Xəbərlər

  • Yenilənib 12.08.2021 09:20
  • Yaradılıb 09.08.2021 15:00

İndiyədək 2000-dən çox obyektdə monitorinq aparılıb

 

Şənlik məkanlarında tədbirlərin müəyyən edilmiş qayda və tələblərə uyğun təşkilinə nəzarət məqsədilə gündəlik monitorinqlər davam etdirilir. Daxili İşlər Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələrindən ibarət monitorinq qrupları tərəfindən indiyədək 2000-dən çox obyektdə monitorinq aparılıb.

Aparılmış tədbirlər nəticəsində şənlik mərasimləri təşkil olunan obyektlərin xidmət personalı və qonaqlar arasında peyvənd və ya immunitet barədə müvafiq sənədlərə malik olanların sayı əvvəlki dövrlərlə müqayisədə əhəmiyyətli dərəcədə artıb, xidməti personalın vaksinləşmə göstəricisi 80%-dək yüksəlib. Bununla belə, bəzi obyektlərdə qayda pozuntusu hallarına hələ də rast gəlinir. İndiyədək monitorinq aparılan tədbirlərdə iştirak edən 249 min nəfərə yaxın qonağın müvafiq sənədlərinə baxılıb, 25 minədək şəxsin sənədlərində nöqsanlar aşkar edilib. Həmçinin şənlik təşkil edilən məkanların işçi heyətinin 1200 nəfərə qədərinin tələblərə əməl etmədiyi müəyyən olunub.

Müşahidələr göstərir ki, rast gəlinən əsas pozuntu halları məkan sahiblərinin şənlik mərasimlərini icaze.e-gov.az portalında qeydə alınmadan təşkil etməsi, zalların ölçüsü imkan vermədiyi halda daha çox qonaq üçün sifariş qəbul edilməsi, toylarda qonaqların sayı və masalararası məsafə ilə bağlı tələb edilən məhdudiyyətlərin nəzərə alınmamasıdır.

Monitorinq qrupları tərəfindən məkan sahibləri ilə izahat işləri aparıldıqdan sonra həll oluna bilən pozuntular aradan qaldırılır və tədbirlərin qaydalara uyğun keçirilməsi təmin edilir, nümunəvi toy mərasimlərinin təşkil edildiyi məkanlarda yeni evlənənlərə hədiyyələr təqdim olunur.

Məkan və toy sahiblərinin nəzərinə bir daha çatdırılır ki, tədbirlərin təşkili zamanı karantin rejiminin qayda və tələblərinə ciddi əməl edilməli, həmçinin işçi heyətin vaksinləşməsinə və zəruri vasitələrlə (tibbi maska, əlcək və digər fərdi qoruyucu vasitələr) təmin edilməsinə xüsusi diqqət yetirilməlidir.

← Geriyə