Ümumi məlumat

  • Yaradılıb 14.01.2014 13:56
  • Yenilənib 28.02.2019 16:19
  • Nəşr edilib 14.01.2014 13:56

Azərbaycanda sahibkarlığın inkişaf tarixi

 

Azərbaycanda sahibkarlıq fəaliyyəti qədim tarixə malik olmaqla böyük inkişaf yolu keçmişdir. Ölkəmizin malik olduğu müxtəlif təbii sərvətlər həm xarici iş adamlarının ölkəyə gəlməsinə, həm də yerli sahibkarlığın inkişafına əvəzsiz şərait yaratmışdır.

Azərbaycan ən qiymətli sərvətlərdən olan neft ölkəsidir. Hələ XIX əsrdə Azərbaycanda neft hasilatı üzrə dünyada böyük nüfuza malik sahibkarlar (milyonçular) yetişmişdir. Həmin milyonçuların ölkəmizin iqtisadi inkişafında, xüsusilə neft hasilatı və emalı sənayesinin inkişafında əhəmiyətli rolu olmuşdur. Dövrünün böyük nüfuz sahibləri olan bu insanlar ölkədə binalar, məktəblər, teatrlar, xəstəxanalar tikdirmiş, əhalinin böyük hissəsini işlə təmin etmişlər. Bu baxımdan Hacı Zeynalabdin Tağıyevin, Musa Nağıyevin, Murtuza Muxtarovun, Şəmsi Əsədullayevin, Seyid Mirbabayevin, Səlimovun, Mirzəyevin, Mantaşovun və onlarla başqalarının adları sahibkarlıqla məşğul olanlara əsl nümunə və həyat məktəbi olmalıdır. XX əsrin əvvəllərində xarici kapitalın ölkəyə axını sahibkarlıq fəaliyyətinin daha da inkişafına səbəb oldu. Neft sənayesi ilə məşğul olan 167 müəssisənin 29%-i milli kapitala, 71%-i isə xarici kapitala məxsus idi. Bakı fəhlələrinin 44%-dən çoxu azərbaycanlılardan, qalan hissəsi gəlmələrdən ibarət olub. 1901-ci ildə dünya neft hasilatının yarıdan çoxu Azərbaycan neft sənayesinə məxsus olub. Ölkəmizdə istehsal edilən sənaye məhsullarının 70-80%-i neftin payına düşürdü. Sənaye istehsalı tamamilə Bakıda yerləşmişdi. Təsadüfü deyildir ki, Bakı şəhərində 1912-ci ildə 462, 1915-ci ildə 549 sənaye müəssisəsi fəaliyyət göstərirdi. 1910-cu ildə təkcə neftçıxarma ilə 177 böyük firma məşğul idi.

Xarici iş adamlarının Azərbaycana marağı getdikcə artır, xarici sərmayənin ölkəyə axını davam edirdi. İngiltərədən Henri Deterdinqin rəhbərliyi ilə “Royal Döyçe Şell”, Amerikadan Jon Rokfellerin “Standart oyl”, Fransadan Rotşildin “Xəzər-Qara dəniz” və “Mazut”, İsveçrədən “Nobel qardaşları”nın sindikatları Bakıda yeni neft mədənlərində işə başlamışdılar. Xarici sərmayəçilərin Azərbaycan iqtisadiyyatına yönəltdiyi 213 milyon manat kapitalın 8%-i Almaniyaya, 30,5%-i Fransaya, 53,3%-i İngiltərəyə məxsus idi. Ayrı-ayrı ölkələrdən gəlmiş milyonçular fərqli sahələrə sərmayə qoymaqla müxtəlif sahələrin inkişafına zəmin yaradırdılar. Alman sərmayəçiləri dəmir yolu çəkilişinə, kredit işinə, qiymətli kağızlar (istiqrazlar, səhmlər və s.) alış-verişinə can atırdılarsa, fransız və ingilis sahibkarları mis və neft sənayesinə üstünlük verirdilər. Bakı Azərbaycanın iri sənaye və ticarət mərkəzinə çevrilmişdi. Şəhər və ətraf kəndlərin 400 mindən çox əhalisinə 5000-dən artıq ticarət müəssisəsi xidmət göstərirdi. Bakı təkcə Azərbaycan şəhərləri ilə deyil, Zaqafqaziyanın və Rusiyanın, digər xarici ölkələrin ticarət mərkəzləri ilə geniş idxal-ixrac əlaqələrinə malik idi.

XIX əsrin sonu, XX əsrin əvvəllərində sahibkarlığın inkişafına görə Bakı artıq böyük nüfuza malik iri sənaye mərkəzinə çevrilmişdi. Bu dövrdə kapitalın və istehsalın mərkəzləşməsi və təmərküzləşməsi prosesi xeyli sürətlənmişdi.

Sənayenin sürətli inkişafı Azərbaycanda bank fəaliyyətinin də inkişafına şərait yaratdı. Artıq 1913-cü ildə Bakıda 15 iri bank fəaliyyət göstərirdi. Bunlar idxal-ixrac əməliyyatlarında, kreditləşmədə mühüm rol oynayırdılar.

O dövrdə Azərbaycanda aqrar sahənin inkişafı da sürətlənmiş, iri fermer təsərrüfatları yaranmışdı.

Azərbaycanın kənd təsərrüfatı sektorunda o vaxt inkişaf edən əsas sahə pambıqçılıq olub. 1914-cü ilin statistikasına görə, Azərbaycanda yığılan pambıq Zaqafqaziyada istehsal edilən pambığın 70%-ni təşkil edib. Kənd təsərrüfatındakı inkişaf təbii olaraq sənayenin ayrı-ayrı sahələrinin inkişafına təkan verirdi. H.Z.Tağıyevin “Qafqaz” Səhmdar Cəmiyyətinə məxsus, tikintisi 1 milyon qızıl pula başa gəlmiş tikiş fabriki də iri sənaye müəssisəsi kimi pambıqçılıqla sıx bağlı idi. Təkcə Avropa ölkələrindən fabriki təchiz etməkdən ötrü 2500 ədəd maşın gətirilmişdi. Bu fabrik o dövrdə Rusiya, Orta Asiya və İran müsəlmanları arasında böyük nüfuz qazanmışdı. Fabrikin pambığa olan ehtiyacı ildən-ilə artırdı. Təkcə 1901-1910-cu illərdə burada emal olunan pambıq 5,3 dəfədən çox artmışdı. Hazır məhsul əsasən, Orta Asiya və İran bazarlarında realizə edilirdi.

Qeyd edildiyi kimi, Bakı bir sıra şəhərlərlə böyük ticarət əlaqələri yaratmışdı. Təkcə Rusiyanın müxtəlif yerlərinə pambıq, şərab, qoz ağacı, ipək, yun, qoz-fındıq, xam və ya aşınmış dəri, xəz, balıq məhsulları (o cümlədən kürü), çini və şüşə qablar və s. aparılırdı.

