Xəbərlər

  • Yaradılıb 05.12.2018 11:37
  • Yenilənib 05.12.2018 11:38
  • Nəşr edilib 05.12.2018 11:30

Azərbaycan və Avropa İttifaqı arasında yeni ikitərəfli Sazişə dair danışıqlar aparılıb

 

Bakı Biznes Mərkəzində Azərbaycan və Avropa İttifaqı rəsmilərinin iştirakı ilə təşkil olunmuş danışıqlar prosesində çıxış edən İqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycan-Avropa İttifaqı əlaqələrinin inkişaf etdiyini, tərəflər arasında Tərəfdaşlıq və Əməkdaşlıq, Viza və Readmissiya haqqında sazişlərin, Avropa Qonşuluq Siyasəti çərçivəsində Fəaliyyət Planı, Şərq Tərəfdaşlığı Təşəbbüsü kimi mühüm sənədlərin imzalandığını vurğulayıb. Qeyd olunub ki, Azərbaycan Aİ ilə müxtəlif sahələrdə, o cümlədən enerji sahəsində uğurla əməkdaşlıq edir. Bakı-Tbilisi-Ceyhan və Cənub Qaz Dəhlizi kimi iri layihələrin təşəbbüskarı və fəal iştirakçısı olan Azərbaycan Avropa İttifaqının etibarlı enerji tərəfdaşıdır. Azərbaycanın əlverişli coğrafi mövqeyi, Şimal-Cənub və Şərq-Qərb dəhlizləri Azərbaycanın tranzit qovşağı kimi əhəmiyyətini daha da artırır. Azərbaycanın xarici ticarət dövriyyəsində əsas yeri Avropa İttifaqı ölkələri tutur.

Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığının davamlı olaraq genişlənməsində maraqlı olduğunu vurğulayan nazir Şahin Mustafayev yeni Sazişin hazırlanmasının Azərbaycan Respublikası Prezidenti və Avropa İttifaqı Şurasının Prezidenti tərəfindən 2017-ci ildə elan olunduğunu, Sazişlə bağlı danışıqların davam etdirildiyini, görüşlərin və videokonfransların təşkil olunduğunu bildirib. İqtisadiyyat naziri Azərbaycan və Avropa İttifaqı arasında yeni ikitərəfli Sazişin əlaqələrin inkişafında əhəmiyyətli olacağını qeyd edib.

Avropa İttifaqının Avropa Xarici Fəaliyyət Xidmətinin Avropa və Mərkəzi Asiya üzrə icraçı direktorunun müavini Luk Devin əlaqələrin genişləndirilməsi və yeni ikitərəfli Saziş layihəsi barədə fikirlərini bölüşüb, sənədin Aİ və Azərbaycan arasında əməkdaşlığın inkişafına töhfə verəcəyini vurğulayıb.

← Geriyə