Çıxışlar və müsahibələr

  • Yenilənib 05.01.2015 06:40
  • Yaradılıb 05.01.2015 06:37

İqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin "İnterfaks-Azərbaycan" İnformasiya Agentliyinə müsahibəsi

 

"Sənaye ili" başa çatmaq üzrədir. İqtisadiyyat və Sənaye Nazirliyi 2014-cü ildə sənayenin inkişafı üçün hansı tədbirlər həyata keçirib?
- Sənayenin inkişafı ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasətin prioritet istiqamətlərindəndir. Bildiyiniz kimi, dövlət başçısının müvafiq sərəncamlarına əsasən, 2014-cü il Azərbaycanda "Sənaye ili" elan edilmiş, ölkə sənayesinin inkişafı istiqamətində həyata keçirilən tədbirlərin koordinasiyası, sənayeləşmənin sürətləndirilməsi, Azərbaycanın güclü sənaye mərkəzinə çevrilməsi üçün mövcud potensialdan daha səmərəli istifadə olunması məqsədilə "Azərbaycan Respublikasında 2014-cü ilin Sənaye ili elan edilməsi ilə bağlı Tədbirlər Planı" təsdiq edilmişdir.
Tədbirlər Planına uyğun olaraq görülmüş işlərin nəticəsidir ki, il ərzində ölkədə 40-dan çox orta və iri sənaye müəssisəsi açılmış, mövcud sənaye müəssisələrinin istehsal gücləri genişləndirilmişdir. Müasir texnologiya və avadanlıqlara əsaslanan bu müəssisələr arasında sement zavodu, kağız və karton istehsalatı kombinatı, yağ fabriki, mis emalı zavodu, tekstil fabrikləri, su və günəş elektrik stansiyaları, qida şəhərciyi, yem istehsalı və meyvə-tərəvəz emalı müəssisələri, alüminium, kərpic, asfalt, metal-konstruksiya zavodları və s. müəssisələri qeyd etmək olar. Bundan başqa, hazırda dövlətin güzəştli kredit dəstəyi ilə özəl sektor tərəfindən 30-a yaxın sənaye müəssisəsi yaradılmaqda və genişləndirilməkdədir.
Yeni müəssisələrin yaradılması ilə Azərbaycanda istehsal edilən sənaye məhsullarının çeşidi və rəqabətqabiliyyətliliyi də sürətlə artır. Hazırda ölkəmizdə fəaliyyət göstərən sənaye müəssisələrində ərzaq məhsulları ilə yanaşı, müxtəlif tikinti materialları, avtomobil, kompüter, günəş batareyaları, elektrik avadanlıqları, mebel və s. istehsal olunur, bir çox sənaye məhsulları üzrə Azərbaycan özünü təmin edir.
Həyata keçirilən düşünülmüş siyasət, rəqabətədavamlı, müasir texnologiyalara əsaslanan müəssisələrin yaradılması ixracın genişlənməsinə yeni imkanlar yaradır. Hazırda bir sıra sənaye müəssisələrinin məhsulları xarici bazarlara çıxarılır, analoji məhsullarla uğurla rəqabət aparırlar.
Bununla yanaşı, mühüm əhəmiyyətli layihələr olan Neft və Qaz Emalı və Neft-kimya Kompleksi yaradılması istiqamətində işlər aparılır, Azərbaycan Polad İstehsalı Kompleksinin təşkili istiqamətində işlər davam etdirilir. Azərbaycan Polad İstehsalı Kompleksinin tərkibində dəmir filiz hasilatından son məhsul istehsalınadək 5 zavodun qurulması nəzərdə tutulur. Qeyd olunan layihələrin icrası ölkə sənayesinin inkişafı, şaxələndirilməsi və qeyri-neft ixrac potensialının artırılması baxımından xüsusi önəm kəsb edir.

