İqtisadi təşkilatlarla əməkdaşlıq

  • Yenilənib 21.05.2020 11:29
  • Yaradılıb 12.05.2017 09:21

Müstəqil Dövlətlər Birliyi (MDB)

 

Təşkilat haqqında ümumi məlumat. MDB Belarus SSR, Rusiya SFSR və Ukrayna SSR rəhbərləri tərəfindən 1991-ci il 8 dekabr tarixində "Müstəqil Dövlətlər Birliyinin yaradılması haqqında Saziş"in imzalanması vasitəsilə təsis edilmişdir. Preambula və 14 maddədən ibarət sənəd SSRİ-nin beynəlxalq hüquq və geosiyasi reallığın subyekti kimi ləğv olunmasını bəyan edirdi. Lakin millətlərin tarixi birliyini, onların arasında əlaqələri, ikitərəfli sazişləri nəzərə alaraq tərəflər Müstəqil Dövlətlər Birliyinin yaradılması haqqında razılığa gəldilər. 1991-ci il 21 dekabr tarixində Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan, Türkmənistan, Özbəkistan və Ukraynanın rəhbərləri Almatı Bəyannaməsini imzaladılar. Bəyannamə SSRİ-nin ləğv olunaraq, MDB-nin yaradılmasını qeyd edir, həmçinin MDB-nin məqsəd və prinsiplərini özündə əks etdirirdi. Təşkilati mərhələ 1993-cü ilin 22 yanvar tarixində Minsk şəhərində təşkilatın başlıca sənədi olan Müstəqil Dövlətlər Birliyinin Əsasnaməsinin qəbul edilməsi ilə başa çatmışdır.

Üzv dövlətlər. Azərbaycan, Özbəkistan, Türkmənistan, Tacikistan, Rusiya, Moldova, Qırğızıstan, Qazaxıstan, Belorus, Ermənistan, Ukrayna.

Məqsədləri. Keçmiş SSRİ ölkələri arasında dövlətlərarası münasibətlərin qorunub saxlanılması məqsədilə yaradılmış bu təşkilat çərçivəsində əməkdaşlıq daha çox üzv dövlətlər arasında iqtisadi inteqrasiyanın istiqamətlərinin müəyyənləşdirilməsinə yönəlmişdir.

Azərbaycan ilə əməkdaşlıq. Azərbaycan Respublikası tərəfindən bütün MDB ölkələri (Ermənistandan başqa) ilə azad ticarət rejimi yaradılmış, sərbəst sərmayə üçün hüquqi baza tərtib olunmuşdur. Azərbaycan MDB-nin 2020-ci ilə qədər dövr üçün İqtisadi inkişaf strategiyasının həyata keçirilməsində iştirak edir, Tədbirlər Planına uyğun olaraq hər ilin yekunu barədə müvafiq hesabat MDB-nin İcraiyyə Komitəsinə təqdim edilir. Həmçinin, Azərbaycan barədə müvafiq məlumatlar mütəmadi olaraq “MDB iştirakçı dövlətlərinin işgüzar mühiti, investorlara verilən imtiyazlar, azad iqtisadi zonalar, sənaye və elmi-texniki parklar haqqında İcmal”a daxil edilir. Ölkənin ticarət siyasəti barədə icmalları mütəmadi olaraq hazırlanır, son icmal 2020-ci ildə hazırlanaraq MDB-nin rəsmi internet səhifəsində yerləşdirilmişdir. Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığın vəziyyətinə dair icmal 2019-cu ilin aprel ayında İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanaraq MDB İcraiyyə Komitəsinə göndərilmişdir.   

2019-2020-ci illər ərzində MDB-nin 2030-cu ilə qədər dövr üçün İqtisadi inkişaf strategiyası və MDB-nin Gələcək İnkişaf Konsepsiyasının hazırlanması ilə bağlı təşkil olunan işçi qruplarının iclaslarında İqtisadiyyat Nazirliyinin əməkdaşları iştirak edir.

10 iyul 2019-cu il tarixində Rusiya Federasiyasının Moskva şəhərində Müstəqil Dövlətlər Birliyinin (MDB) iştirakçı dövlətlərinin strateji iqtisadi əməkdaşlığı haqqında Bəyannamənin layihəsinin razılaşdırılması üzrə İşçi Qrupun videokonfrans rejimində təşkil edilmiş iclasında İqtisadiyyat Nazirliyinin səlahiyyətli nümayəndələri iştirak etmişdir.

← Geriyə