İqtisadi təşkilatlarla əməkdaşlıq

  • Yenilənib 13.08.2021 09:28
  • Yaradılıb 01.10.2012 11:12

İslam Əməkdaşlıq Təşkilatı

 

Təşkilat haqqında ümumi məlumat. İslam Konfransı Təşkilatı (hazırda İslam Əməkdaşlıq Təşkilatı - İsƏT) 1969-cu il sentyabr ayında Mərakeşdə müsəlman ölkələrinin Dövlət və Hökumət Başçılarının Zirvə Toplantısında yaradılmışdır. İsƏT Birləşmiş Millətlər Təşkilatı ilə sıx əməkdaşlıq edir, 1975-ci ildən etibarən BMT yanında müşahidəçi statusu almışdır. Hal-hazırda təşkilatın Baş Katibi cənab Yousef Al-Othaimeendir.

Üzv dövlətlər. Əfqanıstan, Albaniya, Azərbaycan, Əlcəzair, Bəhreyn, Banqladeş, Benin, Bruney, Burkina-Faso, Kamerun, Çad, Komor Adaları, Cibuti, Misir, Qabon, Qambiya, Qvineya, Qvineya-Bissau, Kot Divuar, Qana, İndoneziya, İran, İraq, İordaniya, Qazaxıstan, Küveyt, Qırğızıstan, Livan, Liviya, Malayziya, Maldiv Respublikası, Mali, Mavritaniya, Mərakeş, Mozambik, Niger, Nigeriya, Oman, Pakistan, Fələstin, Qatar, Səudiyyə Ərəbistanı, Seneqal, Syerra-Leone, Somali, Sudan, Surinam, Suriya, Tacikistan, Toqo, Tunis, Türkiyə, Türkmənistan, Uqanda, Birləşmiş Ərəb Əmirlikləri, Özbəkistan, Yəmən.

Məqsədləri. Təşkilatın əsas məqsədləri üzv dövlətlər arasında islam həmrəyliyinin möhkəmləndirilməsi, onlar arasında elm, mədəniyyət, sosial, iqtisadi və başqa sahələrdəki əməkdaşlığın dəstəklənməsi və digər beynəlxalq təşkilatlarda məşvərətlərin həyata keçirilməsi, irqi ayrı-seçkiliyin və hər hansı formada müstəmləkəçiliyin ləğvinin dəstəklənməsi, ədalət əsasında beynəlxalq sülhün və təhlükəsizliyin təmin edilməsi, üzv dövlətlərin digər ölkələrlə əməkdaşlığına və qarşılıqlı anlaşmasına şəraitinin yaradılmasından ibarətdir.

Azərbaycan ilə əməkdaşlıq. Dövlətimiz öz müstəqilliyini bərpa etdikdən sonra keçmiş sovet respublikalarından ilk olaraq İsƏT-ə üzv olmaq barədə müraciət etmiş və 1991-ci ilin dekabrında üzv seçilmişdir. İƏT istər zirvə konfranslarında, istərsə də Xarici İşlər Nazirləri Konfranslarında Ermənistanın təcavüzünü pisləmiş və Azərbaycanın siyasi marağına uyğun qətnamələr qəbul etmişdir. Ölkəmizə zəruri yardımın göstərilməsi məqsədilə İsƏT çərçivəsində Azərbaycan Respublikasına İqtisadi Yardım haqqında bir neçə Qətnamə qəbul edilmişdir. 2006-cı ilin iyun ayında Təşkilatın Xarici İşlər Nazirləri 33-cü Konfransı Bakıda keçirilmişdir. 2010-cu ildə İsƏT-in qurumu olan İslam İnkişaf Bankının Müdirlər Şurasının 35-ci toplantısı Bakıda keçirilmişdir.

2019-cu  ilin 24-26 aprel tarixlərində Kazan şəhərində keçirilmiş Rusiya və İslam Əməkdaşlığı Təşkilatı ölkələrinin XI Beynəlxalq iqtisadi sammiti – Kazan Sammiti 2019-da İqtisadiyyat Nazirliyi tərəfindən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin iştirakı təmin edilmişdir.

İsƏT-in İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsinin (COMCEC) 35-ci Nazirlər görüşü 25-28 noyabr 2019-cu il tarixlərində İstanbul şəhərində keçirilmişdir. Tədbirdə iqtisadiyyat nazirinin müavini iştirak etmişdir.

8-9 dekabr 2019-cu il tarixlərində Türkiyə Respublikasının İstanbul şəhərində İsƏT-in "Yüksək Səviyyəli dövlət və özəl sektorlar üzrə investisiya konfransı" keçirilmişdir. Tədbirdə iqtisadiyyat nazirinin müavini iştirak etmişdir.

25 noyabr 2020-ci il tarixində COMCEC-in 36-cı sessiyasının videokonfrans formatında açılış mərasimi təşkil olunmuşdur. Tədbirdə Azərbaycan nümayəndə heyətinin rəhbəri, iqtisadiyyat naziri Mikayıl Cabbarova xüsusi çıxış üçün söz verilmişdir. İqtisadiyyat naziri öz çıxışında COVID-19 pandemiyası ilə əlaqədar COMCEC-in xüsusi proqramında ölkənin iştirakı, İslam İnkişaf Bankı ilə əməkdaşlığın vəziyyəti haqqında məlumat vermiş, İsƏT-ə və Türkiyəyə Azərbaycana göstərdiyi mənəvi və siyasi dəstəyinə görə təşəkkür bildirmiş, işğaldan azad olunmuş Qarabağ regionunda yeni infrastruktur və inşaat layihələrinin həyata keçirilməsinə İsƏT-in üzv dövlətlərini dəvət etmişdir. 

24 may 2021-ci il tarixində COMCEC-in yoxsulluğun azaldılması üzrə işçi qrupunun "COVİD-19 pandemiyasının İsƏT üzv ölkələrində sosial-iqtisadi bərabərsizliklərə mənfi təsiri" mövzusunda keçirilmiş iclasında İqtisadiyyat Nazirliyinin nümayəndəsi iştirak etmişdir.

31 may - 2 iyun 2021-ci il tarixlərində SESRİC tərəfindən "İslam kapital bazarında Sukuk emissiyası" mövzusunda keçirilən təlimdə İqtisadiyyat Nazirliyi tərəfindən iştirak təmin edilmişdir.

← Geriyə