Ümumilikdə, görülmüş tədbirlərin nəticəsidir ki, bu ilin 11 ayı ərzində qeyri-neft sənayesi 7,8% artmışdır.
Yuxarıda qeyd olunan Tədbirlər Planına uyğun olaraq, İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən sənaye müəssisələri ilə aparılan işlərin gücləndirilməsi məqsədilə iqtisadiyyatın müxtəlif sahələri üzrə 8 işçi qrup yaradılmışdır. 2014-cü ilin ötən dövrü ərzində işçi qrupların iclasları keçirilmişdir ki, bu, müvafiq sahələrin inkişafını yaxından izləməyə, eləcə də ortaya çıxan və obyektiv həlli tələb olunan məsələləri vaxtında müəyyən etməyə və həllinə nail olmağa imkan verir.
26-27 noyabr tarixlərində Bakıda "XXI əsrdə sənayeləşmə: Sənaye siyasətində əsas trendlər, müasir yanaşma və təcrübələr" mövzusunda Beynəlxalq Konfrans keçirilmişdir. 21 ölkədən 350-dən çox nümayəndənin, o cümlədən yüksək vəzifəli dövlət rəsmilərinin, beynəlxalq təşkilatların, eləcə də xarici və yerli şirkətlərin rəhbərlərinin iştirak etdiyi konfrans sənaye sahəsində əlaqələrin genişləndirilməsi və bu sahədə təcrübə mübadiləsi baxımından əhəmiyyətli olmuşdur.
İctimaiyyətin geniş məlumatlılığın təmin edilməsi məqsədilə sənaye sahəsinə, eləcə də bu sahədə ixtisaslı kadr potensialına dair internet portalı yaradılır.
Hazırda Nazirlik tərəfindən sənaye müəssisələrinin yenidən qurulması və yeni emal sənayesi müəssisələrinin yaradılması işlərinin dəstəklənməsi, rəqabətqabiliyyətli sənaye müəssisələrinin yaradılması və s. sahələrdə işlər görülür və gələcəkdə bu istiqamətlərdə görülən tədbirlərin miqyasının daha da genişləndirilməsi nəzərdə tutulur.

Sənaye parklarının inkişafı sahəsində hansı işlər görülür? 2015-ci ildə Sumqayıt Kimya Sənaye Parkında rezidentlərin sayının artması gözlənilirmi? Ölkənin digər regionlarında da sənaye parklarının yaradılması nəzərdə tutulurmu?
Ölkəmizdə həyata keçirilən dövlət siyasəti iqtisadiyyatın hərtərəfli inkişafının təmin edilməsini, o cümlədən yüksək texnologiyalar əsasında sənayenin dinamik inkişafını və şaxələndirilməsini şərtləndirir. Azərbaycanda rəqabətədavamlı, ixracyönlü sənaye məhsulları istehsalını daha da artırmaq məqsədi ilə Sumqayıt Kimya Sənaye, Balaxanı Sənaye və Yüksək Texnologiyalar parklarının təşkili istiqamətində işlər davam etdirilir.
Dövlət başçısının iştirakı ilə 2013-cü ildə təməli qoyulmuş Sumqayıt Kimya Sənaye Parkının fəaliyyəti üçün ayrılmış ərazidə mövcud olan köhnə qurğular sökülmüş, torpaq istifadəyə yararlı vəziyyətə gətirilmişdir. Parkın ərazisi 166,6 hektardan 295,5 hektara kimi genişləndirilmişdir. Sənaye Parkının 1-ci fazasının infrastrukturunun tikintisinin 2015-ci ilin sonuna kimi başa çatdırılması nəzərdə tutulur. Artıq Sumqayıt Kimya Sənaye Parkının rezidenti olan "Azertexnolayn" MMC-nin Polad boru zavodu fəaliyyət göstərir. Eyni zamanda, daha iki zavodun inşasına başlanmışdır. SKSP-nin digər rezidenti olan "SOCAR Polymer" MMC tərəfindən istehsal məqsədilə avadanlıqlar Parka gətirilir. Müəssisənin istehsal prosesinə 2016-cı ildə başlaması planlaşdırılır.
Bu günlərdə isə SKSP-in digər rezidenti "AzerFloat" Qapalı Səhmdar Cəmiyyəti qeydiyyata alınmışdır. "AzerFloat" QSC sənaye parkının ərazisində Float texnologiyası (isti vannada yayma) əsasında şüşə lövhələrin istehsalı ilə məşğul olacaq. Layihə çərçivəsində 150 nəfərin çalışacağı və ildə 8 mln. m2 müxtəlif çeşiddə şüşə lövhələr istehsal edəcək Vərəqə Şüşə İstehsalı Zavodunun inşası nəzərdə tutulur.
Sənaye parkına investorların cəlb olunması, xarici sənaye parkları ilə qarşılıqlı təcrübə mübadiləsi istiqamətində də işlər aparılır. Artıq Kanada, Almaniya, Yunanıstan, Fransa, İtaliya və Türkiyədən olan potensial şirkətlər tərəfindən 20-dən artıq investisiya təklifi daxil olmuş və onlar Sumqayıt Kimya Sənaye Parkının rezidenti olmaq niyyətini bildirmişlər. Layihələr əsasən, qablaşdırma, tikinti, tibbi və digər sahələrdə kimya məhsullarının, o cümlədən polimerlərin istehsalını nəzərdə tutur.
Balaxanı Sənaye Parkının yaradılmasında məqsəd isə təkrar istehsal sahəsində maraqlı olan potensial sahibkarlar və investorlar üçün əlverişli şərait yaratmaqdır. 2012-ci ildə Prezident İlham Əliyev tərəfindən təməli qoyulmuş Balaxanı Sənaye Parkında xarici infrastrukturun yaradılması istiqamətində işlər demək olar ki, başa çatdırılmışdır. Yaxın zamanlarda sənaye parkında istehsal sahələrinin tikintisinə başlanılacaqdır. Sənaye Parkında fəaliyyət göstərmək üçün artıq 3 rezident qeydiyyata alınmışdır. Hazırda sənaye parkına digər müəssisələrin cəlb olunması istiqamətində işlər davam etdirilir.
Paytaxt Bakı ilə yanaşı, ölkə regionlarında da sənaye potensialının gücləndirilməsi tədbirləri diqqət mərkəzində saxlanılır. Belə ki, Gəncə və Mingəçevir şəhərlərində də müasir sənaye parklarının yaradılması nəzərdə tutulur.

