Çıxışlar və müsahibələr

  • Yenilənib 23.10.2012 06:28
  • Yaradılıb 19.09.2012 14:43

2011-ci il iqtisadi inkişafın daha bir uğurlu dövrü oldu

 

2011-ci il də ölkəmiz üçün uğurlu olmuşdur. Azərbaycan dünyadakı mövqelərini möhkəmləndirə bilmişdir, ölkə daxilindəki vəziyyət çox müsbətdir. Hər yerdə inkişaf, hər yerdə tikinti, quruculuq, abadlıq işləri aparılır - böyük şəhərlərdə, kiçik kəndlərdə, hər yerdə. Bax bu, bizim strateji xəttimizdir.

İlham ƏLİYEV

 

Ötən əsrin sonunda dövlət müstəqilliyini yenidən bərpa edən Azərbaycan tarix üçün çox qısa zaman olan 20 il ərzində xaotik sosial-iqtisadi və siyasi vəziyyətdən bu gün hər birimizin şahidi olduğu dinamik inkişaf mərhələsinə qədər çətin və şərəfli yol keçmişdir. Müstəqilliyin ilk illərində ciddi problemlərlə üzləşən Azərbaycan iqtisadiyyatında sonrakı illərdə davamlı makroiqtisadi sabitliyə, enerji, ərzaq və ekoloji təhlükəsizliyə nail olunması Azərbaycanın inkişaf modelinin böyük müvəffəqiyyətlər üzərində kökləndiyini, uğurlu yüksəlişə yol açdığını real faktlar əsasında nümayiş etdirdi.

Bütün bunlar isə əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş, möhtərəm Prezident cənab İlham Əliyevin zamanın tələbləri ilə yeni çalarlarla zənginləşdirilən, Azərbaycanın hərtərəfli, dayanıqlı və davamlı inkişafını, insanların layiqli həyat səviyyəsini ehtiva edən, ölkəmizin dünya miqyasında nüfuzunu daha da artıran milli sosial-iqtisadi modelin uğurlarıdır.

Dövlət müstəqilliyinin 20-ci ildönümünün təntənə ilə qeyd olunduğu 2011-ci il həm də mühüm sosial-iqtisadi nailiyyətlərlə tarixə çevrildi.

2011-ci il Azərbaycan iqtisadiyyatı üçün uğurlu olmuş, qeyri-neft sektorunun, regionların inkişafında, iqtisadiyyatın diversifikasiyasında, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılmasında, sahibkarlığın inkişafında, infrastrukturun təkmilləşdirilməsində, xarici iqtisadi əlaqələrin genişlənməsində və əhalinin rifahının yüksəlməsində mühüm nailiyyətlər əldə edilmişdir. Eləcə də mürəkkəb xarici iqtisadi mühitdə Azərbaycan iqtisadiyyatı qlobal sosial-iqtisadi çağırışlara yüksək dayanıqlıq nümayiş etdirmiş, ÜDM 0,1% artmışdır. Orta illik inflyasiya 7,9% olmaqla birrəqəmli, manatın məzənnəsi isə sabit saxlanılmaqla makroiqtisadi sabitlik təmin edilmişdir. Xarici dövlət borcunun ÜDM-ə nisbəti beynəlxalq tələblərə cavab verməklə 7,3% təşkil etmişdir. Strateji valyuta ehtiyatları 40 milyard dolları ötmüş və iqtisadi şoklara qarşı daha etibarlı "təhlükəsizlik yastığı" formalaşdırılmışdır.

Ötən il dövlət büdcəsinin gəlirləri 2010-cu ilə nisbətən 37,7% artaraq 15,7 milyard manat, xərcləri isə 30,8% artaraq 15,4 milyard manat təşkil etmiş və dövlət büdcəsi profisitlə icra olunmuşdur.

ÜDM-in adambaşına həcmi 7 min dolları ötmüş, yuxarı orta gəlirli ölkələr sırasında ölkəmizin mövqeyi daha da möhkəmlənmişdir. Son 8 ildə isə Azərbaycan iqtisadiyyatı 3 dəfə artmışdır.

