Çıxışlar və müsahibələr

  • Yenilənib 23.10.2012 07:13
  • Yaradılıb 19.09.2012 07:39

"İndiyədək verilmiş güzəştli kreditlər hesabına 100 mindən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur"

 

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) icraçı direktoru cənab Şirzad Abdullayevin "biznesinfo.az" saytına müsahibəsi.

-Şirzad müəllim, SKMF ilin əvvəlindən sahibkarlara 140 mln. manatadək kredit ayırıb. Fond kreditləşmənin səmərəliliyinə hansı formada nəzarət edir?

- "Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi Qaydaları"na, Fondun vəsaitlərindən istifadə edilməsinin şərtləri və müvəkkil kredit təşkilatları ilə bağlanmış müqaviləyə əsasən, verilmiş güzəştli kreditlər üzrə yaranmış öhdəliklərin vaxtında yerinə yetirilməsinə gündəlik nəzarət edilir. SKMF-yə ödənilməli olan kredit və faiz məbləğlərinin müvəkkil kredit təşkilatları ilə dəqiqləşdirilməsi aparılır və onların vaxtında ödənilməsini təmin etmək məqsədi ilə müvəkkil kredit təşkilatları ilə müntəzəm əlaqə saxlanılır.

Verilmiş güzəştli kreditlərin dövriyyəsi ilə bağlı göstəricilərə və vəsaitlərin müvəkkil kredit təşkilatlarının, eləcə də sahibkarlıq subyektlərinin hesabına daxil edilməsinə nəzarət etmək məqsədilə, sözügedən təşkilatların müvafiq sənədləri və ödənilmiş vəsaitlərin rəsmi siyahısı SKMF təqdim edilir, təhlil olunur və məlumat bazasına daxil edilir. Güzəştli kreditlərlə bağlı məlumatların qeydiyyatının və kredit vəsaitlərinin dövriyyəsinə nəzarətin daha səmərəli təşkil edilməsi, müvafiq məlumatların daha çevik əldə olunmasına şərait yaradılması məqsədi ilə "SKMF-nin vəsaitlərinin dövriyyəsinə nəzarət Proqramı" adlı yeni proqram təminatı yaradılmış və fəaliyyət göstərir. Fond vəsaitlərin təyinatı üzrə istifadəsinə nəzarət etmək üçün maliyyələşdirdiyi sahibkarlıq subyektlərində müstəqil monitorinqlər aparır. Ümumiyyətlə, verilmiş güzəştli kreditlər üzrə geri qaytarılmada öhdəliklər əsasən yerinə yetirilir.

-SKMF-dən hansı müddətə kredit almaq olar?
- Fondun onbirillik fəaliyyəti dövründə 14000-dən artıq sahibkarlıq subyektinə 847 milyon manatdan çox güzəştli kredit verilib. Vəsaitlərin 63,1%-i aqrar sahənin inkişafına, o cümlədən 80%-i kənd təsərrüfatı məhsullarının istehsalı və emalına, 20%-i aqrar sahənin inkişafını stimullaşdıran infrastruktur sahələrinin (taxıl anbarları və soyuducu anbar komplekslərinin) yaradılmasına ayrılıb. İndiyədək verilmiş güzəştli kreditlər hesabına 100 mindən çox yeni iş yerinin yaradılması nəzərdə tutulub.

Fondun vəsaiti hesabına güzəştli kredit alınması, sahibkarlıq subyektlərinin müvəkkil kredit təşkilatlarına müraciət etdiyi tarixdən maksimum 25 gün ərzində mümkündür. Əksər hallarda layihələrə qısa müddət ərzində baxılır. SKMF-nin vəsaitlərinin daha çox yönəldiyi istiqamətlərdən biri aqrar sektordur və bu sahədə bir çox işlərin görülməsi mövsümi xarakter daşıdığından, ilin müəyyən vaxtlarında həyata keçirilir, ona görə də sahibkarların həmin dövrlərdə güzəştli kredit vəsaiti cəlb etmələri daha qısa müddət tələb edir. Qeyd edilən amilləri nəzərə alınaraq, istər layihələrə baxılması, istərsə də kreditin alınması müddətləri daha da minimallaşdırılır.

Hazırda Fond güzəştli kreditlərinin sahibkarlıq subyektlərinə çatdırılmasında 43 müvəkkil kredit təşkilatının, o cümlədən 30 bank, 1 bank olmayan kredit təşkilatı və 12 kredit ittifaqının xidmətlərindən istifadə edir. Regionlarda Fondla əməkdaşlıq edən müvəkkil kredit təşkilatlarının 600-ə yaxın filialları fəaliyyət göstərir və kreditlərin verilməsində bu filiallar yaxından iştirak edir.

-Güzəştli kredit almaq üçün hansı prosedurları keçmək lazımdır?