Oktyabr ayında Prezident İlham Əliyev sənaye məhəllələrinin yaradılması haqqında Fərman imzalayıb. Bu cür məhəllələr hansı regionlarda yaradılacaq? İlk sənaye məhəlləsi hansı regionda və nə zaman istifadəyə veriləcək?
Regionlarda sahibkarlığın inkişafında və yerli potensialdan səmərəli istifadə olunmasında vacib istiqamətlərdən biri də ölkənin müxtəlif şəhər və rayonlarında sənaye məhəllələrinin yaradılmasıdır. Belə məhəllələrin yaradılması yeni iş yerlərinin açılması, istehsalın genişləndirilməsi, sənaye ilə əlaqəli xidmətlərin inkişaf etdirilməsi, regionların sosial-iqtisadi inkişafı, istehsal prosesinin təşkilində infrastruktur xərclərinin azaldılması, kooperasiya əlaqələrinin gücləndirilməsi, kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Artıq "Sənaye məhəllələri haqqında Nümunəvi Əsasnamə"nin layihəsi hazırlanaraq, aidiyyəti üzrə dövlət qurumlarına təqdim edilmişdir. Hazırda Nazirliyin əməkdaşları respublikanın müxtəlif bölgələrində sənaye məhəlləsinin yaradılması imkanlarını araşdırırlar.