İqtisadi artımın strukturu baxımından da 2011-ci il əvvəlki illərdən fərqlidir. Belə ki, qeyri-neft sektoru 9,4% artmış, ÜDM-in artımı bütövlükdə qeyri-neft sektoru hesabına təmin edilmişdir. Son 8 ildə isə qeyri-neft sektorunun artımı 2,2 dəfə olmuşdur. Bu, ölkə iqtisadiyyatının diversifikasiyası, onun neft sektorundan asılılığının minimuma endirilməsi istiqamətində həyata keçirilən siyasətin nəticəsidir.

Sənayeləşmə siyasətinin uğurla davam etdirilməsi qeyri-neft sənayesinin dinamik inkişafını təmin etmişdir. Ötən il qeyri-neft sənayesində məhsul istehsalı 11,1%, o cümlədən emal sənayesi 7,1%, kimya sənayesi 27,1%, metallurgiya sənayesi 1,9 dəfə artmışdır. Alternativ enerji mənbələrindən istifadənin sürətləndirilməsi və bu sahədə yeni güclərin yaradılması istiqamətində "Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı" uğurla icra olunur.

Sumqayıt Texnologiyalar Parkında Ağır maşınqayırma və Sənaye qazları istehsalı zavodlarının, eləcə də ölkənin müxtəlif bölgələrində Alüminium, Kondensator, MDF, Müasir Tikinti Materialları, Qlükoza istehsalı zavodlarının istifadəyə verilməsi, "Qaradağ sement" zavodunun yenidən qurulması və 2 yeni sement, Bərk məişət tullantılarının yandırılması, Gəmiqayırma, Günəş Panelləri, "Xovlu İplik", gübrə zavodlarının və digər müəssisələrin tikintisinin davam etdirilməsi sənayeləşmə siyasətinin real nəticəsidir. Bütövlükdə 2011-ci ildə 40-dan çox sənaye müəssisəsi tikilib istifadəyə verilmiş, 100-ə yaxın sənaye müəssisəsinin tikintisi isə davam etdirilir.

Azərbaycan Respublikası Prezidentinin ötən ilin dekabrında imzaladığı fərman və sərəncamla Sumqayıt Kimya Sənaye Parkının və Balaxanı Sənaye Parkının yaradılması iqtisadiyyatın modernləşməsini, innovativ iqtisadiyyatın formalaşmasını, qeyri-neft sənayesinin potensialını daha da gücləndirəcəkdir. Sənaye parkları idxaldan asılılığı azaltmaqla qeyri-neft ixracını artıracaq, ölkədə sahibkarlığın, xüsusilə də kiçik sahibkarlığın inkişafını sürətləndirəcək, əhalinin məşğulluğunun artırılmasında önəmli olmaqla, həm də rəqabətqabiliyyətli iqtisadiyyatın formalaşdırılmasına ciddi təsir göstərəcək, yeni iqtisadi artım mərkəzləri rolunu oynayacaqdır.

Kənd təsərrüfatı qeyri-neft sektorunun aparıcı sahələrindəndir. Bu sahənin inkişafı ölkə əhalisinin ərzaq təhlükəsizliyinin təmin olunması və məşğulluğu baxımından xüsusi əhəmiyyət daşıyır. 2011-ci ildə kənd təsərrüfatı məhsulları istehsalı 5,8% artmış, ərzaq təhlükəsizliyi daha da gücləndirilmiş, ərzaq məhsulları ilə özünü təminetmə səviyyəsi yüksəlmişdir. Ötən ildə də aqrar sektora dövlət dəstəyi tədbirləri, o cümlədən vergi azadolmaları, lizinq xidmətləri, güzəştli kreditlərin və subsidiyaların verilməsi davam etdirilmiş, müasir texnologiyalara əsaslanan kənd təsərrüfatı məhsulları istehsalı və emalı genişləndirilmiş, müasir quşçuluq, heyvandarlıq kompleksləri yaradılmış, aqrar sektorun infrastruktur təminatı əhəmiyyətli dərəcədə yaxşılaşmışdır. 2011-ci ildə dövlət başçısının müvafiq sərəncamı ilə təsdiq edilmiş "2012-2020-ci illərdə üzümçülüyün inkişafına dair Dövlət Proqramı" kənd təsərrüfatının prioritet sahələrindən olan üzümçülüyün inkişafı ilə yanaşı, emal sənayesinin inkişafına da təkan verəcəkdir.

