Çıxışlar və müsahibələr

  • Yenilənib 25.12.2013 12:37
  • Yaradılıb 25.12.2013 12:33

Zati-aliləri, möhtərəm cənab Prezident! Hörmətli müşavirə iştirakçıları!
Ulu öndər Heydər Əliyevin siyasi kursunu böyük əzm və bacarıqla davam etdirməyiniz və gərgin əməyiniz sayəsində tarix baxımından o qədər də böyük olmayan son 10 il ərzində müstəqil Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoymuş, bir çox uğurlara imza atmışdır.
Azərbaycan, iqtisadi qüdrəti günü-gündən artan, etibarlı tərəfdaş kimi dünyada yüksək nüfuza malik olan ölkəyə, regionun bütün siyasi və iqtisadi məsələlərinin həllində əvəzolunmaz iştirakçıya və əsas söz sahibinə çevrilmişdir.
Bu dövr həmçinin Azərbaycan xalqının maddi rifah və həyat keyfiyyətinin əhəmiyyətli dərəcədə yüksəlməsi, ölkənin şəhər və kəndlərinin, eyni zamanda paytaxt Bakının və onun qəsəbələrinin simasının dəyişməsi və yeniləşməsi ilə də səciyyələnir, əhali qazanılan uğurları gündəlik həyatında daha çox hiss edir.
Möhtərəm c-b Prezident, həyata keçirdiyiniz bu siyasət nəticəsində, son illərdə dünya iqtisadiyyatında baş vermiş mürəkkəb problemlər fonunda, ölkəmizin dinamik inkişafı davam edir, makroiqtisadi sabitlik qorunub saxlanılır, iqtisadiyyatın şaxələnməsi uğurla təmin edilir, özəl bölmənin inkişafı üçün əlverişli biznes və investisiya mühiti formalaşdırılır.
Təsadüfi deyil ki, qeyd etdiyiniz kimi, Dünya İqtisadi Forumunun "Qlobal Rəqabət Qabiliyyəti İndeksi 2013-2014" hesabatında Azərbaycan 148 ölkə arasında 39-cu yerə yüksəlmiş və 5 ildir ki, MDB ölkələri arasında liderliyini qoruyub saxlayır.
Ölkəmizin sosial-iqtisadi inkişafına ciddi töhfələr verən məqsədli dövlət proqramlarının uğurla icra olunması, əldə edilmiş nailiyyətlərin əsasını təşkil edir.
Sizin Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrasını daim diqqət mərkəzində saxlamağınız və hər bir sahə üzrə verdiyiniz tapşırıq və tövsiyyələr, Proqramın uğurlu icrasını təmin etmiş, Bakı qəsəbələrinin inkişafını sürətləndirmiş, əhalinin həyat səviyyəsi daha da yüksəlmişdir.
Müəyyən etdiyiniz iqtisadi strategiyaya və prioritet vəzifələrə uyğun olaraq, yol-nəqliyyat, qaz, enerji, su-kanalizasiya,istilik təchizatı, təhsil, səhiyyə, mədəniyyət, idman və digər sahələrdə layihələr həyata keçirilir.
Görülən işlərlə yerindəcə tanış olmağınız, qarşıya çıxan problemlərin ən qısa zamanda həlli üçün verdiyiniz göstərişlər, layihələrin icrasına şəxsi nəzarətiniz əhali tərəfindən çox yüksək qiymətləndirilir.
Möhtərəm c-b Prezident! İqtisadiyyat və Sənaye Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən Proqramın icrası əlaqələndirilmiş və görülən işlər nəzarətə götürülmüşdür. Aparılan monitorinqlərin nəticələri internet saytında yerləşdirilir və proqramda əks olunan bütün sahələr üzrə icraçı qurumların və ictimaiyyətin nümayəndələrinin iştirakı ilə mütəmadi müzakirə olunur. Proqramda nəzərdə tutlmuş tədbirlərin icrasına 3 mlrd manat vəsait yönəlmişdir.
Görülmüş işlər nəticəsində 3 il ərzində Proqram çərçivəsində paytaxt və qəsəbələrdə, eləcə də Abşeron rayonunun qəsəbə və kəndlərində 3500 km qaz kəmərləri çəkilmiş, əlavə 132 min abonent qazla təmin olunmuşdur.
39 elektrik yarımstansiyası və 264 transformator tikilmiş və ya təmir edilmiş, 4400 km elektrik kabel xətləri çəkilmiş və nəticədə əhalinin və iqtisadiyyatın enerji təchizatı təmin olunmuşdur.
Zabrat-Maştağa-Buzovna yolunda və "Zığ dairəsi-aeroport" yolundan Qala stansiyasınadək gedən yolda yenidənqurma işləri başa çatmış, Bilgəh-Novxanı-Sumqayıt, Zabrat-Kürdəxanı-Pirşağı, Zığ-Hövsan yollarında və Binə qəsəbəsinin baş yolunda isə işlər davam etdirilir. 22 qəsəbənin 420 mindən çox sakininin istifadə etdiyi 62 km qəsəbələrarası yollar təmir olunmuş, rayon və qəsəbədaxili yollara 3 mln. kv.m-dən çox asfalt örtüyü salınmış, 41 körpü, tunel və piyada keçidi istifadəyə verilmişdir.
