İqtisadi təşkilatlarla əməkdaşlıq

  • Yaradılıb 01.10.2012 11:25
  • Yenilənib 31.10.2018 14:23
  • Nəşr edilib 01.10.2012 11:25

BMT-nin qurum və təşkilatları

 

Azərbaycan Respublikası 2 mart 1992-ci ildən Birləşmiş Millətlər Təşkilatının üzvüdür. Bu illər ərzində ölkəmiz BMT-nin müxtəlif ixtisaslaşmış qurumlarının fəaliyyətində yaxından iştirak etmiş, təşkilatın Baş Assambleyasından ekspertlər səviyyədə işçi qurumlarına qədər geniş təmsil olunmuşdur. Azərbaycan Respublikası 2011-ci ildə 2 il müddətinə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilmişdir. İqtisadi əlaqələrin inkişafı və Azərbaycanın BMT-nin qurumlarına inteqrasiyası baxımından Birləşmiş Millətlər Sənaye və İnkişaf Təşkilatını, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramını və BMT-nin Mərkəzi Asiya iqtisadiyyatları üçün Xüsusi Proqramını (SPECA) qeyd etmək olar.

 

Birləşmiş Millətlərin Sənaye İnkişafı Təşkilatı (UNİDO)

 

Ümumi məlumat. Birləşmiş Millətlərin Sənaye İnkişafı Təşkilatı (UNİDO) BMT-nin Baş Assambleyası tərəfindən 1966-cı ildə yaradılmışdır. UNİDO yarandığı gündən hökumətlərlə, biznes assosiasiyaları və özəl şirkətlərlə sənaye məsələləri ilə bağlı problemləri həll etməklə məşğuldur. 1986-cı ilin yanvarın 1-də sənayenin inkişafına və əməkdaşlığa kömək etmək məqsədilə UNİDO BMT-nin ixtisaslaşdırılmış qurumuna çevrilmişdir. Hal-hazırda bu təşkilata 172 dövlət daxildir.

Məqsədi. İnkişaf etməkdə olan və keçid dövrü yaşayan ölkələrdə sənayenin inkişafını dəstəkləmək, rəqabətə davamlı sənaye istehsalını inkişaf etdirmək, beynəlxalq sənaye ortaqlıqlarının meydana gəlməsinə kömək etmək, ictimai cəhətdən ədalətli və ekologiyaya zərər vurmayan sənaye inkişafını gücləndirmək.

Azərbaycan ilə əməkdaşlıq. Azərbaycan Respublikası 1993-cü ildən Birləşmiş Millətlərin Sənaye İnkişafı Təşkilatının üzvüdür. Təşkilat çərçivəsində Azərbaycan 2000-ci ildə "Sənaye inkişafı sahəsində əməkdaşlıq haqqında Memorandum" imzalamışdır. 2005-ci ildə Azərbaycan ilə Təşkilat arasında "2005-2010-cu illər üzrə Əməkdaşlıq haqqında Çərçivə Proqramı" imzalanmışdır. Təşkilat tərəfindən Azərbaycanda bir sıra sahələrdə, o cümlədən enerji səmərəliliyinin artırılması, milli sənaye statistik proqramların inkişafı, kiçik və orta sahibkarlığın dəstəklənməsi, ətraf mühitin yaxşılaşdırılması və s. sahələrdə müxtəlif layihələr həyata keçirilir. 2010-cu ilin iyul ayında təşkilatın Baş Direktoru Kandeh Yumkella Azərbaycana səfər etmişdir.

17-18 aprel 2012-ci il tarixlərində Azərbaycanda UNİDO təşkilatçılığı ilə sənaye parkları üzrə regional konfransı keçirilmişdir.

2014-cü ilin 26-27 noyabr tarixlərində Bakıda sənaye ili çərçivəsində görüləcək işlərin ümumi yekunu olaraq, “XXI əsrdə sənaye siyasətinin əsas trendləri, müasir yanaşma və təcrübələr” mövzusunda beynəlxalq konfrans keçirilmişdir. Konfrans çərçivəsində UNİDO ilə əməkdaşlığa dair 2014-2018-ci illər üzrə Çərçivə Proqramı nazir Şahin Mustafayev və UNİDO-nun Biznes, investisiya və texnologiya xidmətləri bölməsinin direktoru Mohamed Lamine Dhaoui tərəfindən imzalanmışdır. Hazırda UNİDO İqtisadiyyat Nazirliyi ilə birlikdə “Yeni İpək Yolu İqtisadi Kəmərində əhatəli və davamlı sənaye inkişafının sürətləndirilməsi: Azərbaycanda, Tacikistanda, Türkmənistanda və Özbəkistanda sənaye parklarının potensialından istifadə” regional layihəsi həyata keçirilir.

27 noyabr-1 dekabr 2017-ci il tarixlərində Vyana şəhərində BMT-nin Sənaye İnkişafı Təşkilatının (UNİDO) 17-ci sessiyası keçirilmişdir. Tədbirdə nazir müavini iştirak etmişdir.