- Güzəştli kredit almaq üçün sahibkarlıq subyektləri, ilkin olaraq, müvəkkil kredit təşkilatlarına müraciət edirlər. Onların müraciətləri qeydiyyata alınır və sahibkarlara qeydiyyatı təsdiq edən müvafiq sənəd təqdim edilir. Müvəkkil kredit təşkilatları sərmayə layihələrini 10 bank günündən gec olmayaraq təhlil edir, müsbət qiymətləndirdiyi layihələrə dair məlumat və sənədləri Fonda təqdim edir. Sərmayə layihəsi mənfi qiymətləndirilən sahibkarlıq subyektlərinə müvəkkil kredit təşkilatları tərəfindən 3 bank günü müddətində əsaslandırılmış imtina məktubu verilir.

Fond 10 bank günü müddətində güzəştli kredit hesabına maliyyələşdirilmək üçün təqdim olunmuş layihələri ekpertizadan keçirir və kiçik həcmli kreditlər istisna olmaqla, müvəkkil kredit təşkilatlarının təqdim etdiyi sərmayə layihələrinin yerində ilkin monitorinqini həyata keçirir. Ekspertizanın nəticəsindən asılı olaraq, Fond, müraciətlərin təmin olunması və ya onlardan imtina edilməsi barədə müvəkkil kredit təşkilatına rəsmi məlumat verir.

Sahibkarlıq subyektləri ilə kredit müqaviləsi bağlandıqdan sonra, müvəkkil kredit təşkilatları tərəfindən Fonda kredit vəsaitinin ayrılması barədə sifariş göndərilir. Fond vəsaitlərin 3 bank günü ərzində müvəkkil kredit təşkilatlarına ayrılmasını təmin edir. Ayrılmış vəsait müvəkkil kredit təşkilatının müxbir hesabına daxil olduqdan sonra, 2 bank günü ərzində sahibkarlıq subyektinin hesabına köçürülür və bu barədə Fonda və sahibkarlıq subyektinə məlumat verilir.

-SKMF-dən kredit alınmasına nail olmaq üçün sahibkarlar birinci növbədə nəyə fikir verməlidirlər?
- Sahibkarlıq subyektləri tərəfindən müvafiq bazar araşdırmasının aparılması, istehsal olunacaq məhsulun satışının təşkili, istehlakçının tələbinin öyrənilməsi, mənfəət əldə edilməsi və davamlı istehsal prosesinə nail olmaq vacib məsələlərdəndir. Bundan başqa, sahibkar kredit götürəcəyi müvəkkil kredit təşkilatını inandırmalıdır ki, onun şəffaf biznes tarixi vardır və layihənin həyata keçirilməsində hər hansı nöqsana yol verməyəcəkdir. Yəni, kredit vəsaitinin qaytarılması və layihənin uğurla həyata keçirilməsi qarşıya qoyulmuş əsas məqsəddir.

Son illər ərzində SKMF tərəfindən respublika iqtisadiyyatının qeyri-neft sektoru üçün xüsusilə önəmli olan, müasir texnologiyaların tətbiqinə əsaslanan, ümumi dəyəri 942,5 milyon manatadək, ümumi kredit tələbatı 459,5 milyon manat olan 220 sərmayə layihəsinin maliyyələşdirilməsinə 419,1 milyon manat güzəştli kredit verilib. Bu müəssisələrdən 134-ü istifadəyə verilmiş, digər 86 müəssisə üzrə isə tikinti-quraşdırma işləri aparılır.

-2012-ci ildə SKMF sahibkarlığın kreditləşməsinə fəaliyyət müddəti ərzində rekord məbləğ - 200 mln. manat yönəltməyi planlaşdırır. Bu artımın səbəbləri nədən ibarətdir?
- Fond tərəfindən regionlarda və Bakı şəhərinin qəsəbələrində "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda keçirilən tədbirlərlə bağlı KİV-də lokal xarakterli elanların verilməsi kreditlərin daha da səmərəli istifadəsinə həvəsləndirmiş , eyni zamanda, güzəştli kreditlərə olan tələbatın artmasına təsir göstərmişdir.

Ötən il sahibkarlıq subyektlərinə verilmiş güzəştli kreditlər (138 mln. manat) 2010-cu ildəkindən (115 mln. manat) 20% (23 mln. manat) çox olub.
Bununla yanaşı, 2012-ci ilin birinci yarım ili ərzində 1235 sahibkarlıq subyektinə 110 milyon manatadək güzəştli kredit ayrılıb və bu kreditlər hesabına 4600-dək yeni iş yerinin yaradılması nəzərdə tutulub. 2012-ci ilin birinici yarımilliyi ərzində sahibkarlıq subyektlərinə verilmiş güzəştli kreditlər ötən ilin müvafiq dövrü ilə müqayisədə (71 939.5 min manat) 52,9 % çox olub. Bundan əlavə, 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə maliyyələşdirilmiş sərmayə layihələrinin sayı 50,1%, yeni yaradılacaq iş yerlərinin sayı isə 35,5% artıb.

 

← Geriyə