Azərbaycanın sahibkarlıq tarixində ipəkçiliyin inkişafı da mühüm yer tutur. XIX əsrin sonlarında bu sahənin tərəqqisi yolunda böyük addımlar atılıb. O dövrdə Zaqatala, Füzuli, Naxçıvan, Ordubad, Şuşa, Şəki şəhərlərində, qəza mərkəzlərində və onlara yaxın yerlərdə 400-dən çox iri və xırda ipəksalma (baramanın açılması), ipəkburma (baramanın eşilməsi) müəssisəsi fəaliyyət göstərirdi. Azərbaycanda ipəkçiliyin geniş vüsət alması, ipək istehsalının artması inkişaf etmiş baramaçılığa əsaslanırdı. Eyni zamanda, tut plantasiyalarının çoxluğu da bu inkişafı sürətləndirən mühüm amil idi. Azərbaycan ipəyi dünyada məşhurlaşmışdı. Dünya bazarlarında bu məhsul adı ilə tanınırdı. Elə buna görə idi ki, o dövrdə Zaqafqaziyada mövcud olan 120 ipək emalı fabrikinin 114-ü, hasil olunan baramanın 50%-dən çoxu, istehsal edilən ipəyin 2/3 hissəsindən çoxu Azərbaycanın payına düşürdü.

Aqrar sahədə üzüm istehsalı da mühüm yer tuturdu. Məhz yeyinti sənayesinin əsas sahələrindən olan şərabçılıq, spirt və konyak istehsalı geniş vüsət almışdı. Azərbaycan o dövrdə üzüm və şərab istehsalına görə də ön sıralarda idi. 1901-ci ildə Zaqafqaziyadakı üzüm bağlarının 30%-i, 1913-cü ildə 33,2%-i Azərbaycana məxsus olub. Müvafiq illərdə istehsal olunan üzüm məhsulunun 44,8%-i və 27,5%-i ölkəmizin payına düşürdü. XX əsrin əvvəllərində Azərbaycanda 1300-dən artıq irili-xırdalı ilkin şərab emalı, araq, konyak zavodları fəaliyyət göstərirdi.

Azərbaycan həm də biyan kökü emalının ¾ hissəsi xüsusi qablarda xarici ölkələrə (Amerika, İngiltərə və s.) ixrac edilirdi. Biyan kökü əczaçılıqda, rəngləmədə, şirniyyat sənayesində istifadə olunurdu.

Sahibkarlığın o dövr üçün geniş inkişaf etmiş sahələrindən biri də balıqçılıq idi ki, əsasən peşələrə görə bölünmüşdü: torçular, ovçular, avarçılar, təmirçilər, daşıyıcılar, duzlayıcılar və s. Bu əmək bölgüsünün öz sahibləri və öz icraçıları vardı. Bütün vətəgələr mükəmməl texnika ilə təchiz edilmişdi və onlar bütövlükdə iri şirkətlərin, səhmdar cəmiyyətlərin nəzarəti altında birləşdirilmişdi. Təsadüfi deyildir ki, Azərbaycanın daha iri sahibkarlıq fəaliyyətinə aid sindikat tipli 4 balıqçılıq firması dünya bazarına ixrac edilən və valyuta ilə satılan ağ balıq kürüsünün 45%-ni verirdi. Dövlət xəzinəsinə ildə orta hesabla 2 milyon manatdan çox vəsait təkcə balıqçılıq sənayesindən daxil olurdu. Balıqçılıq sənayesinə aid məşhur şirkətlər Tağıyevə, Piralovlara, Zeynalovlara, Mailovlara və başqalarına məxsus idi. Bir sözlə, Azərbaycanın balıq sənayesi mənfəət baxımından neft və şərab istehsalından sonra 3-cü yeri tuturdu.

Azərbaycan digər faydalı qazıntılardan olan mis istehsalına görə də şöhrət qazanmışdı. XIX əsrin sonlarına yaxın Rusiyada istehsal olunan misin 34,6%-i Azərbaycana məxsus olub. Gədəbəyin mis yataqları ilə zəngin olan Qalakənd kəndi “Azərbaycanın Uralı” adlandırılırdı.

Azərbaycanda sahibkarlığın inkişaf mərhələləri və onların səciyyəvi xüsusiyyətləri

Müstəqillik qazandıqdan sonrakı dövrdə Azərbaycanda sahibkarlığın inkişafını şərti olaraq aşağıdakı mərhələlərə bölmək olar:

 

Sahibkarlığın inkişaf mərhələləri

Mərhələlər

Xüsusiyyətləri

Nəticələr

İqtisadi inkişafın tələbləri

1993-cü ilə qədər olan mərhələ

İslahatların həyata keçirilməsində ləngimələr

Həyata keçirilən epizodik tədbirlərdə sistemsizlik

İnkişaf göstəricilərinin səviyyəsinin aşağı düşməsi

Maliyyə və istehsal sahələrində qeyri-sabitliyin hökm sürməsi

 Bazar iqtisadiyyatına istiqamətlənmiş sistemli islahatlara başlama zərurəti

 Özəlləşdirmənin həyata keçirilməsi

Sahibkarlığın təşəkkülünün dövlət müdafiə sisteminin formalaşması

1993-2002-ci illər

1993-1996-cı illər

Real islahatlar üçün zəruri şərtlərin təmini

Siyasi və makroiqtisadi sabitliyin əldə edilməsi

Sahibkarlığın təşəkkülü istiqamətində ilkin tədbirlər

 ÜDM-in azalmasının qarşısının alınması

 İnflyasiyanın minimal səviyyəsinin təmini

Formalaşmış əsaslar üzərində islahatların həyata keçirilməsinin sürətləndirilməsi

1996-2002-ci illər

Sahibkarlığın inkişafının dövlət müdafiə sisteminin təşəkkülü

Özəlləşdirmə

İdarəetmədə struktur dəyişikliyi

Əsas makroiqtisadi göstəricilərin artım dinamikası

Sahibkarlıq subyektlərinin sayının dinamik artımı

 Xarici investisiya axını

·Ölkənin potensialının daha dolğun reallaşdırılması məqsədilə sahibkarlıq sektorunda sahə, regional və texnoloji baxımdan struktur dəyişikliklərin həyata keçirilməsi

2002-2015-ci illər

Sahibkarlığın inkişafının dövlət müdafiə sistemində köklü dəyişikliklər:

- maliyyə təminatı

- dövlət tənzimlənməsi

- infrastruktur

- hüquqların müdafiəsi

- insan kapitalının inkişafı

 Sahibkarlıqda istehsal yönümlü inkişaf meyli

 Regionlarda işgüzar fəaliyyətin canlanması

Sahibkarların cəmiyyətdəki mövqeyinin möhkəmləndirilməsi

İnkişaf edən iqtisadiyyata uyğun kadrların təminatı məqsədilə istedadlı gənclərin qabaqcıl ölkərdə təhsili

Məşğulluğun təmini

Regional potensialın reallaşdırılması:

