İqtisadi təşkilatlarla əməkdaşlıq

  • Yenilənib 13.08.2021 09:39
  • Yaradılıb 01.10.2012 11:14

İqtisadi Əməkdaşlıq Təşkilatı

 

Təşkilat haqqında ümumi məlumat. 1964-cü ildə İran, Pakistan və Türkiyə tərəfindən İnkişaf üçün Regional Əməkdaşlıq (İRƏ) adı ilə üç ölkə arasında iqtisadi, texniki və mədəni əməkdaşlığı möhkəmləndirmək məqsədilə yaradılmış təşkilat 1985-ci ildən etibarən İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) adlandırılmışdır. 1992-ci ildə daha 7 dövlət təşkilatın üzvü olmuşdur. Hazırda İqtisadi Əməkdaşlıq Təşkilatında Baş Katib vəzifəsini Hadi​ Soleymanpur həyata keçirir.

Üzv dövlətlər. Azərbaycan, Əfqanıstan, İran, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkiyə, Türkmənistan, Özbəkistan.

Məqsədləri. Təşkilatın əsas məqsədləri davamlı iqtisadi artıma nail olunması, üzv dövlətlərin davamlı iqtisadi inkişafının təmin edilməsi, ticarətin liberallaşdırılması və region daxili ticarətin təşviqi, üzv dövlətlərin iqtisadiyyatının dünya iqtisadiyyatına tədricən inteqrasiyası, nəqliyyat və kommunikasiya sisteminin inkişaf etdirilməsi, iqtisadiyyatın liberallaşdırılması, İƏT regionunun maddi sərvətlərinin səmərəli istifadəsindən ibarətdir.

Azərbaycan ilə əməkdaşlıq. Azərbaycan Respublikası İƏT Nazirlər Şurasının 1992-ci ilin 28 noyabr tarixində İslamabadda keçirilmiş növbədənkənar iclası zamanı təşkilata üzv  olmuşdur. Azərbaycan İƏT daxilində iqtisadiyyatın liberallaşdırılması proseslərində fəal iştirak edir. Belə ki, üzv dövlətlər arasında iqtisadi əməkdaşlığın gücləndirilməsi və regiondaxili ticarətin artırılması məqsədilə Azərbaycan tərəfindən 10 müxtəlif saziş, o cümlədən "İƏT üzv dövlətləri arasında Ticarət Əməkdaşlığına dair Çərçivə Saziş"i, "İƏT regionunda Tranzit Nəqliyyatı haqqında Saziş", "İƏT regionunda investisiyaların təşviqi və qorunması haqqında Saziş" imzalanmışdır. 

İƏT-in 9 və 12-ci Zirvə Toplantıları müvafiq olaraq 2006 və 2012-ci illərdə Bakıda keçirilmiş, Bakı Bəyannamələri qəbul edilmişdir.

2013-cü ilin 26 noyabr tarixində İran İslam Respublikasının Tehran şəhərində Nazirlər Şurasının 21-ci iclası keçirilmişdir. İclasda İƏT-in Bakıda Tədqiqat Mərkəzinin yaradılması haqqında yekun qərar qəbul edilmiş və Mərkəzin Əsasnaməsi təsdiq olunmuşdur.

2014-cü ilin oktyabrın 1-də İƏT üzv ölkələrin İqtisadi Beyin Mərkəzlərinin 2-ci Bakı Forumu və "Enerji, Regional İnteqrasiya və Sosial-İqtisadi İnkişaf" mövzusunda 2-ci Beynəlxalq Konfrans baş tutmuşdur.

26-27 noyabr 2015-ci il tarixində İqtisadi Əməkdaşlıq Təşkilatının Baş Katibi Halil İbrahim Akçanın rəhbərlik etdiyi nümayəndə heyətinin Bakıya səfəri olmuşdur.

1 mart 2017-ci il tarixində Pakistan İslam Respublikasının İslamabad şəhərində İƏT-in 13-cü Zirvə görüşü keçirilmişdir. Zirvə görüşündə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında nümayəndə heyətinin tərkibində iqtisadiyyat naziri iştirak etmişdir.

26 oktyabr 2018-ci il tarixində keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin özəlləşdirmə qurumları rəhbərlərinin 6-cı iclasında iştirak etmək məqsədilə Bakıda səfərdə olan İƏT-in Baş katibi Hadi Soleymanpur dövlət rəsmiləri, o cümlədən iqtisadiyyat naziri ilə görüşmüşdür.

14-16 yanvar 2020-ci il tarixlərində İran İslam Respublikasının paytaxtı Tehran şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının Regional Planlaşdırma Şurasının 30-cu iclasında  İqtisadiyyat Nazirliyi tərəfindən iştirak təmin edilmişdir.

4 mart 2021-ci il tarixində virtual formatda İƏT-in 14-cü Zirvə Toplantısı keçirilmişdir. Qeyd olunan iclas çərçivəsində İƏT-in Tədqiqat Mərkəzinin Nizamnaməsi iqtisadiyyat naziri Mikayıl Cabbarov və Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral tərəfindən müvafiq olaraq Azərbaycan və Türkiyə adından imzalanmışdır.

26 may 2021-ci il tarixində İƏT-in virtual formatda təşkil edilən iqtisadiyyat/maliyyə nazirlərinin 5-ci iclasında iqtisadiyyat naziri və müavini iştirak etmişdir.

İƏT-in iqtisadiyyat/maliyyə nazirlərinin 6-cı iclasına 2022-ci ildə Azərbaycan Respublikası ev sahibliyi edəcəkdir.

ECOBANK. İƏT-in Ticarət və İnkişaf Bankı 2008-ci ildə fəaliyyətə başlamışdır və onun əsas məqsədi İƏT ölkələrinin daxili regional ticarətini genişləndirmək və iqtisadi inkişafını sürətləndirmək üçün maliyyə vəsaitlərinin təşkil və təmin olunmasıdır. Bankın əsas prioritetləri infrastruktur, istehsal, daşımalar, telekommunikasiya və energetika sahələrində layihələrdir. 2012-ci il 28 sentyabr tarixində Bankın Nizamnaməsi Azərbaycan Respublikası tərəfindən imzalanmış, 15 fevral 2013-cü il tarixində Milli Məclis tərəfindən ratifikasiya olunmuşdur.

← Geriyə