Çıxışlar və müsahibələr

  • Yenilənib 27.06.2019 15:56
  • Yaradılıb 27.06.2019 14:00

      Hörmətli xanımlar və cənablar!

      Əziz dostlar və həmkarlar!

    5-ci Azərbaycan-Avropa İttifaqı Biznes Forumunda hər birinizi salamlamaqdan böyük məmnuniyyət hissi duyuram. Artıq ənənəyə çevrilmiş bu Forum Azərbaycanla Avropa İttifaqı arasında geniş gündəlik üzrə iqtisadi əməkdaşlıq perspektivlərini və qarşılıqlı ticarət və investisiya imkanlarının müzakirə edilməsi üçün önəmli platforma rolunu oynayır. Qeyd edim ki, Foruma maraq böyükdür. Bu gün Forumda 1000-ə yaxın iş adamı, dövlət qurumlarının, beynəlxalq təşkilatların, diplomatik korpusun, ticarət palatalarının və KİV-in nümayəndələri iştirak edir.

Fürsətdən istifadə edərək, Forum üzrə tərəfdaşımıza – Avropa İttifaqına və tədbirin təşkilatçılarına - Almaniya-Azərbaycan Ticarət Palatasına və AZPROMO-ya təşəkkür edirəm.

  Qeyd edim ki, Azərbaycanın xarici siyasətində Avropa İttifaqı ilə əməkdaşlığın inkişafı mühüm istiqamətlərdən biridir. Tərəflər arasında münasibətlərin artan dinamikasında yüksək səviyyəli qarşılıqlı səfərlər və keçirilən görüşlər xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının Prezidenti bu ilin mayında Brüsselə səfər etmişdir. Bu dövlətimizin başçısının Avropa İttifaqına son 10 ildə 9-cu səfəridir.

Avropa İttifaqı ilə Azərbaycan arasında müxtəlif sahələri əhatə edən geniş müqavilə-hüquq bazası formalaşmışdır. Bu baxımdan Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi, Avropa Qonşuluq Siyasəti üzrə Fəaliyyət Planı, Viza və Readmissiya sazişləri, Azərbaycan və Avropa İttifaqı arasında Tərəfdaşlıq Prioritetləri Sənədi xüsusi vurğulanmalıdır.

Hazırda Azərbaycan və Avropa İttifaqı yeni Saziş üzrə danışıqlar aparılır. İnanırıq ki, Sənəd tərəflərin maraqları, iqtisadi xüsusiyyətləri nəzərə alınmaqla Azərbaycan-Avropa İttifaqı əlaqələrin inkişafına müsbət töhfə verəcəkdir.

 

       Hörmətli Forum iştirakçıları!

Ticarət ikitərəfli əməkdaşlığımızda əsas istiqamətlərdən biridir və Azərbaycan Avropa İttifaqının Cənubi Qafqaz regionunda əsas ticarət tərəfdaşıdır. Avropa İttifaqının bu regionla ticarətinin 78%-i Azərbaycanın payına düşür. 2018-ci ildə ölkəmizin xarici ticarətində Avropa İttifaqının payı isə 42% təşkil etmişdir.

Bununla belə, ticarətin genişləndirilməsi üçün ardıcıl tədbirlər görülür. Mütəmadi olaraq ixrac missiyaları təşkil olunur, sahibkarlarımız beynəlxalq sərgilərdə iştirak edirlər. Azərbaycanın Polşada 10 ölkəni əhatə edən ticarət nümayəndəliyi, Riqa və Varşavada Ticarət Evləri fəaliyyət göstərir.

Ötən il Avropa İttifaqı ilə ticarət dövriyyəsində 30% artım müşahidə edilmişdir. Təbii ki, bunu müsbət qiymətləndiririk, lakin mövcud potensialı nəzərə alaraq, əsas hədəfimiz qarşılıqlı ticarət həcmini daha da artırmaq və onun strukturunu şaxələndirməkdir. Hesab edirəm ki, Azərbaycanın rəqabətqabiliyyətli qeyri-neft məhsulları üçün Avropa İttifaqı bazarında potensial böyükdür. Mən tərəfdaşlarımızı bu istiqamətdə daha fəal müzakirələrə dəvət edirəm.

