Çıxışlar və müsahibələr

  • Yenilənib 05.09.2013 10:52
  • Yaradılıb 19.09.2012 14:52

Milli iqtisadi inkişaf modelinin müəllifi

 

"Strateji xəttimiz - sərbəst iqtisadiyyat,
özəlləşdirmə və sosial inkişaf yoludur".
Heydər Əliyev
 

Tarixi təcrübə sübut edir ki, hər hansı dövlətin inkişafını, dünya birliyində öz layiqli yerini tuta bilməsini şərtləndirən əsas amillərdən biri də xalqın özünə lider olaraq seçdiyi şəxsin fərdi keyfiyyətləridir. Çünki dövlətin böyük və ya kiçikliyindən, malik olduğu iqtisadi potensialdan asılı olmayaraq, son nəticədə onun hərtərəfli tərəqqsini müəyyən edən əsas məqamlardan biri məhz lider faktorudur. Mürəkkəb, ziddiyyətlərlə dolu tarixi prosesləri düzgün qiymətləndirən, geosiyasi dəyişikliklərin gedişini xalqının maraqları çərçivəsinə yönəltməyə qadir olan, bu məqsədlə praqmatik, rasional gedişlər etməyi bacaran, hadisələrin inkişaf axarını ən azı bir neçə on il qabaqlaya bilən lider ölkəsinin inkişafı, təhlükəsizliyinə nail olmaqla yanaşı, dünya birliyində onun mövqelərini gücləndirir.

Bu mənada Azərbaycan xalqı da özünü xoşbəxt saya bilər ki, kifayət qədər mürəkkəb və ziddiyyətlərlə dolu dövr kimi xarakterizə edilən XX əsrdə 30 ilə yaxın bir müddətdə Heydər Əliyev kimi lider ölkəmizə rəhbərlik etmiş, məhz bu dahi insanın yorulmaz fəaliyyəti, gərgin zəhməti sayəsində Azərbaycan sürətli, dönməz inkişaf yoluna qədəm qoymuşdur.

Hələ ötən əsrin son onilliyində yenidən dövlət müstəqillyini əldə edən Azərbaycana dağılmış sovet imperiyasından qalan miras bərbad vəziyyətə düşmüş iqtisadiyyat, bu zəmində qabarmaqda olan sosial problemlər olmuşdur. Ənənəvi planlı təsərrüfat iqtisadiyyatından imtina edilərək yeni iqtisadi formasiyaya keçid fonunda isə lazımi bazanın yoxluğu, ilk illər hakimiyyətdə olan və tez-tez dəyişən qüvvələrin idarəçilik qabiliyyətlərinin aşağı səviyyədə olması, səriştəsizlikləri bu sahədə vəziyyəti daha da ağırlaşdırırdı. Təbii ki, bütün bunlar əhalinin maddi rifah halında əks olunmaqda, yaşayış səviyyəsinin sürətlə aşağıya düşməsinə, sosial qayğıların miqyasının genişlənməsinə səbəb olmaqda idi. Ölkənin zəngin təbii ehtiyatalara, lazımi elmi və insan potensialına malik olmasına baxmayaraq, iqtisadi, sosial zəmində də vəziyyətin hər keçən gün daha da ağırlaşması Azərbaycanda o dövr üçün onsuz da tez-tez pozulan daxili sabitliyə, o cümlədən dövlət müstəqilliyinə yaranmış təhdidin miqyasını genişləndirməkdə idi.
Belə vəziyyətdə Azərbaycanı yaranmış daxili və xarici təhlükələrdən hifz edə biləcək, onu həqiqi müstəqillyinə qovuşduracaq, bazar iqtisadiyyatına sürətli keçidini təmin edəcək yeganə şəxs, ümid yeri hələ SSRİ dönəmində göstərdiyi fəaliyyətinə görə adı ölkəmizin tarixində qızıl hərflərlə həkk olunan ümummilli lider Heydər Əliyev idi. Bu mənada ulu öndərin yenidən hakimiyyətə qayıdaraq Azərbaycanı düşdüyü bəlalardan xilas etməsi üçün xalqın istək və təkidli tələbi tamamilə təbii xarakter daşıyırdı. Beləliklə, 1993-cü ildə xalqın istəyi ilə ikinci dəfə hakimiyyətə gələn Heydər Əliyev müstəqil Azərbaycanın, eləcə də azad bazar münasibətlərinə əsaslanan milli iqtisadiyyatın formalaşdırılmasının banisi oldu. Azərbaycanın qısa zaman kəsiyində iqtisadi sferada böyük uğurlara imza atması bu sahədə də uğurlu idarəçiliyin, Heydər Əliyev uzaqgörənliyinin, onun müəyyənləşdirdiyi inkişaf strategiyasının məntiqi nəticəsi idi.