- sənaye

- aqrar sahə

- turizm

İxrac potensialının reallaşdırılması

İnnovasiya sahibkarlığının təşəkkülü və inkişafı

2015-ci ildən sonrakı

mərhələr

Qeyri-neft sektorunun inkişafı istiqamətində köklü islahatlar:

- lisenziyalaşdırma

- yoxlamaların dayandırılması

- sənaye, yaxud texnologiya parkları, sənaye məhəllələri

- ixracın və investisiyanın təşviqi və dəstəklənməsi

- STRATEJİ YOL XƏRİTƏLƏRİ

- yerli istehsalın subsidiyalar hesabına dəstəklənməsi

Sosial layihələrin daha da diqqət mərkəzində yer alması

 Beynəlxalq hesabatlarda ölkənin reytinqinin yükəldilməsi

 İqtisadiyyatda, xüsusən də ixracatda qeyri-neft sənayesi üzrə yükəsk nəticələr

 Lisenziyaların və bununla bağlı tələb olunan sənədlərin sayında kəskin azalma

· Sahibkarlıq sahəsində aparılan yoxlamaların 2021-ci ilədək dayandırılması

Sahibkarlara göstərilən xidmətlərin elektronlaşdırılması

Rəqabətədavamlı və əlavə dəyər yaradan məhsul istehsalı

İslahatların həyata keçirilməsinin müvafiq qaydada mütəmadi olaraq qiymətləndirilməsi

 

1993-cü ilə qədər olan mərhələ 

İqtisadi islahatların sistem halında, müəyyən ardıcıllıqla və bir-birini tamamlama şərti ilə həyata keçirilməsi iqtisadi dirçəlişin təmin edilməsinin mühüm şərtdir. Radikal iqtisadi dəyişikliklər mərhələsində həyata keçirilən iqtisadi tədbirlərin hər birinin ümumi iqtisadi inkişafda yerinin düzgün dərk edilməsi və onların reallaşdırılmasında ardıcıllığın gözlənilməsi köklü islahatların nəticəsinə əhəmiyyətli dərəcədə təsir edən əsas məsələlərdəndir. Azərbaycan reallığına gəldikdə isə, müstəqilliyimizin ilk illərində bu baxımdan vəziyyətin qənaətbəxş olmaması ilk baxışda aydınlaşır. İstər nəzəri, istərsə də respublika iqtisadiyyatında yaranmış vəziyyətin tələbləri baxımından sahibkarlığın maddi əsasını formalaşdıran özəlləşdirmə, xüsusilə də qiymətlərin liberallaşdırılmasını qabaqlamalı idi. Lakin bir sıra obyektiv (rubl məkanında olan digər dövlətlərin bu prosesə başlaması) və subyektiv (respublikanın milli valyutaya keçid vaxtında hazır olmaması, iqtisadi sərhədlərin təşəkkülündəki ləngimələr) səbəblər ölkəni iqtisadiyyatda dövlət mülkiyyətinin inhisarı şəraitində qiymətlərin sərbəstləşdirilməsi prosesinə başlamaq məcburiyyəti qarşısında qoydu. Beləliklə də, bazar iqtisadiyyatına keçid üzrə mühüm strateji tədbir – özəlləşdirmə fiskal məqsədlərə münasibətdə arxa plana keçirildi. Yaranmış vəziyyətdə real maliyyə sabitliyinin yalnız istehsal fəaliyyətinin aktivləşdirilməsi və bu əsasda dövriyyədəki pul kütləsinin təminatının artırılması vasitəsilə mümkünlüyü nəzərə alınarsa, həyata keçirilmiş taktiki addımın heç bir real nəticə verməyəcəyi aşkar idi. Qiymətlərin liberallaşdırılmasından sonra ölkə iqtisadiyyatında yaranmış vəziyyət islahatların özəyini təşkil edən özəlləşdirmə prosesini, bu əsasda sahibkarlığın inkişafı və rəqabət mühitinin formalaşmasını zəruri etmişdir. 1993-cü ilə kimi həmin proseslərin ləngidilməsi tənəzzülün daha da sürətlənməsinə, iqtisadiyyatın dağılmasına ciddi təsir göstərmiş, xeyli vəsait itkisinə səbəb olmuşdur. Beləliklə, özəlləşdirmənin gecikdirilməsi, ölkədə tənəzzülün aradan qaldırılmasını və makro-iqtisadi sabitliyin təmin edilməsini daha da çətinləşdirmişdir.