İnvestisiya sahəsində də uğurlu əməkdaşlıq edirik. Belə ki, Avropa İttifaqı ölkələri Azərbaycan iqtisadiyyatına 33,6 mlrd. dollar sərmayə yatırmışdır. Hazırda Azərbaycanda Avropa İttifaqına üzv ölkələrin 1600-dən çox şirkəti fəaliyyət göstərir.

Azərbaycan tərəfdən isə Avropa İttifaqı ölkələrinə qoyulan investisiyanın həcmi 15 mlrd. dollara yaxındır.

 

      Hörmətli tədbir iştirakçıları!

     Hamımıza məlumdur ki, Azərbaycan Avropa İttifaqının enerji təhlükəsizliyində önəmli rol oynayır. Ölkəmizin istehsal etdiyi enerji məhsullarının əhəmiyyətli hissəsi məhz Avropa İttifaqı ölkələrinə ixrac olunur.

Cənub Qaz Dəhlizi layihəsinin reallaşdırılması nəticəsində bu sahədə əməkdaşlığımız daha da genişlənəcəkdir. Bu, nəhəng infrastruktur layihəsinə 40 milyard dollara yaxın sərmayə qoyulmuşdur. Layihənin 3 komponenti – Şah Dəniz 2, Cənubi Qafqaz Boru Kəməri və TANAP artıq istifadəyə verilmişdir. TAP üzrə işlərin gələn il başa çatdırılması gözlənilir.

XXI əsrin layihəsi kimi qiymətləndirilən Cənub Qaz Dəhlizi layihəsi Avropanın enerji təhlükəsizliyinə yeni və mühüm töhfədir.

İkitərəfli münasibətlərdə böyük potensiala malik olan istiqamətlərdən biri də nəqliyyat-tranzit sahəsidir.

Azərbaycan regionun mühüm nəqliyyat və logistika mərkəzidir, əlverişli coğrafi mövqeyə malikdir. Ölkəmizin ərazisindən keçən Şərq-Qərb, Şimal-Cənub və Cənub-Qərb beynəlxalq nəqliyyat dəhlizləri yükdaşımalar üçün məsafə və müddət baxımından olduqca əlverişlidir.

Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Azərbaycanın Xəzər dənizində ən böyük ticarət donanması, müasir gəmiqayırma zavodu, müasir standartlara cavab verən avtomobil yolları bu nəqliyyat dəhlizlərinin imkanlarını daha da genişləndirir.

Bu imkanlar fonunda, tranzit yüklərin həcmi də əhəmiyyətli dərəcədə artmış, 2018-ci ildə Azərbaycan ərazisindən 9,3 milyon ton tranzit yük daşınmış və tranzit qeyri-neft məhsullarının həcmində 49% artım qeydə alınmışdır.

 

       Hörmətli xanımlar və cənablar!

      Azərbaycanın iqtisadi vəziyyəti barədə qısa məlumat vermək istərdim.

Əvvəlki biznes forumdan ötən müddətdə iqtisadiyyatın dayanıqlığının artması və yeni şəraitə uyğunlaşması prosesi davam etmişdir. Makroiqtisadi və maliyyə sabitliyinin qorunması istiqamətində görülmüş işlər nəticəsində 2019-cu ilin 1-ci rübündə ÜDM 3%, qeyri-neft ÜDM 1,7%, qeyri-neft sənayesi isə 16,1% artmış, inflyasiya 2,1% təşkil etmişdir.

 Hesablamalarımıza görə, 2019-cu ildə ÜDM 3,2%, qeyri-neft ÜDM-i isə 3,4% artacaqdır. Beynəlxalq təşkilatların proqnozları da müsbətdir. Belə ki, Dünya Bankı Azərbaycan iqtisadiyyatının 2019-cu ildə 3,3%, Beynəlxalq Valyuta Fondu isə iqtisadiyyatımızın 3,4% artacağını proqnozlaşdırır.