Xatırlatmaq yerinə düşərdi ki, 90-cı illərin əvvəlində Sovet İttifaqının süqutu, müəssisələr arasında mövcud əlaqələrin pozulması, o dövrdəki siyasi rəhbərliyin səriştəsizliyi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, 1 milyondan artıq soydaşımızın doğma yurd-yuvasından didərgin düşməsi, Azərbaycanın iqtisadi, siyasi, informasiya blokadasına alınması ölkənin sosial-iqtisadi həyatında xaosa gətirib çıxarmışdı. O dövrün iqtisadi mənzərəsi həmin illərin makroiqtisadi göstəricilərində daha aydın nəzərə çarpır. 1991-1994-cü illər ərzində ölkə iqtisadiyyatında ÜDM hər il orta hesabla 16,5 faiz azalmışdı. Tənəzzül meyli sənayedə xüsusilə kəskin xarakter almış, 1985-ci ilə nisbətən sənaye istehsalının həcmi 1991-ci ildə 10 faiz, 1992-ci ildə 37 faiz, 1993-cü ildə isə 50 faizə qədər azalmışdı. Ölkə istehsal potensialının demək olar ki, 2/3-ni itirmişdi. İstehsal sahələrinin sıradan çıxması nəticəsində işsizlik səviyyəsi artmışdı. 1992-ci ildə inflyasiya səviyyəsi əvvəlki ilə nisbətən 4,9 dəfə artaraq 1012,3 faiz təşkil etmiş, 1994-cü ildə isə özünün ən yüksək həddinə, hiperinflyasiya mərhələsinə - 1763,5 faizə çatmışdı. Büdcə kəsirinin ümumi daxili məhsula nisbəti 1991-ci ildəki 0,1 faizdən 1994-cü ildə 13 faizə qədər artmışdı və büdcə kəsiri bütövlükdə Milli Bank tərəfindən maliyyələşdirilirdi. 1992-1994-cü illərdə xarici ticarət dövriyyəsinin həcmi 42 faiz azalmış, 1994-cü ilədək ölkə iqtisadiyyatına demək olar ki, xarici sərmayə qoyulmamışdı. 1994-cü ildə Milli Bankın uçot dərəcəsi 250 faizə çatmışdı. Əslində ölkə iqtisadiyyatı idarəolunmaz vəziyyətə düşmüşdü. Qeyd olunan proseslər əhalinin güzəranının ağırlaşmasına səbəb olmuşdu. 1991-1995-ci illərdə əhalinin pul gəlirləri real ifadədə 3,3, adambaşına pul gəlirləri orta hesabla 3,6 dəfə aşağı düşmüşdü. 1991-ci ildən başlayaraq 4 il ərzində əhalinin əməkhaqqı isə 5,7 dəfə azalmışdı.

Yalnız ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıtdıqdan sonra ölkədə siyasi sabitlik bərqərar oldu, atəşkəs əldə edildi, irimiqyaslı iqtisadi islahatlara başlanıldı. Bunun nəticəsində ölkədə maliyyə vəziyyəti sabitləşdi, iqtisadiyyata cəlb olunan investisiyaların həcmi ildən-ilə artdı, xalqın həyat səviyyəsi yaxşılaşmağa başladı.

İslahatların ardıcıl və sistemli şəkildə həyata keçirilməsi məqsədilə ulu öndərin ən çox diqqət yetirdiyi məsələ bu islahatların mükəmməl qanunvericilik bazasının yaradılması, onun beynəlxalq tələblərə uyğunlaşdırılması olmuşdur. Təsadüfi deyil ki, Heydər Əliyevin rəhbərliyi dövründə iqtisadi sahələrin tənzimlənməsi ilə bağlı 70-dən artıq qanun qəbul edilmiş, 100-dən çox fərman və sərəncam imzalanmış, 30-a yaxın dövlət proqramı təsdiq edilmişdir.

Bu qanunların, normativ-hüquqi sənədlərin başlıca məqsədi müstəqil Azərbaycan dövlətinin iqtisadi əsaslarının möhkəmləndirilməsindən, bazar iqtisadiyyatının formalaşdırılmasından, dövlət idarəetməsinin təkmilləşdirilməsindən, vətəndaşların sosial və iqtisadi hüquqlarının daha dolğun təmin edilməsindən ibarət olmuşdur.

Azərbaycan Respublikasının mövcud sənaye potensialının yaradıcısı 1970-1980-ci illərdə Heydər Əliyev olmuşdur. 1993-cü ildə hakimiyyətə gəldikdən sonra ümummilli lider Azərbaycan iqtisadiyyatının lokomotivi olan neft-qaz sənayesinin dirçəldilməsi ilə bağlı tədbirlər həyata keçirməyə başladı.

Heydər Əliyevin qətiyyətli siyasəti nəticəsində 1994-cü ildən başlayaraq həyata keçirilən yeni neft strategiyası Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasında və ölkəyə xarici investisiyaların cəlb olunmasında həlledici rol oynamışdır.

