilməsi ölkədə qeyri-neft sənayesinin inkişafına yeni təkan verəcək.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə keçirilmiş Nazirlər Kabinetinin 2013-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında dövlət başçısı qeyri-neft sənayesinin inkişafının prioritetliyini, müasir sənaye komplekslərinin yaradılmasının əhəmiyyətini, sənaye istehsalının müasirləşdirilməsində texnoparkların xüsusi rolunu qeyd etmiş, Bakı, Sumqayıt və Gəncə şəhərlərində texnoparkların yaradılması prosesinə artıq başlandığını bildirmiş, Mingəçevirdə müasir sənaye kompleksinin yaradılması, sənaye mərkəzlərində rəqabətqabiliyyətli, ixracyönümlü məhsulların istehsalının təşkil edilməsi barədə tapşırıqlar vermişdir.
Hazırda ölkə rəhbəri tərəfindən verilmiş tapşırıqlara uyğun olaraq, Balaxanı Sənaye, Sumqayıt Kimya Sənaye və Yüksək Texnologiyalar parklarının təşkili istiqamətində ardıcıl işlər aparılır. Bundan başqa, Mingəçevirin sənaye potensialı və investisiya qoyuluşu imkanları araşdırılır.
Azərbaycanda sənayenin davamlı inkişafının təmin olunması "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının da əsas istiqamətlərindəndir. Belə ki, Konsepsiyada sahibkarlığın inkişaf etdirilməsi, sənaye parklarının yaradılması, yeni fəaliyyət sahələrinin və məhsulların təşviqi üçün əlverişli mühitin formalaşdırılması, ölkəyə qabaqcıl texnologiyaların gətirilməsi qarşıya qoyulan vəzifələrdəndir.
- Sənaye parklarının yaradılması ölkə iqtisadiyyatına nə verəcək? Hazırda bu sahədə işlər hansı mərhələdədir?
- Sənaye parklarının yaradılması ölkə iqtisadiyyatının, xüsusilə qeyri-neft sektorunun inkişafına, iqtisadiyyatın modernləşməsinə, innovativ və elmtutumlu iqtisadiyyatın formalaşmasına, yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənaye istehsalının genişləndirilməsinə, investisiya mühitinin cəlbediciliyinin artmasına, sahibkarlığın dəstəklənməsinə, ölkənin ixrac qabiliyyətinin genişlənməsinə, eləcə də məşğulluq səviyyəsinin yüksəlməsinə əhəmiyyətli təsir göstərəcəkdir.
Qeyd edim ki, bu sahədə artıq müvafiq qanunvericilik bazası yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 24 aprel 2013-cü il tarixli fərmanı ilə təsdiq edilmiş "Sənaye parkları haqqında Nümunəvi Əsasnamə" sənaye parklarının yaradılması, idarə edilməsi və onlarda sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı məsələləri tənzimləyən çox mühüm baza sənədidir.
Hazırda ölkədə müxtəlif təyinatlı sənaye parklarının (Sumqayıt Kimya Sənaye, Balaxanı Sənaye və Yüksək Texnologiyalar parkları) yaradılması istiqamətində tədbirlər həyata keçirilir.
Sumqayıt Kimya Sənaye Parkının işinin yüksək səviyyədə qurulması məqsədilə bu sahədə böyük təcrübəyə malik məsləhətçi şirkət cəlb edilmişdir. Məsləhətçi şirkət tərəfindən Azərbaycanın neft-kimya sektoru üzrə təhlillər aparılmış, rəqabətqabiliyyətli yeni məhsulların istehsalı, xarici və yerli investorların cəlb edilməsi üçün təkliflər hazırlanmış, texniki tapşırığa uyğun olaraq, Sənaye Parkının Baş Planı tərtib edilmiş, ərazidə nəzərdə tutulan infrastruktur şəbəkəsi, sosial təyinatlı obyektlərin konseptual dizaynı hazırlanmışdır.
Sənaye Parkının tikinti-quruculuq işləri üçün tələb olunan texniki şərtlər alınmış, rezidentlərin uçot qeydiyyat sistemi yaradılmışdır. Sənaye Parkına ayrılmış 167,66 hektar ərazi tikinti üçün yararlı vəziyyətə gətirilmiş, ərazinin müvafiq infrastrukturla təminatına dair layihə-smeta sənədləri və daxili infrastruktur üzrə layihə hazırlanmışdır. Ərazinin kimyəvi tullantılarla çirklənmiş sahələrinin təmizlənməsi üçün aidiyyəti dövlət qurumları ilə birgə işlər davam etdirilir.
Sumqayıt Kimya Sənaye Parkının kimya sənayesinin inkişafında, bu sahədə ixrac potensialının artırılmasında da əhəmiyyətli rolu olacaqdır. Sənaye Parkında fəaliyyət göstərəcək müəssisələrin xammalla təchizatı, xammaldan son məhsul mərhələsinədək istehsalın yaradılmasında "Azərikimya" İstehsalat Birliyi ilə sıx əməkdaşlıq ediləcəkdir.
