Çıxışlar və müsahibələr

  • Yenilənib 01.04.2014 09:06
  • Yaradılıb 01.04.2014 09:06

Azərbaycan şirkətlərinin əlaqələri genişlənir

 

Son illərdə ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühiti ölkədə iqtisadi fəallığın artmasına, yerli və xarici kapitallı müxtəlif müəssisələrin yaradılmasına, Azərbaycana investisiya qoyuluşunun çoxalmasına səbəb olmuşdur. Təbii ki, bütün bu uğurların əldə edilməsində müvafiq dövlət dəstəyi mexanizmləri və institutları (AZPROMO, Azərbaycan İnvestisiya Şirkəti, Sahibkarlığa Kömək Milli Fondu və s.) da əhəmiyyətli rol oynayır.
2003-cü ildə ölkənin ixrac qabiliyyətinin artırılması və xarici investisiyaların cəlb edilməsi məqsədilə yaradılmış Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) yerli sahibkarların istehsal etdiyi məhsulların ixrac potensialının artırılmasında, investisiya imkanlarının genişləndirilməsində, potensial tərəfdaşların tapılmasında və birgə əməkdaşlıq layihələrinin həyata keçirilməsində, iş adamlarının ixracla bağlı biliklərinin artırılmasında sahibkarlara yaxından dəstək göstərir.

 

Ötən il 277 tədbir keçirilmişdir
Ötən 2013-cü il də Azərbaycanın ixrac və investisiya imkanlarının təşviqi, yerli şirkətlərin biznes əlaqələrinin daha da genişləndirilməsi və ölkəmizin investisiya imkanlarının təbliği baxımından əhəmiyyətli illərdən olmuşdur. Belə ki, ötən il AZPROMO tərəfindən ölkəmizdə və xaricdə kənd təsərrüfatı və ərzaq sənayesi, tikinti, İKT, maliyyə və investisiya, ticarət, təhsil, səhiyyə və əczaçılıq, konsaltinq, turizm, nəqliyyat, logistika, sənaye, alternativ enerji, tullantıların idarə edilməsi, səhiyyə və s. sahələrdə fəaliyyət göstərən 5000-ə yaxın yerli və xarici iş adamlarının iştirakı ilə 277 tədbir keçirilmişdir.
Heç şübhəsiz yerli məhsulların ixracının və ölkə xaricində satışının təşviqi Fondun fəaliyyətinin başlıca istiqamətlərindəndir. Qeyd olunanları nəzərə alaraq, AZPROMO-nun dəstəyi və təşkilatçılığı ilə ötən ildə bir sıra beynəlxalq tədbirlər təşkil olunmuş və bu tədbirlərdə yerli şirkətlərin iştirakı təmin edilmiş və yerli məhsullar nümayiş etdirilmişdir.
Yerli məhsulların nümayiş etdirildiyi sərgilər ticarət əlaqələrinin genişləndirilməsi, iş adamları arasında ünsiyyətin qurulması və əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətli, yeni tərəfdaşların tapılması, istehsalın genişləndirilməsi və müəssisələrin imicinin formalaşdırılması baxımından faydalıdır.
AZPROMO-nun təşkilatçılığı ilə 2013-cü ildə ölkəmizin biznes və investisiya imkanları Berlində "Beynəlxalq Yaşıl Həftə - 2013" sərgisində, Fransanın Muluz şəhərində "FestiVitas" Beynəlxalq Şərab-Turizm Sərgisində, Fransanın Paris şəhərində 50-ci "Beynəlxalq kənd təsərrüfatı sərgisi" ində və Birləşmiş Ərəb Əmirliklərində 3-cü İllik İnvestisiya Toplantısı çərçivəsində təşkil olunmuş sərgidə təqdim olunmuşdur. Minlərlə insanın ziyarət etdiyi nüfuzlu beynəlxalq sərgilərdə Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində qazanılmış uğurlar, ölkəmizin biznes və investisiya imkanları barədə məlumat verilmiş, həmçinin kənd təsərrüfatı sahəsində istehsal olunan rəqabətqabiliyyətli məhsullar nümayiş olunmuşdur. Bu sərgilər çərçivəsində həmçinin, bir sıra mədəni tədbirlər keçirilmiş, ziyarətçilərə ölkəmiz haqqında müxtəlif çap materialları, jurnallar, broşurlar və disklər paylanmışdır. Böyük məmnunluq hissi ilə qeyd olunmalıdır ki, Azərbaycan şirkətlərinin təmsil olunduğu belə sərgilərin sayında artım müşahidə edilir və digər pavilyonlarla müqayisədə ölkəmizin pavilyonu özünəməxsus milli üslubu və eyni zamanda müasirliyi özündə əks etdirməsi, məhsulların çeşidi baxımından zənginliyi, dizayn fərqliliyi ilə seçilir və ziyarəçilər tərəfindən maraqla qarşılanır.

