Çıxışlar və müsahibələr

  • Yenilənib 23.10.2012 06:39
  • Yaradılıb 20.09.2012 06:11

Zati-aliləri, möhtərəm cənab Prezident!

Hörmətli müşavirə iştirakçıları!

Son illərdə dünyada gedən proseslərə baxmayaraq, ölkəmizdə əldə olunmuş nəticələr bir daha göstərdi ki, Ümummilli lider Heydər Əliyevin uğurlu sosial-iqtisadi inkişaf strategiyası və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çevik və qətiyyətli siyasəti, qarşıda duran vəzifələrin həllinə real imkanlar yaratmış və ölkə iqtisadiyyatının dinamik inkişafı davam etmişdir.

Liberal iqtisadi sistemin qurulması, sahibkarlığın inkişafına geniş imkanların yaradılması, zəngin təbii sərvətlərdən və regionların potensialından səmərəli istifadə, qeyri-neft sektorunun inkişafı, investisiya mühitinin daha da yaxşılaşdırılması, yerli məhsulların rəqabət qabiliyyətinin yüksəldilməsi Azərbaycan iqtisadiyyatının yeni keyfiyyətini təmin etmişdir.

Bir çox dünya ölkələrinin onilliklər boyu keçdiyi inkişaf mərhələsini Azərbaycanın qısa zaman ərzində keçməsi, dünyanı sarsıdan qlobal maliyyə-iqtisadi böhrandan minimum itkilərlə çıxması, nüfuzlu iqtisadi-maliyyə qurumları tərəfindən yüksək qiymətləndirilməsi milli iqtisadi inkişaf modelinin alternativsiz olduğunu bir daha sübut edir.

Dünya iqtisadiyyatında vəziyyətin hələ də gərgin olması fonunda, ötən illərdə olduğu kimi, 2010-cu il Azərbaycan iqtisadiyyatı üçün uğurlu olmuş və ÜDM 5% artaraq, 41 mlrd. manatı ötmüşdür. Orta illik inflyasiya idarə olunan səviyyədə saxlanılmış və 5.7% təşkil etmişdir.

Strateji valyuta ehtiyatları ilin əvvəli ilə müqayisədə 50% artaraq 29 mlrd. dollardan çox olmuş və bu da ölkənin dayanıqlı inkişafına möhkəm zəmanətdir.

51 milyon ton neft, 27 milyard kubmetr qaz hasil edilmiş, sənaye 2.6% artmışdır. Bu sahədə ən mühüm nailiyyətlərdən biri də ötən il Dövlət Neft Şirkətinin daxili imkanları hesabına yeni neft və qaz yataqlarının aşkar edilməsi olmuşdur.

Müsbət artım tempi dövlət və icmal büdcələrinin icrasında da müşahidə olunmuşdur. İcmal büdcənin gəlirləri 19.3 milyard manat və ya 125,2% icra olunmuşdur ki, bu da ötən ilə nisbətən 4.9 milyard manat və ya 33,7% çoxdur. Xərclər isə 13.5 milyard manat təşkil etmiş və 2009-cu ilə nisbətən 10,2% çox olmuşdur. İcmal büdcənin profisiti proqnozlaşdırılandan 5 dəfə çox olmaqla, 5.8 milyard manat təşkil etmişdir.

Hesabat ilində dövlət büdcəsinin mədaxili 11.4 milyard manat olmaqla, ötən illə müqayisədə 10,4%, xərcləri isə 11.8 milyard manat olmaqla, 12,0% artmışdır.

Möhtərəm cənab Prezident! Rəhbərliyiniz və daimi diqqətiniz altında həyata keçirilən diversifikasiya tədbirləri, sahibkarlığın inkişafı, investisiya mühitinin daha da yaxşılaşdırılması nəticəsində, qeyri-neft sektorunun dinamik inkişafı davam etmiş və onun real artım tempi, ümumi artım tempini üstələyərək 7.6%, o cümlədən, qeyri-neft sənayesində 6.6%, rabitədə 29.7%, nəqliyyatda yük daşınması 3.1% təşkil etmişdir.