1993 - 2002-ci illər

Bu mərhələni də şərti olaraq 2 dövrə bölmək olar. Birinci dövr 1993-1996-cı illəri əhatə etməklə ölkədə makroiqtisadi sabitliyin bərqərar olmasına istiqamətlənmiş tədbirlərin həyata keçirilməsi ilə xarakterizə oluna bilər. Heydər Əliyevin rəhbərliyi ilə aparılmış məqsədyönlü siyasət, həyata keçirilmiş sistemli tədbirlər nəticəsində ölkədə siyasi və makroiqtisadi sabitliyə nail olundu ki, bu da iqtisadi islahatların həyata keçirilməsi üçün möhkəm əsas formalaşdırdı. Bu dövrdə sahibkarlığın təşəkkülü və inkişafı istiqamətində müəyyən tədbirlər həyata keçirilsə də, əsaslı dönüşə 1996-cı ildən etibarən nail olundu. Azərbaycanın iqtisadi islahatlar və inkişaf modelinin həyat qabiliyyətli və səmərəli olmasının ən yaxşı sübutu son illərdə ölkəmizdə sosial-iqtisadi inkişaf sahəsində əldə olunmuş nailiyyətlərdir. Belə ki, bu model üzrə həyata keçirilən siyasət çox tez bir zamanda ölkə iqtisadiyyatında əsaslı keyfiyyət dəyişikliklərinin baş verməsinə səbəb olmuşdur: inflyasiya cilovlanmış, büdcə kəsiri ÜDM-nin 1-2%-i səviyyəsinə endirilmişdir. Bu dəyişikliklər nəticəsində dərin iqtisadi böhran keçirən ölkədə makroiqtisadi sabitliyə nail olunmuş və dinamik iqtisadi inkişafı təmin etmək mümkün olmuşdur. Belə ki, 1996-cı ildə ÜDM-nin artım sürəti 1,3%, 1997-ci ildə 5,8%, 1998-2004-cü illərdə isə orta hesabla 10% təşkil etmişdir. Respublikamızın iqtisadi inkişafının özünəməxsus xüsusiyyətlərinə əsaslanaraq aşağıdakı istiqamətlərdə uğurlu iqtisadi siyasət həyata keçirilmişdir: Respublikanın potensialı nəzərə alınaraq uğurlu neft strategiyası işlənib hazırlanmış və müvəffəqiyyətlə həyata keçirilir. Bu isə öz növbəsində, neft sektorunun inkişafı ilə bağlı yardımçı sahələrin inkişafına təkan vermiş və həmin sahələrdə yerli sahibkarların mövqeləri möhkəmlənmişdir. Neft sektorunun inkişafından əldə edilmiş gəlirlər hesabına ölkəmizin dünya bazarında üstünlük əldə edə biləcəyi ənənəvi qeyri-neft sektoru sahələrinin inkişafı istiqamətində uğurlar əldə edilmişdir. Ölkənin yerləşdiyi mühüm strateji mövqedən yararlanaraq uğurlu beynəlxalq iqtisadi layihələrin reallaşdırılmasına başlanmışdır. İqtisadi və dövlət idarəetmə aparatında aparılan struktur islahatları ölkədə iqtisadiyyatın bütün sahələrinin, o cümlədən sahibkarlıq sektorunun inkişafına güclü təkan vermişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 30 aprel 2001-ci il tarixli Fərmanı ilə İqtisadi İnkişaf Nazirliyinin yaradılması sahibkarlığın inkişafına dövlət köməyi və onun dövlət tənzimlənməsi tədbirlərinin vahid qurumda birləşdirilməsinin və idarə edilməsinin əsasını qoymuş və sahibkarlığın inkişafını ümumi iqtisadi inkişafın tərkib hissəsinə çevirmişdir. Bu illər ərzində sahibkarlığın inkişafına əlverişli şəraitin yaradılması məqsədilə Azərbaycan Respublikasında sahibkarlığın hüquqi bazası dünya təcrübəsinə uyğun olaraq təkmilləşdirilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasında bazar münasibətləri əsasında iqtisadiyyatın inkişafına şəraitin yaradılması, sahibkarlığa təminat verilməsi, rəqabət mexanizminin formalaşması və inkişafı, həmçinin rəqabətin qorunması ilə bağlı müddəalar öz əksini tapmışdır. Sahibkarlığın inkişafının zəruri hüquqi mühitinin formalaşdırılması istiqamətində qəbul edilmiş Azərbaycan Respublikasının qanunları və digər qanunvericilik aktları sahibkarlığın bir sistem halında hüquqi bazasını təşkil etmişdir. Özəlləşdirmənin həyata keçirilməsinin zəruri hüquqi bazası formalaşmışdır. Bu baxımdan, prosesin hüquqi təminatında baza rolunu oynayan Azərbaycan Respublikasında dövlət mülkiyyətinin özəlləşdirilməsinin dövlət proqramlarının qəbulu xüsusi əhəmiyyət kəsb etmişdir. Sahibkarlığın inkişafı sahəsində qəbul olunmuş dövlət proqramlarının bu sahənin inkişafında xüsusi rolu olmuş, kiçik və orta sahibkarlığın inkişafı üzrə dövlət tədbirlərini Azərbaycan dövlətinin iqtisadi siyasətinin prioritet istiqamətlərindən birinə çevirmişdir. Bu dövlət proqramları çərçivəsində iqtisadiyyatın və sahibkarlığın tənzimlənməsi sahəsində mühüm tədbirlər həyata keçirilmiş, sahibkarlara dövlət maliyyə köməyi sistemi formalaşdırılmışdır. Sahibkarlıq infrastrukturunun formalaşdırılması istiqamətində əhəmiyyətli addımlar atılmış, sahibkarlara zəruri texniki yardım (məsləhət, informasiya və s. xidmətlər) göstərən strukturlar formalaşmışdır. Sahibkarlar üçün vergi yükünün azaldılması istiqamətində dövlət səviyyəsində müəyyən addımlar atılmışdır. Belə ki, mənfəət və əlavə dəyər vergisi dərəcələri, məcburi sığorta haqqı aşağı salınmış, kiçik sahibkarlıq subyektlərinin bir qisminə vahid vergi tətbiq edilməyə başlanılmışdır.

2002-2015-ci illər

2002-ci il sahibkarlığın inkişafı sahəsində Azərbaycan Respublikası Prezidenti cənab Heydər Əliyevin yerli və xarici iş adamları ilə aprel - may aylarında keçirilmiş görüşləri ilə əlamətdar olmuşdur. Sahibkarlara dövlət qayğısının ən yüksək səviyyədə bir daha təsdiqi olan bu görüşlər və onların nəticəsi olaraq ölkədə sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması məqsədilə avqust-sentyabr aylarında imzalanmış bir sıra mühüm Fərman və Sərəncamlar ölkədə sahibkarlığın inkişafında yeni mərhələnin əsasını qoymuşdur. Bu mərhələdə ölkə iqtisadiyyatının yenidən qurulması sahəsində qarşıda duran vəzifələrin yerinə yetirilməsi sahibkarlığın inkişafının sürətləndirilməsini, bu sektorun ölkənin sosial-iqtisadi problemlərinin həllində rolunun gücləndirilməsini, onun fəaliyyətinin ölkə iqtisadiyyatının inkişafı tələblərinə daha da uyğunlaşdırılmasını, bu istiqamətdə dövlət dəstəyi tədbirlərinin çərçivəsinin genişləndirilməsi və onların ünvanlılığının daha da artırılmasını, regionlarda sahibkarlığın inkişafı sahəsində mövcud potensialın reallaşdırılmasını tələb edir. “Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafının Dövlət Proqramı (2002-2005-ci illər)” bu istiqamətdə həyata keçirilən dövlət tədbirlərinin sistemliliyinin təmin edilməsində mühüm rol oynayaraq ölkədə sahibkarlığın inkişafına böyük təkan vermişdir. Bu illər ərzində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iqtisadi siyasəti nəticəsində Azərbaycanın Ümumi Daxili Məhsulu (ÜDM) 5 dəfəyə qədər artdı. Prezidenti İlham Əliyev tərəfindən 6 mart 2007-ci ildə “Azərbaycan Respublikasında xüsusi iqtisadi zonaların yaradılması haqqında” Fərman imzalanmışdır. Sürətlə inkişaf edən iqtisadiyyatın insan kapitalına olan tələbatının ödənilməsi və ölkənin kadr potenisalını artırmaq məqsədilə Azərbaycan Respublikasının Prezidentinin 2007-ci il 16 aprel tarixli 2090 nömrəli Sərəncamı ilə "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" təsdiq edilmişdir.