1994-cü il sentyabrın 20-də dünyanın 8 ölkəsini təmsil edən 11 transmilli neft şirkəti ilə "Əsrin müqaviləsi"nin imzalanması və icrasına başlanması ilə Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasının və ölkənin enerji təhlükəsizliyinin möhkəm təməli qoyuldu. Azərbaycan MDB məkanında Qərbin iri neft şirkətləri ilə böyük miqyasda saziş imzalayan ilk dövlət olmaqla, Xəzər dənizində beynəlxalq əməkdaşlığın əsasını da yaratdı. Azərbaycan neftinin dünya bazarlarına çıxarılması üçün 1996-cı ildə Bakı-Novorossiysk, 1999-cu ildə isə Bakı-Supsa ixrac neft kəmərlərinin istismara verilməsinə və Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin inşası ilə bağlı sazişin imzalanmasına, beləliklə də ixrac marşrutlarının diversifikasiyasına nail olundu.

Heydər Əliyevin neft strategiyasının ən böyük uğuru Azərbaycanın enerjidaşıyıcılarını dünya bazarına çıxaran Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri layihəsidir. Vaxtilə bəziləri bu kəmərin reallaşacağına inanmasa da, onu əfsanə adlandırsa da, ulu öndər layihənin qələbə qazanacağına əmin idi. Bu gün bütün dünya bilir və etiraf edir ki, Heydər Əliyev dühası, uzaqgörənliyi, mübarizliyi olmasaydı, Bakı-Tibilisi-Ceyhan da olmazdı. Odur ki, hazırda kəmərinin öz müəllifinin, ümummilli liderimiz Heydər Əliyevin adını daşıması heç də təsadüfi deyil.

Bununla yanaşı, Azərbaycan qazının qərb bazarına ixracının təmin olunması üçün ulu öndərin şəxsi təşəbbüsü ilə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin inşasına başlanıldı.

Neft-qaz sənayesi ilə bərabər, neft maşınqayırmasının inkişaf etdirilməsi, bu sahənin əvvəlki şöhrətinin özünə qaytarılması Heydər Əliyevin daim diqqət mərkəzində olmuşdur. Bu istiqamətdə həyata keçirilmiş ən mühüm tədbirlərdən biri 2001-ci ildə özündə 17 zavodu, 4 elmi-tədqiqat institutunu birləşdirən "Azneftkimyamaş" səhmdar cəmiyyətinin yaradılması olmuşdur.

Eyni zamanda, elektrotexnika, maşınqayırma, avtomobilqayırma sahələrinin inkişafı üçün mühüm tədbirlər həyata keçirilmişdir.

Heydər Əliyevin kimya sənayesinin ardıcıl və dinamik inkişafı istiqamətində misilsiz xidmətləri bu gün də Azərbaycan kimyaçıları tərəfindən minnətdarlıqla qarşılanır.

Elektroenergetika sənayesinin inkişafını təmin etmək məqsədilə bu sahəyə xarici investisiyaların cəlb edilməsinə xüsusi diqqət yetirilmiş, bunun sayəsində Şimal DRES, Yenikənd su elektrik stansiyası tikilib istifadəyə verilmiş, Bakı İES-in yenidənqurulması üzrə işlər başa çatmışdır.

Ulu öndərin rəhbərliyi ilə metallurgiya, yüngül və qida sənayesi sahəsində də əhəmiyyətli islahatlar aparıldı. Yeyinti sənayesi müəssisələrinin özəlləşdirilməsi nəticəsində Azərbaycanda nəinki bir çox ərzaq məhsulları üzrə daxili tələbat tam ödənilir, hətta bir sıra ərzaq məhsulları ixrac edilir.

Heydər Əliyevin 1999-cu ildə imzaladığı fərmanla neft yataqlarının xarici şirkətlərlə birgə işlənməsindən əldə edilən mənfəət neftinin satışından daxil olan vəsaitlərin səmərəli idarə olunması, həmin vəsaitlərin prioritet sahələrin inkişafına və sosial-iqtisadi baxımdan mühüm əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsinə yönəldilməsini təmin etmək üçün Dövlət Neft Fondu yaradıldı. Fəaliyyətinin əsasını Heydər Əliyevin "Neft Azərbaycanın ən böyük sərvəti olub, xalqa, özü də təkcə indiki nəslə deyil, həm də gələcək nəsillərə mənsubdur" fəlsəfəsi təşkil edən Dövlət Neft Fondunun başlıca məramı neft və qaz hasilatından əldə olunan vəsatlərin səmərəli idarə edilməsidir. Hazırda beynəlxalq təşkilatlar tərəfindən Fondun fəaliyyəti və bu sahədə şəffaflığın təmin edilməsi yüksək qiymətləndirilir. Azərbaycan Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü təşkilatının tamhüquqlu üzvüdür. Şəffaflıq Təşəbbüsünün tətbiqi sahəsində əldə etdiyi nailiyyətlərə görə ölkəmizə "2009-cu il Mədən Hasilatı Sənayesində Şəffaflıq Təşəbbüsü mükafatı" təqdim olunmuşdur.

Heydər Əliyevin müəyyən etdiyi sosial-iqtisadi siyasətin mühüm istiqamətlərindən biri infrastrukturun inkişaf etdirilməsi olmuşdur. Bu baxımdan həyata keçirilən nəqliyyat siyasətinin mərkəzində ölkə ərazisində beynəlxalq və tranzit dəhliz və yolların, ölkənin regionlararası, şəhər və rayondaxili yol-nəqliyyat infrastrukturunun bərabərpaylı inkişafı, eləcə də milli nəqliyyat-yol sisteminin dünya kommunikasiya məkanına sürətli inteqrasiyası dururdu. Azərbaycanın beynəlxalq nəqliyyat sisteminin gücləndirilməsi üçün TRASEKA, Şimal-Cənub, İNOGEYT Proqram layihələri həyata keçirilmişdir.

