İqtisadi təşkilatlarla əməkdaşlıq

  • Yenilənib 23.02.2021 00:52
  • Yaradılıb 01.10.2012 11:15

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası

 

Təşkilat haqqında ümumi məlumat. 16 sentyabr 2010-cu il tarixində Türkdilli ölkələrin dövlət başçılarının İstanbulda keçirilən 10-cu zirvə toplantısında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) yaradılması haqqında qərar qəbul edilmişdir. 2011-ci ildə Türkdilli Dövlətlərin Biznes Şurası yaradılmışdır. Biznes Şurasında Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən təmsil edilir.

Üzv dövlətlər. Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan

Müşahidəçi dövlət: Macarıstan.

Məqsədləri. Şura eyni dildə danışan və oxşar mədəni mühitdə yaşayan xalqların birliyinin gücləndirilməsi, siyasi və ticarət-iqtisadi əlaqələrin möhkəmləndirilməsi üçün yeni regional ümumtürk birliyinin yaranması məqsədi daşıyır.

Azərbaycan ilə əməkdaşlıq.  Hər il mütəmadi olaraq TDƏŞ-in iqtisadiyyat üzrə İşçi Qrupunun iclası və üzv dövlətlərin iqtisadiyyat nazirlərinin görüşü keçirilir. İclaslarda üzv ölkələr arasında iqtisadi münasibətlərin təkmilləşdirilməsi və inkişafı yolları barədə təkliflərin və üzv ölkələrin iqtisadi sahədə üzləşdiyi problemlərin müzakirəsi aparılır. 2012 və 2016-cı il tarixli iclaslar Azərbaycanda keçirilmişdir.

15 oktyabr 2019-cu il tarixində Bakı şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci Zirvə Görüşü keçirilmişdir, həmçinin Zirvə Görüşü çərçivəsində 14 oktyabr 2019-cu il tarixində Biznes Forum keçirilmişdir.

10 aprel 2020-ci il tarixində videokonfrans formatında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü və sədrliyi ilə COVİD-19 pandemiyasına mübarizəyə həsr olunmuş TDƏŞ-in fövqəladə Zirvə görüşü keçirilmişdir. Görüşdə dövlət başçıları tərəfindən səsləndirilən məsələlərin icrası ilə əlaqədar 6 may 2020-ci il tarixində İqtisadiyyat nazirləri və Gömrük orqanları rəhbərlərinin fövqəladə iclası keçirilmişdir. Videokonfransı hazırda təşkilata sədrlik edən ölkə olaraq Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarov aparmışdır.

9 sentyabr 2020-ci il tarixində İqtisadiyyat naziri Mikayıl Cabbarovla TDƏŞ-in Baş Katibi Bağdad Amreyev arasında görüş keçirilmişdir. Görüşdə TDƏŞ çərçivəsində əməkdaşlığın hazırkı vəziyyəti və genişləndirilməsi imkanları, “Turkic Vision – 2040” strateji konsepsiyasının hazırlanması və qarşılıqlı maraq doğuran digər məsələlər barədə müzakirələr aparılmışdır.

2 noyabr 2020-ci il tarixində İqtisadiyyat Nazirliyi və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının təşkilatçılığı ilə Bakıda “Azərbaycanın sosial və iqtisadi inkişafının yeni dövrü” mövzusunda Türk Ticarət və Sənaye Palatasının (TTSP) növbədənkənar iclası keçirilmişdir. İclasda iqtisadiyyat naziri Mikayıl Cabbarov açılış nitqi ilə çıxış etmişdir. İclasdan öncə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyevi, TTSP-nın prezidenti Mustafa Rifat Hisarcıklıoğlunu, Özbəkistanın Ticarət və Sənaye Palatasının sədri Adham İkramovu və Qırğızıstanın Ticarət və Sənaye Palatasının prezidenti Marat Şarşekeyevi qəbul etmişdir. Tədbir çərçivəsində TDƏŞ adından erməni terrorundan zərər çəkmiş ailələrə humanitar (ərzaq) yardım göndərilmişdir.

← Geriyə