Nəqliyyat sektorunda regional və yerli əhəmiyyətli iri infrastruktur layihələrin reallaşdırılması, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının, TRASEKA və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərində avtomobil yollarının tikintisi və yenidən qurulması davam etdirilmiş, yeni metro stansiyaları və beynəlxalq hava limanı istifadəyə verilmişdir.

Ötən il informasiya və rabitə xidmətlərinin həcmi 11,8%, artmış, "Elektron Hökumət"in yaradılması çərçivəsində dövlət orqanlarında elektron xidmətlərin tətbiqi genişlənmiş, Azərbaycanın ilk telekommunikasiya peykinin 2012-ci ildə orbitə çıxarılması istiqamətində işlər davam etdirilmişdir.

2011-ci il turizm sektorunun inkişafı üçün də əhəmiyyətli illərdən olmuş və bu sahədəki mövcud potensialdan fəal surətdə istifadə edilməsi turizm sahəsində bir sıra layihələrin həyata keçirilməsinə şərait yaratmışdır. Belə ki, ölkəmizdə turizm sahəsinin daha da inkişaf etdirilməsi və bu fəaliyyət üçün əlverişli şəraitin yaradılması zərurətini nəzərə alaraq, turizm potensialından səmərəli istifadə olunmaqla zəngin coğrafi landşafta malik təbiətin və xalqımızın mədəni-tarixi irsinin geniş miqyasda tanıdılmasını təmin etmək məqsədilə 2011-ci il dövlət başçısı tərəfindən "Turizm ili" elan edilmişdir. Turizm infrastrukturunun inkişaf etdirilməsi, "Şahdağ" Qış-Yay Turizm Kompleksinin tikintisi, regionlarda və Bakıda yeni, müasir standartlara cavab verən mehmanxanaların istifadəyə verilməsi və bu kimi digər tədbirlər Azərbaycanın həm də turizm ölkəsinə çevrilməsində xüsusi əhəmiyyət kəsb edir.

Ölkəmizdə yaradılmış möhkəm təməl, makroiqtisadi sabitlik, həyata keçirilmiş çevik və məqsədyönlü siyasət iqtisadi uğurların davamlılığını təmin etmişdir. Belə ki, son 8 ildə sənaye məhsulu istehsalı 2,7 dəfə, kənd təsərrüfatı məhsulları istehsalı 1,3 dəfə, tikinti sektorunda görülən işlərin həcmi 3,2 dəfə, nəqliyyat xidmətlərinin həcmi 2,3 dəfə, rabitə və informasiya sahəsində 6,4 dəfə artmışdır.

Son illər ölkədəki davamlı inkişaf, iri regional və beynəlxalq layihələrin həyata keçirilməsi, müxtəlif infrastruktur layihələrinin icrası Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu üçün əlverişli şərait yaratmış, ölkəmizi investorlar üçün daha da cəlbedici etmişdir. Ötən il 13 milyard dollar daxili və 7 milyard dollar xarici olmaqla ölkə iqtisadiyyatına 20 milyard dollar investisiya yatırılmışdır. İnvestisiyaların 15,7 milyard dolları qeyri-neft sektorunun, 4,3 milyard dolları isə neft sektorunun payına düşmüşdür.

Bütövlükdə ölkədə yaradılmış əlverişli biznes və investisiya mühiti sayəsində indiyədək Azərbaycan iqtisadiyyatına 120 milyard ABŞ dollarına yaxın investisiya yönəldilmişdir.

