Çıxışlar və müsahibələr

  • Yenilənib 01.04.2014 12:57
  • Yaradılıb 01.04.2014 12:53

İqtisadiyyatın inkişafında dərin elmi əsaslara söykənən tədqiqatlar

 

Ölkəmizin sosial-iqtisadi inkişafında iqtisadiyyatın şaxələnməsi, innovasiyalı iqtisadiyyatın formalaşması və inkişafı üçün əlverişli imkanların yaradılması, müasir texnologiyaların tətbiqi, elmi əsaslara söykənən konsepsiya və proqramların hazırlanması mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın elmi-tədqiqat mərkəzlərində, ali təhsil ocaqlarında yeni siyasi-iqtisadi sistemin, bazar iqtisadiyyatının mahiyyətinin, prinsiplərinin, yüksək iqtisadi inkişafa nail olmuş ölkələrin mütərəqqi təcrübəsinin öyrənilməsi sahəsində xeyli işlər görülür. Bu baxımdan, İqtisadiyyat və Sənaye Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunda həyata keçirilən elmi tədqiqatlar makroiqtisadi sabitliyin qorunması və tənzimlənmənin həyata keçirilməsi, davamlı inkişafın təmin olunması, regionların və sahibkarlığın inkişafı, qeyri-neft sektorunun inkişafı, ölkənin ixrac potensialının artırılması, mənzil-kommunal və infrastrukturun inkişafı istiqamətləri üzrə qısa, orta və uzunmüddətli proqnoz və planların tərtib olunması üzrə model və üsulların işlənilməsinə yönəldilmişdir.
İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutu bu istiqamətdə gördüyü işləri 2013-cü ildə də uğurla davam etdirmişdir.
Ölkə iqtisadiyyatının səmərəli idarəedilməsində mühüm əhəmiyyət kəsb edən elmi-tədqiqat işlərinin tərkib hissəsi kimi İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutu tərəfindən hazırlanmış Azərbaycan Respub¬li¬kasının Ümumi Tarazlıq Modeli (AZMOD), onun məlumat bazası olan Sosial Hesablar Matrisi "Məhsul istehsalı və bölüşdürülməsinin sahələrarası balansı" cədvəlinə əsasən 19 iqtisadi sahə üzrə tərtib edilərək təkmilləşdirilmişdir. AZMOD modelinin regional komponentinin işlənməsi məqsədi ilə ilk dəfə olaraq, Bakı şəhəri və 10 iqtisadi rayonun sənaye, kənd təsərrüfatı və digər sahələr üzrə regionların sahələrarası balansı tərtib edilmişdir. Balansların tərtibi nəticəsində regionlarda yaradılan əlavə dəyər və regionlardakı son istehlak xərclərinin nisbətləri müqayisə edilmiş, kəmiyyət və keyfiyyət təhlilləri aparılmışdır. Regionlar üzrə sahələrarası balansın hazırlanması bir sıra dövlət proqramlarının daha əhatəli koordinasiya olunmasında mühüm əhəmiyyətə malikdir.
Əhalinin rifah halının yaxşılaşdırılması, ölkədə davamlı iqtisadi artımın və makroiqtisadi sabitliyin təmin olunması, yoxsulluğun səviyyəsinin azaldılması məqsədilə həyata keçirilən "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı"ndan irəli gələn tapşırıqların icrası məqsədilə İnstitut tərəfindən dünyanın bir çox ölkələrində, o cümlədən, Avropa ölkələrində tətbiq edilən metodologiyalar araşdırılmış və onların təcrübələri öyrənilmişdir. BMT-nin İnkişaf Proqramı tərəfindən qəbul edilən, ölkədə çox komponentli faktorlara əsaslanaraq yoxsulluq səviyyəsinin qiymətləndirilməsini müəyyən edən metodologiya əsasında müvafiq tədqiqatlar aparılmışdır.
İqtisadi inkişafın təmin olunmasında mühüm məsələlərdən biri də xarici ticarətin və məhsulların rəqabətqabiliyyətliliyinin artırılmasıdır. Ölkədə xarici ticarətlə əmək bazarı arasında əlaqənin sektordaxili geniş araşdırılması və işçi qüvvəsinə əsaslanan rəqabətqabiliyyətli iqtisadi fəaliyyət sahələrinin inkişaf potensialının öyrənilməsi məqsədi ilə, beynəlxalq təcrübəyə əsaslanaraq, ilkin amil tutumu matrisi (xalis ixracın və istehlakın amil tutumunun müəyyən olunması və onun ranqlaşdırılması), əməyin ixtisas üzrə bölgüsü matrisi qurulmuş və təhlil edilmişdir.