1998-ci ilin sentyabr ayında Bakı şəhərində Avropa İttifaqının bir sıra strukturlarının iştirakı və dəstəyilə, "Böyük İpək Yolu"nun bərpasına dair Beynəlxalq Konfrans müvəffəqiyyətlə keçirilmişdir və burada dünyanın 32 dövlətinin nümayəndələri iştirak etmişdir. Həmin konfransda 8 sentyabr 1998-ci il tarixdə Avropa və Asiyanın 12 dövləti tərəfindən Avropa-Qafqaz-Asiya TRASEKA dəhlizinin inkişafına dair Beynəlxalq Nəqliyyat haqqında Əsas Çoxtərəfli Saziş imzalanmışdır. Məhz Heydər Əliyevin apardığı çevik nəqliyyat siyasəti nəticəsində TRASEKA dəhlizi üzrə Azərbaycanın ərazisindən keçən tranzit yüklərin həcmi kəskin surətdə artmışdır.

Bununla yanaşı, Azərbaycan Şimali Avropa - Rusiya -Xəzər dənizi - Azərbaycan - İran - İran körfəzi - Hindistan marşrutunu əhatə edən 10 iştirakçı dövləti olan "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi üzrə Sazişə qoşulmuşdur. Azərbaycanın yol-nəqliyyat infrastrukturunun inkişafının gerçəkləşməsi məqsədilə dövlət büdcəsi vəsaiti hesabına və beynəlxalq maliyyə qurumlarının vəsaitlərini cəlb etməklə bir çox investisiya layihələri həyata keçirilmişdir.

Azәrbaycanda rabitә sahəsinin inkişafı da Heydər əliyevin diqqət mərkəzində olmuş, müxtәlif sahәlәrdә fəaliyyət göstərən yeni birgә müәssisәlәr yaradılmışdır. Ölkәdә mobil telefon operatorları kimi "Azercell Telekom MMM" BM vә "Bakcell" şirkəti, yerli telefon rabitәsi sahәsindә isə "AzEvroTel", "Katel" vә "Ultel" birgә müəssisəlәri yaradılmışdır.

Azәrbaycan әrazisindә uzunluğu 1161 km olan Trans-Asiya-Avropa fiber-optik kabel magistralı çәkilmişdir. Bu şəbəkə daxili resurslar hesabına daha da genişləndirilərək, ölkənin digər bölgələri magistral xəttə qoşulmuş və şimal sərhədinə qədər optik xəttin tikintisi təmin edilmişdir.

Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə 1995-ci ildən başlayaraq iqtisadiyyatın bazar münasibətləri əsasında qurulması, aqrar islahatların həyata keçirilməsi, xüsusilə sovxoz və kolxozların ləğv olunması, onlara məxsus torpağın, mal-qaranın və əmlakın paylanması, məhsulun qiymətlərinin sərbəstləşdirilməsi və s. bu kimi tədbirlər aqrar bölmənin sosial və sahə strukturuna ciddi təsir göstərmiş, kənd təsərrüfatında ciddi struktur dəyişiklikləri baş vermiş, yeni sahələr yaranmış, məzmunca fərqli münasibətlər formalaşmışdır.

Heydər Əliyevin memarı olduğu və uğurla həyata keçirdiyi torpaq islahatı Azərbaycan kəndlisinin çoxəsrlik arzusunu reallaşdırdı, onları torpağın həqiqi sahibinə çevirdi. Yalnız MDB məkanında deyil, bütövlükdə Şərq aləmində analoqu olmayan bu cəsarətli addım kənd təsərrüfatını 90-cı illərin əvvəllərindəki böhranlı vəziyyətdən çıxardı və ona yeni həyat verdi.

Özəlləşdirilmiş torpaqlarda səmərəli təsərrüfatçılığın, sahibkarlığın inkişafının təmini məqsədilə ümummilli liderimizin təşəbbüsü ilə kənd təsərrüfatı məhsulları istehsalçılarının əvvəlki vergi borcları silinmiş, onlara müddətli vergi tətillərinin verilməsinə başlanmışdır. "Kənd təsərrüfatı məhsulları istehsalçılarına müddətli vergi güzəştlərinin verilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, kənd təsərrüfatı istehsalı ilə məşğul olan (o cümlədən, sənaye üsulu ilə) hüquqi və fiziki şəxslər 2001-ci il yanvarın 1-dən başlayaraq torpaq vergisindən başqa bütün digər vergi ödəmələrindən azad edilmişlər. Bütün qeyd olunan tədbirlərin həyata keçirilməsi nəticəsində aqrar bölmədə özəl sektorun xüsusi çəkisi bu gün demək olar ki, 100 faizə çatmışdır.

