Çıxışlar və müsahibələr

  • Yenilənib 23.10.2012 07:09
  • Yaradılıb 19.09.2012 13:34

Azərbaycan rəqabətlik indeksinə görə MDB məkanında lider mövqeyini qorumaqda davam edir

 

Azərbaycan dünya iqtisadiyyatlarının rəqabətlik reytinqində öz mövqeyini əhəmiyyətli dərəcədə yaxşılaşdırmışdır.

Bu barədə "Trend" Agentliyinə İqtisadi İnkişaf Nazirliyinin İqtisadi siyasət, təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Ədalət Muradov məlumat vermişdir.

2 gün öncə dərc edilmiş 2012-2013-cü illər üçün dünya iqtisadiyyatlarının rəqabətlik reytinqində Azərbaycan dünyanın 50 ən rəqabətli iqtisadiyyatları qrupuna daxil olmuş və 144 ölkə arasında 46-ci olmuşdur. Keçən ilki hesabatla müqayisədə Azərbaycan öz mövqeyini 9 pillə yaxşılaşdırmışdır. Bu isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iqtisadi siyasətinin uğurunun daha bir göstəricisidir.

Makroiqtisadi sabitlik göstəricisinə görə Azərbaycan 18-ci yerdə olmaqla ilk iyirmilikdə qərarlaşmışdır ki, bu da çox yaxşı nəticədir.

Ə. Muradovun qeyd etdiyi kimi, keçən illə müqayisədə ən böyük, yəni 19 pillə artım "Əmtəə bazarının səmərəliliyi" göstəricisi üzrə əldə edilmişdir. Azərbaycan "İnnovasiya potensialı" göstəricisi üzrə 14 pillə, "Texnoloji səviyyə" göstəricisi üzrə13 pillə, institutların keyfiyyəti göstəricisi üzrə isə 5 pillə irəliləmişdir.

Rəqabətlik indeksinə görə Azərbaycan artıq 4 ildir ki, MDB məkanında liderdir. MDB ölkələrindən Qazaxıstan 2-ci, Rusiya 3-cü, Ukrayna 4-cü yerdədirlər.

Azərbaycana qonşu olan ölkələrdən Türkiyə 43-cü, İran 66-cı və Gürcüstan 77-ci yerdə qərarlaşmışlar.

Ə. Muradovun qeyd etdiyi kimi, 2005-ci ildən indiyədək MDB ölkələri arasında Azərbaycandan başqa yalnız Ukrayna, Qazaxıstan, Rusiya və Tacikistan öz mövqelərini yaxşılaşdırmışdır. Belə ki, Azərbaycan 23 pillə, Ukrayna 11 pillə, Qazaxıstan 10 pillə, Rusiya 8 pillə, Tacikistan isə 4 pillə irəliləmişdir. Başqa sözlə, Azərbaycan həm də, öz reytinqinin yaxşılaşdırılması tempinə görə də liderdir.

Rəqabət qabiliyyətliliyi indeksinin hesablanmasında Dünya İqtisadi Forumu 12 göstəricidən istifadə edir - institutların keyfiyyəti, infrastruktur, makroiqtisadi sabitlik, sağlamlıq və ilkin təhsil, ali təhsil və peşəkar hazırlıq, əmtəə və xidmətlər bazarının səmərəliliyi, əmək bazarının səmərəliliyi, maliyyə bazarının inkişafı, texnoloji səviyyə, daxili bazarın həcmi, şirkətlərin rəqabət qabiliyyəti, innovasiya potensialı.

 

← Geriyə