Xəbərlər

  • Yenilənib 29.01.2021 12:39
  • Yaradılıb 28.01.2021 18:50

Azərbaycanın Rusiya regionları ilə əməkdaşlığına dair forum keçirilib

Kaluqa vilayətində yerləşən "Etnomir" etnoqrafik muzey-parkında “Azərbaycan" pavilyonunun açılışı olub

 

Yanvarın 28-də Rusiyanın Kaluqa vilayətində yerləşən "Etnomir" etnoqrafik muzey-parkında Azərbaycanın Rusiyadakı Ticarət Nümayəndəliyi və Rusiyanın "Russian Business Guide" jurnalının təşkilatçılığı ilə "Azərbaycan və Rusiya Federasiyasının regionları arasında əməkdaşlıq" Forumu keçirilib.

Forumun açılışında Azərbaycanın Rusiyadakı ticarət nümayəndəsi Ruslan Əliyev, Rusiya Ticarət və Sənaye Palatasının vitse-prezidenti Vladimir Padalko, Rusiya-Azərbaycan İşgüzar Şurasının sədri Aleksey Repik və digərləri Azərbaycan-Rusiya əlaqələrinə dair çıxış ediblər.

Tədbirdə Rusiyanın Tatarıstan və Dağıstan respublikalarının, Moskva, Krasnodar, Perm, Kaluqa, Lipetsk, Saratov və s. vilayətlərinin nümayəndələri təmsil etdikləri regionların Azərbaycanla əməkdaşlığı haqqında məlumat veriblər.

“ABB-Moskva” Bankının İdarə Heyətinin sədri Zaur Qaraisayev və “Rosselxozbank”ın departament rəisi Aleksandr Levin Azərbaycanla Rusiya regionları arasında əməkdaşlıq layihələrinin dəstəklənməsi və kreditləşdirilməsi üçün maliyyə alətləri haqqında iştirakçıları məlumatlandırıblar.

Sonra Azərbaycanın Rusiya regionları ilə iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsinə dair müzakirələr aparılıb.

Tədbir çərçivəsində "Etnomir" etnoqrafik muzey-parkında “Azərbaycan" pavilyonunun açılışı olub. Pavilyon Azərbaycanın Rusiyadakı Ticarət Nümayəndəliyinin “Azərbaycan Ticarət Evi” konsepsiyasının həyata keçirilməsi çərçivəsində təşkil edilib və Azərbaycan məhsullarının Rusiyada tanıdılmasına xidmət edəcək.

← Geriyə