Xəbərlər

  • Yaradılıb 22.06.2019 21:50
  • Yenilənib 22.06.2019 21:51
  • Nəşr edilib 22.06.2019 18:00

İqtisadiyyat naziri Çinin "Huawei" şirkətinin vitse-prezidenti ilə görüşüb

 

Görüşdə İqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycan və Çin dövlət başçıları arasında qarşılıqlı hörmətə və etimada əsaslanan münasibətlərin ölkələrimiz arasında fəal dialoqun əsasını təşkil etdiyini və ikitərəfli əməkdaşlığın bütün sahələrdə genişləndirilməsində mühüm rolunu vurğulayıb.

Çinlə tranzit daşımaları, logistika, ticarət, investisiya, İKT, turizm və humanitar sahələrdə əlaqələrin inkişaf etdiyini qeyd edən İqtsadiyyat naziri Azərbaycan-Çin iqtisadi əməkdaşlığının genişləndirilməsi imkanlarını diqqətə çatdırıb. Qeyd edilib ki, Çinin Cənubi Qafqazla ticarət dövriyyəsinin 43%-i Azərbaycanın payına düşür. Çində Azərbaycanın ticarət nümayəndəliyi, ticarət və şərab evləri fəaliyyət göstərir. Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyası ikitərəfli əməkdaşlığın genişləndirilməsində önəmli rol oynayır.

Azərbaycan iqtisadiyyatı barədə məlumat verən Şahin Mustafayev qeyri-neft sektorunun, o cümlədən İKT-nin inkişafının Azərbaycan iqtisadiyyatının prioritet istiqamətlərindən olduğunu və ölkəmizin İKT sahəsində dünyanın tanınmış şirkətləri ilə əməkdaşlıqda marağını diqqətə çatdırıb. Bu baxımdan dünyada aparıcı şirkətlərdən olan "Huawei" ilə əlaqələrin inkişafı üçün potensial genişdir. Bildirilib ki, yüksək texnologiyalarla bağlı Azərbaycanda təşkil olunan sərgilərdə şirkətin məhsulları nümayiş olunur və maraqla qarşılanır.

İqtisadiyyat naziri Şahin Mustafayev ölkəmizdəki sənaye və yüksək texnologiyalar parkları barədə məlumat verərək, "Huawei" şirkətini burada yaradılmış əlverişli işgüzar mühitdən yararlanmaqla birgə əməkdaşlığa dəvət edib. Bununla yanaşı, "Huawei" Azərbaycanda İKT sahəsində fəaliyyət göstərən kiçik və orta biznes nümayəndələri ilə əlaqələrin qurulmasında İqtisadiyyat Nazirliyinin Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi ilə əməkdaşlıq edə bilər.

"Huawei" şirkəti barədə məlumat verən Hou Tao İKT sahəsində dünyada tanınmış şirkətin 170-dən çox ölkədə, o cümlədən 2002-ci ildən Azərbaycanda fəaliyyət göstərdiyini, ölkəmizdə həyata keçirilən bir sıra layihələrdə iştirak etdiyini vurğulayıb. Şirkətin ölkəmizlə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu bildirən Hou Tao Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının bu ilin fevralında Pekində keçirilən iclası çərçivəsində Azərbaycan nümayəndə heyətinin "Huawei" şirkəti ilə görüşünü xatırladıb və qarşılıqlı səfərlərin, aparılan müzakirələrin əlaqələrin inkişafında önəmini qeyd edib.

Görüşdə "Huawei" şirkəti ilə əməkdaşlığın genişləndirilməsi istiqamətləri barədə fikir mübadiləsi aparılıb.

← Geriyə