Qeyd etməliyəm ki, ötən ilin dekabr ayında dövlət başçısı tərəfindən təməli qoyulmuş Balaxanı Sənaye Parkının yaradılması istiqamətində zəruri təşkilati işlər və müvafiq tədbirlər həyata keçirilir.
Sumqayıt şəhərində yaradılacaq Yüksək Texnologiyalar Parkı isə ölkəmizdə İKT sahəsində ilk xüsusi rejimli zona olmaqla elmi araşdırmaların, elmtutumlu texnoloji məhsulların istehsalının əhəmiyyətli dərəcədə artmasına təkan verəcəkdir.
- Sənaye parklarının yaradılması, şübhəsiz ki, sahibkarlıq fəaliyyətinin genişlənməsinə imkan yaradacaq.
- Tamamilə doğrudur. Prezident İlham Əliyev bu sahədə strateji hədəfimizi müəyyənləşdirib: "Ölkəmizin inkişafı sahibkarlığın inkişafından asılıdır. Biz bu istiqaməti seçmişik və bu istiqamət bizə uğurlar gətirir". Sənaye parklarının yaradılmasında əsas məqsədlərdən biri özəl sektorun inkişafının sürətləndirilməsi, sahibkarlıq fəaliyyətinin genişləndirilməsidir. Bildiyiniz kimi, birbaşa xarici investisiyaların cəlb edilməsi üçün əsas amillər əlverişli infrastrukturun yaradılması, cəlbedici güzəştlər mexanizmi, müvafiq prosedurların maksimal sadələşdirilməsi, o cümlədən elektron xidmətlərin təqdim edilməsi, idarəedici təşkilat tərəfindən təqdim olunan xidmətlər, layihənin maliyyələşdirmə imkanları, ən başlıcası isə dövlət dəstəyidir.
Azərbaycanda innovativ sənaye quruculuğunun irimiqyaslı layihəsi olan Sumqayıt Kimya Sənaye Parkı investorlar üçün ən münasib işgüzar şərait və komfortlu biznes mühiti təklif edir. Sumqayıt Kimya Sənaye Parkının inkişaf planında sahibkarların səmərəli fəaliyyətinə və inkişafı üçün bütün amillər nəzərə alınıb və Sənaye Parkının modeli formalaşdırılarkən dünyada uğurlu sənaye parklarının təcrübəsi öyrənilib.
İnvestisiya cəlbediciliyinin təmin olunması məqsədilə Sənaye Parkının ərazisində yerli və xarici investorlar üçün bir sıra güzəştlər nəzərdə tutulur. Belə ki, Sumqayıt Kimya Sənaye Parkında fəaliyyət göstərəcək sahibkarlar üçün sənaye parkının rezidentləri 7 il müddətinə mənfəət, torpaq, əmlak vergilərindən və parkda istifadə məqsədilə idxal olunan texnika, texnoloji avadanlıqlar və qurğular ƏDV-dən azad edilmişdir. Bu, baza güzəştlər portfeli kimi qəbul edilir və zərurət yaranarsa, güzəştlər paketi daha da genişləndirilə bilər.
Daha bir vacib məqam isə Sənaye Parkının ərazisində ən müasir tələblərə cavab verəcək infrastrukturun yaradılmasıdır. Belə ki, ərazidə fasiləsiz və yüksək keyfiyyətli elektrik enerjisinin təchizatı üçün iki yarımstansiya, içməli və texniki sular üçün yeraltı su anbarları və təchizat sistemi, 2 alternativ istiqamətdən qaz təchizatı, proses suyu və çirkab sularının axıdılması üçün ötürücü nasoslarla təchiz olunmuş xətlər, yağış sularının ərazidən toplanması, təmizlənməsi və yaşıllıqların suvarılması üçün müasir irriqasiya sistemi yaradılacaq. Sənaye parkının ərazisində avtomobil və dəmir yolu şəbəkəsinin yaradılması nəzərdə tutulur.
Sumqayıt Kimya Sənaye Parkına müraciət edən fiziki və ya hüquqi şəxslərin rezident statusu alması sadə prosedur əsasında aparılacaq. İnvestorlar rezident statusunu aldıqdan sonra da daim "Sumqayıt Kimya Sənaye Parkı" MMC-nin dəstəyini görəcək və Sənaye Parkı tərəfindən təklif olunan xidmətlərdən bəhrələnəcəklər. Eyni zamanda, Sumqayıt Kimya Sənaye Parkı tərəfindən rezidentlərə digər müxtəlif xidmətlər, o cümlədən təlim-treninq, laboratoriya, monitorinq və məsləhət xidmətləri də təklif olunacaq.
Sumqayıt Kimya Sənaye Parkında rezidentlərin qeydiyyatı, lisenziyaların və icazələrin alınması, eləcə də qanunvericilikdə nəzərdə tutulan digər prosedurların sadələşdirilməsi məqsədilə "vahid pəncərə" prinsipi tətbiq ediləcəkdir.