2015-ci ilin sonlarından etibarən ölkəmizdə sahibkarlığın inkişafı sahəsində aparılmış islahatlar

Lisenziyalar və icazələr

  • Azərbaycan Respublikası Prezidentinin “Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında” 19 oktyabr 2015-ci il tarixli 650 nömrəli Fərmanına əsasən dövlət təhlükəsizliyi (həmçinin qiymətli kağızlar bazarı) ilə bağlı hallar istisna olmaqla İqtisadiyyat Nazirliyi tərəfindən lisenziyaların verilməsinin “ASAN xidmət” mərkəzlərində həyata keçirilməsinə 2015-ci ilin 2 noyabr tarixindən başlanmışdır.
  • Azərbaycan Respublikası Prezidentinin “Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında” 21 dekabr 2016-cı il tarixli 713 nömrəli Fərmanına əsasən lisenziya tələb olunan fəaliyyət növlərinin sayı 59-dan 37-yə endirilmiş, qüvvədə olan müddətli lisenziyalar müddətsiz elan olunmuşdur. Həmçinin yeni verilən lisenziyalar müddətsiz verilir, lisenziyanın verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri təxminən 2 dəfə, regionlar üzrə 4 dəfə (regional televiziya və radio yayımı istisna olmaqla) azaldılmış, lisenziya verilməsi üçün tələb olunan prosedurlar isə sadələşdirilmişdir.
  • Eyni zamanda 15 mart 2016-cı il tarixində lisenziya və icazə sisteminin tənzimlənməsinin hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edən “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmiş və 2016-cı il iyunun 1-dən qüvvəyə minmişdir. Qanuna əsasən sahibkarlıq fəaliyyəti növlərinə verilən icazələrin dairəsi dəqiq müəyyən edilmiş, onların sayı təqribən 4 dəfə azaldılaraq 86-ya endirilmişdir. Bundan başqa Qanunda “Lisenziyalar və icazələr” portalının yaradılması, dövlət orqanları tərəfindən lisenziya və icazə məsələləri üzrə sahibkarlara qanunvericiliyin tətbiqi ilə bağlı məsləhətlərin verilməsi, “susmaqla razılıq” və “bir pəncərə” prinsiplərinin tətbiqi və sahibkarların işini yüngülləşdirən digər mütərəqqi mexanizmlər müəyyən edilmişdir.
  • 14 mart 2018-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin “Lisenziyalar və icazələr” portalı haqqında Əsasnamə” təsdiq edilməsi barədə 21 yanvar 2017-ci il tarixli 1205 nömrəli Fərmanına uyğun olaraq sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün tələb olunan lisenziyaların və icazələrin elektron qaydada verilməsini təmin edən “Lisenziyalar və icazələr” portalı istifadəyə verilmişdir.

Turizm

  • Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza verilməsi prosedurunun sadələşdirilməsi, müasir informasiya texnologiyalarının tətbiqi ilə operativliyi və şəffaflığı təmin edən elektron viza sisteminin yaradılması məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və “ASAN Viza” sisteminin yaradılması haqqında” 1 iyun 2016-cı il tarixli 923 nömrəli Fərman imzalanmış və 20 oktyabr 2016-cı il tarixli 1082 nömrəli Fərmanla “ASAN Viza” sistemi haqqında Əsasnamə” təsdiq edilmişdir.
  • 2016-cı ilin 14 iyun tarixində Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində və 29 noyabr tarixində “Turizm haqqında” Qanununda edilmiş dəyişikliklərə əsasən “ASAN Viza” sisteminin tətbiqinə başlanmış, ölkəyə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin həmin sistem vasitəsilə ölkədə qalma müddəti 30 günədək olmaqla elektron viza almaq imkanı yaradılmışdır.
  • Azərbaycan Respublikasının Prezidentinin 1 sentyabr 2016-cı il tarixli 2295 nömrəli Sərəncamında ticarət festivallarında (“shopping festival”) pərakəndə satış zamanı müvafiq güzəşt və təşviqlərin, o cümlədən vergi güzəştlərinin, həmçinin turizm və rekreasiya zonalarında vergi və gömrük güzəştlərinin və imtiyazlarının verilməsi ilə bağlı təkliflərin hazırlanması, Turizm Reyestrinin və informasiya saytının yaradılması, turizm sahəsində yerli sahibkarlar tərəfindəntəqdim olunan investisiya layihələrinin Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına maliyyələşdirilməsi üçün fəaliyyət planının təsdiq olunması və s. tədbirlər nəzərdə tutulmuşdur.
  • Azərbaycan Respublikası Prezidentinin 11 aprel 2017-ci il tarixli 1335 nömrəli Sərəncamı ilə “Ticarət festivalları dövründə fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası” təsdiq edilmişdir.
  • Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2016-cı il tarixli 2296 nömrəli Sərəncamı ilə ölkədə turizmin inkişaf etdirilməsi və bu sahədə müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə imkanlarının genişləndirilməsi məqsədilə 800.0 min, o cümlədən Turizm Reyestrinin yaradılmasına 400.0 min, Bakı şəhərində ticarət festivalının (“shopping festival”) keçirilməsinə 400.0 min manat vəsait ayrılmışdır.
  • Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2016-cı il tarixli 1179 nömrəli Fərmanı ilə Turizm Şurası, həmçinin Mədəniyyət və Turizm Nazirliyinin yanında ölkənin turizm potensialının daha da artırılmasını və beynəlxalq səviyyədə tanıdılmasını təmin edən “Milli Turizm Təbliğat Bürosu” publik hüquqi şəxs yaradılmışdır.
  • Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2016-cı il tarixli 2297 nömrəli Sərəncamı ilə hər il sentyabrın 27-si “Turizm işçiləri günü” peşə bayramı kimi təsis edilmişdir.
  • Azərbaycan Respublikası Prezidentinin 30 mart 2017-ci il tarixli 2784 nömrəli Sərəncamı ilə Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsindən turizm məqsədləri üçün daha səmərəli istifadəni təmin etmək məqsədilə “Azərbaycan Respublikasında çimərlik turizminin inkişafına dair 2017-2020-ci illər üçün Tədbirlər Planı” təsdiq edilmişdir.
  • Ölkəyə turist axınının sürətləndirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Azərbaycan Respublikasına turist axınının sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 20 fevral 2017-ci il tarixli 2677 nömrəli Sərəncam imzalanmış, aidiyyəti qurumlara bir sıra tapşırıqlar müəyyən olunmuşdur

Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2018-ci il tarixli Fərmanına əsasən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əsasında Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi yaradılmışdır.

Strateji Yol Xəritələri

Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2016-cı il tarixli 1138 nömrəli Fərmanına əsasən milli iqtisadiyyat və iqtisadiyyatın 11 sektoru üzrə 12 strateji yol xəritəsi təsdiq olunmuşdur. Həmin sektorlara neft və qaz sənayesi, kənd təsərrüfatı, kiçik və orta sahibkarlıq,ağır sənaye və maşınqayırma, ixtisaslaşmış turizm, logistika və ticarət, mənzil təminatı, peşə təhsili və təlimi, maliyyə xidmətləri, telekommunikasiya və informasiya texnologiyaları və kommunal xidmətlər aiddir.

