Sahibkarlığa dəstək

  • Yenilənib 23.08.2021 23:49
  • Yaradılıb 25.09.2012 07:56

Xüsusi İqtisadi Zonalar

 

Dünyanın aparıcı ölkələrində sahibkarlığın inkişafının müxtəlif iqtisadi modelləri tətbiq edilir. Belə modellərdən biri də xüsusi iqtisadi zonalardır (XİZ). XİZ-lərin yaradılmasında məqsəd ölkə iqtisadiyyatının prioritet sahələrinin inkişafının sürətləndirilməsi, yerli və xarici investisiyaların cəlb edilməsinə daha əlverişli şəraitin yaradılması, yüksək texnoloji sahələrin inkişafının, rəqabətqabiliyyətli, səmərəli istehsal və xidmət sahələrinin təşkilinin dəstəklənməsidir.

BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) 2019-cu il Dünya İnvestisiya Hesabatına əsasən dünyada 5000-dən artıq XİZ fəaliyyət göstərir ki, bunlardan təxminən 1000-i son 5 ildə yaradılmışdır. Onların 4000-dən çoxu Asiya və Sakit Okean regionunda, 500-ə yaxını Amerika qitəsində, 200-dən çoxu Yaxın Şərq və Afrika ölkələrində, 100-dən çoxu isə Avropada yerləşir. Azərbaycanda da sahibkarlığın inkişafının yeni modellərinin - xüsusi iqtisadi zonaların, sənaye park və məhəllələrinin, biznes inkubatorların tətbiqi sahəsində müvafiq işlər aparılır. Yerli və xarici investisiyaların ölkə iqtisadiyyatının inkişafına cəlb edilməsi, investisiya mühitinin daha da yaxşılaşdırılması, yeni rəqabətqabiliyyətli və səmərəli istehsal və xidmət sahələrinin təşkilinin dəstəklənməsi məqsədilə Azərbaycanda xüsusi iqtisadi zonaların yaradılması sahəsində mühüm işlər görülmüşdür. Belə ki, ən yaxşı beynəlxalq təcrübələr öyrənilmiş, təhlillər aparılmış və onun ölkəmizdə tətbiqi üçün ilk olaraq normativ hüquqi bazanın formalaşdırılması istiqamətində zəruri tədbirlər həyata keçirilmişdir.

“Xüsusi iqtisadi zonalar haqqında” Azərbaycan Respublikasının 2009-cu il 14 aprel tarixli Qanununun tətbiqi ilə bağlı Azərbaycan Respublikasının Prezidentinin Fərmanına əsasən ölkədə xüsusi iqtisadi zonaların yaradılması və fəaliyyəti ilə əlaqədar dövlət siyasəti Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən həyata keçirilir.

Artıq Azərbaycanda xüsusi iqtisadi zonaların yaradılması ilə bağlı zəruri normativ-hüquqi baza formalaşdırılmışdır. Azərbaycanda XİZ-lərin təşkilini və fəaliyyətini tənzimləyən qanunvericilik bazası ölkəmizdə sahibkarlığa dövlət dəstəyinin yeni mexanizminin tətbiqinə hüquqi zəmin yaradır.

Azərbaycan Respublikasının Prezidentinin “Ələt azad iqtisadi zonasının yaradılması və fəaliyyətinin təşkili haqqında” 2020-ci il 22 may tarixli 1032 nömrəli Fərmanı ilə Ələt azad iqtisadi zonası yaradılmışdır.

Ələt Azad İqtisadi Zonasının yaradılmasında əsas məqsəd qabaqcıl idarəetmə təcrübəsinə uyğun yüksək əlavə dəyərli və ixracyönümlü istehsalı təmin etməkdir. İnnovativ texnologiyalardan istifadə edərək xidmətlər göstərən investorları cəlb etmək, bu şirkətlərin Azərbaycan şirkətləri ilə əməkdaşlığının təmin olunması nəticəsində ölkə iqtisadiyyatının dinamik və dayanıqlı inkişafına töhfə vermək, həmçinin on minlərlə yeni iş yeri yaratmaq da əsas hədəflərdəndir.

Belə ki, ölkəmizin tranzit potensialının daha da artırılması, regional səviyyədə iqtisadi artımı və investisiyaların cəlb olunmasının təşviq edilməsi üçün Ələt limanının və Azad İqtisadi Zonanın infrastrukturunun tez bir zamanda işlək vəziyyətə gətirilməsinin vacibliyi nəzərə alınaraq, Ələt Azad İqtisadi Zonasına investisiyaların cəlb edilməsi və  beynəlxalq standartlara uyğun idarəetmə sisteminin qurulması istiqamətində müxtəlif tədbirlər həyata keçirilir. Ələt Azad İqtisadi Zonasının ümumi sahəsi 850 hektar olacaq. İqtisadi zonanın ümumi sahəsinin 60 hektarında layihələndirilmə artıq başa çatmış, inşaat işlərinə başlanılmış, bütün infrastrukturun yaradılması üçün zəruri addımlar atılmışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə 2021-ci ilin 1 iyul tarixində Ələt Azad İqtisadi Zonasının təməlqoyma mərasimi keçirilmişdir.

← Geriyə