 

Azərbaycan xarici investorların diqqət mərkəzində
Xarici investisiyaların ölkə iqtisadiyyatının qeyri-neft sektoruna cəlb edilməsi istiqamətində AZPROMO tərəfindən həyata keçirilən tədbirlər 2013-cü ildə də uğurla davam etdirilmişdir. Azərbaycanın regionda investisiyalar üçün ən cəlbedici məkan kimi təşviq edilməsi, xarici sahibkarlara Azərbaycanda biznesin qurulması və inkişaf etdirilməsi üzrə xidmətlərin göstərilməsi, ölkəmizin investisiya imkanlarının potensial xarici investorlara çatdırılması, investisiyaların cəlb edilməsi üzrə ən qabaqcıl ölkələrin təcrübəsinin öyrənilməsi və bunun əsasında ölkəmizdə investisiya mühitinin təkmilləşdirilməsinə dair təkliflərin hazırlanması və ümumilikdə AZPROMO-nun qarşısında duran bu kimi digər zəruri vəzifələr xarici sərmayələrin ölkə iqtisadiyyatına cəlb edilməsini təmin etmək baxımından əhəmiyyətlidir.
Təşkil olunmuş tədbirlərdə həmçinin qeyri-neft sektorunun prioritet istiqamətlərindən hesab olunan kənd təsərrüfatı və qida sənayesi, turizm, alternativ enerji, kimya sənayesi, maşınqayırma və s. sahələr üzrə davamlı aparılmış araşdırmaların nəticələri, bu sahələrdə həyata keçirilən dövlət proqramları, dövlət maliyyə dəstəyi və mövcud güzəşt mexanizmləri təqdimat və kitabçalar şəklində iş adamlarına təqdim olunur. Artıq 4-cü ildir ki, hər il yerli iş adamları tərəfindən təqdim olunan və ölkə iqtisadiyyatının müxtəlif sahələrini əhatə edən investisiya layihələrini və xarici sərmayələr üçün prioritet istiqamətləri özündə əks etdirən "İnvestisiya Layihələri Toplusu" hazırlanır. Toplunun yenilənməsi məqsədilə qeyri-neft sektorunun inkişaf etdirilməsi və potensial xarici investorlara göndərilməsi üçün sahibkarlıq subyektlərindən xarici investisiyaların cəlbi üçün nəzərdə tutulmuş layihələrin qəbulu ilə bağlı elanlar, İqtisadiyyat və Sənaye Nazirliyinin və AZPROMO-nun internet səhifələrində, müxtəlif KİV-lərdə yerləşdirilir. Sahibkarlıq subyektlərindən və müvafiq dövlət orqanlarından qəbul olunmuş, xarici investisiyaların cəlbi üçün nəzərdə tutulmuş, kənd təsərrüfatı, turizm, alternativ enerji, qida sənayesi, maşınqayırma, yüngül sənaye və digər sahələri əhatə edən 700 milyon ABŞ dolları dəyərində 49 layihədən ibarət "İnvestisiya Layihələri Toplusu" AZPROMO tərəfindən yenilənmişdir.
2013-cü ildə AZPROMO ilə Sloveniyanın Sahibkarlıq, İnnovasiya, İnkişaf və Turizm üzrə İctimai Agentliyi, Çinin Beynəlxalq Ticarətin Təşviqi Şurası, Qazaxıstanın Manqistau əyalətinin Akimliyi, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Biznes Şurası və İtaliyanın İCE təşkilatı ilə qarşılıqlı əməkdaşlıq haqqında anlaşma memorandumları imzalamışdır. Bundan əlavə, "Aktau – İstehsal və Logistika Mərkəzi" layihəsi üzrə AZPROMO, "Azərsun" və "Morport Aktau" Xüsusi İqtisadi Zonası Səhmdar Cəmiyyəti arasında, həmçinin Türkdilli ölkələrin illik toplantısı çərçivəsində AZPROMO, Qazaxıstanın İxrac və İnvestisiya Milli Agentliyi, Qırğızıstanın İqtisadiyyat Nazirliyi və Türkiyə Cumhuriyyətinin Baş naziri yanında İnvestisiyalara Dəstək və Təşviq Agentliyi arasında dördtərəfli anlaşma memorandumları imzalamışdır.
2013-cü il ərzində 54 xarici şirkətin (Danimarka, Almaniya, Polşa, Pakistan, Çin, İspaniya, İtaliya, Sloveniya, Cənubi Afrika, Portuqaliya, Hindistan, Cənubi Koreya, Türkiyə, Qətər, Fransa, BƏƏ, Banqladeş, Rusiya, ABŞ, Hollandiya, Yunanıstan, Böyük Britaniya, Macarıstan) Azərbaycanda biznes mühiti, investisiya imkanları, prioritet iqtisadi səhələr, investisiya layihələri, yerli şirkətlər, qanunvericilik, vergi rejimi, gömrük rüsumları və digər bu kimi mövzulara dair sorğuları cavablandırılmış, onların əlaqədar dövlət orqanları və müvafiq sektorlarda fəaliyyət göstərən yerli şirkətlərlə görüşləri təşkil olunmuşdur.
Bundan başqa, AZPROMO Avropa Azərbaycan Cəmiyyəti (TEAS), Dünya Bankı, İslam İnkişaf Bankı, Türkiyənin İnvestisiyalara Dəstək və Təşviq Agentliyi (ISPAT), İnvestesiyaların Təşviqi Agentliklərinin Ümumdünya Assosiasiyası (WAIPA) və Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti (GİZ) təşkilatı ilə əlaqələrini daha da genişləndirmiş, bu qurumlarla birgə bir sıra tədbirlər və layihələr həyata keçirmişdir.
Azərbaycanın dünyada nüfuzunun davamlı olaraq artması, yerli iş adamlarının biznes əlaqələrinin genişləndirilməsi, eləcə də ölkə iqtisadiyyatına artan marağı nəzərə alaraq AZPROMO xarici ölkələrdəki nümayəndəliklərinin sayını artırmağa davam edir. Hazırda, 8 ölkədə (ABŞ, Gürcüstan, Avstriya, Almaniya, BƏƏ, Rumıniya, Böyük Britaniya, Qazaxıstan) AZPROMO-nun nümayəndəlikləri fəaliyyət göstərir və gələcəkdə onların sayının daha da artırılması nəzərdə tutulub. Bundan əlavə, AZPROMO 34 ölkənin 53 təşkilatı ilə əməkdaşlıq haqda Anlaşma Memorandumları imzalamışdır.

