Sahibkarlığa dəstək

  • Yenilənib 19.11.2021 17:08
  • Yaradılıb 25.09.2012 07:57

Sənaye parkları

 

Müasir istehsal infrastrukturuna malik sənaye parkının yaradılması ölkədə sənaye sahələrinin inkişafının, ölkə iqtisadiyyatının tarazlı inkişafının təmin edilməsini, habelə istehsal sahələrinin və onun innovasiya istiqamətinin inkişafını nəzərdə tutan dövlət siyasətinin reallaşdırılmasına yönəldilmişdir. Sənaye parklarının yaradılması, həmçinin, ölkənin qeyri-neft sektorunun davamlı inkişafı, ölkə iqtisadiyyatının ixrac qabiliyyətinin, eləcə də rəqabətqabiliyyətli, idxalı əvəz edən məhsulların istehsalının artırılması, ətraf rayonlarda məşğulluğun təmini, investisiyaların və müasir texnologiyaların cəlb edilməsi kimi öncül vəzifələrin yerinə yetirilməsi baxımından xüsusilə əhəmiyyətlidir. Bu istiqamətdə işlər davam etdirilmiş, beynəlxalq təcrübə daim öyrənilmiş və müvafiq normativ-hüquqi sənədlər hazırlanmışdır.

Ölkədə sənaye parklarının yaradılması bir sıra dövlət proqramlarında, o cümlədən Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 26 dekabr tarixli 964 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulmuşdur.

Bununla bağlı, xarici ölkələrin bu sahədəki müsbət təcrübəsinin ölkəmizdə tətbiqi istiqamətində ardıcıl tədbirlər həyata keçirilmişdir. Həmçinin BMT-nin Sənaye İnkişafı Təşkilatının (UNIDO), Türkiyənin Türk Əməkdaşlıq və İnkişaf İdarəsinin (TİKA) ekspertlərinin tövsiyələri nəzərə alınmaqla bu sahədə müvafiq təkliflər hazırlanmış, bir sıra ardıcıl tədbirlər həyata keçirilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 aprel tarixli 865 nömrəli Fərmanı ilə “Sənaye parkları haqqında Nümunəvi Əsasnamə” təsdiq edilmişdir. Qeyd olunan Fərmanla müəyyən edilmişdir ki, sənaye parkı - sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastruktura və idarəetmə qurumlarına malik olan, müasir texnologiyaların tətbiqi yolu ilə rəqabət qabiliyyətli məhsul istehsalı və xidmət göstərilməsi məqsədləri üçün istifadə edilən, sahibkarların səmərəli fəaliyyətinə və inkişafına kömək edən ərazidir.

Sənaye parklarının, sənaye məhəllələrinin və aqroparkların idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 yanvar tarixli Fərmanına əsasən İqtisadi Zonaların İnkişafı Agentliyi yaradılmışdır. Agentliyin yaradılmasının əsas məqsədi sənaye parklarının (Balaxanı Sənaye Parkı istisna olmaqla), sənaye məhəllələrinin (Naxçıvan Muxtar Respublikasında yaradılan sənaye məhəllələri istisna olmaqla) və aqroparkların fəaliyyətinin təşkili, onların idarə olunması və inkişafı ilə bağlı tədbirlər hazırlamaq, həyata keçirilməsini təmin etmək, o cümlədən bu istiqamətdə göstərilən dövlət dəstəyi tədbirlərini həyata keçirtməkdir.

Sənaye parkının yaradılmasının məqsədləri aşağıdakılardır:

  • innovativ və yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli sənaye istehsalının inkişafı, xidmətlərin göstərilməsi üçün münbit şəraitin yaradılması və bu sahədə sahibkarlığın dəstəklənməsi;
  • iqtisadiyyatın, o cümlədən qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi;
  • ölkənin yerli və xarici investisiyalar üçün əlverişliliyinin artırılması;
  • əmək qabiliyyətli əhalinin istehsal sahəsində məşğulluğunun artırılması.

Qanunvericiliyə uyğun olaraq, sənaye parklarında aşağıdakı stimullaşdırıcı tədbirlər tətbiq olunur:

- vergi və gömrük sahəsində stimullaşdırıcı tədbirlər (Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, sənaye parklarının rezidentləri qeydiyyata alındıqları tarixdən 10 il müddətinə əmlak vergisindən, torpaq vergisindən, gəlir və ya mənfəət vergisindən, istehsal məqsədilə idxal etdikləri texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və 7 il müddətinə gömrük rüsumlarından azad olunurlar);

- sənaye parkının infrastrukturla təmin edilməsi;

- torpaq sahəsinin icarə haqqının aşağı həddində müəyyən edilməsi;

- inzibati prosedurların sadələşdirilməsi;

- sahibkarlıq fəaliyyətinin səmərəli həyata keçirilməsi üçün xidmətlərin təşkili.