Ulu öndər gələcək iqtisadi inkişafın məhz özəl sektorla bağlı olduğunu vurğulayırdı: "Sahibkarlığın inkişaf etdirilməsi, sərbəst iqtisadiyyata yol verilməsi, bazar iqtisadiyyatının yaradılması bizim strateji yolumuzdur". Heydər Əliyev tərəfindən müəyyən edilmiş və onun rəhbərliyi ilə uğurla həyata keçirilmiş sahibkarlığın inkişafı strategiyası sahibkarlığın inkişafına yönəlmiş tədbirlərin sistemliliyi, dövlət tənzimlənməsinin liberallaşdırılması, dövlət sahibkar münasibətlərinin institusionallaşdırılması ilə xarakterizə edilir.

Sahibkarlığın inkişafı sahəsində qəbul olunmuş dövlət proqramlarının bu sahənin inkişafında xüsusi rolu olmuş, kiçik və orta sahibkarlığın inkişafı üzrə dövlət tədbirlərini Azərbaycan dövlətinin iqtisadi siyasətinin prioritet istiqamətlərindən birinə çevirmişdir. Bu Dövlət Proqramları çərçivəsində iqtisadiyyatın və sahibkarlığın tənzimlənməsi sahəsində mühüm tədbirlər həyata keçirilmiş, sahibkarlara dövlət maliyyə dəstəyi sistemi formalaşdırılmışdır.

Sahibkarlıq infrastrukturunun formalaşdırılması istiqamətində əhəmiyyətli addımlar atılmış, sahibkarlara zəruri texniki yardım (məsləhət, informasiya və s. xidmətlər) göstərən strukturlar formalaşmışdır. Sahibkarlar üçün vergi yükünün azaldılması istiqamətində dövlət səviyyəsində müəyyən addımlar atılmışdır. Belə ki, mənfəət və əlavə dəyər vergisi dərəcələri, məcburi sığorta haqqı aşağı salınmış, kiçik sahibkarlıq subyektlərinin bir qisminə vahid vergi tətbiq edilməyə başlanılmışdır.

2002-ci il sahibkarlığın inkişafı sahəsində Heydər Əliyevin yerli və xarici iş adamları ilə aprel - may aylarında keçirilmiş görüşləri ilə əlamətdar olmuşdur. Sahibkarlara dövlət qayğısının ən yüksək səviyyədə bir daha təsdiqi olan bu görüşlər və onların nəticəsi olaraq ölkədə sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması məqsədilə avqust-sentyabr aylarında imzalanmış bir sıra mühüm Fərman və Sərəncamlar ölkədə sahibkarlığın inkişafında yeni mərhələnin əsasını qoymuşdur.

Dövlət idarəetməsinin gözəl bilicisi Heydər Əliyev iqtisadi islahatların, dövlət əmlakının özəlləşdirilməsinin zəruri və qaçılmaz olduğunu, bu yolda qarşıya çıxa biləcək çətinlikləri aydın görürdü. Ulu öndərin rəhbərliyi ilə dövlət mülkiyyətinin özəlləşdirilməsinin qanunvericilik bazası yaradılmış və müvafiq dövlət proqramları təsdiq olunmuşdur. Özəlləşdirmənin başlıca məqsədlərini, dövlət proqramlarında təsbit olunduğu kimi, təsərrüfat subyektləri üçün xüsusi mülkiyyət və sərbəst rəqabət prinsipləri əsasında öz-özünü tənzimləyən bazar iqtisadiyyatı mühitinin yaradılması, iqtisadiyyatın strukturunun bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq yenidən qurulması, iqtisadiyyata investisiyaların, o cümlədən xarici investisiyaların cəlb edilməsi, əhalinin həyat səviyyəsinin və sosial vəziyyətinin yaxşılaşdırılması təşkil etmişdir.

Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti kimi fəaliyyətə başladığı elə ilk gündən vətəndaşların həyat səviyyəsinin yüksəldilməsini, yoxsulluğun azaldılmasını öz siyasətinin başlıca məqsədi kimi müəyyənləşdirmişdir. Bununla bağlı həyata keçirilən tədbirlər nəticəsində artıq 1996-cı ildə sosial göstəricilərin dinamikasında müsbət meyllər özünü göstərməyə başladı, sosial yönümlü tədbirlərin həyata keçirilməsi imkanları, xüsusilə də müasir dövrün tələblərinə cavab verən çevik və işlək mexanizmlərin, əmək hüquqlarının qorunmasını təmin edən tam ədalətli hüquqi, iqtisadi və sosial təminat sisteminin yaradılması imkanları xeyli genişləndi.

Ümummilli liderin müxtəlif illərdə imzaladığı fərman və sərəncamlarla hərbi qulluqçuların, səhiyyə, təhsil, sosial müdafiə, elm, mədəniyyət sahəsində çalışanların əmək haqqları, eləcə də pensiyaların minimum məbləği, şəhid ailələrinin, 20 yanvar əlillərinin və Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olanların pensiyalarına hesablanan aylıq müavinətlər bir neçə dəfə artırılmış, müxtəlif sahələrdə böyük xidmətləri olan şəxslərin sosial vəziyyətini yaxşılaşdırmaq məqsədilə fərdi təqaüdlər təyin edilmişdir.