Sumqayıt Kimya Sənaye Parkının əlverişli coğrafi mövqedə yerləşməsi istehsal olunan məhsulun satış bazarlarına münasib tariflərlə və vaxtında çatdırılmasını təmin edəcəkdir. Belə ki, Sənaye Parkının nəqliyyat-kommunikasiya xətlərinin üzərində yerləşməsi yüklərin müxtəlif istiqamətlər üzrə daşınması prosesini asanlaşdırır. Sumqayıt Kimya Sənaye Parkının dəmiryol qovşaqlarına, Rusiya Federasiyasına gedən magistral yola, Heydər Əliyev adına Beynəlxalq Hava Limanına yaxınlığı burada fəaliyyət göstərəcək müəssisələrə daşınmaların həyata keçirilməsi üçün əlverişli şərait yaradır.
Bu ərazidə geniş sosial obyektlərin tikintisi nəzərdə tutulur. Buraya inzibati binalar, müxtəlif ofislər, biznes inqubatorlar, elektron-kitabxana, təlim-peşə mərkəzi, müasir laboratoriya, emalatxanalar, tələbələr üçün yataqxanalar, otel, yeməkxana və s. daxildir. Həmçinin ərazidə anbarlar, mühafizə xidməti, parkinq sahələri, xidməti avtobuslar, yanğın söndürmə məntəqələri, təcili tibbi yardım stansiyası olacaqdır.
Sumqayıt Kimya Sənaye Parkında Logistik Mərkəz də fəaliyyət göstərəcək. Mərkəz müxtəlif tipli yüklərin, o cümlədən xammalın, hazır məhsulların və avadanlığın nəqlinə xidmət edəcək. Sənaye Parkında müxtəlif təyinatlı yüklər üçün nəzərdə tutulmuş yükləmə-boşaltma məntəqələri fəaliyyət göstərəcək. Ümumiyyətlə, Sənaye Parkının təxminən 70 faizi istehsal, 30 faizi isə qeyri-istehsal məqsədləri üçün istifadə olunacaq. Bir sözlə, Sumqayıt Kimya Sənaye Parkının infrastruktur xidmətləri digər ölkələrdə fəaliyyət göstərən sənaye parkları ilə müqayisədə daha yüksək səviyyədə təşkil ediləcək.
Sumqayıt Kimya Sənaye Parkının yaradılmasında sosial sahəyə xüsusi diqqət yetiriləcək. Burada sənayenin müxtəlif sahələri üzrə onlarla müəssisənin fəaliyyət göstərməsi nəzərdə tutulur ki, bu da minlərlə yeni iş yerinin açılması deməkdir. Bildiyiniz kimi, Sumqayıt şəhəri kimya sənayesi sahəsində ixtisaslaşmış təcrübəli kadr potensialına malikdir və çalışacağıq ki, Sumqayıt Kimya Sənaye Parkında ilk növbədə Sumqayıt əhalisi işlə təmin olunsun.
Sumqayıt Kimya Sənaye Parkında Peşə Tədris Mərkəzi fəaliyyət göstərəcək. Burada kimya, tikinti və digər sahələr üzrə peşə hazırlığı və ya əlavə peşəyə yiyələnmək xidmətləri təklif ediləcək. Almaniyanın "İkili təhsil" modeli ilə təşkil ediləcək mərkəzin işini Avropa standartlarına uyğun qurmaq məqsədilə "Sumqayıt Kimya Sənaye Parkı" MMC Ştutqart Universiteti və yerli tədris müəssisələri ilə əməkdaşlıq edir. Sənaye Parkında fəaliyyət göstərən müəssisələrin tələbatına uyğun olaraq, peşələrə yiyələnmənin effektivliyini təmin etmək üçün tədris prosesi təhsil-təcrübə-tətbiqetmə ardıcıllığı ilə qurulacaq. Sənaye Parkında fəaliyyət göstərəcək emalatxanalarda istehsal prosesini təkmilləşdirmək üçün lazımi şərait təmin ediləcək. Mərkəzə müasir avadanlıqlarla təchiz olunmuş 4 mərtəbəli laboratoriya xidmət göstərəcək.
Sumqayıt Kimya Sənaye Parkına investorların cəlb edilməsi məqsədilə Tədbirlər Planı və müvafiq təqdimatlar hazırlanmışdır. Hazırda aparıcı şirkətlərlə danışıqlar gedir. Danışıqlar investorların Sumqayıt Kimya Sənaye Parkında həyata keçiriləcək layihələrə marağının böyük olduğunu göstərir.
Beləliklə, sənaye parklarının yaradılması Prezident İlham Əliyevin uğurla həyata keçirilən sənayeləşmə siyasətinin davamı olmaqla ölkədə bu sahənin inkişafında yeni mərhələnin başlanğıcı olacaqdır.

 

← Geriyə