Xəbərlər

  • Yenilənib 20.09.2021 09:39
  • Yaradılıb 14.09.2021 20:00

İqtisadiyyat Nazirliyində İctimai Şura üzvləri ilə görüş keçirilib

 

İqtisadiyyat Nazirliyi yanında yeni yaradılmış İctimai şuranın üzvləri ilə görüş olub. Nazir Mikayıl Cabbarov İctimai şuraya seçilmələri münasibətilə şura üzvlərini təbrik edib, şuranın fəaliyyətinin, Nazirliklə əməkdaşlığının səmərəli qurulacağına əminliyini bildirib, üzvlərə fəaliyyətində uğurlar arzulayıb.

İctimai şuranın yaradılmasının əhəmiyyətindən danışan iqtisadiyyat naziri ölkəmizdə dövlət-vətəndaş münasibətlərinin inkişafında yeni mərhələnin başlandığını, vətəndaş cəmiyyəti institutları ilə əlaqələrin gücləndirilməsi, şəffaflıq prinsipinin təmin olunması ilə bağlı mühüm vəzifələrin müəyyən olunduğunu vurğulayıb. Qeyd edilib ki, cəmiyyətlə qarşılıqlı fəaliyyətin gücləndirilməsi, sağlam dialoqun qurulması, qərarların qəbulunda ictimai rəyin, vətəndaş maraqlarının nəzərə alınması və funksiyalarından irəli gələn digər məsələlərdə səmərəli fəaliyyəti üçün İqtisadiyyat Nazirliyi yanında İctimai şuraya lazımi şərait yaradılacaq.

İctimai şuranın üzvləri vətəndaş cəmiyyəti tərəfindən onlara göstərilən seçici etimadını doğruldacaqlarını vurğulayıb, şuranın fəaliyyətinin iqtisadi həyatın müxtəlif məsələlələrin ictimai müzakirəsinin və həllinin daha səmərəl təşkilinə xidmət edəcəyini bildirib, səmimi görüşün keçirilməsinə görə minnətdarlıq ediblər.

Görüşdə İctimai şura ilə əməkdaşlıq istiqamətləri, şuranın fəaliyyətinin nəticəyönümlülüyünün və hesabatlılığının təmin olunması, vətəndaş-ictimai şura-nazirlik kommunikasiyasının təşkili və s. barədə müzakirələr aparılıb.

← Geriyə