Dövlət əsaslı vəsait qoyuluşu hesabına ötən il iqtisadiyyatın müxtəlif sahələrinin inkişafına 5,9 milyard manat investisiya qoyulmuşdur. Həmin investisiyaların 3,5 milyard manatı və ya 59%-dən çoxu infrastruktur layihələrinə, o cümlədən 1,9 milyard manatı nəqliyyat, 900 milyon manatdan çoxu kommunal infrastruktur, təqribən 200 milyon manatı su ehtiyatları və irriqasiya layihələrinə yönəldilmişdir.

Ötən il dövlət investisiyalarının 28,8%-i və ya 1,7 milyard manatı sosialyönümlü layihələrin, o cümlədən 220 milyon manatı ümumtəhsil məktəblərinin və peşə liseylərinin təmir və tikintisinin, 90 milyon manatı ali təhsil və elm müəssisələrinin təmir və tikintisi, eləcə də digər elm xərclərinin, 128 milyon manatdan çoxu səhiyyə obyektlərinin tikintisi, təmiri və müasir avadanlıqlarla təchiz olunmasının, 1 milyard manatdan çoxu mədəniyyət obyektlərinin tikintisi, bərpası və yenidən qurulmasının, 42 milyon manatdan çoxu isə əlil və şəhid ailələri üçün yaşayış evlərinin tikintisinin payına düşmüşdür.

İqtisadiyyatın sürətli inkişafı ölkəmizin maliyyə imkanlarının artmasına və xarici ölkələrə sərmayə yatırmasına da əlverişli şərait yaratmışdır. Azərbaycan artıq investisiya ixrac edən ölkəyə çevrilmiş və son illər ərzində xarici ölkələrə 6 milyard dollar sərmayə yatırılmışdır. 2011-ci ildə investisiya imkanlarının araşdırılması məqsədilə Balkan ölkələrinə və Rusiya Federasiyasının Şimali Qafqaz regionuna səfər təşkil edilmişdir. Bu səfərlər çərçivəsində yaradılmış əlaqələr milli şirkətlərin xarici ölkələrdə fəal investisiya qoyuluşlarının həyata keçirilməsi, onların fəaliyyətlərinin genişləndirilməsi imkanlarını daha da artıracaqdır.

Ölkə regionlarında mövcud potensialdan səmərəli istifadə etməklə iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafına, iqtisadiyyatın diversifikasiyasına, tarazlı regional və davamlı sosial-iqtisadi inkişafa, istehsal müəssisələrinin fəaliyyətinin daha da genişləndirilməsinə, ixracyönümlü məhsul istehsalının stimullaşdırılmasına, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına, məşğulluğun səviyyəsinin artırılmasına nail olmaq məqsədilə 2009-2013-cü illərdə ölkə regionlarının sosial-iqtisadi inkişafını nəzərdə tutan Dövlət Proqramının icrası 2011-ci ildə də uğurla davam etdirilmişdir. Prezident İlham Əliyevin regionlara mütəmadi səfərləri, ötən il ərzində 300-ə qədər müxtəlif təyinatlı obyektlərlə tanış olması, yeni müəssisələrin açılış və təməlqoyma mərasimlərində iştirakı, verdiyi tapşırıq və tövsiyələr, hər bir rayonun inkişafı ilə bağlı qarşıda duran spesifik vəzifələri müəyyən edərək imzaladığı 54 sərəncamla regionların, eləcə də Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına əlavə vəsaitin ayrılması regionların tarazlı inkişafının təmin edilməsində müstəsna rol oynamışdır.