Son illərdə ölkədə aparılan iqtisadi islahatlar nəticəsində digər sahələr ilə yanaşı, mənzil-kommunal təsərrüfatı sektorunun yenidən qurulması istiqamətində mühüm işlər görülmüşdür. İnstitut tərəfindən bu sahənin daha da təkmilləşdirilməsi ilə bağlı strateji istiqamətlərin müəyyən edilməsi və islahatların sistemli aparılması üçün mexanizmlər işlənilmişdir. Bu mexanizmlər mövcud mənzil istismar sahələrinin təcrübələri nəzərə alınmaqla kommersiya əsaslı idarəetmə formasına keçilməsi, yeni idarəetmə forması olan mənzil mülkiyyətçiləri birliklərinin və dünya standartlarına cavab verə biləcək xidmət sahələrinin yaradılması, xidmət keyfiyyətinin daha da yüksəldilməsi, aztəminatlı ailələr üçün sosial müdafiə sisteminin hazırlanmasına imkan verir. Bu məqsədlə mənzil-kommunal xidmətlərinin dövlət tənzimlənməsi üçün institutional və qanunvericilik bazasının təkmilləşdirilməsi üçün təklif, tövsiyə və müvafiq normativ-hüquqi sənədlər hazırlanmışdır.
Qeyri-neft sektorunun, xüsusən də onun ixrac potensialının artırılmasında aqrar-sənaye kompleksinin inkişafı və sahənin potensialından səmərəli istifadə edilməsi iqtisadi siyasətin əsas prioritetlərindən biridir. Aqrar sahədə yüksək məhsuldarlığın əldə olunması və məhsulların rəqabətqabiliyyətinin artırılması məqsədilə ölkənin iqtisadi və inzibati rayonları üzrə ixtisaslaşmanın mövcud vəziyyəti, bu sahədə beynəlxalq təcrübədə istifadə olunan metodologiyalar öyrənilmiş və ölkəmizin təbii-iqlim şəraiti, ənənəvi istehsal sahələri üzrə statistik göstəriciləri və digər spesifik xüsusiyyətləri nəzərə alınmaqla "Azərbaycan Respublikasının iqtisadi və inzibati rayonlarının kənd təsərrüfatı məhsulları istehsalı üzrə ixtisaslaşması"na dair hesabat hazırlanmışdır. Hesabatda hər bir iqtisadi və inzibati rayon üzrə kənd təsərrüfatı sahəsində məhsulların ixtisaslaşma səviyyəsi öyrənilmiş, üstünlük dərəcələri prioritetləşdirilmiş və müvafiq təkliflər öz əksini tapmışdır.
2013-cü il ərzində İnstitutda ekoloji təmiz kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində mühüm araşdırmalar aparılmışdır. Ekoloji kənd təsərrüfatı üzrə aparılmış uzunmüddətli tədqiqatın nəticələri, beynəlxalq təcrübə və onun ölkəmizdə sistemli tətbiqi imkanları nəzərə alınmaqla SWOT qiymətləndirmələri aparılmış, kənd təsərrüfatında əlavə dəyərin artırılmasının istiqamətləri müəyyənləşdirilərək sahənin ölkəmizdə inkişafı üçün qısa, orta və uzunmüddətli dövrləri əhatə edən inkişaf konsepsiyası hazırlanmışdır. Konsepsiyada, onun tərkib hissəsi olaraq "2014-2020-ci illər üzrə Azərbaycan Respublikasında ekoloji təmiz kənd təsərrüfatının inkişafı strategiyası və fəaliyyət planı"nın layihəsi tərtib edilmiş, strateji məqsəd və hədəfləri, sahənin inkişafı üzrə dövlət siyasətinin konseptual istiqamətləri müəyyənləşdirilmiş, tənzimlənmə mexanizmləri işlənilmişdir. Burada dünya bazarında ekoloji təmiz məhsullara artan tələb, istehsaldan satışa qədər kompleks məsələlər, həmçinin fərqli iqtisadi və institutional mexanizmlər öz əksini tapmışdır. Bu istiqamətdə görülmüş işlərin nəticəsi olaraq İnstitut tərəfindən 2012-ci ildə İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) "Azərbaycanda ekoloji təmiz kənd təsərrüfatının inkişaf etdirilməsi prosesində İƏT ölkələrinin təcrübəsinin öyrənilməsi və qurumlararası əməkdaşlığın gücləndirilməsi" layihəsi təqdim edilmiş və layihə 2013-cü ildə təşkilat tərəfindən təsdiq edilmişdir. Bu il fəaliyyətə başlamış layihənin icrası Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan respublikalarını əhatə edir. İran İslam Respublikası da layihədə iştirak təşəbbüsü ilə çıxış etmişdir.
