Xəbərlər

  • Yenilənib 09.07.2021 16:37
  • Yaradılıb 09.07.2021 16:00

Aİ ilə əlaqələrin genişləndirilməsi barədə müzakirələr aparılıb

 

İqtisadiyyat naziri Mikayıl Cabbarov və Energetika naziri Pərviz Şahbazov Avropa İttifaqının Qonşuluq və Genişlənmə üzrə komissarı Oliver Varhelyi ilə görüşüblər.

Mikayıl Cabbarov ölkəmizin Avropa İttifaqı (Aİ) ilə əməkdaşlığa böyük önəm verdiyini, aparılan danışıqların xüsusi rolunu vurğulayıb. Qeyd edilib ki, Azərbaycan iqtisadiyyatının genişləndirilməsi və şaxələndirilməsində beynəlxalq təcrübənin tətbiqi baxımından Aİ ilə əməkdaşlıq önəmlidir. Aİ Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır. 2020-ci ildə Azərbaycanın Aİ ölkələri ilə ticarət dövriyyəsi 9,33 milyard ABŞ dolları olmaqla ölkəmizin xarici ticarətində payı 38% təşkil edib. 2012-ci ildən indiyədək Aİ ölkələrinin Azərbaycana yatırdığı investisiya 21,5 milyard dollardan çoxdur.

İqtisadiyyat naziri hazırda işğaldan azad olunmuş ərazilərimizdə infrastruktur və tikinti layihələrinin həyata keçirilməsinin əsas vəzifələrdən olduğunu, yeni reallıqların investisiya qoyuluşu üçün geniş imkanlar yaratdığını bildirib, Aİ-yə üzv olan ölkələri layihələrdə fəal iştiraka dəvət edib.

Görüşdə Energetika naziri Pərviz Şahbazov Aİ ilə enerji tərəfdaşlığı, reallaşdırılan regional əhəmiyyətli layihələr barədə məlumat verib, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunu vurğulayıb, “yaşıl enerji” sahəsində əməkdaşlıq imkanlarını qeyd edib.

Avropa İttifaqının Qonşuluq və Genişlənmə üzrə komissarı Oliver Varhelyi Aİ-nin ölkəmizlə bir sıra sahələr üzrə səmərəli əməkdaşlığını diqqətə çatdırıb, tərəfdaşlığın gücləndirilməsi istiqamətləri barədə fikirlərini bölüşüb.

Tərəflər işğaldan azad olunmuş ərazilərimizin bərpasında əməkdaşlıq, kiçik və orta biznesin inkişafı, Aİ tərəfindən təklif edilən maliyyə alətləri və investisiyalar üçün prioritet sahələr barədə fikir mübadiləsi apariblar.

Görüşdə ölkəmizin Belçika Krallığında səfiri, Avropa İttifaqı yanında Nümayəndəliyinin rəhbəri Fuad İsgəndərov və Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas iştirak ediblər. 

← Geriyə