 

"Made in Azerbaijan" brendi geniş təbliğ olunur
Son zamanlar "Made in Azerbaijan" brendinin formalaşdırılması və inkişafı sahəsində kompleks və sistemli tədbirlər görülür. "Made in Azerbaijan" brendinin dünya bazarına çıxarılması və təbliği həm dövlət qurumlarından, həm də özəl sektordan birgə fəaliyyət tələb edir. AZPROMO da öz səlahiyyətləri çərçivəsində bu istiqamətdə müvafiq tədbirlər həyata keçirir. Belə ki, 2013-cü ildə Azərbaycanda istehsal olunan məhsulların və "Made in Azerbaijan" brendinin tanıdılması istiqamətində AZPROMO tərəfindən ixrac qabiliyyətli yerli məhsulların təşviqi, ixracatçılara yeni bazarların və alıcıların tapılmasında dəstək göstərilmişdir. Həmçinin, yerli şirkətlərə "GSP" və "GSP+" sistemi, ixrac zamanı logistik prosedurlar, markalanma və kodlaşma, standartlar haqqında məlumat və məsləhətlər verilmişdir. Bu məqsədlə Avropa İttifaqı və Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti (GİZ) təşkilatının texniki dəstəyi ilə AZPROMO tərəfindən "İxracatçılar üçün təlimat kitabı" çap olunaraq iş adamlarına təqdim olunmuşdur. Bundan başqa, yeni bazarların və alıcıların tapılmasında dəstək göstərilməsi istiqamətində yerli şərab ixracatçıları üçün Yaponiya və Çinin şərab bazarlarına dair hesabat hazırlanmışdır.
İxrac xidmətləri, xarici ölkələrlə iqtisadi münasibətlər, ixraca dair qanunvericilik və yenilikər, AZPROMO-nun yerli iş adamlarına göstərdiyi ixrac xidmətləri, müxtəlif məhsullar üzrə ixrac prosedurları, qablaşdırma və etiketlənmə üzrə ümumi tələblər, İNCOTERMS 2010, Avropa Birliyinə ixrac, biznes təklifləri və sərgilər bölmələrindən ibarət AZPROMO-nun "İxrac Büllleteni"nin 3 nömrəsi nəşr edilmiş, 200-dən artıq şirkətə və müvafiq təşkilatlara göndərilmiş, kütləvi istifadə üçün İqtisadiyyat və Sənaye Nazirliyi və AZPROMO-nun internet səhifələrində yerləşdirilmişdir.
Yerli şirkətlərlə yanaşı, AZPROMO tərəfindən Azərbaycana müxtəlif məhsullar ixrac edən xarici şirkətlərə ölkəmizdəki müvafiq qanunvericilik, ixrac prosedurları haqqında məlumatlar verilmiş, onlara yerli şirkətlərlə ixrac sahəsində əməkdaşlıq etməyə dəstək göstərilmişdir.