Həmin sənədlərdən biri olan “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”ndə ölkədə kiçik və orta sahibkarlığın (KOS) vəziyyəti təhlil edilir, xüsusilə bu sahədə görülmüş işlər, həyata keçirilmiş islahatlar, mövcud statistika barədə ətraflı məlumat verilir. Həmin yol xəritəsində 2020-ci ilədək strateji, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli və 2025-ci ildən sonrakı dövr üçün hədəf baxış əhatə edilir. Yol xəritəsində adıçəkilən baxışlarda nəzərdə tutulan məqsədlərə nail olmaq üçün 5 strateji hədəf müəyyən edilmişdir. Bu strateji hədəflərə KOS fəaliyyəti üçün biznes mühitinin və tənzimləyici bazanın yaxşılaşdırılması, KOS subyektlərinin maliyyə resurslarına sərfəli və səmərəli çıxışının təmin edilməsi, onların beynəlmiləlləşdirilməsi və xarici bazarlara çıxış imkanlarının artırılması və s. aiddir. Hər bir hədəf üçün prioritetlər, onların əsaslandırılması, həmçinin həyata keçirilməsini təmin etmək məqsədilə görüləcək tədbirlər ehtiva olunmuşdur. Strateji hədəflərə nail olunmasını təmin edəcək tədbirlər planı da təsdiq edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2017-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi haqqında Əsasnamə təsdiq edilmişdir. Fərmana əsasən Agentlik qida məhsullarının təhlükəsizliyinə dair normativ tənzimləməni (sanitariya norma və qaydalarının, habelə gigiyena normativlərinin hazırlanmasını və təsdiqini), risklərin təhlilini, qida məhsullarının və onları qablaşdırma materiallarının dövlət qeydiyyatına alınmasını, xarici ölkələrə ixrac edilən qida məhsullarına qida təhlükəsizliyi sertifikatının verilməsini, baytarlıq, bitki mühafizəsi və karantini sahələri istisna olmaqla, məhsulun daşıdığı risk səviyyəsinə uyğun olaraq, qida məhsullarının istehsalı, tədarükü, qablaşdırılması, saxlanması, daşınması, dövriyyəsi (o cümlədən idxal-ixrac əməliyyatları), ictimai iaşə və xidmət sahələrində istifadəsi, utilizasiyası və məhv edilməsi də daxil olmaqla qida zəncirinin bütün mərhələlərində qida təhlükəsizliyinə və qida məhsulları istehlakçılarının hüquqlarının müdafiəsinə dövlət nəzarətini, habelə qeyd olunan sahələrdə dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2017-ci il tarixli Fərmanı ilə “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanının tətbiqi ilə əlaqədar kommunal xidmətləri bazar iqtisadiyyatının tələblərinə uyğunlaşdırmaq, nəzarət mexanizmlərini daha da təkmilləşdirməklə bu sahənin davamlı

inkişafına nail olmaq, enerji təchizatında şəffaflığı və çevikliyi, habelə sözügedən xidmətlərin sahibkarlar üçün əlçatanlığını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Energetika Nazirliyinin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyi yaradılmışdır. Agentlik dövlət qeydiyyatına alındığı gündən Azərbaycan Respublikası Energetika Nazirliyinin Dövlət Enerji Nəzarəti İdarəsi və Dövlət Qaz Nəzarəti İdarəsi, habelə onların yerli bölmələri ləğv edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2017-ci il tarixli Fərmanı ilə “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanının tətbiqi ilə əlaqədar ölkədə maliyyə vəsaitlərinə çıxış imkanlarını, kreditlərə təminat verilməsi mexanizmlərini yeni iqtisadi əsaslarla daha da təkmilləşdirmək, bu sahədə göstərilən xidmətlərin səviyyəsinin artırılması, əhalinin rifahının yüksəldilməsi, sosial müdafiəsi və layiqli həyat səviyyəsinin təmin edilməsi ilə bağlı həyata keçirilən tədbirlərin səmərəliliyini daha da yüksəltmək və sistemliliyini təmin etmək məqsədilə “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin və “Azərbaycan Respublikasının Kredit Zəmanət Fondu” Açıq Səhmdar Cəmiyyətinin birləşmə formasında yenidən təşkili yolu ilə “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu” qeyri-kommersiya hüquqi şəxsi yaradılmışdır.

Fond Azərbaycan Respublikasında əhalinin yaşayış sahəsi ilə uzunmüddətli ipoteka kreditləşməsi vasitəsilə təmin edilməsi mexanizminin yaradılması, ipoteka kreditləşməsinə yerli və xarici maliyyə resurslarının cəlb olunmasına kömək göstərilməsi ilə bağlı işləri yerinə yetirən, habelə sahibkarların müvəkkil banklardan manatla aldıqları kreditlərə təminat verən və Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallarda və qaydada həmin kreditlərə hesablanmış faizlərin bir hissəsinə subsidiya verən qeyri-kommersiya hüquqi şəxsidir.

Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2017-ci il tarixli Fərmanı ilə “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanının tətbiqi ilə əlaqədar ölkədə investisiya və biznes mühitinin daha da yaxşılaşdırılması, sahibkarlıq fəaliyyətinin tənzimlənməsi sisteminin təkmilləşdirilməsi və səmərəli əlaqələndirmənin tətbiqi, kiçik və orta sahibkarlığın ölkə iqtisadiyyatında rolunun və rəqabət qabiliyyətinin artırılması, bu sahədə idarəçilik sisteminin müasir tələblərə uyğunlaşdırılması, maliyyə resurslarına KOS subyektlərinin çıxış imkanlarının genişləndirilməsi və institusional dəstək mexanizmlərinin formalaşdırılması, sahibkarlığın hüquqi təminatının gücləndirilməsi və regionlarda sahibkarlığın inkişafına əlverişli şərait yaradılması əsasında dayanıqlı inkişafın təmin edilməsi məqsədilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində publik hüquqi şəxs statuslu “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi” yaradılmışdır. “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi” ölkədə kiçik və orta sahibkarlığın inkişafını dəstəkləyən, KOS subyektlərinə bir sıra xidmətlər göstərən, dövlət orqanlarının bu sahədə xidmətlərinin əlaqələndirilməsini və tənzimlənməsini həyata keçirən publik hüquqi şəxsdir. Agentlikdə Agentliyin fəaliyyətinə rəhbərliyi həyata keçirən və ictimai əsaslarla fəaliyyət göstərən 7 nəfərdən ibarət Müşahidə Şurası yaradılır. Agentliyin Müşahidə Şurası Azərbaycan Respublikasının iqtisadiyyat nazirindən, Azərbaycan Respublikasının maliyyə, vergilər, əmək və əhalinin sosial müdafiəsi və kənd təsərrüfatı nazirlərinin müavinlərindən, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sədrinin müavinindən və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidentindən ibarət tərkibdə formalaşdırılır. Agentliyin Müşahidə Şurasının sədri Azərbaycan Respublikasının iqtisadiyyat naziridir. Agentliyin fəaliyyətinə cari rəhbərliyi İdarə heyətinin sədri həyata keçirir. Bununla yanaşı Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2018-ci il tarixli Fərmanı ilə Agentliyin "Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi"nin Nizamnaməsi, Strukturu və kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilə xidmətlərin siyahısı təsdiq edilmişdir.