Sənayenin inkişafı Azərbaycan iqtisadiyyatının diversifikasiyası üzrə həyata keçirilən siyasət çərçivəsində görülən tədbirlərdən biridir. Ölkədə biznes mühitinin yaxşılaşdırılması məqsədilə İqtisadiyyat və Sənaye Nazirliyi gələcəkdə hansı addımları atmaq niyyətindədir?
Azərbaycanda sahibkarlığın inkişafı prioritet istiqamətlərindəndir. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilmiş sahibkarlığın inkişafı strategiyası hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının "Ölkəmizin gələcək inkişafı sahibkarlığın inkişafından asılıdır" strateji xəttinə uyğun olaraq, rəqabətqabiliyyətli, ixracyönümlü, çoxşaxəli, innovativ iqtisadiyyatın formalaşdırılması, sahibkarlara dövlət dəstəyinin gücləndirilməsi, biznes mühitinin davamlı olaraq dünyada mövcud mütərəqqi yeniliklərə uyğun təkmilləşdirilməsi, dövlət-sahibkar münasibətlərinin inkişaf etdirilməsi, regionlarda kiçik və orta sahibkarlığın inkişafı, maarifləndirmə, işgüzar əlaqələrinin inkişafı və müxtəlif növ xidmətlərin göstərilməsi kimi kompleks tədbirlər davam etdirilir.
Həyata keçirilmiş tədbirlər nəticəsində ölkəmizdə sahibkarlıq fəaliyyətini tənzimləyən prosedur və qaydalar xeyli liberallaşdırılmış, biznes qeydiyyatı sistemi sadələşdirilmiş, sahibkarlığa, o cümlədən kiçik və orta sahibkarlığa dövlət maliyyə dəstəyi mexanizmi təkmilləşdirilmiş, ölkədə ixrac rüsumları ləğv edilmiş, mənfəət vergisinin dərəcəsi 20%-ə endirilmiş və sahibkarların hüquqlarının müdafiəsinin işlək mexanizmləri yaradılmışdır.
Sahibkarlığın inkişafı, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən siyasətin davamı olaraq ölkədə sahibkarlıq fəaliyyətinin dövlət tənzimlənməsinin təkmilləşdirilməsi və əlverişli biznes mühitin formalaşdırılması istiqamətində Azərbaycan Respublikası Prezidenti "Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" 3 mart 2014-cu il tarixli Fərman imzalamışdır. Fərman sahibkarlığın inkişafına göstərilən diqqət və qayğının, bu sahəyə verilən xüsusi önəmin, özəl bölməyə dövlət dəstəyi tədbirlərinin ardıcıllığının göstəricisi, sahibkarlığın inkişafının yeni mərhələsinin hüquqi əsaslarını özündə əks etdirən mühüm konseptual sənəddir. Bu sənəd Azərbaycanda biznes mühitinin daha da yaxşılaşdırılması, onun ən qabaqcıl təcrübələr əsasında təkmilləşdirilməsi istiqamətində mühüm tədbirlərin həyata keçirilməsi üçün yol xəritəsi olmaqla, qarşıdakı illərdə də özəl bölmənin sahibkarlığın inkişafı üçün geniş imkanlar açır. Fərmanla aidiyyəti dövlət qurumları ilə birlikdə qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla 8 istiqamət üzrə geniş islahatların aparılması müəyyənləşdirilmişdir. Sənəddə sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin "bir pəncərə" prinsipinə uyğun olaraq elektron qeydiyyatı, eləcə də tikintiyə icazələrin verilməsi sahəsində prosedur və müddətlərin azaldılması, elektrik təchizatı şəbəkəsinə qoşulma sahəsində sənədlərin elektron qaydada qəbulunun təşkili, prosedur, müddət və xərclərin minimuma endirilməsi, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı sahəsində prosedur, müddət və xərclərin azaldılması, kreditlərin verilməsi prosesinə təsir edən təsisatların fəaliyyətinin təkmilləşdirilməsi, idxal-ixrac əməliyyatları zamanı tələb olunan sənədlərin, müddət və xərclərin azaldılması üçün müvafiq təkliflərin hazırlanması tapşırılmışdır və bu istiqamətdə müvafiq işlər davam etdirilir. Bu vəzifələrin icrası ölkəmizdə biznes və investisiya mühitini daha da yaxşılaşdıracaq, qeyri-neft sektorunun, sahibkarlığın sürətli inkişafını təmin edəcəkdir.

