Çıxışlar və müsahibələr

  • Yenilənib 14.03.2013 13:36
  • Yaradılıb 14.03.2013 13:29

Sahibkarlığın inkişafında maarifləndirmənin rolu

 

Bu gün Azərbaycan iqtisadiyyatı keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Bu kontekstdə ölkə iqtisadiyyatının davamlı və tarazlı inkişafının təmin edilməsi, regionların inkişafının sürətləndirilməsi ölkəmizin sosial-iqtisadi inkişafının hazırkı mərhələsinin prioritet vəzifələrindəndir və bu vəzifələr uğurla yerinə yetirilməkdədir. Bu sahədə Bazar mexanizminin hərəkətverici qüvvəsi hesab edilən özəl sektor əhəmiyyətli rol oynayır.
Ümummilli Liderimiz Heydər Əliyevin sosial-iqtisadi inkişaf strategiyasının uğurla reallaşdırılması, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sistemli tədbirlər, özəl sektora hərtərəfli dövlət dəstəyi nəticəsində ölkəmizdə güclü sahibkarlar təbəqəsi formalaşmışdır.
Təsadüfi deyildir ki, ölkədə istehsal edilən ÜDM-nin 80%-i özəl bölmənin payına düşür.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən şaxələndirmə tədbirləri, sahibkarlığın inkişafı, sahibkarların maarifləndirilməsi, investisiya mühitinin daha da yaxşılaşdırılması nəticəsində qeyri-neft sektorunun dinamik inkişafı davam edir və onun real artım tempi ümumi artım tempini üstələyir. Sevindirici haldır ki, qeyri-neft sektorunun inkişafında və bu sahədə istehsal olunan məhsulların həm kəmiyyət, həm də keyfiyyət etibarilə yüksəlişində özəl bölmənin rolu ildən-ilə artır. Bütün bunlar ölkədə biznes mühitinin daha da yaxşılaşdırılması, bu sahəyə dövlət dəstəyi tədbirlərinin genişləndirilməsi, iqtisadiyyata yerli və xarici investisiyaların, müasir texnologiyaların cəlb edilməsi, yüksək keyfiyyətli, rəqabətqabiliyyətli məhsulların istehsal edilməsi istiqamətində həyata keçirilən siyasətin məntiqi nəticəsidir.