Ermənistanın təcavüzü nəticəsində öz doğma yurd-yuvalarından didərgin düşmüş qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsi daim ulu öndərin diqqət mərkəzində olmuşdur. Qaçqın və məcburi köçkünlərin maddi vəziyyətini və yaşayış şəraitini yaxşılaşdırmaq məqsədilə 7 Qanun, 18 Prezident fərman və sərəncamları, Nazirlər Kabinetinin 49 qərar və sərəncamları qəbul olunmuşdur. Məhz Heydər Əliyevin müdrik qərarı əsasında Dövlət Neft Fondundan ilk vəsait qaçqın və məcburi köçkünlərin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı tədbirlərin maliyyələşdirilməsinə istiqamətləndirilmişdir.

Əhaliyə göstərilən təhsil və səhiyyə xidmətlərinin həcminin, keyfiyyətinin və ünvanlılığının artırılması istiqamətində də əhəmiyyətli işlər görülmüş, xüsusi dövlət proqramları təsdiq edilmiş, əsaslı islahatlara başlanılmışdır.

Dahi siyasət korifeyi Heydər Əliyev müstəqil Azərbaycanın xarici iqtisadi siyasətinin memarıdır. Bu siyasətin başlıca məqsədi Azərbaycanın dünya iqtisadi sistemində layiqli yer tutmasına nail olmaqdan, beynəlxalq təşkilatlarla və xarici ölkələrlə qarşılıqlı maraq prinsipi əsasında səmərəli əməkdaşlıq münasibətləri qurmaqdan ibarət olmuşdur.

Ulu öndərin çoxsaylı xarici səfərləri, ikitərəfli və beynəlxalq səviyyədə imzalanmış əhəmiyyətli saziş və sənədlər, uğurlu neft diplomatiyası, beynəlxalq və regional təşkilatlarda aparılan gərgin iş ölkəmizin inkişafının sürətləndirilməsinə öz əhəmiyyətli töhfəsini vermişdir.

Heydər Əliyevin təşəbbüsü ilə Birləşmiş Millətlər Təşkilatının qurumları, Avropa İttifaqı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, eləcə də Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı, Qara Dəniz Ticarət və İnkişaf Bankı və s. kimi beynəlxalq maliyyə instituları ilə səmərəli əməkdaşlıq əlaqələri qurulmuş, bu münasibətlərin hüquqi bazası təmin edilmişdir.

Beləliklə, Heydər Əliyev strategiyasının həyata keçirilməsi nəticəsində müstəqilliyin ilk illərində baş vermiş tənəzzülün qarşısı uğurla alındı və 1995-ci ildən Azərbaycanda inkişafın yeni mərhələsi - bərpa və dinamik inkişaf dövrü başlandı. 1995-2003-cü illər ərzində ümumi daxili məhsul 90,1 faiz, dövlət büdcəsinin gəlirləri 3 dəfə, ölkənin valyuta ehtiyatları 85 dəfə, sənaye məhsulunun həcmi 25,2 faiz, kənd təsərrüfatı istehsalının həcmi 53,9 faiz, xarici ticarət dövriyyəsi 4 dəfə, iqtisadiyyatda məşğul olanların orta aylıq real əməkhaqqı 5,1 dəfə artdı, inflyasiya səviyyəsi 2-3 faizə qədər endirildi, bütün maliyyə mənbələri hesabına iqtisadiyyata yönəlmiş investisiyaların ümumi həcmi 20 milyard ABŞ dollarını keçdi.

Müasir Azərbaycan dövlətçiliyinin banisi Heydər Əliyevin misilsiz idarəçilik qabiliyyəti, gərgin əməyi nəticəsində əldə olunmuş nailiyyətlər sonrakı illərdə ölkə iqtisadiyyatının davamlı və dinamik inkişafı üçün möhkəm zəmin yaratdı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən və yeni çalarlarla zənginləşdirilmiş sosial-iqtisadi siyasətin strateji məqsədləri sərbəst bazar münasibətlərinə və özünüinkişaf qabiliyyətinə malik olan sosialyönümlü, diversifikasiya olunmuş milli iqtisadiyyatın formalaşdırılması və dünya təsərrüfat sisteminə inteqrasiyasının təmin edilməsidir. Davamlı və dinamik inkişaf məntiqinə əsaslanan bu siyasətin həyata keçirilməsi nəticəsində qazanılmış uğurlar daha da möhkəmləndirilmiş, makroiqtisadi sabitlik qorunub saxlanılmış, iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sahələrinin, regionların inkişafı sürətlənmiş, strateji valyuta ehtiyatlarının səmərəli istifadəsi təmin olunmuş, milli valyutanın sabitliyi, bank sisteminin etibarlığı artırılmış, sahibkarlığa dövlət dəstəyi gücləndirilmiş, əhalinin sosial rifahı davamlı olaraq yaxşılaşmışdır.