Sənayeləşmə siyasəti davam etdirilmiş, yeni və müasir texnologiyalara əsaslanan elektrotexnika, əlvan metallurgiya, maşınqayırma, kənd təsərrüfatı məhsullarının emalı, tikinti materiallarının istehsalı da daxil olmaqla, il ərzində 60 sənaye müəssisəsinin istifadəyə verilməsi və 80-dən çox sənaye müəssisəsinin tikintisinin davam etdirilməsi, eləcə də kosmik sənayenin yaradılması və 2012-ci ildə Azərbaycanın ilk peykinin orbitə çıxarılması istiqamətində görülən işlər, ölkənin sənaye potensialını genişləndirmiş və qeyri-neft sektorunun davamlı inkişafına zəmin yaratmışdır.

Əlverişsiz iqlim şəraiti və təbii fəlakətlərlə bağlı dənli bitkilərin istehsalının azalmasına baxmayaraq, intensiv metodların tədbiqinin stimullaşdırılması və kompleks dövlət dəstəyi tədbirləri nəticəsində, kənd təsərrüfatının digər sahələrində artım davam etmişdir.

Ölkəmiz bir sıra əsas ərzaq məhsulları ilə özünü təmin etmiş, buğdanın qiymət artımının mənfi təsirinin azaldılması məqsədi ilə Dövlət Taxıl Fonduna tədarük olunan taxılın həcmi 500 min tonadək artırılmış, idxal olunan buğda və un ƏDV-dən azad edilmişdir.

Əvvəlki illərdə olduğu kimi, aqrar sektora subsidiyaların, vergi güzəştlərinin və güzəştli kreditlərin verilməsi davam etdirilmiş, aqrolizinq və aqroservis xidmətlərinin şərtləri asanlaşdırılmışdır.

Cənab Prezident, tapşırığınıza əsasən yeni heyvandarlıq və südçülük kompleksləri, damazlıq və quşçuluq təsərrüfatları, kənd təsərrüfatı məhsullarının saxlanması və emalı infrastrukturu, intensiv bağçılıq və toxumçuluğun inkişafı istiqamətində ardıcıl tədbirlər davam etdirilir.

Ölkənin qeyri-neft sektorunda mühüm rolu olan tranzit potensialı gücləndirilmiş, avtomobil magistrallarınin yenidənqurulması davam etdirilmiş, dəmiryol nəqliyyat sisteminin inkişafına dair Dövlət proqramı qəbul edilmiş, Dəniz Limanı kompleksinin tikintisinə başlanmışdır.

Möhtərəm cənab Prezident! Ölkədə cəlbedici investisiya mühitinin yaradılmasının nəticəsidir ki, il ərzində bütün maliyyə mənbələri hesabına 15,5 milyard dollar investisiya yatırılmışdır. Ümumi investisiyalarda həm daxili, həm də qeyri-neft sektorunun payı üstünlük təşkil etmişdir.

Təqdirəlayiq haldır ki, ölkədə yaradılmış əlverişlı biznes mühiti Azərbaycan şirkətlərinin maliyyə imkanlarının artmasına və onların yalnız ölkə daxilində deyil, eləcə də xarici ölkələrdə investisiya yatırmalarına imkan yaratmışdır.

İnfrastruktur və sosial yönümlü Dövlət İnvestisiya Proqramının icrası nəticəsində nəqliyyat, kommunal, su ehtiyatları və irriqasiya, energetika və sənaye, ekologiya, kənd təsərrüfatı, sosial infrastruktur obyektlərinin tikintisi həyata keçirilmişdir.

Möhtərəm cənab Prezident! Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası və Sizin göstərdiyiniz diqqət, regionlara mütəmadi səfərləriniz, müvafiq tapşırıqlarınız, il ərzində 170-dən çox yeni müəssisənin açılışı və təməlqoyma mərasimində iştirakınız, regionların tarazlı inkişafının təmin edilməsi və əhalinin həyat səviyyəsinin daha da yüksəlməsində müstəsna rol oynamışdır.

Ötən il regionlarda 160-dan çox sənaye, kənd təsərrüfatı, xidmət və ticarət müəssisəsi tikilib istifadəyə verilmiş, 200-dən çox müəssisənin tikintisi davam etdirilir. Bu müəssisələrin 112-də Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditlərindən istifadə olunur.