Sahibkarlığın inkişafı sahəsində qəbul olunmuş qanunvericilik aktlarının, dövlət proqramlarının və digər sənədlərin bu sahənin inkişafında xüsusi rolu olmuş, özəl bölmənin inkişafı iqtisadi siyasətin prioritet istiqamətlərindən birinə çevirilmiş, sahibkarlara dövlət maliyyə köməyi sistemi formalaşdırılmışdır. Dövlət-sahibkar münasibətləri inkişaf etdirilmiş, sahibkarların hüquqlarının müdafiəsinin işlək mexanizmləri yaradılmışdır. Sahibkarlığın məsləhət, informasiya təminatının gücləndirilməsi və işgüzar əlaqələrinin inkişafı istiqamətində əhəmiyyətli işlər görülmüşdür.
Eyni zamanda, sahibkarlıq fəaliyyətini tənzimləyən prosedur və qaydalar liberallaşdırılmış, ixrac rüsumları ləğv edilmiş, idxalda rüsumların 15 faizlik maksimal həddi müəyyənləşdirilmiş, vergi yükü azaldılmışdır.
Sahibkarlığın məsləhət, informasiya təminatının gücləndirilməsi və işgüzar əlaqələrinin inkişafı istiqamətində sahibkarların təşəbbüskarlığı və hüquqi biliklərinin artırılmasına, yeni iqtisadi şəraitdə müasir təcrübənin öyrənilməsinə və tətbiqinə istiqamətlənmiş kompleks tədbirlərin reallaşdırılması da sahibkarlıq sektorunun inkişafının mühüm istiqamətlərindəndir. Bununla əlaqədar, sahibkarların təcrübə keçmə, ixtisasartırma tələblərinin ödənilməsi və yenidən hazırlanması, onların maarifləndirilməsi, hüquqi və iqtisadi biliklərinin artırılması sahəsində işlərin təşkilini və tənzimlənməsini həyata keçirilməsi məqsədilə 2007-ci ildə İqtisadi İnkişaf Nazirliyinin tabeliyində Bakı Biznes Tədris Mərkəzi (BBTM) yaradılmış, 6 rayonda (Gəncə, Qazax, Yevlax, Göyçay, Lənkəran, Şəki) mərkəzin nümayəndəlikləri açılmışdır. Hazırda sahibkarlığın inkişafının informasiya, təlim və konsaltinq mərkəzləri sisteminin formalaşdırılması vasitəsilə sahibkarların bu sahələrdə tələbatlarının dolğun ödənilməsi, xüsusilə regionlarda işgüzar aktivliyin artırılmasından ibarətdir. Beynəlxalq standartlara cavab verən səviyyədə vəzifələrin yerinə yetirilməsini təşkil etmək, yaradılmış nümayəndəliklərin fəaliyyətini gücləndirmək, işgüzar adamların öz biznesinə başlaması, müəssisələrin səmərəli idarə olunması istiqamətində zəruri biliklərin verilməsini təmin etmək məqsədi ilə Bakı Biznes Tədris Mərkəzi tərəfindən sistemli tədbirlər həyata keçirilməkdədir.
Azərbaycan Respublikasında biznesin idarə olunması sahəsində kadrların ixtisasının artırılması üzrə Almaniyanın Federal İqtisadiyyat və Texnologiyalar Nazirliyi ilə Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi arasında imzalanmış Memorandum çərçivəsində "Azərbaycan Respublikasında biznesin idarə olunması sahəsində kadrların ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan ikitərəfli Proqramı"nın icrası İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinə və Almaniyanın Federal İqtisadiyyat və Texnologiyalar Nazirliyinin "InWent" təşkilatına həvalə edilmişdir. Sənədə əsasən, Azərbaycanın özəl sektorunda biznesin idarə olunması sahəsində fəaliyyət göstərən kadrların Almaniyada tədris və təcrübə keçməsinə, onların beynəlxalq təcrübə toplamasına, alman şirkətləri ilə birbaşa əlaqələrin qurulmasına, peşəkar və mədəni dünyagörüşlərinin artırılmasına şərait yaratmaqdır.
Proqram çərçivəsində iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkar və gənc menecerlər Almaniyanın müvafiq tədris mərkəzlərində və müəssisələrində "İqtisadi kooperasiya" üzrə 1 ay müddətində ödənişsiz ixtisasartırma kursu keçir, beynəlxalq təcrübəyə və innovativ texnologiyalara yiyələnir, yeni işgüzar əlaqələr yaradırlar. Belə kursların təşkili sahibkarlıq fəaliyyətinin səmərəli təşkilində, menecerlərin bilik və təcrübə səviyyəsinin yüksəldilməsində əhəmiyyəti böyükdür.
Belə ki, 2011-ci il ərzində Almaniyanın GİZ təşkilatının ekspertləri tərəfindən keçirilmiş müsabiqələrdə müvəffəqiyyət qazanan 52 nəfər azərbaycanlı sahibkar və gənc menecerlər Almaniyada "İqtisadi kooperasiya" üzrə 1 (bir) ay müddətində ixtisasartırma kurslarında iştirak etmiş, müvafiq müəssisələrdə təcrübə keçmişlər.