Maliyyə vəsaitlərinə çıxış imkanları

  • Fiziki və hüquqi şəxslərə öz maliyyə öhdəliklərinin icrası barədə uzunmüddətli məlumat bazasının formalaşdırılması yolu ilə maliyyə xidmətlərinə çıxış imkanlarının yaxşılaşdırılması, borc münasibətlərində maliyyə intizamının möhkəmləndirilməsi və ölkədə maliyyə sisteminin sabitliyinin təmin edilməsinə dəstək verilməsi məqsədilə “Kredit büroları haqqında” Azərbaycan Respublikasının 28 oktyabr 2016-cı il tarixli Qanunu qəbul edilmişdir. Qanuna əsasən kredit bürosu dövlət qeydiyyatına alınmış və Qanunda nəzərdə tutulmuş fəaliyyəti həyata keçirən kommersiya hüquqi şəxsdir. Qanunda kredit tarixçələri, onların formalaşdırılması və istifadəsi ilə bağlı tələblər, subyektlərinin hüquqları, kredit bürolarının yaradılması, yenidən təşkili, ləğvi, fəaliyyəti və tənzimlənməsi sahəsində müddəalar nəzərdə tutulur. Artıq ölkəmizdə ilk kredit bürosu yaradılmışdır.
  • Öhdəliklərin icrasının təmin edilməsi ilə bağlı daşınar əmlakın yüklülüyünün hüquqi rejimini, daşınar əmlaka dair yüklülük sahiblərinin hüquqlarının həyata keçirilməsi qaydalarını, daşınar əmlaka tutma yönəldilməsi, daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin aparılması və ondan istifadə ilə bağlı məsələləri tənzimləyən “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının 2017-ci il 2 may tarixli Qanunu qəbul edilmiş və həmin Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 24 may 2017-ci il tarixli 1420 nömrəli Fərmanı imzalanmışdır.
  • Ölkədə maliyyə vəsaitlərinə çıxış imkanlarını, kreditlərə təminat verilməsi mexanizmlərini yeni iqtisadi əsaslarla daha da təkmilləşdirmək, bu sahədə göstərilən xidmətlərin səviyyəsinin artırılması, əhalinin rifahının yüksəldilməsi, sosial müdafiəsi və layiqli həyat səviyyəsinin təmin edilməsi ilə bağlı həyata keçirilən tədbirlərin səmərəliliyini daha da yüksəltmək və sistemliliyini təmin etmək məqsədilə “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin və “Azərbaycan Respublikasının Kredit Zəmanət Fondu” Açıq Səhmdar Cəmiyyətinin birləşmə formasında yenidən təşkili yolu ilə “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu” qeyri-kommersiya hüquqi şəxsi yaradılmışdır.

Dövlət proqramları

Azərbaycan Respublikasının Prezidentinin 13 iyul 2017-ci il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017–2022-ci illər üçün Dövlət Proqramı” təsdiq edilmişdir. Dövlət Proqramının məqsədi ölkədə pambıqçılıq məhsullarına tələbatın ödənilməsi, pambıq emalı müəssisələrinin xammal təminatının yaxşılaşdırılması, emal sənayesinin inkişaf etdirilməsi, pambıq məhsullarının ixracının artırılması, kənd yerlərində əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi üçün pambıqçılığa dövlət dəstəyinin gücləndirilməsindən və bu sahənin inkişafının stimullaşdırılmasından ibarətdir.

Azərbaycan Respublikasının Prezidentinin 14 iyul 2017-ci il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında kənd təsərrüfatı kooperasiyasının inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı” təsdiq edilmişdir. Dövlət Proqramının məqsədi kənd təsərrüfatı məhsulları istehsalçılarının birgə təsərrüfatçılıq fəaliyyətini təşviq etmək, könüllülük əsasında kənd təsərrüfatı kooperativlərinin təşkilinə əlverişli şərait yaratmaq, kooperativlərin dayanıqlı fəaliyyətini təmin etmək, həmçinin aqrar sahədə kooperasiyanın formalaşmasına və inkişafına dəstək verməkdir.

Azərbaycan Respublikasının Prezidentinin 10 avqust 2017-ci il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017–2021-ci illər üçün Dövlət Proqramı” təsdiq edilmişdir. Dövlət Proqramının məqsədi tütün və tütün məmulatına olan tələbatın ödənilməsi, tütün emalı müəssisələrinin fəaliyyətinin genişləndirilməsi və müasir texnologiyalar əsasında yeni müəssisələrin yaradılması, xammal təminatının yaxşılaşdırılması, tütünçülük məhsullarının ixracının artırılması və kənd əhalisinin məşğulluq səviyyəsinin yüksəldilməsi üçün ölkədə tütünçülüyün inkişafını stimullaşdırmaqdan ibarətdir.

Azərbaycan Respublikasının Prezidentinin 27 noyabr 2017-ci il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı” təsdiq edilmişdir. Dövlət Proqramının məqsədi ipəkçiliyin dayanıqlı əsaslarla inkişafına nail olmaq, ipək emalı sənayesinin xammal təminatını yüksəltmək, istehsal edilən məhsulun keyfiyyətini və həcmini artırmaq, yeni təsərrüfat subyektləri yaratmaq, ipək məhsullarının ixrac potensialını gücləndirmək və məşğulluğu artırmaqdan ibarətdir.

Azərbaycan Respublikasının Prezidentinin 9 fevral 2018-ci il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında çəltikçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı” təsdiq edilmişdir. Dövlət Proqramının məqsədi ölkə əhalisinin düyüyə olan tələbatının daha dolğun ödənilməsi, idxalın əvəzlənməsi, çəltik emalı sənayesinin inkişaf etdirilməsi və kənd əhalisinin məşğulluq səviyyəsinin yüksəldilməsi üçün ölkədə çəltikçilik sahəsinin inkişafını stimullaşdırmaqdan ibarətdir.

Azərbaycan Respublikasının Prezidentinin 12 fevral 2018-ci il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018–2027-ci illər üçün Dövlət Proqramı” təsdiq edilmişdir. Dövlət Proqramının məqsədi ölkədə quru çaya olan tələbatın əsasən yerli məhsul hesabına ödənilməsi, çay emalı müəssisələrinin xammal təminatının yaxşılaşdırılması, emal sənayesinin inkişaf etdirilməsi, çay məhsullarının ixracının artırılması və kənd əhalisinin məşğulluq səviyyəsinin yüksəldilməsi üçün çayçılığın inkişafını stimullaşdırmaqdan ibarətdir.

Azərbaycan Respublikasının Prezidentinin 13 fevral 2018-ci il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında sitrus meyvəçiliyinin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı” təsdiq edilmişdir. Dövlət Proqramının məqsədi ölkədə sitrus meyvələrinə olan tələbatın daha dolğun ödənilməsi, istehsal edilmiş məhsulların ixracının artırılması və kənd əhalisinin məşğulluq səviyyəsinin və maddi rifahının yüksəldilməsi üçün sitrus meyvəçiliyinin inkişafını stimullaşdırmaqdan ibarətdir.