2011-ci il ərzində regionlarda müasir texnologiyalara əsaslanan 110-dan çox müəssisə tikilib istifadəyə verilmişdir. 200-dən çox müəssisənin tikintisi isə hazırda davam etdirilir. Regionların sosial-iqtisadi inkişafını nəzərdə tutan dövlət proqramları ilə yanaşı, əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair dövlət proqramının uğurlu icrası sayəsində, qeyd edildiyi kimi, bir sıra əsas məhsullar ilə özünü təminetmə səviyyəsi daha da yüksəlmişdir. Bu gün meyvə-tərəvəz, bostan məhsulları, kartof, şəkər və şəkərdən hazırlanan məhsullar, meyvə şirələri və s. mallara olan tələbat tamamilə yerli istehsal hesabına ödənilir.

Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq edilmiş "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"na uyğun olaraq, elektrik enerjisi, qaz və istilik təchizatı, rabitə və informasiya, kənd təsərrüfatının infrastruktur təminatı, ekologiya, su və kanalizasiya, yol təsərrüfatı və nəqliyyat sahələrində zəruri tədbirlər həyata keçirilir.

Keçən ildə regionların və Bakı qəsəbələrinin sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində 164 məktəbin, 67 uşaq bağçasının, 29 səhiyyə obyektinin, 70 mədəniyyət obyektinin təmir-tikintisi yekunlaşdırılmışdır. Bu istiqamətdə işlər yenə davam etdirilir. Başqa sözlə, 2012-ci ildə 99-u Bakıda olmaqla, respublikada daha 424 məktəbin təmir-tikintisi işlərinin aparılması nəzərdə tutulub.

Bütün bu proseslərdə Heydər Əliyev Fondunun dövlətə müstəsna dəstəyi, yardımı var. Fondun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın birbaşa təşəbbüsü və şəxsi nəzarəti altında gerçəkləşən sosial layihələr ictimai həyatın bütün sahələrini əhatə edir. Qeyri-dövlət strukturunun dövlətin bu sahələr üzrə fəaliyyətinə belə əməli yardımı, əhəmiyyətli köməkliyi həqiqətən də təqdirəlayiqdir. Təsadüfi deyildir ki, məhz bu xeyirxah, mərhəmətli, səmimi missiyasına görə Mehriban xanım Əliyeva bu gün Azərbaycan vətəndaşlarının inam və etimad ünvanına çevrilib.

Əvvəlki illərdə olduğu kimi, 2011-ci ildə də sahibkarlığın inkişafı iqtisadi siyasətin prioritet istiqamətlərindən olmuşdur. Sahibkarlıq fəaliyyətinin daha da genişləndirilməsi, özəl sektora dövlət dəstəyinin artırılması, sahibkarların hüquqlarının müdafiəsi və sahibkarlığa əsassız müdaxilələrin aradan qaldırılması istiqamətində işlər davam etdirilmiş, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri yaradılmışdır. Mərkəzi və yerli icra hakimiyyəti orqanlarının verdikləri icazələr barədə məlumatı əks etdirən internet portalı sahibkarların icazələr haqqında ətraflı məlumatlandırılmasını təmin edəcək, sahibkarlıq fəaliyyətinə başlamaq istəyənlər, öz fəaliyyətini genişləndirmək istəyən sahibkarlar tələb olunan icazə xarakterli sənədlər, onların alınması prosedurları, təqdim edilməli sənədlər, icazələrin verilmə və qüvvədə olma müddətlərinə dair bütün məlumatları vahid mənbədən əldə edə biləcəklər.

Ötən il investisiya layihələrinin güzəştli kreditləşdirilməsi davam etdirilmiş, güzəştli kreditlərin istifadəsi qaydalarına edilmiş dəyişikliklər iri və uzunmüddətli investisiya layihələrinin, o cümlədən xüsusilə kiçik sahibkarlığın güzəştli şərtlərlə maliyyələşdirilməsi imkanlarını daha da artırmışdır.

