Xəbərlər

  • Yenilənib 16.05.2020 18:06
  • Yaradılıb 16.05.2020 17:05

İqtisadiyyat Nazirliyinə yeni təyin edilmiş rəhbər kadrlar kollektivə təqdim ediliblər

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Fərmanı ilə İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi məqsədilə nazirliyin strukturuna daxil olan xidmətlərin əsasnamələri təsdiq edilib, həmçinin dövlət başçısının müvafiq sərəncamları ilə bu strukturların rəhbərliyinə kadr təyinatları aparılıb.

İqtisadiyyat naziri Mikayıl Cabbarov İqtisadiyyat Nazirliyi yanında dövlət xidmətlərinə yeni təyin edilmiş rəhbər kadrları qurumların kollektivinə təqdim edib. Mikayıl Cabbarov ölkə rəhbərliyinin İqtisadiyyat Nazirliyi qarşısında qoyduğu vəzifələri vurğulayaraq, xidmətlərin fəaliyyətinin həyata keçirilən sosial-iqtisadi strategiyanın hədəflərinə xidmət etməli olduğunu qeyd edib və bildirib ki, yeni təyin edilmiş kadrlar dövlət başçısının etimadını doğultmalıdırlar.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə Orxan Nəzərli İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə, Mətin Eynullayev İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, Sahib Məmmədov isə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə rəis müavini təyin edilib. Onlar müvafiq dövlət xidmətlərinin rəisi vəzifələrini də icra edəcəklər.

← Geriyə