 

Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün BMT-nin Xüsusi Proqramı (SPECA)

 

Ümumi məlumat. BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı (SPECA) keçid dövrünü yaşayan Mərkəzi Asiya ölkələri ilə BMT-nin birgə tədbiridir. Proqramın əsas məqsədləri və fəaliyyət istiqamətləri 26 mart 1998-ci ildə qəbul olunmuş Daşkənd Bəyannaməsində öz əksini tapmışdır.

Proqramın iştirakçıları. BMT-nin Avropa üçün İqtisadi Komissiyası (UNECE), BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyası (UNESCAP), Azərbaycan, Qazaxıstan, Tacikistan, Qırğızıstan, Türkmənistan, Özbəkistan və Əfqanıstan.

Proqramın məqsədləri. Region ölkələrinin inteqrasiyasının dəstəklənməsi və dünya iqtisadiyyatına qoşulmalarının təşviqi, prioritetlərin maliyyələşdirilməsinə daxili və xarici resursların cəlb olunması, region ölkələrində BMT-nin Avropa üçün İqtisadi Komissiyasının, Asiya və Sakit Okean regionu üçün İqtisadi və Sosial Komissiyasının standart və normalarının daha fəal tətbiq olunması.

Azərbaycan ilə əməkdaşlıq. Azərbaycan 28-29 noyabr 2002-ci ildə Bişkek şəhərində keçirilmiş Regional Məşvərət Komitəsinin 4-cü sessiyasında Proqrama üzv qəbul edilmişdir. 2006-cı ildə Bakıda Proqramın İdarəetmə Şurasının 1-ci iclası və Biznes-Forum keçirilmişdir. 2007-ci ildə Xarici İşlər və İqtisadi İnkişaf Nazirlikləri tərəfindən irəli sürülmüş Ticarətə Yardım mexanizminə qoşulmaq təşəbbüsü üzrə 1-2 dekabr 2010-cu il tarixlərində Bakı şəhərində Nazirlər Görüşü keçirilmişdir.

2012-ci ilin 26-28 noyabr tarixlərində Taylandın Banqkok şəhərində SPECA-nın İdarəetmə Şurasının 7-ci iclası, o cümlədən Ticarət üzrə Layihə İşçi Qrupunun 7-ci sessiyası və İqtisadi Forum keçirilmişdir.

2013-cü ilin 8-11 iyul tarixlərində İsveçrənin Cenevrə şəhərində SPECA-ya üzv dövlətlərin ticarətə yardım layihəsi barədə tədbir keçirilmişdir. Tədbirdə milli inkişaf fəaliyyət planına baxılmış və 2014-cü il üçün daha təkmilləşmiş formasının hazırlanacağına dair müzakirələr aparılmışdır.

19-22 noyabr 2013-cü il tarixlərində Almatı şəhərində "SPECA həftəsi" çərçivəsində Rəhbər Şuranın 8-ci sessiyasının və SPECA-nın 2013-cü il iqtisadi Forumu keçirilmişdir.

2014-cü ilin 10-12 fevral tarixlərində Ticarət Komitəsinin 6-cı sessiyası, 12-14 fevral tarixlərində isə Cenevrə şəhərində İqtisadi Əməkdaşlıq və İnteqrasiya Komitəsinin 8-ci sessiyası keçirilmişdir.

2015-ci ilin 10-12 noyabr tarixlərində Tacikistanın Düşənbə şəhərində keçirilmiş SPECA-nın İqtisadi Forumu və İdarəetmə Şurasının iclasında iqtisadiyyat və sənaye nazirinin müavininin rəhbərliyi ilə nümayəndə heyətinin iştirakı təmin olunmuşdur.

2016-cı ildə SPECA-ya Azərbaycan sədrlik etmişdir. Sədrlik dövründə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin və BMT-nin Avropa üçün İqtisadi Komissiyasının həmsədrliyi ilə 22-23 noyabr tarixlərində Gəncə şəhərində SPECA-nın İqtisadi Forumu və İdarəetmə Şurasının 11-ci iclası təşkil edilmişdir.

5-6 dekabr 2017-ci il tarixlərində Tacikistanın Düşənbə şəhərində keçirilmiş SPECA İqtisadi Forumu və SPECA İdarəetmə Şurasının 12-ci sessiyasında İqtisadiyyat Nazirliyinin nümayəndələri iştirak etmişdirlər.

 

BMT-nin Avropa üzrə İqtisadi Komissiyası (UNECE)

Ümumi məlumat. BMT-nin Avropa üzrə İqtisadi Komissiyası (UNECE) 1947-ci ildə yaradılmışdır. Mənzil-qərərgahı Cenevrədədir. Məqsədi Pan-Avropa iqtisadi inteqrasiyasının və üzv ölkələr arasında iqtisadi əməkdaşlığın təşviqi, Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması, nəticələrə yönəlmiş layihələrin həyata keçirilməsi.