2011-ci ildə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 1643 sahibkara 138 milyon manat güzəştli kredit verilmiş, bu kreditlər hesabına 6500-dək yeni iş yeri yaradılacaqdır. Kreditlərin 75%-i regionlara, 25%-i isə Bakı qəsəbələrinə verilmiş, vəsaitlərin 25%-i dövlət büdcəsindən, 75%-i isə əvvəl verilmiş və il ərzində geri qaytarılan kredit vəsaitləri hesabına təmin edilmişdir. Güzəştli kredit vəsaitlərinin 80%-i aqrar sahənin inkişafına, o cümlədən 64%-i kənd təsərrüfatı məhsullarının istehsalı və emalına, 16%-i aqrar sahənin infrastruktur təminatına yönəldilmişdir. Ötən il müasir texnologiyalara əsaslanan 85 istehsal, emal və infrastruktur yönümlü iri layihəyə 118 milyon manat kredit verilmişdir. 2011-ci ildə Fondun güzəştli kreditləri hesabına yaradılmış 33 istehsal, emal və infrastruktur müəssisəsi istifadəyə verilmişdir. Fond tərəfindən maliyyələşdirilmiş daha 96 müəssisə isə bu il istifadəyə veriləcəkdir.

Yeni iqtisadi şəraitdə sahibkarlığın inkişafına dövlət dəstəyinin ən vacib komponentlərindən biri də sahibkarların maarifləndirilməsi, onlara zəruri biliklərin, praktiki bacarıqların, beynəlxalq təcrübənin aşılanması, konsaltinq və innovasiya xidmətlərinin göstərilməsidir. Bu baxımdan sahibkarların və sahibkarlıq fəaliyyətinə yeni başlayan şəxslərin maarifləndirilməsi məqsədilə Bakı Biznes Tədris Mərkəzi tərəfindən 2011-ci il ərzində 80-i regionlarda olmaqla, 140-dan çox treninq, dəyirmi masa, konfrans və seminar keçirilmiş, 52 azərbaycanlı sahibkar və gənc menecer Almaniyada ixtisasartırma kurslarında iştirak etmiş, müvafiq müəssisələrdə təcrübə keçmişdir.

2011-ci il Azərbaycanın iqtisadi potensialının və ölkəmizdə yaradılmış əlverişli biznes mühitinin təbliği, yerli sahibkarların işgüzar əlaqələrinin genişləndirilməsi baxımından da uğurlu olmuşdur. Əvvəlki illərdə olduğu kimi, ötən il də azərbaycanlı sahibkarların xarici ölkələrdə fəaliyyətinin və qarşılıqlı əlaqələrinin daha da genişləndirilməsi məqsədilə zəruri tədbirlər görülmüş, Türkiyədə Azərbaycanlı İş Adamları Birliyi yaradılmış, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) Avstriyada yeni nümayəndəliyi fəaliyyətə başlamışdır. Yerli sahibkarların potensial imkanlarının reallaşdırılmasına dəstək və biznesin müasir formalarının təşviq edilməsi, xarici əlaqələrin genişləndirilməsi məqsədilə Azərbaycanda 91, xarici ölkələrdə 99 biznes forumu və konfransı, Bakıda milli sərgi təşkil olunmuş, Amerika, Avropa, Yaxın Şərq ölkələrində, eləcə də Rusiyada keçirilmiş sərgilərdə milli şirkətlərin iştirakı Azərbaycan mənşəli məhsulların tanıdılmasında, qeyri-neft məhsullarının satış bazarlarının genişləndirilməsində əhəmiyyətli olmuşdur.

Ötən il ölkəmizdə istehsal edilən rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsullarının tanıdılması və ölkəmizin ixrac qabiliyyətinin artırılması baxımından da uğurlu olmuşdur. Hazırda dünyanın bir sıra ölkələrində Azərbaycan mənşəli məhsullar maraqla qarşılanır və onların satışı həyata keçirilir. 2011-ci ildə AZPROMO-nun dəstəyi ilə ABŞ-da "West Coast Connection" idxal-ixrac şirkəti yaradılmış və artıq ABŞ-da "Made in Azerbaijan" brendi ilə məhsullar satılır.

