Xəbərlər

  • Yenilənib 26.04.2021 11:47
  • Yaradılıb 24.04.2021 12:00

İqtisadiyyat naziri Türkiyənin yeni ticarət naziri ilə telefonla danışıb

 

İqtisadiyyat naziri Mikayıl Cabbarov Türkiyənin yeni təyin olunmuş ticarət naziri Mehmet Muşla telefonla danışıb.

Türkiyənin ticarət naziri vəzifəsinə təyin olunması münasibətilə Mehmet Muşu təbrik edən Mikayıl Cabbarov ölkələrimiz arasında dostluğa və qardaşlığa əsaslanan əlaqələrin yüksələn xətlə inkişaf etdiyini, əməkdaşlığımızın daha da möhkəmləndiyini qeyd edib. Qardaş ölkələr arasında iqtisadiyyatın bir çox sahələrində tərəfdaşlığın genişləndirilməsi imkanlarını qeyd edən iqtisadiyyat naziri qarşılıqlı faydalı əlaqələrin bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik ifadə edib.

Mikayıl Cabbarov Türkiyənin ölkəmizin əsas ticarət tərəfdaşlarından olduğunu, bu ilin martından qüvvəyə minən Preferensial Ticarət Sazişinin ikitərəfli ticarət əlaqələrinin daha da genişlənməsinə əlavə imkanlar yaradacağını bir daha vurğulayıb.

Telefon danışığı zamanı bu ilin may ayının 31-də keçiriləcək “Road show” tədbiri barədə müzakirə aparılıb, tədbirin ölkələrimizn iqtisadi və investisiya imkanlarının iş adamlarına daha çox tanıdılması baxımından əhəmiyyəti qeyd olunub.

İqtisadiyyat naziri türkiyəli həmkarını ölkəmizə səfərə dəvət edib.

Türkiyənin ticarət naziri Mehmet Muş təbrikə görə təşəkkürünü bildirib, ikitərəfli əlaqələrin dərinləşdirilməsi istiqamətində səylərin davam etdiriləcəyini bildirib.

← Geriyə