Xəbərlər

  • Yenilənib 08.06.2020 10:31
  • Yaradılıb 19.02.2020 17:50

Azərbaycan Respublikasının ÇXR-dəki Səfirliyində ticarət nümayəndəsinin 2019-cu il üzrə fəaliyyəti

 

Azərbaycanın Çindəki ticarət nümayəndəsi Çinlə ticarət-iqtisadi əməkdaşlığın inkişafı, bu ölkədə "Made in Azerbaijan" brendinin və ölkəmizin investisiya mühitinin təşviqi, qeyri-neft ixracının artırılması istiqamətində fəaliyyətini davam etdirir. Ötən il ərzində Azərbaycanın Çindəki ticarət nümayəndəsi bu məqsədlə bir sıra tədbir, görüş və səfərlər təşkil edib.

Çinin bir sıra dövlət qurumları, ticarət palataları və biznes assosiasiyaları ilə keçirilən görüşlərdə Azərbaycanın iqtisadiyyatı və investisiya mühiti haqqında ətraflı məlumat verilib, iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi barədə müzakirələr aparılıb və razılıqlar əldə olunub.

2019-cu il ərzində iki ölkə arasında olan ticarət-iqtisadi əməkdaşlığın inkişafı, "Made in Azerbaijan" məhsullarının Çin bazarına ixracının artırılması və ölkəmizin qeyri-neft sektoruna Çindən investisiyaların cəlb edilməsi məqsədilə Azərbaycanın Çindəki ticarət nümayəndəsi və onun aparatı tərəfindən Pekin şəhərində Azərbaycan-Çin investisiya-ticarət imkanları forumu, “Jiuxianwang” şirkətində Azərbaycan şərablarının dequstasiyası, “BHG” marketlər şəbəkəsində Azərbaycan şərablarının satışına başlanılması tədbiri, “Global Times” media qurumu ilə birgə Azərbaycan şərablarının Çin bazarında təşviqinə həsr olunmuş dəyirmi masa, İvu şəhərində Azərbaycan-Çin biznes forumu, CIFTIS sərgisi çərçivəsində Azərbaycanın investisiya mühiti və iqtisadiyyatı mövzusunda təqdimat və s. kimi ümumilikdə 9 tədbir təşkil olunub.

Azərbaycanın investisiya mühitinin təşviqi və Çindən ölkəmizin qeyri-neft sektoruna investisiyaların cəlb edilməsi məqsədilə ticarət nümayəndəsi və aparatının əməkdaşları 2019-cu il ərzində Çinin müxtəlif regionlarında təqdimatlarla çıxış edib. Hazırda bir sıra layihələrə investisiya yatırılması ilə bağlı Çin şirkətləri ilə danışıqlar aparılır.

Ölkəmizin investisiya mühiti, sənaye parkları, turizm potensialı, ixrac məhsulları, şərabçılıq və xalçaçılıq mədəniyyəti haqqında məlumatlar çin dilinə tərcümə edilərək təşviqat məqsədilə Çinin müxtəlif qurumları və şirkətlərinə göndərilib. Azərbaycan sahibkarlarına Çinlə aparılan ticarət əməliyyatları və Çində əqli mülkiyyət hüquqlarının qorunmasına dair informasiya dəstəyi göstərilib, Çinin tanınmış KİV-nə müsahibələr verilib, məqalələr dərc etdirilib.

Qeyd edək ki, 2019-cu ildə Çinin Urumçi şəhərində daha bir şərab evi fəaliyyətə başlayıb.  Hazırda Çində Azərbaycanın üç şərab evi, bir ticarət evi fəaliyyət göstərir. Bununla yanaşı, Çində daha iki ticarət evinin və bir şərab evinin, Cinan şəhərində yerləşən “G-Hub” ticarət mərkəzində isə Azərbaycan ticarət bölməsinin açılması nəzərdə tutulur.

← Geriyə