 

AZPROMO tərəfindən görülmüş təşviqat işləri
AZPROMO-nun fəaliyyətinin əsas istiqamətlərindən biri də Azərbaycanda mövcud əlverişli investisiya mühiti və biznes imkanları, ölkə iqtisadiyyatının inkişaf meylləri, habelə müxtəlif sektorlarda investisiya imkanlarını əks etdirən məlumatların xarici investorlara və yerli ixracatçılara çatdırılmasıdır. Fond tərəfindən Azərbaycanın investisiya mühiti, biznes imkanları, biznes qurmaq üçün mövcud qanunvericilik bazası, ölkəmizin əsas makroiqtisadi göstəriciləri və investisiya layihələri ilə bağlı 6 kitabça çap olunmuş və müxtəlif tədbirlərdə paylanmışdır. Ümumilikdə, ötən il yerli və xarici iş adamlarına 5000-dən artıq təşviqat materialları təqdim edilmişdir.
Potensial investorlara, xarici və yerli iş adamlarına Azərbaycanın iqtisadiyyatı, biznes mühiti, müxtəlif sektorlarda mövcud investisiya və ixrac imkanları və s. məlumatlardan ibarət AZPROMO-nun "www.azpromo.az" internet səhifəsi yenilənmişdir.
AZPROMO ilə Böyük Britaniyanın nüfuzlu "Business New Europe" (BNE) jurnalı arasında imzalanmış Anlaşma Memorandumuna əsasən "Invest in Azerbaijan" adlı aylıq bülletenin buraxılışları hazırlanaraq xarici iş adamları, xarici ticarət və sənaye palataları, investisiyaların təşviqi agentliklərindən ibarət geniş auditoriyaya paylanmışdır.
Fond yerli sahibkarların istehsal etdiyi məhsulların ixrac potensialının artırılması, investisiya imkanlarının genişləndirilməsi, potensial tərəfdaşların tapılması, birgə əməkdaşlıq layihələrinin həyata keçirilməsi, ixrac və alqı-satqı proseduraları barədə iş adamlarının məlumatlandırılması və maarifləndirilməsi üçün müxtəlif tədbirlər, o cümlədən seminarlar, treninqlər keçirir. Müxtəlif biznes forum, konfrans, ikitərəfli görüşlər və dəyirmi masalarla yanaşı, yerli şirkətlər üçün 6 (ABŞ-a İxrac imkanları barədə" seminar, Zaqatala şəhərində "Bazar Tədqiqatları" üzrə treninq, İxracatçı şirkətlər üçün "Bazar Tədqiqatları" mövzusunda seminar, "İxracatçılar üçün Təlimat Kitabı"ına dair təqdimat, Mingəçevirdə fəaliyyət göstərən sahibkarların AZPROMO-nun fəaliyyəti haqqında məlumatlandırılmasına dair keçirilmiş görüş təşkil edilmişdir. Bu tədbirlər zamanı yerli şirkətlərə beynəlxalq ticarət qaydaları və standartlar, ixrac zamanı tələb olunan sertifikatlar, loqistika, həmçinin məhsulların qablaşdırılması və s. mövzularda məlumatlar verilmiş, praktiki məşğələlər keçirilmişdir.
AZPROMO 2014-cü və növbəti illərdə də Azərbaycanın biznes və investisiya imkanlarının təbliği, yerli və xarici iş adamları arasında əlaqələrin genişləndirilməsi istiqamətində fəaliyyətini davam etdirəcək, iş adamlarına potensial tərəfdaşların tapılmasında və birgə əməkdaşlıq layihələrinin həyata keçirilməsində dəstək göstərəcəkdir.

 

Rüfət Məmmədov
Azərbaycanda İxracın və İnvestisiyaların
Təşviqi Fondunun (AZPROMO) rəhbəri

 

← Geriyə