Xəbərlər

  • Yenilənib 22.10.2021 11:30
  • Yaradılıb 21.10.2021 10:00

“Azərtütün” ASC-nin özəlləşdirilməsinə dair investisiya müsabiqəsi elan edilib

 

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na və “İnvestisiya müsabiqəsinin keçirilməsi Qaydaları”na uyğun olaraq, “Azərtütün” Açıq Səhmdar Cəmiyyətinin (ASC) özəlləşdirilməsinə dair investisiya müsabiqəsi elan edib.

Zaqatala rayonu, Yuxarı Tala kəndində yerləşən “Azərtütün” ASC-nin özəlləşdirilməsi üzrə investisiya müsabiqəsində ümumi nominal dəyəri 17.281.464 manat olan 8.640.732 səhmi satışa çıxarılıb. Müəssisənin 1.644.616 manat öhdəlikləri və 63.360 manat debitor borcları var. Bu müəssisənin özəlləşdirilməsi üzrə keçiriləcək investisiya müsabiqəsində iştirak etmək üçün iddiaçılar investisiya qoyuluşunun istiqamətləri, məbləği və müddəti göstərilməklə ümumi həcmi 8.000.000 manatdan az olmayan investisiya proqramı təqdim etməli, yeni iş yerlərinin yaradılması, istehsal prosesinə müasir texnologiyaların tətbiqi, məhsul çeşidinin genişləndirilməsi ilə bağlı təkliflərini verməlidir.

Müsabiqə qalibi Səhmdar Cəmiyyətin səhmlərinin alınmasına görə dövlət büdcəsinə 6.300.000 manatdan az olmayan məbləğdə vəsaitin köçürülməsini təmin etməlidir.

İnvestisiya müsabiqənin qalibi nəticələr haqqında protokol təsdiq olunduğu tarixdən 30 gün müddətində Səhmdar Cəmiyyətin səhmlərinin alqı-satqı müqaviləsini imzalamalı, imzalandığı tarixdən 30 gün müddətində təklif etdiyi pul vəsaitini dövlət büdcəsinə köçürməli, ümumilikdə müqavilə ilə müəyyən olunan şərt və öhdəlikləri yerinə yetirməlidir.

Müsabiqədə Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri ilə yanaşı, xarici investorlar da iştirak edə bilərlər.

İnvestisiya müsabiqəsinə çıxarılan dövlət əmlakı ilə aşağıdakı link vasitəsilə tanış olmaq olar: https://bit.ly/3lICGrF 

İddiaçıların ərizə və təkliflərinin qəbulu 17 noyabr 2021-ci il tarixinədək iş günləri saat 10:00-dan 17:30-dək Əmlak Məsələləri Dövlət Xidmətində (ünvan: Bakı şəhəri, Y.Səfərov küçəsi, 50) aparılacaqdır.

Komissiya tərəfindən müsabiqə təkliflərinin qiymətləndirilməsi İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin inzibati binasında 18 noyabr 2021-ci il, saat 11:30-dan başlayaraq həyata keçiriləcəkdir.

← Geriyə