2015-ci ildə güzəştli kreditləşmə üçün iqtisadiyyatın hansı sahələri prioritet təşkil edəcək?
Dövlətin güzəştli kreditləri sahibkarlığın müxtəlif istiqamətlərinə, o cümlədən ərzaq təhlükəsizliyinin təmin olunması, ixrac potensialının və regionların investisiya cəlbediciliyinin artırılması, əsas ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsi məqsədilə aqrar-sənaye kompleksi və digər sənaye sahələrində, eləcə də kiçik sahibkarlığın inkişafı istiqamətində investisiya layihələrinin maliyyələşdirilməsinə yönəldilir.
2015-ci ildə dövlətin güzəştli kreditləri qeyri-neft məhsullarının istehsalının artırılması, iqtisadiyyatın real sektorunda investisiya layihələrinin maliyyələşdirilməsi, eləcə də kənd təsərrüfatı və ərzaq məhsullarının ixracının genişləndirilməsi məqsədilə logistik (qida və qeyri-qida məhsullarının saxlanması, daşınması və satışı ) və "yaşıl market" (fermer mağazalarının) mərkəzlərinin, aqroparkların, cins iri buynuzlu heyvandarlıq və istixana komplekslərinin, iri fermer və intensiv bağçılıq təsərrüfatlarının, meyvə-tərəvəz məhsullarının emalı və digər sənaye müəssisələrinin yaradılması və kiçik sahibkarlığın daha da inkişaf etdirilməsinə yönəldiləcəkdir.

"Azərbaycan İnvestisiya Şirkəti" qeyri-neft sektorunun inkişafının dəstəklənməsi üzrə hökumətin alətlərindən biridir. Bir müddət əvvəl AİŞ iki layihədən çıxdı. Hazırda AİŞ-in reallaşdırılan layihələr üzrə portfelinin həcmi nə qədərdir? Bundan başqa, AİŞ səhmdar qismində yeni layihələrə qatılacaqmı? Həmin layihələr hansı sahələri əhatə edə bilər?
Bildiyiniz kimi, Azərbaycan İnvestisiya Şirkəti müddətli investisiya qoyuluşları vasitəsilə ölkədə qeyri-neft sektorunun inkişaf etdirilməsinə dəstək məqsədilə 2006-cı ildə yaradılmışdır.
Şirkətin investisiya fəaliyyətinin məqsədi əsasən ölkə iqtisadiyyatının qeyri-neft sahələrində fəaliyyət göstərən səhmdar cəmiyyətlərinin və digər kommersiya təşkilatlarının nizamnamə kapitalındakı iştirak payını, o cümlədən səhmlərini almaqla, bu müəssisələrə müasir və qabaqcıl texnologiyaları cəlb etmək, onların rəqabətqabiliyyətliliyini artırmaq, ixrac potensialını gücləndirmək və bazar dəyərini artırmaq məqsədilə müddətli investisiya qoyuluşunun həyata keçirilməsindən ibarətdir.
Hazırda AİŞ-in investisiya portfelinə daxil olan layihələrin ümumi dəyəri təqribən 1,1 milyard ABŞ dolları təşkil edir. AİŞ-in bilavasitə iştirakı sayəsində bu layihələrə 450 milyon ABŞ dollarından çox xarici investisiya cəlb olunmuşdur.
AİŞ-in səhmdar olduğu layihələrə nümunə olaraq, Bakı Gəmiqayırma Zavodunu, Qaradağda quru istehsal texnologiyasına əsaslanan "Holcim Azərbaycan" yeni sement zavodunu göstərmək olar.
AİŞ mütəmadi olaraq yeni investisiya imkanlarını araşdırır. Bu baxımdan, ağır və yüngül sənaye, kənd təsərrüfatı, kimya sənayesi, logistika, İKT və alternativ enerji sahələri investisiya qoyuluşu baxımından prioritet istiqamətlərdir. Maliyyə vəsaitlərinin ayrılması ilə yanaşı, AİŞ qeyri-neft sənayesindəki layihələr üzrə zəruri təhlil işlərinin aparılması, müvafiq biznes planın və maliyyə modelinin hazırlanması, yüksək keyfiyyətli və rəqabətədavamlı məhsul istehsalına imkan verən ən müasir avadanlıq və texnologiyaların əldə edilməsi, həmçinin, xarici investisiyaların cəlb edilməsi istiqamətində yerli sahibkarlara və şirkətlərə texniki cəhətdən yardım edir. Bununla yanaşı, şirkət iştirak etdiyi layihələrdə beynəlxalq standartlara uyğun mühasibat uçot sisteminin və qabaqcıl korporativ idarəetmə prinsiplərinin tətbiqinə dəstək göstərir.