Rabitə və informasiya sahəsində 11 ATS, 9 poçt şöbəsi üçün bina tikilmiş, 28 ATS rekonstruksiya olunmuş, Zirə, Gürgan və Pirallahı qəsəbələrinə fiber optik kabel çəkilmiş, Bakinternetin qlobal internet şəbəkəsinə çıxış sürəti saniyədə 7,5 qiqabit sürətə çatdırılmışdır.
Aparılan sənayeləşmə siyasəti, şəhərin və ətraf qəsəbələrin dinamik inkişafına ciddi təkan vermiş, son 3 ildə ümumi investisiya qoyuluşu 2 mlrd. manat olan Bakı gəmiqayırma, müasir tikinti materialları, metal konstruksiyalar, gəmi təmiri, təcrübə-sınaq, sement zavodları və digər sənaye müəssisələri tikilmiş, bir sıra istehsal və emal müəssisələrinin tikintisi davam etdirilir.
Bakıətrafı qəsəbələrdə aqrar sahənin inkişafına dəstək vermək məqsədilə Abşeron magistral kanalında yenidənqurma işləri davam etdirilmiş, Xəzər, Sabunçu, Suraxanı və Abşeron rayonlarında əkin və həyətyanı sahələrin su təminatının yaxşılaşdırılması üçün 278 min paqonmetr boru kəmərləri çəkilmiş, 6 baytarlıq məntəqəsi tikilmişdir.
Cənab Prezident! "Ölkə iqtisadiyyatının gələcək inkişafı sahibkarlığın inkişafından bilavasitə asılıdır" prinsipinizə uyğun olaraq, ölkəmizdə sahibkarlığın inkişafı iqtisadi siyasətin prioritet istiqamətlərindən birinə çevrilmişdir.
Dövlət Proqramının qəbulundan ötən dövr ərzində "Bakı qəsəbələrində sahibkarlığın inkişafına dövlət dəstəyi"nə dair 33 tədbir keçirilmiş və 4550 sahibkara layihələrin seçilməsi, biznes planların hazırlanması və digər növ texniki yardım göstərilmişdir.
Fondun xətti ilə Bakı qəsəbələri üzrə 680 sahibkara 148 milyon manat güzəştli kreditlər verilmiş və 5300-dək yeni iş yerinin açılması imkanı yaranmışdır. Müasir texnologiyaların tətbiqinə əsaslanan 53 iri layihə, o cümlədən 13 çörək zavodu, 48 hektar ərazidə 13 istixana kompleksi, 9 quşçuluq təsərrüfatı, 2 ət emalı fabriki, 2 metal konstruksiya və 14 digər sənaye müəssisəsi maliyyələşdirilmişdir.
İstifadəyə verilmiş və illik istehsal gücü 150 min ton olan müasir çörək zavodları Bakı şəhəri və ətraf qəsəbələrdə yaşayan əhalini yüksək keyfiyyətli, geniş çeşiddə çörək və çörək məhsulları ilə təmin edır.
İllik istehsal gücü 5.3 min ton quş əti və 67 mln. ədəd damazlıq və əmtəəlik yumurta olan quşçuluq təsərrüfatlarının və illik istehsal gücü 1.8 min ton ət kəsimi və 10 min ton ət emalı olan emal fabriklərinin fəaliyyətə başlaması, əhalinin ərzaq təminatının daha yaxşılaşmasına öz töhfəsini verməkdədir.
Möhtərəm c-b Prezident! Sizin, ölkənin təhsil sisteminə, hər bir məktəbə və uşaq bağçasına göstərdiyiniz xüsusi diqqət və qayğının nümunəsidir ki, Proqramın icrası ilə bağlı 60-dan çox təhsil müəssisəsində işlərin gedişatı ilə şəxsən tanış olmuş, təməlqoyma və açılış mərasimlərində iştirak etmisiniz. Bu da təhsil müəssisələrinin inşası, təmiri və yenidən qurulması ilə bağlı tədbirləri daha da sürətləndirmiş, Proqram çərçivəsində 174 məktəbdə və 121 uşaq bağçasında təmir-tikinti işləri başa çatmış, 45 təhsil obyekti üzrə işlər davam etdirilir.
İnsan amilinə xidmət edən sosial siyasətə uyğun olaraq, yeni və müasir tibb müəssisələrinin açılması, mövcud müəssisələrin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində rayon və qəsəbələrdə 41 xəstəxana, poliklinika, sanatoriya və digər tibb müəssisələri tikilmiş və ya təmir edilərək müasir avadanlıqlarla təchiz olunmuşdur.
