Xəbərlər

  • Yenilənib 24.08.2021 10:31
  • Yaradılıb 19.08.2021 17:00

Menecerlərimiz beynəlxalq ixtisasartırma kursunda

 

Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan Birgə Proqramı koronavirus (COVID-19) pandemiyası səbəbindən onlayn formatda davam etdirilir.

Sahibkar və menecerlərdən ibarət növbəti qrup üçün avqustun 13-dən etibarən təlimlərə başlanılıb. Təlimlərdə iştirak edən 18 sahibkar və menecer Almaniyalı ekspertlər tərəfindən menecment sahəsində beynəlxalq təcrübə barədə məlumatlandırılır, bu sahədə praktiki vərdişlər öyrədilir, alman şirkətləri ilə əməkdaşlığın qurulmasına dəstək göstərilir. Qrupda kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən menecerlərlə yanaşı, inşaat, mebel istehsalı, şərabçılıq və turizm sektorları üzrə də iştirakçılar təmsil olunur.

İxtisasartırma kursunu uğurla başa vuran iştirakçılara beynəlxalq sertifikat veriləcək. İştirakçıların 1 həftə müddətinə Almaniyaya göndərilməsi nəzərdə tutulur.

Məlumat üçün bildirək ki, proqramın Azərbaycan üzrə əlaqələndiricisi İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətidir (GİZ). Bu günədək proqram çərçivəsində 485 sahibkar və menecer ixtisasartırma kursunda iştirak edərək, menecment sahəsində biliklərə, beynəlxalq təcrübəyə yiyələniblər. Proqramda iştirak üçün sənəd qəbulu və təlimlər ilboyu davam etdiriləcək. Sahibkar və menecerlər KOBİA-ya müraciət edə bilərlər.

← Geriyə