Ümumiyyətlə, 2009-2011-ci illərdə iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 88 sahibkar və gənc menecer Almaniyanın müxtəlif şəhərlərində ixtisasartırma kursu keçmişdir.
Sahibkarların maarifləndirilməsi, bacarıqlarının inkişaf etdirilməsi, innovasiyanın idarəetmədə tətbiq edilməsi, yerli təlimçilər şəbəkəsinin yaradılması, təlimçilərin dünyada tətbiq edilən metodologiya və treninqlərin keçirilməsinin interaktiv metodları ilə tanış edilməsi və s. məqsədilə İqtisadi İnkişaf Nazirliyinin və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) dəstəyi, Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə "Management Training" Proqramı çərçivəsində Bakı şəhərində və regionlarda "Layihələrin idarə olunması" və "Bacarıqların inkişaf etdirilməsi", Almaniya Federativ Respublikasının Federal İqtisadiyyat və Texnologiyalar Nazirliyinin dəstəyi ilə "Menecer hazırlığının interaktiv üsulları" mövzuları üzrə yerli təlimçilər üçün Almaniyanın GİZ təşkilatının ekspertləri tərəfindən kurslar keçirilmişdir.
Bu cür tədbirlərin keçirilməsi yerli sahibkarların işgüzar əlaqələrinin inkişafı, sahiibkarların maarifləndirilməsi, konsaltinq və innovasiya xidmətlərinin səmərəliliyi baxımından əhəmiyyətlidir.
Bakı Biznes Tədris Mərkəzi tərəfindən 2011-ci il ərzində Bakı şəhərində və regionlarda xarici və yerli ekspertlərin iştirakı ilə sahibkarlar, sahibkarlıq fəaliyyətinə yeni başlamaq istəyənlər üçün müxtəlif mövzularda 140-dan çox maarifləndirici tədbirlər, konfranslar, seminarlar, dəyirmi masalar, təlimlər keçirilmişdir ki, bunun da 80-ni regionların üzərinə düşür. Bu tədbirlərdə 5 mindən çox dinləyici iştirak etmişdir. Treninqlərdə iştirakçılara korporativ idarəetmə standartları, biznes-planların tərtib edilməsi, yüksək keyfiyyətli məhsul istehsalı və satışın təşkil edilməsi üçün işgüzar əlaqələrin qurulması, həmçinin elektron ticarət və onun əhəmiyyəti, elektron ticarətlə bağlı beynəlxalq təcrübə barədə ətraflı məlumatlar verilmiş, www.b2b.az elektron ticarət portalının təqdimatı keçirilmişdir. İştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanmış, onları maraqlandıran suallar cavablandırılmışdır.
Bundan başqa, gənclərə biznes ideyanın yaradılması və biznesin təşkili istiqamətlərində nəzəri biliklərin, praktiki bacarıqların və beynəlxalq təcrübənin aşılanması, onların sahibkarlıq fəaliyyətinə cəlb edilməsi məqsədilə Bakı Biznes Tədris Mərkəzi tərəfindən Beynəlxalq Əmək Təşkilatının "Öz Biznesinə Başla və Təkmilləşdir" Proqramı çərçivəsində "Biznes ideyası yarat və öz biznesinə başla" mövzusunda təlim kursları keçirilmişdir. Təlim kurslarında iştirakçılara biznes ideyanın yaradılması, biznes-planların tərtib edilməsi, SWOT-təhlilin aparılması və bu sahələrdə mövcud beynəlxalq təcrübə, istehsal-satış, maliyyə planları və s. barədə ətraflı məlumatlar verilmişdir.
Eyni zamanda, biznes tədrisinin təkmilləşdirilməsi, sahibkarların maarifləndirilməsində innovativ tədris metodlarından istifadənin təmin edilməsi məqsədi ilə Bakı Biznes Tədris Mərkəzi tərəfindən 2011-ci ildə distant təlimlərin keçirilməsinə başlanmışdır. Microsoft Office proqramları üzrə sahibkarlar üçün distant təlim kursunun yaradılması məqsədilə təlimlərin tədris-metodiki plan və proqramlar hazırlanmışdır.
Ümumilikdə, Azərbaycanda sahibkarlığın inkişafı strategiyası nəinki ölkəmizin iqtisadi tərəqqisində xüsusi rol oynayır, hətta bir model olaraq keçid iqtisadiyyatı ölkələrinin iqtisadi inkişafında nümunəyə çevrilir. Bu strategiyanın əsasında isə Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət, "Sahibkarların normal biznes mühitində fəaliyyəti ölkəmizin gələcək inkişafını təmin edəcəkdir" prinsipi dayanır.

 

Bakı Biznes Tədris Mərkəzinin direktoru
Akif Fərruxov

← Geriyə