Hazırda "Azersun Holding" Azərbaycan hökumətinin dəstəyi ilə Aktauda logistik mərkəzin tikintisini həyata keçirir. Azərbaycanın digər ölkələrdə, eləcə də Rusiyada logistik mərkəzlər yaratmaq niyyəti varmı? Hansı şəhərlərdə və nə zaman Azərbaycanın yeni logistik mərkəzlərinin inşası gözlənilir?
İlk əvvəl qeyd edək ki, hazırkı mərhələdə ölkəmizdə qarşıda duran əsas vəzifə iqtisadiyyatın şaxələndirilməsini sürətləndirmək, qeyri-neft sektorunun yüksək inkişaf tempinə nail olmaq və onun ixrac imkanlarını genişləndirməkdir. "Azərbaycan 2020: Gələcəyə Baxış" İnkişaf Konsepsiyasında da ixracyönümlü iqtisadi model əsas götürülmüşdür. Bu isə öz növbəsində, yeni ixrac bazarlarının müəyyənləşdirilməsi və həmin bazarlarda rəqabət üstünlüyünə malik olmaq üçün lazımi dövlət dəstəyi tədbirlərinin görülməsini zəruri edir. Bu məqsədlə xarici ölkədə ilk dəfə logistik mərkəzin yaradılması üçün Azərbaycanın və Qazaxıstanın müvafiq qurumları arasında "Aktau – İstehsal və Logistika Mərkəzi" layihəsi üzrə Anlaşma Memorandumu imzalanmışdır. Artıq Aktau şəhərində logistik mərkəzin tikintisi həyata keçirilir.
Logistik mərkəzin yaradılması ölkənin ixrac coğrafiyasının genişləndirilməsinə, ixracın həcminin artmasına və Azərbaycan brendinin rəqabətqabiliyyətinin gücləndirilməsinə müsbət təsir göstərəcəkdir.
Bununla yanaşı, gələcəkdə Azərbaycanın ixrac coğrafiyasına uyğun olaraq, digər ölkələrdə də logistik mərkəzlərin yaradılması perspektivləri araşdırılır. Belə logistik mərkəzlərin Rusiyada yaradılması məsələsinə gəlincə isə, burada böyük potensial mövcuddur və bu potensial bu cür logistika infrastrukturunun yaradılmasına zəmin yaradır. Bu istiqamətdə hazırda müvafiq araşdırma aparılır və hesab edirəm ki, həmin araşdırmaların nəticəsinə əsasən müvafiq addımlar atılacaqdır.

