Çıxışlar və müsahibələr

  • Yenilənib 11.02.2015 12:51
  • Yaradılıb 11.02.2015 12:49

Biznes inkubator - hər şey ideyanın formalaşdırılması üçündür

 

Azərbaycanda sahibkarlığın inkişafı ölkə iqtisadiyyatının prioritet istiqamətlərindəndir. Bu gün istər ölkə ÜDM-də, istərsə də məşğulluğun təmin edilməsində özəl sektor mühüm rol oynayır. Dövlət tərəfindən sahibkarlığın inkişafına sistemli dəstək tədbirləri göstərilir, biznes və investisiya mühiti yaxşılaşdırılır, bu sahədə hüquqi baza gücləndirilir. Məhz məqsədyönlü siyasətin nəticəsidir ki, hazırda ölkəmizdə və xaricdə həyata keçirilən layihələrdə uğurla iştirak edən, iqtisadiyyatın inkişafına töhfə verən güclü sahibkarlar təbəqəsi formalaşmışdır.
Bu gün dövlət yalnız sahibkarlığın inkişafına dəstək göstərmək, bu sahədə müxtəlif mexanizmlər tətbiq etməklə kifayətlənmir, həm də sahibkarların maarifləndirilməsində, gənclərin sahibkarlıq fəaliyyətinə cəlb edilməsində yaxından iştirak edir. Zəruri bilik və bacarıqlara malik, yerli və xarici qanunvericiliyə lazımi səviyyədə yiyələnmiş gənc sahibkarlar isə fəaliyyətlərində daha çox uğur qazanırlar.
İqtisadiyyat və Sənaye Nazirliyinin Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində fəaliyyət göstərən biznes inkubator da məhz bu məqsədə — gənc sahibkarların hazırlanmasına xidmət edir. 2014-cü il sentyabrın 10-da fəaliyyətə başlamış biznes inkubatorda turizm, istehsal, kənd təsərrüfatı və xidmət sahələrində 20 gənc sahibkar kimi hazırlanır. Gənclərin bu sahələri seçməsi və biznes inkubatorda ilkin olaraq bu istiqamətlər üzrə sabibkarların hazırlanması heç də təsadüfi deyildir. Bildiyiniz kimi, iqtisadiyyatın diversifikasiyası və qeyri-neft sektorunun inkişafı Azərbaycan iqtisadiyatının prioritet istiqamətidir, turizm, kənd təsərrüfatı, istehsal və xidmət sahələrində ölkəmiz böyük potensiala malikdir. Kənd təsərrüfatı sahəsində Azərbaycanın malik olduğu zəngin ənənələr, təcrübəli işçi qüvvəsi və əlverişli torpaq iqlim şəraiti, bu sahənin inkişafına göstərilən dövlət dəstəyi gənc sahibkarlar üçün aqrar sektoru maraqlı etməyə bilməzdi. Turzim və xidmət sektoru da son dövrlər sürətlə inkişaf edir, paytaxt Bakıda və regionlarda yeni otellər, istirahət-əyləncə mərkəzləri yaradılır, bu sahədə xidmət günün tələblərinə uyğun inkişaf edir, yenilənir.
Üstəlik Azərbaycanda dörd mövsüm turizm üçün həm gözəl təbiət və iqlim şəraiti, həm də lazımi infrastruktur mövcuddur.
Ancaq gələcəkdə iqtisadiyyatın digər sahələrində də sahibkar kimi özünü sınamaq istəyən və bu sahədə öz biznes ideyasını reallaşdırmaq arzusunda olan potensial sahibkarlar da biznes inkubatora müraciət edə bilərlər. Onlara da biznes inkubatorun mütəxəssisləri tərəfindən hər cür dəstək göstəriləcəkdir.
Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində gələcəkdə sahibkarlıq fəaliyyəti ilə məşğul olacaq gənclər üçün hər cür şərait yaradılıb. Mərkəzin 2 mərtəbəsində fəaliyyət göstərən biznes inkubator üçün ayrılmış otaqlar müasir tələblərə cavab verən ofis avadanlıqları ilə təchiz olunub, zəruri metodiki vəsaitlərlə təmin edilib. İş qalır yalnız biznes inkubatorda hazırlıq keçən gənclərin burada yaradılmış əlverişli şəraitdən istifadə edərək özünü gələcəkdəki işgüzar mühitə hazırlamağına. Bu işdə isə onlara İqtisadiyyat və Sənaye Nazirliyinin, Bakı Biznes Tədris Mərkəzinin əməkdaşları və digər təcrübəli ekspert və mütəxəssislər kömək edirlər. Burada gənclərə sahibkarlıq fəaliyyətinə başlamaq üçün nəzəri və praktik məlumatlar verilir, biznesin planlaşdırılması və idarə edilməsi, investisiya layihələrinin və biznes planların hazırlanması, marketinq araşdırmalarının aparılması, sərgilərin təşkili, potensial biznes tərəfdaşlarla əlaqələrin qurulması və digər məsləhət xidmətləri göstərilir. Yerli mütəxəssislərlə yanaşı, gələcəkdə biznes inkubatorda xarici ekspertlərin fəaliyyəti də nəzərdə tutulur və bu sahədə müvafiq danışıqlar aparılır. Bundan başqa, biznes inkubator iştirakçıları fəaliyyət göstərdikləri sahələr üzrə gələcəkdə xarici ölkələrin müəssisələrində ixtisasartırma keçəcək, onlara xarici tərəfdaşların tapılmasında dəstək göstəriləcəkdir. Qeyd etmək istəyirəm ki, İqtisadiyyat və Sənaye Nazirliyinin bu sahədə kifayət qədər təcrübəsi var. Artıq bir neçə ildir ki, Almaniya-Azərbaycan ikitərəfli Proqramı çərçivəsində sahibkarlar və gənc menecerlər Almaniyaya ixtisasartırma kurslarına göndərilir. Təkcə 2009-2014-cü illərdə 220 sahibkar və gənc menecer Almaniyanın müxtəlif şəhərlərində ixtisasartırma kursu keçmişdir.
