Xəbərlər

  • Yenilənib 23.09.2021 16:06
  • Yaradılıb 21.09.2021 18:00

AYİB-lə əməkdaşlığın inkişafı istiqamətləri müzakirə edilib

 

İqtisadiyyat naziri Mikayıl Cabbarov Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Şərqi Avropa və Qafqaz regionu üzrə icraçı direktoru Matteo Patrone və Qafqaz üzrə regional direktoru Katarina Byorlin Hansenlə görüşüb.

Görüşdə Azərbaycanın AYİB-lə əlaqələrin inkişafına önəm verdiyi və uğurlu əməkdaşlıq etdiyi vurğulanıb. AYİB tərəfindən indiyədək Azərbaycan iqtisadiyyatına 178 layihə üzrə 3,2 mlrd. avro investisiya yatırılıb. Bankla birgə həyata keçirilən layihələr ölkəmizdə qabaqcıl təcrübənin tətbiqi və iqtisadiyyatın şaxələndirilməsinin təşviqi baxımından xüsusi əhəmiyyət kəsb edir.

Avropa Yenidənqurma və İnkişaf Bankının Şərqi Avropa və Qafqaz üzrə icraçı direktoru Matteo Patrone Bankın Azərbaycanla uzunmüddətli və səmərəli tərəfdaşlığını vurğulayıb, ölkəmizin iqtisadi potensialının əlaqələrin genişlənməsinə əlverişli zəmin yaratdığını və qurumun bundan sonra da Azərbaycan iqtisadiyyatını dəstəkləmək niyyətini qeyd edib.

Görüşdə Gəncədə uğurla icra edilən “Yaşıl Şəhər Proqramı”nın Azərbaycanın digər şəhərlərində tətbiqi imkanları, yeni investisiya layihələri müzakirə olunub.

Tərəflər həmçinin, AYİB-lə Sahibkarlığın İnkişafı Fondu və Azərbaycan İnvestisiya Holdinqi arasında əməkdaşlıq, dövlət-özəl tərəfdaşlığı, “yaşıl iqtisadiyyat” və bərpa olunan enerji üzrə əlaqələrin inkişafı məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.

← Geriyə