Biznes mühitinin daha da yaxşılaşdırılması və sahibkarlığın inkişafı əsas prioritet kimi nəzərə alınmaqla, regionların potensialı təhlil edilmiş, onların tələbatına uyğun dəstək tədbirləri müəyyənləşdirilmiş, sahibkarlığın inkişafına dövlət dəstəyi, sahibkarların maarifləndirilməsi, güzəştli şərtlərlə xarici bazarlara çıxış, istehlakçıların hüquqlarının müdafiəsi sahəsində bütün inzibati rayonlar əhatə olunmaqla 200-dən çox tədbir keçirilmişdir.

İdxal-ixrac prosedurları sadələşdirilərək beynəlxalq təcrübəyə uyğunlaşdırılmış, Vergi qanuvericiliyində edilmiş son dəyişikliklərlə vergi yükü daha da azaldılmışdır.

Sahibkarlığa maliyə dəstəyi davam etdirilmiş, il ərzində təkcə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən, demək olar ki, hamısı regionlarda olmaqla 1430 investisiya layihəsinin maliyyələşdirilməsinə 115 milyon manat güzəştli kreditlər verilmişdir. İlk dəfə olaraq güzəştli kreditlərin böyük hissəsi-62%-i qaytarılan kreditlər hesabına verilmişdir.

Son iki ildə aqrar sektorun inkişafında əhəmiyyət kəsb edən və müasir texnologiyaların tətbiqinə əsaslanan layihələr, o cümlədən 25 müasir soyuducu və 17 taxıl anbarı komplekslərinin yaradılması, Fondun güzəştli kreditləri hesabına maliyyələşdirilmiş və bu sahədə tələbat əsasən təmin edilmişdir.

Hesabat ilində Azərbaycan İnvestisiya Şirkətinin tərəfdaşlığı ilə bir sıra layihələrlə yanaşı, Gəmiqayırma Zavodunun tikintisinə başlanılmış və qida duzunun istehsalı zavodu istifadəyə verilmişdir.

Möhtərəm, cənab Prezident! Xarici investisiyaların cəlb olunması və qeyri-neft ixracının gücləndirilməsi məqsədilə, ölkədə və xaricdə 100-ə yaxın biznes forum və konfranslar təşkil edilmişdir. Ötən il Özbəkistanda Azərbaycanın ilk milli sərgisi uğurla keçirilmiş, ölkəmizin nailiyyətləri və potensial imkanları nümayiş etdirilmişdir.

Bu tədbirlər göstərir ki, olkədə istehsal olunan məhsulların keyfiyyəti əhəmiyyətli dərəcədə artmış, qablaşdırılması yaxşılaşdırılmış və rəqabətqabiliyyəti yüksəlmişdir.

Beynəlxalq maliyyə qurumları ilə faydalı əməkdaşlıq davam etdirilmiş və bir sıra mühüm layihələr həyata keçirilmişdir. Bakı şəhərində keçirilmiş İslam İnkişaf Bankının Müdirlər Şurasının 35-ci İllik Toplantısında 55 ölkədən 1000-ə yaxın nümayəndə iştirak etmişdir.

2010-cu ilin 11 ayı ərzində 145 ölkə ilə ticarət aparılmış, xarici ticarət dövriyyəsi 34,8% artaraq, 25,1 milyard dollar təşkil etmiş, 13,7 milyard dollar müsbət saldo yaranmışdır. Xüsusilə əhəmiyyətli olan qeyri-neft ixracında 16%-dən çox artım qeydə alınmışdır.

Əldə olunmuş nailiyyətlər əhalinin sosial rifahının daha da yaxşılaşdırılmasına şərait yaratmışdır. İl ərzində 54 mini daimi olmaqla 73 min yeni iş yeri açılmışdır.

Orta aylıq əmək haqqı 9.1% artaraq 325 manat təşkil etmiş, əhalinin gəlirləri 12%, minimum əmək haqqı və əmək pensiyalarının baza hissəsi 13% artmışdır.

Əlillər və şəhid ailələrinin, qaçqınlar və məcburi köçkünlərin mənzil-məişət şəraiti xeyli yaxşılaşdırılmışdır.