Azərbaycan ilə əməkdaşlıq. 56 üzvü olan Komissiyaya Azərbaycan 30 iyul 1993-cü ildən üzvdür.

12-14 fevral 2014-cü il tarixlərində Cenevrə şəhərində UNECE-nin İqtisadi əməkdaşlıq və inteqrasiya Komitəsinin 6-cı sessiyasında İqtisadiyyat Nazirliyinin əməkdaşları iştirak etmişdir.

14-16 aprel 2015-ci il tarixlərində Cenevrədə UNECE-nin “Dəyişiklik dövründə davamlı inkişaf üzrə fəaliyyətə hazırlıq” mövzusunda 66-cı sessiyası keçirilmişdir. İclasda İqtisadiyyat və Sənaye Nazirliyinin əməkdaşı iştirak etmişdir.

26-27 oktyabr 2016-cı il tarixlərində Belarus Respublikasının Minsk şəhərində UNECE-nin "2030-cu ilədək UNECE regionunda iqtisadi inteqrasiya və davamlı inkişaf üçün əsasın yaradılması istiqamətində fəaliyyət" adlı beynəlxalq konfransı keçirilmişdir. Tədbirdə iqtisadiyyat nazirinin müavini iştirak etmişdir.

2016-cı ilin 22-23 noyabr tarixlərində UNECE-nin İcraçı katibinin ölkəmizə səfəri olmuşdur. Səfərin əsas məqsədi sözügedən tarixlərdə UNECE və İqtisadiyyat Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilmiş SPECA-nın İqtisadi Forumu və İdarəetmə Şurasının 11-ci iclasında iştirak olmuşdur.

 

BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyası (UNESCAP)

 

Ümumi məlumat. Komissiya 1947-ci ildə yaradılmışdır. Azərbaycan 31 iyul 1992-ci ildən üzvüdür. 53 üzv və 9 assosiativ üzvü var. Təşkilatın məqsədi üzv ölkələr arasında iqtisadi əməkdaşlığın təşviqi, nəticələrə yönəlmiş layihələrin həyata keçirilməsi, texniki yardımların göstərilməsi və potensialın gücləndirilməsindən ibarətdir.

Azərbaycan ilə əməkdaşlıq. Azərbaycan Respublikası mütəmadi olaraq, UNESCAP-ın Asiya və Sakit okean üzrə İqtisadi və Sosial İcmalını hazırlayaraq təşkilata təqdim edir.

6-8 iyul 2010-cu il tarixlərində Bakıda“CAREC” regionunda vahid pəncərənin həyata keçirilməsi seminarı keçirilmişdir.

9 iyul 2010-cu il tarixində Bakıda Vahid pəncərə və biznes prosesinin təhlili üzrə potensialın yaradılması seminarı keçirilmişdir.

24-25 noyabr 2011-ci il tarixlərində Bakıda Mərkəzi Asiyada daşqınların riskinin azaldılması və kəskin hava tədbirləri üçün əməkdaşlıq və məlumat bölgüsü üzrə regional seminarı olmuşdur.

3-4 dekabr 2013-cü il tarixlərində Bakıda Asiya informasiya super magistralı və regional bağlantı üzrə mütəxəssis məsləhətləşməsi keçirilmişdir.

10-11 noyabr 2015-ci il tarixlərində Bakıda UNESCAP-ın “Regiondakı ölkələr üzrə infrastruktur boşluqlarının bağlanılması üçün maliyyə əməkdaşlığının gücləndirilməsi” üzrə İşçi Qrupunda İqtisadiyyat Nazirliyinin əməkdaşının iştirakı olmuşdur.

2-3 fevral 2016-cı il tarixlərində BMT-nin baş katibinin müavini, UNESCAP Baş Katibi Şamşad Axtarın rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri olmuşdur.

5-19 may 2016-cı il tarixlərində Tailand Krallığının Banqkok şəhərində keçirilmiş BMT-nin Asiya və Sakit Okean regionu üzrə İqtisadi və Sosial Komissiyasının 72-ci sessiyasının tədbirlərində iqtisadiyyat nazirinin müavini iştirak etmişdir.

26-30 sentyabr 2016-cı tarixlərində Qazaxıstan Respublikasının Almatı şəhərində keçirilmiş UNESCAP-ın 2-ci sub-regional seminarında İqtisadiyyat Nazirliyinin əməkdaşı iştirak etmişdir.

2017-ci ilin 15-19 may tarixlərində Taylandın Banqkok şəhərində UNESCAP-ın 73-cü sessiyası keçirilmişdir. Tədbirdə ölkəmizi iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova təmsil etmişdir.

21-24 noyabr 2017-ci il tarixlərində Banqkok şəhərində keçirilmiş Asiya və Sakin okean regionunda regional iqtisadi əməkdaşlıq və inteqrasiya üzrə 2-ci Nazirlər Konfransında Nazirliyin nümayəndəsi iştirak etmişdir.

 

← Geriyə