Xəbərlər

  • Yaradılıb 29.06.2019 15:02
  • Yenilənib 29.06.2019 15:03
  • Nəşr edilib 28.06.2019 21:00

İsveçrə ölkəmizlə iqtisadi əməkdaşlığın genişlənməsində maraqlıdır

 

İsveçrəyə səfəri çərçivəsində İqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti İsveçrə Konfederasiyasının federal müşaviri, İqtisadi Məsələlər, Təhsil və Tədqiqatlar üzrə Federal Departamentin rəhbəri Qi Parmelinlə görüşüb. Şahin Mustafayev Azərbaycanın İsveçrə ilə ikitərəfli əlaqələrə xüsusi əhəmiyyət verdiyini və bu əlaqələrin bütün sahələrdə genişlənməsində maraqlı olduğu diqqətə çatdırılıb.

Nazir qeyd edib ki, ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrində müsbət dinamika müşahidə edilir. Azərbaycan İşveçrənin Cənubi Qafqaz ölkələri ilə xarici ticarətində əsas yeri tutur. 2018-ci ildə ticarət dövriyyəsi 2,7 dəfə, 2019-cu ilin 5 ayında 8,8 dəfə artıb. Bununla belə, iqtisadi-ticarət əlaqələrinin inkişafı üçün böyük potensial vardır. Enerji, təhsil, investisiyalar və s. sahələrdə də uğurlu əməkdaşlıq həyata keçirilir. İsveçrə tərəfindən Azərbaycan iqtisadiyyatına yatırılmış 844 mln. dollar sərmayənin 780 mln. dollara yaxın hissəsi qeyri-neft sektoruna yönəldilib.

İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) və Əməkdaşlıq və İnkişaf Agentliyi (SDC) ilə əlaqələrin yüksək qiymətləndiririldiyini vurğulayan Şahin Mustafayev bu qurumlarla əməkdaşlıq çərçivəsində 60-dən çox layihə həyata keçirildiyini qeyd edib. Əməkdaşlığın genişləndirilməsi istiqamətlərindən danışan Şahin Mustafayev Azərbaycanda səhiyyə, əczaçılıq, qida, kimya sənayesi sahəsində birgə müəssisələrin yaradılması, kiçik və orta biznesin inkişafı sahəsində əməkdaşlıq imkanlarını diqqətə çatdırıb. Bundan başqa, İsveçrə şirkətləri Azərbaycandakı aqroparklara cəlb edilə, mütərəqqi texnologiyalar, aqrar tədqiqatlar sahəsində təcrübə mübadiləsi aparıla bilər, sənaye parklarında, turizm sahəsində və s. əməkdaşlıq genişləndirilə bilər.

Nazir Azərbaycanın nəqliyyat-tranzit imkanları barədə də məlumat verilib. Qeyd edilib ki, ölkəmizin ərazisindən keçən Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, müasir standartlara cavab verən avtomobil yolları bu sahədə əməkldaşlıq imkanlarını daha da genişləndirir.

İsveçrə Konfederasiyasının federal müşaviri, İqtisadi Məsələlər, Təhsil və Tədqiqatlar üzrə Federal Departamentin rəhbəri Qi Parmelin ö iqtisadi-ticarət münasibətlərinin inkişafı istiqamətləri barədə fikirlərini bildirib.

Tərəflər iqtisadi-ticarət əməkdaşlığının müxtəlif sahələr üzrə inkişafı, eləcə də qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.

Görüşdə Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı səfiri Xanım İbrahimova iştirak edib.

← Geriyə