Ölkəmizdə ekoloji təmiz kənd təsərrüfatı sahəsində maarifləndirmə işinin təşkilinə kömək məqsədi ilə orta ümumtəhsil müəssisələrində yardımçı dərs vəsaiti kimi şagirdlər üçün nəzərdə tutulan "Gələcək nəsillər üçün ekoloji təmiz kənd təsərrüfatı" adlı kitab hazırlanmışdır.
"2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı"nın icrası istiqamətində müvafiq işlər 2013-cü ildə də davam etdirilmiş, bu sahədə müvafiq təklif və tövsiyələr verilmişdir.
Davamlı inkişafın təmin olunmasının mühüm istiqamətlərindən biri ixtisaslaşmış və innovasiyaya meyilli rəqabətə davamlı müasir sahibkarlığın inkişafıdır. Bu baxımdan, ölkədə sənayeləşmənin inkişaf etdirilməsi üçün kiçik və orta sahibkarlığın hədəf olaraq seçilməsi və dəstəklənməsi mühüm əhəmiyyət kəsb edir. Dünya təcrübəsində sahibkarlığın inkişaf etdirilməsində klaster yanaşması ən aparıcı istiqamətlərdən biridir və regionda sahibkarların, elmi-tədqiqat və təhsil müəssisələrinin qarşılıqlı səmərəli şəkildə əlaqələndirilməsini şərtləndirir. Bununla yanaşı, xarici təcrübənin və ölkəmizdə regional sahibkarlığın və potensialın araşdırılması nəticəsində elmi-tədqiqat işlərinin istehsalata tətbiqini sürətləndirmək üçün texnoparkların yaradılmasına dair təklif və tövsiyələr hazırlanmışdır.
Azərbaycan Milli Aviasiya Akademiyası ilə elmi-tətbiqi əməkdaşlıq çərçivəsində ilk olaraq 2000-ə yaxın termin və söz birləşmələrini əhatə edən "Logistika terminlərinin izahlı lüğəti" hazırlanmış, yaxın vaxtlarda sahibkarlar üçün stolüstü məlumat vəsaitinin hazırlanması işi başa çatdırılacaqdır.
Ötən il regional iqtisadiyyatın rəqabətqabiliy¬yətliliyinin yüksəldilməsi məqsədilə hər bir iqtisadi rayonun sosial-iqtisadi göstəriciləri üzrə pasportu hazırlanmış, diversifikasiya əmsalları hesablanmış, inkişaf reytinqləri tərtib olunmuş və iqtisadi potensialından səmərəli istifadəsi üçün (Lənkəran iqtisadi rayonu timsalında) müvafiq təklif və tövsiyələr verilmişdir. Eyni zamanda, Mingəçevir şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə əlaqədar sənaye parklarının yaradılması və fəaliyyətinə, həmçinin informasiya texnologiyaları sahəsində tətbiq edilən klasterlərə dair beynəlxalq təcrübə əsasında təkliflər hazırlanmışdır. Klaster yanaşmasının üzüm istehsalı və emalı sahəsində tətbiqi üzrə Ukraynada Şərabçılığın İnkişafının Milli Proqramı və Krım şərabçılıq klasteri, Moldovada süfrə üzümü klasteri və Çilidə şərabçılıq klasterini əhatə edən araşdırma aparılmışdır.
Regional sahibkarlığın inkişafında Xüsusi İqtisadi Zonaların (XİZ) müstəsna əhəmiyyəti vardır. XİZ-lərin fəaliyyət üstünlüklərinin müəyyənləşdirilməsi məqsədi ilə onların kiçik və orta biznes müəssisələrini zəruri məlumatlarla təmin etmək, xüsusi inkubator olmaq, xarici iqtisadi fəaliyyət mexanizmləri üzrə təcrübəni bölüşmək, birgə müəssisələrin yaradılması üçün biznes əməkdaşlığının, daxili bazarın təminatı üçün sazişlərin, malların və xidmətlərin istehsalının mübadiləsi, birgə istehsal və texnologiyanın ötürülməsi, sənaye binalarının bölünməsi və birgə istifadəsi haqqında müqavilələrin bağlanılması, xüsusi dəmiryol dəhlizləri, inzibati xərclərin azaldılması beynəlxalq təcrübə əsasında araşdırılmış, hər bir istiqamət üzrə təsnifləşdirilmiş təkliflər işlənilmişdir.