 Ötən il iqtisadiyyata 8,2 mlrd dolları xarici investisiyalar olmaqla 15,3 mlrd $ investisiya yatırılmışdir. Ümumilikdə isə, müstəqillik illərində investisiyaların həcmi 263 mlrd dollar olmuşdur ki, bunun da 50%-dan çoxu xarici sərmayələrdir. Ölkənin strateji valyuta ehtiyatları 7,3% artmışdır.          Bu ilin 1 yanvar tarixinə Azərbaycanın xarici dövlət borcu 8,9 mlrd dollar olmaqla, ÜDM-in 19%-ni təşkil etmişdir. 2018-ci ildə tədiyyə balansının cari əməliyyatlar hesabının profisiti 6,1 mlrd. dollar, ÜDM-ə nisbəti isə 12,9% olmuşdur.

Yeri gəlmişkən, Avropa İttifaqı Biznes Mühiti Hesabatı üçün ötən il keçirilmiş sorğuda Aİ şirkətlərinin 65%-i cari makroiqtisadi vəziyyəti güclü və qənayətbəxş, 89%-i isə makroiqtisadi vəziyyətin perspektivlərini yaxşı və sabit kimi qiymətləndiriblər.

 

      Hörmətli tədbir iştirakçıları!

     Azərbaycanda həyata keçirilən strateji islahatlar davamlı və inklüziv iqtisadi inkişafı şərtləndirən əsas amillərdəndir. Son illərdə institutsional, insan kapitalı və sosial rifah, biznes mühiti, infrastruktur, kapital əlyetərliliyi və ərtaf mühitin mühafizəsinə yönəlmiş sistemli və kompleks islahat tədbirləri daha intensiv olaraq həyata keçirilir. Bu barədə Forum çərçivəsində geniş müzakirələr aparılacaq.

Mən isə qısa olaraq bu islahatların əsas konturlarını barədə məlumat vermək istərdim.

İlk növbədə bu islahatların hədəfi insan amilidir və sosial rifahın yaxşılaşdırılması islahatlar paketinin ana xəttidir və burada təhsil və səhiyyənin keyfiyyətin yaxşılaşdırılması, inklusiv və davamlı təhsilin, müasir və əlçatan səhiyyə xidmətlərinin, qida təhlükəsizliyinin təmin edilməsinə xüsusi diqqət yetirilmişdir.

Avropa İttifaqının yuxarıda qeyd edilən Hesabatında işçilərin bacarıqı və məhsuldarlığı faktorları Azərbaycanda ən yaxşı biznes mühiti göstəriciləri sırasında yer almışdır.

Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi islahat paketinin ən önəmli istiqamətlərdəndir. Azərbaycan Respublikası Prezidentinin 3 aprel 2019-cu il tarixli Fərmanı ilə müəyyən olunmuş vəzifələrin icrası məhkəməyə müraciət imkanlarının daha da genişləndirilməsi, məhkəmələrin fəaliyyətində şəffaflığın artırılması, məhkəmə qərarlarının tam və vaxtında icra edilməsi, məhkəmə icraatında müasir informasiya texnologiyalarınıntətbiqi baxımından xüsusilə əhəmiyyətlidir.

Eyni zamanda biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması tədbirləri həyata keçirilir. Belə ki, qanunvericilik təkmilləşdirilir, inzibati prosedurlar sadələşdirilir. Qeyd etmək yerinə düşərdi ki, investisiya fəaliyyəti üçün möhkəm hüquq çərçivəsinin yaradılması məqsədilə Beynəlxalq Maliyyə Korporasiyasının dəstəyi ilə və dünya təcrübəsi nəzərə alınmaqla yeni İnvestisiya Fəaliyyəti haqqında Qanun layihəsi artıq hazırlanmışdır və hazırda hökumətdə müzakirə olunur.