Dövlət başçısının tapşırığına uyğun olaraq, 100-dən artıq rəqabətqabiliyyətli sənaye məhsulları istehsalçıları və alıcıları ilə görüş keçirilmiş, 10 sənaye sahəsi üzrə qruplaşdırılmış 97 müəssisənin sənaye məhsullarının kataloqu və 75 müəssisə üzrə sənaye məhsullarının spesifikasiyasına dair kompakt disk hazırlanmışdır.

Ötən il süni qiymət artımının qarşısının alınması məqsədilə istehlak bazarında qiymətlərin müntəzəm monitorinqi aparılmış, aşkar edilmiş süni qiymət artımları görülmüş tədbirlər nəticəsində aradan qaldırılmışdır.

Bayramlar zamanı əhalinin artan tələbatının daha dolğun ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması və qiymət artımının qarşısının alınması məqsədilə aidiyyəti dövlət orqanları və sahibkarlıq subyektləri ilə birlikdə Bakıda Novruz bayramı günlərində 24, Yeni il bayramı günlərində 14, Qurban bayramı günlərində isə 23 yerdə satış yarmarkaları təşkil olunmuşdur.

Görülmüş tədbirlər sayəsində son zamanlar istehlak bazarında qiymətlər sabitləşmiş, süni qiymət artımlarının qarşısı alınmış, bir sıra ərzaq mallarının qiymətində ucuzlaşma müşahidə olunmuşdur.

Hüquqlarının qorunması baxımından onun vacibliyini nəzərə alaraq istehlakçıların maarifləndirilməsi məqsədilə Bakıda və 12 rayonda konfrans, 8 ali məktəbdə seminarlar keçirilmiş, istehlakçıların hüquqlarına dair minlərlə müxtəlif bukletlər çap olunaraq paylanmış, insanların gündəlik həyatında geniş istifadə olunan mal və xidmətlər üzrə maarifləndirici məlumatlar müxtəlif kütləvi informasiya vasitələrində dərc edilmiş, sosial reklam çarxları isə televiziya kanallarında yayımlanmışdır.

2011-ci il həm də ölkə iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyası baxımından əlamətdar olmuşdur. Ölkəmizin xarici ticarət tərəfdaşlarının sayı 150-yə çatmış, 2010-cu illə müqayisədə xarici ticarət dövriyyəsi 8,4 milyard dollar artaraq 36,3 milyard dolları ötmüş, xarici ticarət saldosu müsbət 16,8 milyard dollar təşkil etmişdir.

Ümumilikdə isə son 8 ildə Azərbaycanın xarici ticarət dövriyyəsi 7 dəfə, idxal 3,7 dəfə, ixrac 10,3 dəfə artmışdır.

Əldə olunmuş iqtisadi nailiyyətlər əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması ilə bağlı tədbirlərin reallaşdırılmasına, xüsusilə də əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addımların atılmasına daha əlverişli şərait yaratmış, bütün sahələrdə olduğu kimi, sosial sferada da davam etdirilən islahatlar əhalinin etibarlı sosial müdafiə sisteminin formalaşmasını təmin etmişdir. 2011-ci il ərzində dövlət büdcəsindən sosialyönümlü xərclərə 16,5%, o cümlədən sosial müdafiə və sosial təminat xərclərinə 33,2% çox vəsait ayrılmışdır.

Orta aylıq əməkhaqqı 2011-ci ilin 11 ayı ərzində 8,3% artaraq 357 manata çatmışdır. 2011-ci ildə dövlət büdcəsindən maliyyələşən təhsil, səhiyyə, mədəniyyət, gənclər və idman, elm və bir sıra digər sahələrdə əməkhaqqı orta hesabla 10%, 900 min pensiyaçının əmək pensiyası orta hesabla 40%-ə qədər artırılmış, qaçqın və məcburi köçkünlərin sosial vəziyyəti yaxşılaşdırılmışdır. Həyata keçirilən tədbirlər sayəsində əhalinin məşğulluğu artmış, 2011-ci il ərzində 94 minə yaxın yeni iş yeri yaradılmış və işsizlik səviyyəsi 5,4%-ə qədər azalmışdır.