Belə ki, 2004-2009-cu illər ərzində ÜDM 2,8 dəfə, dövlət büdcəsinin gəlirləri 4,8 dəfə, orta aylıq əmək haqqı 3 dəfə, minimum pensiyanın məbləği 3,8 dəfə, minimum əmək haqqı 6,3 dəfə artmış, 33 mindən artıq yeni müəssisə, 840 mindən artıq iş yeri açılmış, yoxsulluğun səviyyəsi 4,1 dəfə azalaraq 11 faizə enmişdir.

Dövlət başçısının həyata keçirdiyi islahatlarının alternativsizliyi nəticəsində ölkəmiz qısa müddətdə və böyük uğurla keçid dövrünü başa vuraraq 2009-cu ildə həm forma, həm də məzmunca yeni inkişaf mərhələsinə qədəm qoymuşdur.

Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən düşünülmüş, təmkinli, lakin olduqca çevik və qətiyyətli, uzaqgörən iqtisadi siyasət ötən illərdə olduğu kimi, 2010-cu ilin də Azərbaycan iqtisadiyyatı üçün uğurlu yekununu təmin etmişdir. Bunun dünya iqtisadiyyatında vəziyyətin hələ də gərgin olması fonunda baş verdiyi nəzərə alınarsa, Azərbaycanın inkişaf modelinin nə qədər dayanıqlı və səmərəli olduğu bir daha aydın olar. Ötən ilin yekunları göstərir ki, Azərbaycan makroiqtisadi sabitlik şəraitində yenə də yüksək iqtisadi artıma nail olmuş, xalqın rifahının yaxşılaşması prosesi davam etmişdir.

2010-cu il ərzində əsas makroiqtisadi göstəricilər sırasında yer alan ümumi daxili məhsul 5 faiz artaraq 41,6 milyard manat təşkil etmişdir. Bu dövrdə adambaşına düşən ümumi daxili məhsulun həcmi 3,7 faiz artaraq 4653,3 manata (və ya 5797,8 ABŞ dollarına) çatmışdır.

Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi və daimi diqqəti altında həyata keçirilən şaxələndirmə tədbirləri, investisiya mühitinin daha da yaxşılaşdırılması, sahibkarlığın inkişafı nəticəsində qeyri-neft sektorunun dinamik inkişafı 2010-cu ildə də davam etmiş və onun real artım tempi, ümumi artım tempini üstələyərək 7,9 faiz təşkil etmişdir. 2010-cu ildə qeyri-neft sənayesində 6,2 faizlik, rabitədə 29,7 faizlik, nəqliyyatda yük daşınmasında 3,1 faizlik artıma nail olunmuşdur. Ötən il kimya sahəsində 16,2 faiz, maşın və avadanlıqların istehsalında 1,9 dəfə, metallurgiyada 44,6 faiz, qida məhsullarının istehsalında 2,4 faiz artım qeydə alınmışdır.

2010-cu ildə Azərbaycanın strateji valyuta ehtiyatları ilin əvvəli ilə müqayisədə 50 faizə yaxın artaraq 29,1 milyard ABŞ dollarını ötmüşdür ki, bu da ölkənin dayanıqlı inkişafına möhkəm zəmanətdir.

Ötən ilin yekunlarına əsasən, investisiyaların həcmi 12.4 milyard manat və ya 15.5 milyard ABŞ dolları təşkil etmişdir ki, bu da 2009-cu illə müqayisədə 19,2 faiz artım deməkdir. İnvestisiyaların 7.5 milyard manatı və ya 9.3 milyard ABŞ dolları qeyri-neft sektorunun payına düşmüşdür. 2010-cu ildə əsas kapitala 9.7 milyard manat və ya 12.1 milyard ABŞ dolları yönəldilmişdir ki, bu da 21.2 faiz artımın olduğundan xəbər verir.

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasına Prezident İlham Əliyevin göstərdiyi diqqət, regionlara mütəmadi səfərləri, müvafiq tapşırıqları, 2010-cu ildə 170-dən çox yeni müəssisənin açılışı və təməlqoyma mərasimində iştirakı, regionların tarazlı inkişafının təmin edilməsi və əhalinin həyat səviyyəsinin daha da yüksəlməsində müstəsna rol oynamışdır. Ötən il regionlarda 160-dan çox sənaye, kənd təsərrüfatı, xidmət və ticarət müəssisəsi tikilib istifadəyə verilmiş, 200-dən çox müəssisənin tikintisi davam etdirilir. Bu müəssisələrin 112-sində Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditlərindən istifadə olunur. Ümumilikdə isə, Fond tərəfindən hamısı regionlarda olmaqla, ötən il 1430 investisiya layihəsinin maliyyələşdirilməsinə 115 milyon manat güzəştli kredit verilmişdir.

2010-cu ildə 147 ölkə ilə ticarət aparılmış, xarici ticarət dövriyyəsi 34,1 faiz artaraq 27,9 milyard dollar təşkil etmiş, 14,7 milyard dollar müsbət saldo yaranmışdır.

