Xəbərlər

  • Yaradılıb 14.06.2019 12:48
  • Yenilənib 14.06.2019 16:29
  • Nəşr edilib 14.06.2019 12:00

Kiçik və orta biznes sahələrinə 10 milyon dollar xarici sərmayə yatırılacaq

 

Birləşmiş Ərəb Əmirliklərinin “Omni World Holdings Limited” şirkəti Azərbaycanda kiçik və orta biznes (KOB) sahəsində potensial layihələrin reallaşdırılmasına investisiya yatıracaq. “Omni World Holdings Limited” tərəfindən Azərbaycanda kiçik və orta sahibkarlıq sahəsində həyata keçiriləcək layihələrə yatırılacaq ilkin investisiyanın həcmi10 milyon ABŞ dolları olacaq.

Belə ki, İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və “Omni World Holdings Limited”in nümayəndələri arasında  görüş keçirilib, gələcək əməkdaşlıq imkanları müzakirə edilib. Görüş çərçivəsində KOBİA və “Omni World Holdings Limited” arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və “Omni World Holdings Limited”in sədri Erik Alfred Şayer imzalayıblar.

Sənədə əsasən, “Omni World Holdings Limited” ölkəmizdə turizm, kənd təsərrüfatı, İKT, səhiyyə sahələri də daxil olmaqla, iqtisadiyyatın müxtəlif sektorlarında potensial kiçik və orta biznes layihələrinin reallaşdırılmasına investisiya yatıracaq.

  Anlaşma Memorandumuna əsasən, KOBİA və “Omni World Holdings Limited” KOB-ların təşviqi üçün dəstək tədbirlərinin həyata keçirilməsi, maliyyə xidmətləri sahəsində əməkdaşlıq, qarşılıqlı faydalı layihələr, ən yaxşı texnologiyalar və biznesin idarə edilməsi sahəsində yeniliklər barədə məlumatlandırma, seminar, sərgi və digər təşviq tədbirlərinin təşkili və s. istiqamətlərdə əməkdaşlıq edəcəklər.

← Geriyə