İqtisadi təşkilatlarla əməkdaşlıq

  • Yenilənib 21.05.2020 11:28
  • Yaradılıb 02.08.2017 10:25

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD)

 

Təşkilat haqqında ümumi məlumat. 1961-ci ildə yaradılmışdır. Baş Qərargahı Paris şəhərində yerləşir. Hazırda təşkilatın Baş Katibi cənab Angel Qurriadır.

Üzv dövlətlər. 36 üzv dövlətdən (Avstraliya, Kanada, İsrail, Yaponiya, Koreya, Meksika, Yeni Zelandiya, Türkiyə, ABŞ və əksər Avropa İttifaqı ölkələri) ibarətdir.

Məqsədləri. Təşkilatın əsas məqsədləri üzv dövlətlərdə maliyyə sabitliyini qorumaq şərti ilə davamlı iqtisadi artım, məşğulluq və həyat şəraitini artırmaqla dünya iqtisadiyyatının inkişafına yardım etməkdən ibarətdir.

Azərbaycan ilə əməkdaşlıq. 

 

Azərbaycanın təşkilatla əməkdaşlığı 2009-cu ildən OECD-nın Avrasiya Rəqabətqabiliyyətlilik Proqramının bir hissəsi olan OECD Şərqi Avropa və Cənubi Qafqaz Təşəbbüsü çərçivəsində həyata keçirilir. Təşəbbüs “EU4Business İnitiative” ilə tərəfdaşlıq edir və 6 ölkəni əhatə edir (Azərbaycan, Belarus, Gürcüstan, Moldova, Ukrayna və Ermənistan).

Avropa İttifaqı və OECD ilə birlikdə Şərq Tərəfdaşlığı ölkələrində “Yaşıl iqtisadiyyat” layihəsi çərçivəsində əməkdaşlıq həyata keçirilməkdədir.

OECD-nin hər il Parisdə keçirilən “Avrasiya həftəsi” tədbirində İqtisadiyyat Nazirliyi tərəfindən mütəmadi olaraq iştirak təmin edilir. Tədbir çərçivəsində keçirilən Biznes Forum, İdarəetmə Şurasının iclaslarında Azərbaycan tərəfindən təqdimatla çıxış edilir. 19-21 noyabr 2018-ci il tarixlərində keçirilmiş tədbirdə İqtisadiyyat Nazirliyindən nümayəndə heyəti iştirak etmişdir. Növbəti tədbirin Tbilisi şəhərində keçirilməsi nəzərdə tutulur.

OECD tərəfindən Avrasiya Rəqabətqabiliyyətlilik Proqramı çərçivəsində təşkilata üzv dövlətlər üçün müxtəlif mövzularda təhlil icmalları həyata keçirilir. Azərbaycan üçün "Azərbaycanda kiçik və orta sahibkarlığın rəqabətqabiliyyətliliyinin artırılması islahatlarının və iqtisadi diversifikasiyanın dəstəklənməsi" mövzusunda təhlil icmalının keçirilməsi razılaşdırılmış, 19-21 noyabr 2018-ci ildə keçirilmiş Avrasiya Həftəsi zamanı təhlil icmalının təqdimatı keçirilmişdir.

"Azərbaycanda sahibkarlığın gücləndirilməsi yolu ilə diversifikasiyanın sürətləndirilməsi" və "Xarici investisiyaların yerli təchizatçılarla əlaqələndirilməsi: Qida emalı vəziyyətinin öyrənilməsi" adlı hazırlanmış yekun hesabatlar 2018-ci ilin noyabrın 19-da Parisdə keçirilən "Avrasiya Həftəsində" Azərbaycan nümayəndə heyəti tərəfindən təqdim olunmuşdur.

OECD-nin növbəti "Avrasiya Həftəsi" tədbirinin keçirilməsinə Avropa İttifaqının Şərq Tərəfdaşlığı ölkələrinin ev sahibliyi etməsi ənənəsini nəzərə alaraq, 2021-ci ildə "Avrasiya Həftəsi" tədbirinə Azərbaycanın ev sahibliyi etməsi məsələsinə dair müzakirələr aparılmaqdadır.

5 may 2020-ci il tarixində İqtisadiyyat nazirinin müavini Rövşən Nəcəf ilə OECD-nin Avrasiya bölməsinin rəhbəri Vilyam Tompson arasında videokonfrans keçirilmişdir. Görüşdə Təşkilat ilə ölkəmiz arasında mövcud əməkdaşlıq, həmçinin postpandemiya dövründə iqtisadi artımın yeni modelinin tətbiqi istiqamətində Azərbaycanda həyata keçirilməsi nəzərdə tutulan təxirəsalınmaz tədbirlərdə OECD-nin mümkün iştirak formaları müzakirə edilmişdir.

← Geriyə