Biznes inkubator Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış müvafiq tədris plan və proqramları, eləcə də zəruri metodiki vəsaitlərlə təmin olunmuşdur.
Biznes inkubatorun iştirakçısı olmaq və onun imkanlarından yararlanmaq elə də çətin deyil. Belə ki, biznes inkubatora iştirakçıların seçilməsi üçün mütəmadi olaraq Bakı Biznes Tədris Mərkəzi tərəfindən KİV-də elanlar verilir. Bu sahədə şəffaflığın təmin edilməsi, eləcə də maraqlı tərəflərin məlumatlandırılması üçün seçim prosesinin gedişi mətbuatda geniş işıqlandırılır. Biznes inkubatorun ilk iştirakçılarının seçilməsi prosesi də bu baxımdan diqqəti cəlb edir. Belə ki, 2014-cü ilin iyul ayında İqtisadiyyat və Sənaye, Gənclər və İdman nazirliklərinin, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndələrindən ibarət komissiya tərəfındən Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində fəaliyyət göstərən biznes inkubatorun ilk iştirakçıları seçilmişdir. Seçim nəticəsində 20 gənc biznes inkubatorun iştirakçısı olmaq hüququ qazanmışdır.
Artıq biznes inkubatorun fəaliyyətinin birinci mərhələsi başa çatmışdır. Belə ki, biznes inkubatorun ilk iştirakçısı olmuş 20 gəncin biznes-ideyalarının yaradılması və işlənməsi məqsədi ilə onlara 2014-cü ilin sentyabr-dekabr ayları ərzində biznesin əsasları, təşkili və idarə edilməsi, biznesin planlaşdırılması, logistika, biznesin sığortalanması, elektron xidmətlər, layihələrin idarə edilməsi və s. istiqamətlərdə müvafıq biliklər verilmişdir.
2015-ci ilin yanvar ayından isə biznes inkubatorun fəaliyyətinin ikinci mərhələsinə, yəni biznes-ideyaların həyata keçirilməsi, 20 gənc biznes inkubator iştirakçısının öz biznesinin yaradılması məqsədi ilə 8 ay müddətində məsləhət xidmətlərinin göstərilməsinə start verilmişdir.
Ümumiyyətlə, biznes inkubator modeli və onun fəaliyyət prinsipi çox sadədir—hər şey bir ideyanın formalaşdırılması üçündür. Bunu nəzərə alaraq Bakı Biznes Tədris Mərkəzi 2014-cü ilin dekabrında Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində fəaliyyət göstərən biznes inkubator iştirakçıları arasında ən yaxşı biznes ideyaların müəyyən edilməsi məqsədi ilə müsabiqə elan edib. "İdeyadan biznesə doğru" adlı müsabiqədə iştirak etmək üçün biznes planların qəbulu yanvar ayında da davam etdirilib. Müsabiqənin başlıca məqsədi biznes inkubator iştirakçılarının sahibkarlıq təşəbbüslərinin dəstəklənməsi, yeni biznes və məşğulluq imkanlarının yaradılması, gənc sahibkarlara göstərilən dövlət dəstəyinin gücləndirilməsi, daha perspektivli və innovativ biznes ideyaların müəyyən edilməsi və onların həyata keçirilməsinin stimullaşdırılmasıdır. Müsabiqəyə kənd təsərrüfatı, turizm, kommersiya və s. sahələr üzrə 16 biznes ideya təqdim olunub. Yanvarın 30-da Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində İqtisadiyyat və Sənaye Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin biznes inkubator iştirakçıları arasında elan etdiyi "İdeyadan biznesə doğru" müsabiqəsinin yekunlarına dair tədbir keçirilmiş, qaliblər mükafatlandırılmışdır. İnanırıq ki, bu layihələr kommersiya uğuruna və yeniliklərin inkişafına töhfə verəcəkdir.
Qeyd edək ki, Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən biznes inkubator yalnız sahibkarlığın inkişafına, xüsusilə gənclərin sahibkarlıq fəaliyyətinə cəlb edilməsinə xidmət etmir, həm də innovativ və perspektivli biznes sahələrinin inkişafına, regionda məşğulluğun artırılmasına öz töhfəsini verir.
Gələcəkdə digər iqtisadi rayonlarda, eləcə də Balaxanı Sənaye Parkında, Sumqayıt Kimya Sənaye Parkında, Aran Regional İnkişaf Mərkəzində və s. biznes inkubatorların yaradılması nəzərdə tutulur.

 

Akif FƏRRUXOV,
İqtisadiyyat və Sənaye Nazirliyinin
Bakı Biznes Tədris Mərkəzinin direktoru

 

← Geriyə