Daşqınlar nəticəsində baş vermiş fəlakətin qarşısının alınması, əhaliyə qayğının, diqqətin ölkə Prezidenti üçün nə qədər vacib olduğunu bir daha göstərdi. Cənab Prezident, Sizin birbaşa göstərişləriniz və nəzarətiniz altında çox qısa müddət ərzində, əhaliyə dəymiş böyük ziyan dövlət hesabına aradan qaldırılmışdır.

Sosial infrastruktur obyektləri, o cümlədən 45 səhiyyə müəssisəsi, 70-dən çox məktəb tikilmiş və təmir edilmişdir. Əhalinin içməli su ilə təmin edilməsi üçün iri infrastruktur layihəsi-Oğuz-Qəbələ-Bakı kəmərinin tikintisi başa çatdırılmışdır.

Sosial sahələrin inkişafında Heydər Əliyev Fondu tərəfindən təhsil, mədəniyyət, səhiyyə və digər sahələrdə həyata keçirilən proqram və layihələr müstəsna əhəmiyyət kəsb edir.

Bu nəticələr beynəlxalq qurumlar tərəfindən də müsbət qiymətləndirilmişdir. BMT-nin İnkişaf Proqramının əhalinin rifah səviyyəsini əks etdirən İnsan İnkişafı Hesabatına əsasən Azərbaycan son beş ildə 34 pillə irəliləyərək 169 ölkə arasında 2005-ci ildə tutduğu 101-ci yerdən 2010-cu ildə 67-ci yerə yüksəlmişdir. 2000-2010-cu illər üzrə ölkəmiz insan inkişafı indeksinin orta illik artım tempinə görə MDB məkanında birinci yerə layiq görülmüş və "orta insan inkişafı" ölkələri qrupundan "yüksək insan inkişafı" qrupuna keçmişdir.

İstehlakçıların hüquqlarının qorunması və haqsız rəqabətlə mübarizə sahəsində zəruri tədbirlər həyata keçirilmiş və saxlama müddəti ötmüş, mənşəyi məlum olmayan, qanunvericilikdə müəyyən edilmiş qaydada sertifikatlaşdırılmamış 300 tona yaxın ərzaq və 145 ton qeyri-ərzaq malları satışdan çıxarılaraq məhv edilmişdir.

Möhtərəm cənab Prezident, tərəfinizdən 2010-cu ilin Azərbaycanda "Ekologiya ili" elan edilməsi, həyata keçirilən tədbirlərin miqyasını daha da artırmış, ətraf mühitin qorunması ilə bağlı layihələrin reallaşdırılmasını sürətləndirmişdir.

Bu sahədə görülən mühüm işlərdən olan Balaxanı poliqonunun yenidən qurulması, "Bərk məişət tullantılarının yandırılması zavodu"nun inşası qrafikə uyğun davam etdirilir.

Ölkədə həyata keçirilən siyasətin uğurlu nəticələri nüfuzlu beynəlxalq təşkilatların hesabatlarında da öz əksini tapmışdır.

Dünya İqtisadi Forumu tərəfindən 2010-2011-ci illər üçün hazırlanmış "Qlobal Rəqabətlilik Hesabatı"nda Azərbaycan MDB ölkələri arasında yenə də 1-ci, makroiqtisadi sabitlik alt indeksi üzrə isə 14 pillə irəliləyərək 139 ölkə arasında 13-cü yerdə qərarlaşmışdır.

"Standard and Poors" Beynəlxalq Reytinq Agentliyi 2009-2010-cu illər üzrə ölkə reytinqini "Stabil"dən "Pozitiv"ə yüksəltmiş, "Fitch Ratings" Agentliyi ölkəmizə ilk dəfə olaraq investisiya reytinqi vermişdir.

Möhtərəm cənab Prezident!

Sizin sosial-iqtisadi siyasətinizin uğurla reallaşdırılması nəticəsində Azərbaycan iqtisadiyyatının keyfiyyətcə yeni mərhələyə qədəm qoyması qarşımızda yeni vəzifələr qoyur. Sizi əmin edirəm ki, ölkənin sosial-iqtisadi inkişafında əldə olunmuş nailiyyətlərin davamlılığı məqsədilə müəyyən etdiyiniz vəzifələrin, verdiyiniz tapşırıqların vaxtında və layiqincə yerinə yetirilməsi üçün bütün imkanlarımızı səfərbər edəcəyik.

Diqqətinizə görə minnətdaram.

 

← Geriyə