Azərbaycan Respublikasının Prezidentinin 28 fevral 2018-ci il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” təsdiq edilmişdir. Dövlət Proqramının əsas məqsədi xalçaçılıq sahəsində maddi və mədəni irsin qorunması və davamlı inkişafıdır.

Sığorta

  1 aprel 2018-ci il tarixindən “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minmişdir ki, bu Qanuna əsasən:

  • Sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları və 2015-ci ilin 1 yanvar tarixinədək yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə borcları tam məbləğdə silinir.
  • 2015-ci ilin 1 yanvar tarixindən yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə sığortaedənlər tərəfindən 2018-ci ilin aprel-may ayları ərzində həmin maliyyə sanksiyalarının (hesablanmış penyanın) 10 faizi ödənildikdə - maliyyə sanksiyalarının (hesablanmış penyanın) ödənilməmiş 90 faizi, aprel-iyul ayları ərzində 30 faizi ödənildikdə 70 faizi, aprel-sentyabr ayları ərzində 50 faizi ödənildikdə isə ödənilməmiş 50 faizi silinir.
  • Bu Qanun barəsində məhkəmə qərarı qəbul edilmiş, lakin 2018-ci ilin 1 aprel tarixinə ödənilməmiş borcların qalığına da şamil edilir.

Digər tədbirlər

Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakını təmin etmək, ailə əməyinə əsaslanan təsərrüfatların fəaliyyətini dəstəkləmək, kiçik və orta sahibkarlığın inkişafını stimullaşdırmaq, əhalinin məşğulluğunun artırılması sahəsində əlavə imkanlar yaratmaq məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 23 sentyabr 2016-cı il tarixli 1047 nömrəli Fərmanına əsasən Masallı, Balakən və Quba rayonlarında “ABAD” (Ailə Biznesinə Asan Dəstək) mərkəzləri yaradılmışdır. “ABAD”ın sözügedən regional mərkəzləri tərəfindən qeyd olunan bölgələrdə yaşayan ailə bizneslərinə monoblok-konteynerlər şəklində zəruri istehsal avadanlıqları təqdim olunub. “ABAD”çı ailələrin istehsal etdiyi məhsulların “bir pəncərə” prinsipi əsasında sertifikatlaşdırılması və satışı “ABAD” tərəfindən təşkil olunur.

Azərbaycan Respublikası Prezidentinin 4 aprel 2017-ci il tarixli 1313 nömrəli Fərmanı ilə “Sahibkarların tələb olunan gücü 150 kVt-a qədər (150 kVt da daxil olmaqla mövcud 0,4 kV-luq şəbəkədən) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması Qaydası” təsdiq edilmişdir. Qaydalara əsasən müraciətlər yalnız “ASAN Kommunal” (onlar yaradılanadək isə “ASAN Xidmət”) mərkəzləri vasitəsilə edilir, qoşulma proseduru üç mərhələdən (sifarişçinin mərkəzlərə müraciəti, qoşulma haqqının ödənilməsi, texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və sifarişçiyə təqdim edilməsi (göndərilməsi), tikinti-quraşdırma işlərinin aparılması və şəbəkəyə fiziki qoşulma, Tikinti obyektinə elektrik enerjisinin verilməsi) və maksimum 24 gündən ibarətdir. Həmçinin texniki şərtlərin və layihə sənədlərinin verilməsi, habelə şəbəkəyə qoşulmanı həyata keçirmək məqsədilə “ASAN Kommunal” (onlar yaradılanadək isə “ASAN Xidmət”) mərkəzlərində aidiyyəti qurumların nümayəndələrindən ibarət Texniki Şuraların yaradılması nəzərdə tutulur. Bir sıra tikinti və infrastruktur obyektlərinin “Tik-idarə et-təhvil ver” (TİT) modelinə uyğun maliyyələşmə əsasında tikintisinə (inşasına, cari və əsaslı təmirinə, yenidən qurulmasına, bərpasına), idarə edilməsinə və təhvil verilməsinə investisiyanın cəlb olunması məqsədilə “Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında” Azərbaycan Respublikasının 15 mart 2016-cı il tarixli Qanunu qəbul edilmişdir. Qanuna əsasən “TİT” modelinə uyğun həyata keçirilən fəaliyyət dövlət rüsumlarından və yığımlardan azaddır, bağlanan müqavilələrin müddəti 49 ildən artıq ola bilməz. Müddət başa çatdıqdan sonra obyektlər bütün borc və öhdəliklərdən azad, təyinatı üzrə istifadəyə yararlı vəziyyətdə və əvəzsiz olaraq səlahiyyətli orqanın (İqtisadiyyat Nazirliyinin) idarəçiliyinə verilir. Həmçinin bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin 7 dekabr 2016-cı il tarixli 1149 nömrəli Fərmanı ilə “Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin investorlar tərəfindən “Tik-idarə et-təhvil ver” modeli çərçivəsində həyata keçirilməsinin şərtləri, tikinti və infrastruktur obyektlərinin növlərinə uyğun olaraq investorlar qarşısında qoyulan tələblər, bağlanılan müqavilələrin xüsusiyyətləri və şərtləri, investisiya qoyuluşu nəticəsində əldə olunacaq mal və xidmətlərin dəyərinin müəyyənləşdirilməsi Qaydası” təsdiq edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda 5 aprel 2016-cı il tarixli Qanunla edilmiş dəyişikliklərə əsasən, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilmə müddəti 20 gündən 10 iş gününə endirilmişdir. İstehsal və ixracla məşğul olan sahibkarların fəaliyyətini əlaqələndirmək, onlar arasında əməkdaşlığı genişləndirmək, idxaldan asılılığın azalması, bu sahədə istehsalın artırılması, ölkənin ixrac imkanlarının genişləndirilməsi məqsədilə sahibkarların təşəbbüsü və İqtisadiyyat Nazirliyinin dəstəyi ilə 2017-ci ilin 24 yanvar tarixində “Tikinti Materialları İstehsalçıları Assosiasiyası”, 17 mart tarixində “Azərbaycan Qablaşdırma Sənayesi Assosiasiyası”, 7 iyul tarixində “Mebel İstehsalçıları Assosiasiyası”, 11 iyul tarixində "Azərbaycan Tekstil İstehsalçıları və İxracatçıları Assosiasiyası", 16 avqust tarixində “Xurma İstehsalçıları və İxracatçıları Assosiasiyası”, 6 oktyabr tarixində "Azərbaycan Tütün İstehsalçıları və İxracatçıları Assosiasiyası", 26 oktyabr tarixində “Qadın Sahibkarları Assosiasiyası”, 3 noyabr tarixində “Çay İstehsalçıları və İxracatçıları Assosiasiyası” və 2018-ci ildə isə Azərbaycan Süd və Süd Məhsulları İstehsalçıları və İxracatçıları Assosiasiyası yaradılmışdır. Bununla yanaşı son dövrlərdə yaradılmış Azərbaycan Arıçılar Assosiasiyası, Meyvə-Tərəvəz, Şərab, Nar, Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyaları da fəaliyyət göstərir.

← Geriyə