Azərbaycan 2010-cu ildə də sosial sahədə mühüm nailiyyətlər qazanmış, ötən il əhalinin pul gəlirləri 13,3 faiz artmışdır. Bu dövrdə orta aylıq əmək haqqı 9.1 faiz artaraq 325 manata çatmış, minimum əmək haqqı və əmək pensiyalarının baza hissəsi 13 faiz artırılaraq 85 manat səviyyəsində müəyyən olunmuş, yoxsulluq səviyyəsi 9,1 faizə enmişdir. Bununla yanaşı, yaşayış minimumunun həddi 87 manata çatdırılmış, ünvanlı sosial yardımın hesablanmasında tətbiq edilən ehtiyac meyarının məbləği isə 65 manata qaldırılmış və hazırda bu, 110 mindən çox ailəyə şamil edilir.

Ötən il ərzində 45 səhiyyə müəssisəsi, 70-dən çox məktəb tikilmiş və təmir edilmiş, 5 Olimpiya-İdman Mərkəzi inşa olunmuşdur. 2010-cu ildə 70 min yeni iş yeri açılmışdır ki, bunun da 53 mini daimidir. Ümumilikdə isə, 2004-cü ilin fevral ayından 2010-cu ilin sonuna qədər ölkəmizdə 900 mindən artıq iş yeri açılmışdır ki, bu da işsizliyin aradan qaldırılmasında əsas amil kimi çıxış edir.

Sosial sahələrin inkişafında Heydər Əliyev Fondu tərəfindən təhsil, mədəniyyət, səhiyyə və digər sahələrdə həyata keçirilən proqram və layihələr müstəsna əhəmiyyət kəsb edir. Cəmiyyətdə xeyirxahlıq və humanistlik simvoluna çevrilmiş Heydər Əliyev Fondu 2010-cu ildə də bu sahədə mühüm fəaliyyətini böyük uğurla davam etdirmişdir.

Qazanılmış nailiyyətlər nüfuzlu beynəlxalq təşkilatların müvafiq hesabatlarında da yüksək qiymətləndirilmişdir.

Təqdimatı ötən ilin noyabrında Bakıda keçirilən BMT İnkişaf Proqramının 2010-cu il İnsan İnkişafı Hesabatından da aydın görünür ki, ölkəmizdə insanların fiziki, mənəvi, sosial tələbatının təminatı ildən-ilə yaxşılaşır. Bunun nəticəsidir ki, insan inkişafı indeksinin orta illik tempinə görə Azərbaycan keçmiş Sovet İttifaqı ölkələri arasında son 10 il ərzində aparıcı dövlət kimi qəbul olunur. Hesabata əsasən, son 5 ildə Azərbaycan insan inkişafı sahəsində ən sürətli irəliləyişə imza atan ölkədir və bunun nəticəsidir ki, 2005-ci ildə 101-ci yerdə olan Azərbaycan 2010-cu ildə 67-ci yerə yüksəlmişdir. Ölkəmiz 2000-2010-cu illər arasında postsovet məkanında insan inkişafı indeksinə görə illik 1,77 artım dərəcəsi ilə ən yüksək göstəriciyə nail olmuşdur. Nəticədə Azərbaycan «orta insan inkişafı» qrupunu tərk edərək, yüksək insan inkişafı ölkələri kateqoriyasına daxil edilmişdir.

Dünya İqtisadi Forumu tərəfindən 2010-2011-ci illər üçün hazırlanmış "Qlobal Rəqabətlilik Hesabatı"nda Azərbaycan MDB ölkələri arasında yenə də birinci, makroiqtisadi sabitlik altindeksi üzrə isə 14 pillə irəliləyərək 139 ölkə arasında 13-cü yerdə qərarlaşmışdır. "Standard and Poors" Beynəlxalq Reytinq Agentliyi 2009-2010-cu illər üzrə ölkə reytinqini "Stabil"dən "Pozitiv"ə yüksəltmiş, "Fitch Ratings" Agentliyi ölkəmizə ilk dəfə olaraq investisiya reytinqi vermişdir.

Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən hazırlanan "Doing Business 2009" hesabatında Azərbaycan biznes mühitinin yaxşılaşdırılması sahəsində ən islahatçı ölkə elan edilmiş, növbəti hesabatlarda öz mövqeyini qoruyub saxlamışdır.

Bunlar bir daha təsdiq edir ki, həyata keçirilən iqtisadi siyasətin mahiyyətində duran əsas məqam Azərbaycanın daha qüdrətli ölkəyə çevrilməsi nəticəsində xalqın sosial rifahının ilbəil yaxşılaşdırılmasını təmin etməkdir və Heydər Əliyev ideologiyasının əsasını təşkil edən bu məram Prezident İlham Əliyevin sosial-iqtisadi siyasətinin əsas məqsədidir. Bu siyasətin uğurlu davamı ölkəmizin ardıcıl və dayanıqlı iqtisadi inkişafını təmin edəcək, beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsinə, ən başlıcası isə Azərbaycan vətəndaşlarının həyat səviyyəsinin daha da yüksəlməsinə imkan verəcəkdir.

 

Şahin Mustafayev
Azərbaycan Respublikasının
iqtisadi inkişaf naziri
 

← Geriyə