Yoxsulluq həddi 2003-cü ildəki 35,8 manatdan 3 dəfə artırılaraq 2011-ci ildə 106,9 manata çatdırılmışdır. Yoxsulluq səviyyəsi isə bu müddətdə 44,7%-dən 2011-ci ildə 7,6%-ə enmişdir. Göründüyü kimi, yoxsulluq həddinin ilbəil davamlı şəkildə artırılması ilə yanaşı, yoxsul əhalinin sayı kəskin surətdə azalmışdır. "Yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı"nın 2011-2015-ci illəri əhatə edən Tədbirlər Planında müəyyənləşdirilən tədbirlərin həyata keçirilməsi yoxsulluq səviyyəsinin daha da azaldılmasında mühüm rol oynayacaqdır.

Azərbaycanın 2011-ci ildə əldə etdiyi nailiyyətlər nüfuzlu beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilmişdir. İnkişaf etmiş bir sıra ölkələrin reytinqləri aşağı düşdüyü halda "Standart & Poor's" reytinq agentliyi Azərbaycanın mövcud uzunmüddətli müstəqil kredit reytinqini ötən ilin dekabr ayında bir pillə artıraraq "BBB-" səviyyəsinə çatdırmış, reytinq üzrə proqnozunu isə "sabit" saxlamışdır. Beləliklə də "Standart & Poor's" reytinq agentliyi "Fitch Ratings" agentliyindən sonra ölkəmizə investisiya reytinqi vermiş ikinci agentlik olmuşdur.

"Fitch Ratings" agentliyi Azərbaycanın xarici və daxili valyutada uzunmüddətli suveren reytinqini investisiya səviyyəli "BBB-" səviyyəsində təsdiq etmiş və reytinq proqnozunu "müsbət" kimi saxlamışdır. "Moody's" beynəlxalq reytinq agentliyi Azərbaycanın uzunmüddətli kredit reytinqini "Ba 1" səviyyəsində qiymətləndirmiş, reytinq üzrə proqnozu isə "müsbət"ə dəyişmişdir. Eləcə də "Qlobal Rəqabət Qabiliyyəti İndeksi" hesabatına əsasən, Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyəti səviyyəsinə görə 142 ölkə arasında 55-ci, MDB-də isə 1-ci olmuşdur.

Heç şübhəsiz ki, əldə edilmiş müsbət nəticələr Azərbaycanın iqtisadi imkanlarının daha da artmasına, Azərbaycan vətəndaşının həyat səviyyəsinin davamlı olaraq yüksəlməsinə xidmət edir. Prezident İlham Əliyevin vətənimizin daha da qüdrətlənməsinə yönələn, xalqımızı daha firavan gələcəyə aparan qətiyyətli və düşünülmüş siyasəti qazanılmış uğurların davamlılığı, ölkəmizin qarşıdakı illərdə də hərtərəfli inkişafı üçün möhkəm təməl yaratmışdır.

Dövlət başçısının tapşırığına əsasən hazırlanan "Azərbaycan - 2020: gələcəyə baxış" inkişaf konsepsiyasının reallaşdırılması ölkəmizin əldə etdiyi nailiyyətlərin növbəti illərdə daha da möhkəmlənməsini, növbəti 10 ildə qeyri-neft sektoru hesabına ümumi daxili məhsulun 2 dəfə artırılmasını, xalqın rifahının davamlı yaxşılaşması istiqamətində qarşıda duran hədəflərə nail olunmasını təmin edəcəkdir. Ölkə rəhbərinin sözləri ilə desək, Azərbaycan daha da inkişaf edəcək, öz gücünü daha da artıracaqdır.

Bu gün tam əminliklə demək olar ki, 2012-ci il Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi milli inkişaf strategiyasının ən nailiyyətli dövrlərindən olacaq. Cari ildə bütün sahələr üzrə tərəqqi dinamikasını qorumaq, yüksəliş tempini artırmaq üçün hər cür imkan var.

 


 

← Geriyə