Eyni zamanda, ölkədə innovativ və yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli sənaye istehsalının inkişafı üçün münbit şərait yaratmaq, bu sahədə sahibkarlığı dəstəkləmək, qeyri-neft sektorunun davamlı inkişafını təmin etmək və əhalinin istehsal sahəsində məşğulluğunu artırmaq məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 21 dekabr tarixli Fərmanı ilə Sumqayıt Kimya Sənaye Parkı yaradılmışdır. Sumqayıt Kimya Sənaye Parkının ərazisində neft-kimya və digər prioritet sənaye sahələri üzrə rəqabət qabiliyyətli məhsulların (işlərin, xidmətlərin) istehsalı və emalı müəssisələrinin yaradılması nəzərdə tutulmuşdur. Sumqayıt Kimya Sənaye Parkının ərazisi 583,5 hektar təşkil edir.

Sumqayıt Kimya Sənaye Parkının artıq 24 rezidenti var və 17 rezident artıq fəaliyyətə başlamışdır. Rezidentlərin mövcud layihələri üzrə sənaye parkına 5,1 milyard manat investisiya qoyulmuş, həmçinin 5650-dən çox iş yeri yaradılmışdır. Bunlar “Azertexnolayn” MMC, “SOCAR Polymer” MMC, “AzerFloat” QSC, “Baku Non Ferrous and Foundry Company” MMC, İnşaat Kimyəviləri Zavodu, “MST Engineering Services” MMC, “Aqrokimya Azərbaycan” MMC, “Alco” MMC, “STDC” MMC, “Azərxalça” ASC, “STP” MMC, “Tabaterra” QSC, SOCAR-ın Karbamid Zavodu, “Sumplast” MMC, “Labdisc Azərbaycan” QSC, “Nexus Labs” MMC, “Archi Glass” MMC, “Galenka Azərbaycan” MMC, “UPI - Universal Packing İndustry” QSC, “Azmonbat” MMC, “Bakı Tekstil Fabriki” MMC, “Glassica” QSC, “Azərsulfat” MMC, “Novus Plastica” MMC-dir.

Eyni zamanda 2021-ci ilin yanvar ayının 18-də Sumqayıt Kimya Sənaye Parkında “Azərsulfat” MMC-nin sulfat turşusu istehsalı, “Glassica” QSC-nin şüşə tara məhsullarının istehsalı zavodlarının təməli qoyulub, “Azerfloat” QSC-nin termoformasiya metodu ilə vərəqə şüşə istehsalı müəssisəsinin açılışı olub. 2021-ci ildə  “UPI - Universal Packing İndustry” QSC-nin (dekabr) Sumqayıt Kimya Sənaye Parkında fəaliyyətə başlaması nəzərdə tutulur.

Parkın sənaye zonasında kimya sənayesi, tikinti sənayesi və digər sənaye sahələri üzrə müəssisələrin – parkın rezidentlərinin fəaliyyət göstərməsi üçün böyük imkanlar yaradılır. Burada həmçinin, müxtəlif istiqamətlər üzrə peşə təhsili verən Peşə Təhsil Mərkəzi fəaliyyət göstərir. Ətraflı məlumatları Sumqayıt Kimya Sənaye Parkının internet səhifəsindən (www.scip.az) əldə etmək olar.

Bununla yanaşı, ölkədə sahibkarlığın dəstəklənməsi, müasir texnologiyalara əsaslanan sənaye müəssisələrinin təşkili və əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli Sərəncamı ilə Bakı şəhərində Balaxanı Sənaye Parkı yaradılmışdır. Balaxanı Sənaye Parkının ərazisi sahibkarların marağı nəzərə alınaraq ərzisi 10,15 hektaradək genişləndirilmişdir. Balaxanı Sənaye Parkının ərazisində istehsal müəssisələri, eləcə də tullantılarının emalı (təkrar emalı) və xidmət müəssisələrinin yaradılması nəzərdə tutulmuşdur. Balaxanı Sənaye Parkının idarəedici təşkilatı “Təmiz Şəhər” ASC-dir. Ümumilikdə, Parkda 23 rezident qeydiyyata alınmış və onlardan 16-sı fəaliyyətə başlamışdır. Bu parkın yaradılmasında başlıca hədəf təkrar istehsal sahəsində maraqlı olan potensial sahibkarlar və investorlar üçün əlverişli şəraitin yaradılmasıdır.

Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 3 iyun tarixli Sərəncamına əsasən ölkədə qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi, sahibkarlığın dəstəklənməsi, müasir texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənaye istehsalının təşkili və əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədi ilə Bakı şəhərinin Qaradağ rayonu ərazisində Qaradağ Sənaye Parkı yaradılmışdır. Qaradağ Sənaye Parkının bir rezidenti var, bu da “Bakı Gəmiqayırma Zavodu” MMC-dir. Sənaye parkına 847,1 milyon manat investisiya qoyulmuş, 2000-dək iş yeri yaradılmışdır.

Həmçinin, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 26 fevral tarixli Sərəncamı ilə Mingəçevir Sənaye Parkı yaradılmışdır. Mingəçevir Sənaye Parkı sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastrukturu və idarəetmə qurumları olan, müasir texnologiyaların tətbiqi yolu ilə rəqabətqabiliyyətli məhsul istehsalı və xidmətlər göstərilməsi məqsədləri üçün istifadə edilən, sahibkarların səmərəli fəaliyyətinə və inkişafına kömək edən ərazidir.

Azərbaycan Respublikası Prezidentinin iştirakı ilə 2016-cı il 21 sentyabr tarixində Mingəçevir Sənaye Parkının təməlqoyma mərasimi keçirilmişdir. Mingəçevir Sənaye Parkında rezident kimi qeydiyyata alınmış “Mingəçevir Tekstil” MMC-nin iplik istehsalı üzrə illik istehsal gücü 20 min ton iplik olan 2 fabriki (“Ring” və “Open End” üsulu ilə) 2018-ci ilin 27 fevral tarixində Azərbaycan Respublikası Prezidentinin iştirakı ilə istifadəyə verilmişdir. Avadanlıqlar Almaniya, İsveçrə, İspaniya və Yaponiyanın aparıcı şirkətlərindən alınmışdır. Fabriklərdə 470- daimi iş yeri yaradılmışdır.

Ölkəmizdə əsasən əczaçılıq sənayesinin inkişaf etdirilməsi məqsədi ilə İqtisadiyyat Nazirliyinin təklifləri və təqdim etdiyi layihə əsasında Azərbaycan Respublikasının Prezidentinin “Pirallahı Sənaye Parkının yaradılması haqqında” 2016-cı il 14 sentyabr tarixli Sərəncamı ilə 30 hektar ərazidə yaradılmış sənaye parkında sahibkarlar üçün zəruri infrastruktur (elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə) xidmətləri və digər xidmətlər göstərilir. Hazırda Pirallahı Sənaye Parkında  4 müəssisə (“R-Pharm” MMC, “Diamed Co” MMC, “İFFA” MMC və “Absheron Saffron LTD” MMC) rezident kimi qeydiyyatdan keçmişdir ki, bunlardan artıq 2-si fəaliyyətə başlamışdır. Ümumilikdə rezidentlər tərəfindən sənaye parkına 36,7 milyon manat investisiya yatırılmışdır ki, bunun da nəticəsində faktiki olaraq 116 iş yeri yaradılmışdır. Bundan başqa, mövcud layihələr üzrə əlavə olaraq 12 milyon manatadək investisiyanın qoyulması və 200-dən çox daimi iş yerinin yaradılması nəzərdə tutulur.

İşğaldan azad edilmiş ərazilərdə quruculuq və abadlıq işlərinin uğurla həyata keçirilməsi, eləcə də əhalinin dayanıqlı məskunlaşmasının təmin edilməsi məqsədilə rəqabətqabliyyətli və dayanıqlı iqtisadiyyatın formalaşdırılması, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişafı və zəruri stimulların tətbiqinin xüsusi əhəmiyyəti nəzərə alınaraq, Azərbaycan Respublikasının Prezidentinin 2021-ci il 28 may tarixli 1347 nömrəli Fərmanı ilə Ağdam rayonunda Ağdam Sənaye Parkı yaradılmışdır. Hazırda Ağdam Sənaye Parkında zəruri infrastrukturun qurulması istiqamətində işlər aparılır.

Bununla yanaşı, Naxçıvan Muxtar Respublikası ilə nəqliyyat-kommunikasiya xətlərinin bərpası və bu istiqamətdə tranzit daşımaların həyata keçirilməsi üçün perspektiv imkanlar  yarandığından, o cümlədən logistika, ticarət və digər xidmətlərin göstərilməsi, həmçinin qabaqcıl texnologiyalara və “yaşıl enerji” konsepsiyasına əsaslanan rəqabətqabiliyyətli və innovativ sənaye sahələrinin inkişafı üçün  Azərbaycan Respublikasının Prezidentinin 2021-ci il 4 oktyabr tarixli 1453 nömrəli Fərmanı ilə Şərqi Zəngəzur iqtisadi rayonunda, Cəbrayıl rayonu ərazisində “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı yaradılmışdır.

← Geriyə