Biznesin təşkili

  • Yenilənib 19.02.2021 17:34
  • Yaradılıb 31.05.2017 12:22

Lisenziyalar

 

“Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 oktyabr 2015-ci il tarixli 650 nömrəli Fərmanına uyğun olaraq, İqtisadiyyat Nazirliyi tərəfindən dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla lisenziyaların “ASAN xidmət” mərkəzləri vasitəsilə verilməsi uğurla davam etdirilir. Lisenziyalar və icazələr sahəsində 2015-ci ilin sonlarından etibarən aparılan islahatların nəticəsi olaraq, İqtisadiyyat Nazirliyi tərəfindən 2 noyabr 2015-ci il tarixindən 1 yanvar 2021-ci il tarixinə kimi 10287, 2020-ci il ərzində isə 1305 lisenziya verilmişdir.

Azərbaycan Respublikası Prezidentinin “Dövlət xidmətlərinin göstərilməsində şəffaflığın artırılması, yaşayış yeri üzrə qeydiyyat və lisenziyalaşdırma prosedurlarının elektronlaşdırılması sahəsində bəzi tədbirlər haqqında” 2015-ci il 31 avqust tarixli 588 nömrəli Fərmanının 2-ci hissəsinin və “Lisenziyalar və icazələr” portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə 2017-ci il 21 yanvar tarixli 1205 nömrəli Fərmanının 4.1-ci bəndinin icrası məqsədilə lisenziyaların və icazələrin elektron qaydada verilməsi üçün İqtisadiyyat Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə “Lisenziyalar və icazələr” portalı yaradılmışdır.

İqtisadiyyat Nazirliyi tərəfindən 1 mart 2018-ci il tarixindən etibarən 24 fəaliyyət növü üzrə lisenziyaların elektron qaydada verilməsi üçün portal vasitəsilə müraciətlərin qəbulu, 8 aidiyyəti qurumdan rəyin alınması və nəticələrin rəsmiləşdirilməsi imkanları təmin edilmişdir. 2020-ci ildə “Lisenziyalar və icazələr” portalının fəaliyyətinin təkmilləşdirilməsi, informasiya sistemlərinin portala inteqrasiyası istiqamətində işlər davam etdirilmiş və sahibkarlara portal vasitəsilə 358 elektron lisenziyanın verilməsi təmin edilmişdir. Ümumilikdə, “Lisenziyalar və icazələr” portalının fəaliyyətə başladığı 1 mart 2018-ci il tarixindən 1 yanvar 2021-ci il tarixinə kimi portal vasitəsilə 1790 elektron lisenziya verilmişdir.

← Geriyə