Sahibkarlıq sahəsində yoxlamaların dayandırılması 2021-ci ilə kimi uzadılmışdır. Lisenziyalar və icazələr sahəsində köklü islahatlar aparılmış, lisenziyaların vahid platforma üzərindən elektron formatda verilməsinə başlanmışdır. Mütəxəssislərin fikrincə, Azərbaycanda lisenziyalaşdırma sistemi dünyada ən liberal, şəffaf və səmərəli sistemlərdən biridir.

Biznes mühitinin təkmilləşdirilməsi üzrə islahatlar sırasında dövlət xidmətlərin effektivliyinin artırılması, elektron hökumət sisteminin genişləndirilməsi, biznes qeydiyyatı, tikinti icazələrin alınması, gömrük rəsmilləşdirilməsi prosedurların asanlaşdırılması və vahid pəncərə sisteminin tətbiqi, vergi sistemində şəffaflığın təmin edilməsi və vergi stimullaşdırıcı mexanizmlərin səmərəliliyinin artırılmasına yönəldilmiş tədbirləri də xüsusilə vurğulamaq istərdim.

Sahibkarlığın inkişafına dəstəyin göstərilməsi məqsədilə güzəştli kreditlər verilir, logistik mərkəzlər, sənaye parkı və məhəllələri yaradılmışdır. Burada rezidentlərə geniş güzəştlər təklif olunur. Bununla yanaşı ölkənin bütün ərazisində investisiya təşviqi mexanizmi, prioritet sahələrə investisiya yatıran yerli və xarici iş adamlarına vergi və gömrük rüsumu güzəştləri tətbiq edilir. Qeyd etdiyim bu mexanizmlər çərçivəsində ölkə iqtisadiyyatına 5,5 milyard dollara yaxın investisiya cəlb olunmuşdur.

Qeyri-neft ixracının artırılması və ixracın diversifikasiyasını təmin etmək üçün ixrac missiyası təşkil olunur, beynəlxalq sərgilərdə sahibkarlarımızın iştirakı təmin edilir. “Made in Azerbaijan” brendinin təşviqi çərçivəsində bazar araşdırmalarında, beynəlxalq sertifikatların alınmasında, məhsulların market şəbəkələrinə çıxışında sahibkarlara dəstək göstərilir, xarici ölkələrdə ticarət nümayəndələri və ticarət evləri, logistika mərkəzləri yaradılır.

Həyata keçirilmiş islahatlar və tədbirlər fonunda təsadüfi deyildir ki, ölkəmiz Dünya Bankının “Doing Business 2019” hesabatında 190 ölkə arasında 25-ci yerdə qərarlaşmış, MDB ölkələri arasında lider, dünyanın ən islahatçı 10 ölkəsindən biri və ən çox islahat aparan ölkə hesab olunmuşdur.

 

    Hörmətli Forum iştirakçıları!

    Avropa İttifaqı ilə əlaqələrimiz çoxşaxəlidir ki, hər kəs bu əməkdaşlıq çərçivəsində təklif edilən imkanlardan faydalana bilər.

 Avropa İttifaqının ötən ildəki “Azərbaycan investisiya məkanı kimi” sorğusunda iştirak etmiş şirkətlərin 66%-i “Azərbaycana yenidən investisiya qoyardızmı?” sualına müsbət cavab vermiş, ölkəmizdəki təhlükəsizliyi, siyasi v­ə sosial sabitliyi yüksək qiymətləndirmişlər. Bu isə, özlüyündə Forum iştirakçılarına önəmli mesajdır.

Avropanın qədim atalar sözü var – Niyyət, istək olan yerdə imkanlar, yol da tapılacaq (Where there's a will there's a way). Mən Avropa şirkətlərini Azərbaycana dəvət edir, ölkəmizdəki əlverişli investisiya imkanlarından faydalanmağa çağırıram.

Sonda bir daha tədbir təşkilatçılarına minnətdarlığımı bildirir və V Aİ-Azərbaycan Biznes Forumunun uğurla keçəcəyinə, müzakirələr üçün əlverişli platforma olacağına əminliyimi vurğulayıram.

         

Diqqətinizə görə təşəkkür edirəm!

 

← Geriyə