Xəbərlər

  • Yenilənib 08.06.2020 10:29
  • Yaradılıb 16.03.2020 14:00

Azərbaycan Respublikasının Mərkəzi Avropa ölkələri üzrə ticarət nümayəndəsinin 2019-cu il üzrə fəaliyyətinə dair

 

Azərbaycan Respublikasının Mərkəzi Avropa ölkələri üzrə ticarət nümayəndəsi Azərbaycan və Avropa İttifaqına üzv olan ölkələr arasında ticarət-iqtisadi əməkdaşlığın inkişafı, "Made in Azerbaijan" brendinin və Azərbaycanın investisiya mühitinin təşviqi, ölkəmizin qeyri-neft ixracının artırılması imkanlarının genişləndirilməsi istiqamətində fəaliyyətini davam etdirir.

2019-cu il ərzində Azərbaycanın Polşa Respublikasındakı Mərkəzi Avropa ölkələri üzrə ticarət nümayəndəsinin aparatı 11 beynəlxalq sərgi və festivalda (Polşa, Almaniya, Xorvatiya), 2 ixrac missiyasında (Polşa və İsveçrə), 2 biznes forumda (Azərbaycan-Polşa və Azərbaycan-İsveçrə), Polşada keçirilmiş regional konfranslarda və digər tədbirlərdə iştirak edərək Azərbaycanın biznes və investisiya mühiti, tranzit imkanları və turizm potensialı haqqında təqdimatlarla çıxış ediblər.

Bu dövr ərzində Polşanın Sənayenin İnkişafı Agentliyi (ARP) ilə görüş keçirilib, ARP ilə əməkdaşlıq, Polşa şirkətlərinin Azərbaycana investisiya qoyuluşuna cəlb edilməsi, Azərbaycanın biznes dairələri ilə əlaqələrinin genişləndirilməsi, iki ölkə arasında ticarət dövriyyəsinin artırılması kimi məsələlər müzakirə edilib.

2019-cu ildə Azərbaycanın Polşa Respublikasındakı Mərkəzi Avropa ölkələri üzrə ticarət nümayəndəsinin aparatı Polşa və digər Mərkəzi Avropa ölkələrindən olan 35-dək meyvə-tərəvəz məhsullarının topdansatıcısı, supermarketlər şəbəkəsi, spirtli içki idxalçıları, tekstil, kənd təsərrüfatı maşın və avadanlıqları istehsalı, kimya məhsulları, alüminium sənayesi, əczaçılıq, logistika, tütün istehsalı şirkətləri ilə Azərbaycandan olan sahibkarlar arasında əlaqələrin qurulmasına dəstək göstərib. Polşadakı “Carrefour Polska”, “Piotr i Pawel”, “E.Leclerc”, “Kaufland” kimi iri supermarketlər şəbəkələrinin,  “Arkadia”, “Galeria Mokotow”, “Zlota Tarasy”, “Blue city” kimi ticarət mərkəzlərinin, Xorvatiyanın ən böyük supermarketlər şəbəkəsi olan “Konzum plus d.o.o.” şirkətinin nümayəndələri ilə görüşlər keçirilib və bu ticarət mərkəzlərində “Made in Azerbaijan” guşələrinin yaradılması məsələsi müzakirə edilib.

Polşanın ən böyük şərab idxalçısı olan “Tim S.A.” şirkəti ilə Azərbaycan şərablarının Polşada satışının təşkili ilə bağlı danışıqlar aparılıb və şirkət nümayəndələrinin ölkəmizə işgüzar səfəri təşkil olunub. Səfər çərçivəsində şirkət nümayəndələri ölkəmizin iri şərab ixracatçılarının zavodlarında olublar. Hazırda əməkdaşlığa dair danışıqlar davam etdirilir. Azərbaycanın Polşa Respublikasındakı Mərkəzi Avropa ölkələri üzrə ticarət nümayəndəsinin aparatı tütünün becərilməsi, tədarükü, emalı və satışı ilə məşğul olan Polşanın “Lukowa Tobacco” şirkəti Azərbaycan Sənaye Korporasiyasına daxil olan “Azər Tütün” MMC ilə görüşünün təşkilinə və əməkdaşlığa dair danışıqların aparılmasına dəstək göstərmişdir.

Bununla yanaşı, ötən il Polşa mətbuatında (“Rynek alkoholowe”, “TTG Warsaw, “Rynek Turystczny”, “Vademecum turysty”) Azərbaycanın şərab və digər spirtli içki məhsullarının tanıdılması, ölkənin turizm potensialına dair 4 məqalə dərc edilib. Bununla yanaşı, Azərbaycanın sənaye və kənd təsərrüfatı məhsullarının, turizm xidmətlərinin Polşa istehlakçılarına və biznes subyektlərinə tanıdılması məqsədilə www.madeinazerbaijan.pl internet səhifəsi və sosial şəbəkələrdəki (facebook, instagram) profillər istifadəyə verilib.

 

 

 

 

← Geriyə