Hazırda İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutu bir sıra beynəlxalq təşkilat və maliyyə qurumları ilə səmərəli əməkdaşlıq edir. 2013-cü il ərzində İnstitutda çoxsaylı yerli və beynəlxalq əhəmiyyətli forum, seminar, dəyirmi masa, simpozium, konfrans və digər tədbirlər keçirilmişdir. Azərbaycanın İƏT-ə rəhbərlik etməsi ilə əlaqədar təşkilatın İqtisadi Tədqiqatlar üzrə Daimi İşçi Qrupu yaradılmış, "İqtisadiyyat" jurnalının redaksiya heyəti formalaşmışdır. Hazırda jurnala rəhbərlik İnstitut tərəfindən həyata keçirilir. 2013-cü ildə İnstitutun təşkilatçılığı ilə Bakıda təşkil edilmiş İƏT-ə üzv ölkələrin İqtisadi Beyin Mərkəzlərinin rəhbərlərinin ilk iclası, İnstitutun və "EcoMod Global Network" təşkilatının birgə təşkilatçılığı ilə "İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin İqtisadi Beyin Mərkəzlərinin I Bakı Forumu və I Enerji, "Regional inteqrasiya və sosial-iqtisadi inkişaf" mövzusunda beynəlxalq konfrans keçirilmişdir. Forum və konfransda dünyanın 30-a yaxın ölkəsindən nümayəndə iştirak etmişdir.
Ötən il Bakıda İƏT-in Tədqiqat Mərkəzi yaradılmışdır. Mərkəzin yaradılması təşəbbüsü ilk dəfə İƏT-in 5 may 2006-cı il tarixində Bakıda keçirilmiş IX sammitində (Zirvə Toplantısında) Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən irəli sürülmüş və 2009-cu ildən başlayaraq İnstitut tərəfindən Mərkəzin əsasnaməsi hazırlanmış, tərtib edilmiş plan üzrə ardıcıl olaraq işlər davam etdirilmişdir. Nəhayət, 2013-cü ilin 26 noyabr tarixində İran İslam Respublikasının Tehran şəhərində keçirilən İƏT-in Nazirlər Şurasının 21-ci İclasında İƏT Tədqiqat Mərkəzinin Bakıda yaradılması və onun Əsasnaməsi təsdiq edilmişdir. Eyni zamanda, Şura İqtisadi Tədqiqatlar üzrə İƏT-in Fəaliyyət Planının həyata keçirilməsi üçün İƏT-ə üzv dövlətlərin iqtisadi beyin mərkəzlərinin inteqrasiya edilməsi və region üçün uzunmüddətli iqtisadi strategiya və siyasətlərin işlənib hazırlanması məqsədilə Bakıda İƏT Tədqiqat Mərkəzinin yaradılması ideyasını məmnunluqla qarşılamış və yüksək qiymətləndirmişdir.
Bundan başqa, ötən il Türkiyə Respublikası Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin Bakı nümayəndəliyi ilə əməkdaşlıq əlaqələri davam etdirilmiş və İnstitutla birgə əməkdaşlıq çərçivəsində həyata keçirilən "İnnovasiya və Təlim Mərkəzi"nin qurulması layihəsi başa çatdırılmışdır.
Aparılan sosial-iqtisadi islahatlar nəticəsində əldə olunmuş nailiyyətlərin daha da möhkəmləndirilməsi və artırılması iqtisadi siyasət və inkişaf problemlərinin elmi-analitik araşdırılmasının genişləndirilməsini və dərinləşdirilməsini zəruri edir. Bu baxımdan, bu il 50 illik yubileyini qeyd etməyə hazırlaşan İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun qarşısında mühüm vəzifələr durur. Bu məqsədlə İnstitutun fəaliyyətinin yeni şəraitə uyğunlaşdırılması və səmərəliliyinin yüksəldilməsi, o cümlədən, onun çevik təşkilati-elmi strukturunun formalaşdırılması, maddi-texniki və elmi-tədqiqat texnologiyaları bazasının və informasiya təminatı sisteminin müasirləşdirilməsi və möhkəmləndirilməsi, kadr potensialının gücləndirilməsi, ən vacibi isə İnstitutun əsas kapitalı hesab olunan əməkdaşlarının əmək şəraitinin və sosial vəziyyətlərinin yaxşılaşdırılması qarşıdakı illərdə prioritet inkişaf istiqaməti kimi qəbul olunmuşdur.
Bu istiqamətdə İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutu bundan sonra uğurlu fəaliyyətini davam etdirəcəkdir.

 

Vilayət Vəliyev
İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun
direktoru, iqtisad elmləri doktoru, professor

 

← Geriyə