Bundan əlavə, ixtisaslaşdırılmış ruhi-əsəb internat evi əsaslı təmir olunmuş, Bilgəh qəsəbəsində əlillər üçün Pansionatın yeni korpusu tikilmiş, 13 səhiyyə obyektində, əlil və yetkinlik yaşına çatmayanlar üçün 4 bərpa mərkəzində isə işlər davam etdirilir.
Ölkəmizin mədəniyyət və turizm sahələrinin inkişafı istiqamətində bir sıra əhəmiyyətli layihələr həyata keçirilmiş, milli-mədəni irsimizin qorunması, inkişaf etdirilməsi istiqamətində ciddi nəticələrə nail olunmuşdur. Proqram çərçivəsində 12 mədəniyyət obyektində təmir-tikinti işləri yekunlaşmış, digər obyektlər üzrə isə işlər davam etdirilir.
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın qayğısı nəticəsində, respublikamızın digər bölgələrində olduğu kimi, Bakıda, şəhərətrafı qəsəbə və kəndlərdə milli və mədəni irsimizin qorunması, mədəniyyətin, təhsilin, səhiyənin, idmanın və digər sahələrin inkişafı ilə bağlı mühüm işlər görülür.
Əhalinin, xüsusilə gənc nəslin hərtərəfli inkişafına xidmət edən bədən tərbiyəsi və idman infrastrukturunun inkişafı istiqamətində 9 gənclər və idman obyektində təmir-tikinti işləri yekunlaşmış, 17 obyektdə isə işlər davam etdirilir.
Cənab Prezident, ətraf mühitin sağlamlaşdırılması, ekoloji durumun yaxşılaşdırılmasına yönəldilmiş siyasətiniz, ölkəmizdə ekoloji problemlərin həllini prioritet istiqamətlərdən birinə çevirmişdir.
Bakı şəhərinin ekoloji vəziyyətinə mənfi təsir edən amillərin aradan qaldırılması üçün, neftlə çirklənmiş torpaqların və göllərin təmizlənməsi, sənaye müəssisələrinin şəhərətrafı ərazilərə köçürülməsi və yeni yaradılan müəssisələrə ciddi ekoloji tələblərin qoyulması artıq öz müsbət nəticəsini verməkdədir.
Belə ki, 228 hektar neftlə çirklənmiş ərazi rekultivasiya edilmiş, 1350 hektar sahədə 1,3 mln ədəd ağac əkilmiş, 408 hektar ərazi abadlaşdırılmış, 53 yeni mədəniyyət və istirahət parkı yaradılmışdır.
Abşeron yarımadasında yerləşən 9 gölün və ətraf ərazilərin ekoloji vəziyyətinin yaxşılaşdırılması məqsədilə aparılan hazırlıq işləri bitmək üzrədir. Eyni zamanda Böyük Şor gölünün ekoloji bərpası üçün layihələndirmə və mühəndislik işlərinə başlanılmışdır.
Balaxanı poliqonunda tullantıların zərərsizləşdirilməsi prosesi daha da təkmilləşdirilmiş, Sizin iştirakınızla Bakı bərk məişət tullantılarının yandırılması və Bərk məişət tullantılarının çeşidlənməsi zavodları istifadəyə verilmiş, Balaxanı Sənaye Parkının təməli qoyulmuş, ərazidə yaşıllaşdırma və abadlıq işləri genişləndirilmişdir.
Möhtərəm cənab Prezident! Ulu Öndərin rəhbərliyi dövründə güclü istehsal potensialı yaradılan, infrastrukturu zənginləşən paytaxt Bakı, onun qəsəbələri diqqət və qayğınız nəticəsində yeni inkişaf mərhələsinə qədəm qoymuş, daha da gözəlləşmiş və müasirləşmişdir.
Vətəndaşlar paytaxt və qəsəbələrin, ölkəmizin regionlarının, bütövlükdə Azərbaycanın tərəqqisinə yönəlmiş hərtərəfli inkişaf kursunuzu ürəkdən dəstəkləyir.
Möhtərəm cənab Prezident! Hesabatda qeyd olunan işlər, vətənimizin çiçəklənməsi naminə Sizin möhtəşəm, çoxşaxəli fəaliyyətinizin yalnız bir hissəsidir. Məhz yorulmaz fəaliyyətinizin nəticəsidir ki, xalqımız prezident seçkilərində Sizin namizədliyinizi dəstəkləmiş, bununla da ölkəmizin işıqlı sabahına, davamlı inkişafına və xöşbəxt gələcəyinə səs vermişdir.
Yekunda vurğulamaq istərdim ki, rəhbərliyinizlə bütün sahələri əhatə edən sosial-iqtisadi tədbirlərin həyata keçirilməsi, Bakı şəhəri və onun qəsəbələri də daxil olmaqla, ümumilikdə ölkəmizin tərəqqisini, dünyada mövqeyinin daha da möhkəmlənməsini və xalqımızın sosial-iqtisadi vəziyyətinin davamlı olaraq yaxşılaşmasını təmin edəcək və Azərbaycan ən inkişaf etmiş ölkələr sırasında öz yerini tutacaqdır.
Diqqətinizə görə minnətdaram.

 

← Geriyə