Bütövlükdə, Azərbaycan-Rusiya əməkdaşlığının səviyyəsini necə qiymətləndirirsiniz və 2015-ci ildə iki ölkənin sahibkarları arasında əlaqələrin inkişafı üçün hansı planlar var?
Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında əməkdaşlıq uğurla inkişaf edir və əlaqələrimiz strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Ölkə rəhbərlərinin və digər yüksək rəsmilərin qarşılıqlı səfərləri zamanı əldə edilmiş razılaşmalar, imzalanmış sənədlər, eləcə də Azərbaycan və Rusiya işgüzar dairələrinin iştirakı ilə keçirilən çoxsaylı tədbirlər ölkələrimiz arasında ikitərəfli siyasi-iqtisadi münasibətlərin inkişafına müsbət töhfə verir.
Ölkələrimiz arasında möhkəm müqavilə-hüquq bazası mövcuddur. İndiyədək Azərbaycan və Rusiya arasında iqtisadi sahə də daxil olmaqla 170-ə yaxın sənəd imzalanmışdır.
İki ölkə arasında əməkdaşlığın əsas istiqamətlərindən biri ticarət əlaqələridir. Ötən il Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi 10,5 % artaraq 2,6 mlrd. ABŞ dolları təşkil etmişdir. 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə bu ilin yanvar-oktyabr aylarında Rusiyaya qeyri-neft məhsullarının ixracında artım müşahidə edilir. Rusiya bazarı Azərbaycan üçün ənənəvi bazardır və hər iki tərəf məhsul ixracının, xüsusilə kənd təsərrüfatı məhsullarının ixracının artırılmasında maraqlıdır. Ölkələrimizin iqtisadi potensialı qarşılıqlı investisiya qoyuluşuna böyük imkanlar yaradır. Son 10 ildə Azərbaycan tərəfindən Rusiya Federasiyasının iqtisadiyyatına 1 mlrd. ABŞ dollarından artıq birbaşa investisiya qoyulmuşdur. Təkcə 2013-cü ildə bu göstərici rekord həddə çataraq 250 mln. ABŞ dolları təşkil etmişdir. Rusiyanın Azərbaycan iqtisadiyyatına qoyduğu investisiyanın həcmi ümumilikdə 1,8 mlrd. ABŞ dolları təşkil edir.
Azərbaycanda xidmət, tikinti, ticarət, rabitə, sənaye, kənd təsərrüfatı, nəqliyyat, bank və sığorta sahələrində fəaliyyət göstərən Rusiya investisiyalı 570 şirkət qeydiyyata alınmışdır. Rusiya şirkətləri həmçinin, Azərbaycanda həyata keçirilən layihələrdə podratçı qismində iştirak edirlər. Azərbaycan şirkətləri də Rusiyada aktiv fəaliyyət göstərir.
Qeyd edək ki, Azərbaycan Rusiyanın federal subyektləri ilə də uğurla əməkdaşlıq edir.
Yuxarıda qeyd edildiyi kimi, hər iki ölkənin işgüzar dairələri arasında əməkdaşlığın təşviq edilməsi məqsədilə çoxsaylı tədbirlər həyata keçirilir. Belə ki, son 5 ildə hər iki ölkənin iş adamlarının iştirakı ilə 30-dan çox biznes-forum və işgüzar görüşlər keçirilmişdir. Təkcə 2014-cü il ərzində 12 belə tədbir təşkil olunmuşdur. Bununla belə, ölkələrimizin sahibkarları arasında əlaqələrin daha da genişləndirilməsi üçün böyük imkanlar vardır. Bu baxımdan, iş adamlarının müntəzəm görüşlərinin təşkili, sərgilərin və digər bu cür tədbirlərin davam etdirilməsi önəmlidir.

Nazirlik Azərbaycan iqtisadiyyatının ortamüddətli perspektivlərini necə qiymətləndirir və 2020-ci ilə qədər ÜDM-in iki dəfə artması üzrə vəzifələrin həyata keçirilməsi üçün hansı tədbirlər planlaşdırır?
Dünyada baş verən inkişaf meylləri nəzərə alınmaqla ortamüddətli dövrdə Azərbaycanda makroiqtisadi sabitliyin qorunması prioritet təşkil edəcəkdir. Belə ki, müsbət iqtisadi artım tempi, inflyasiyanın aşağı səviyyəsi, manatın məzənnəsinin sabitliyi, xarici borclanmaya konservativ yanaşma, tədiyyə balansında gözlənilən əhəmiyyətli müsbət saldo, strateji valyuta ehtiyatlarının həcmi və dinamikasına dair proqnozlar Azərbaycan iqtisadiyyatının makroiqtisadi dayanıqlılığının davam edəcəyinə zəmin yaradır.
Onu da qeyd edim ki, həyata keçirilən diversifikasiya tədbirlərinin nəticəsi kimi, son illərdə qeyri-neft sənayesinin artım tempi sənayenin neft sektorunun artım tempini üstələmişdir. Yaradılmış iqtisadi potensiala əsaslanaraq 2015-2018-ci illərdə iqtisadi artımın orta hesabla 4.9%, o cümlədən qeyri-neft sektorunun 7.3% artacağı proqnozlaşdırılır.
İqtisadiyyatın prioritet istiqaməti olan qeyri-neft sektorunun inkişafı sahəsində əsas vəzifə ölkənin sənaye potensialının güclənməsi, xüsusilə qeyri-neft sənayesinin inkişafı və mövcud imkanlardan səmərəli istifadə olunmasıdır. Bu istiqamətdə görülən işlərin nəticəsi olaraq orta müddətli dövrdə qeyri-neft sənayesi orta hesabla 7.8% artacaqdır.
Əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına müsbət təsiri baxımından xidmət sahələrində keyfiyyətin yüksəldilməsi prioritet olaraq qalacaqdır. Bu dövrdə xidmətlər sektorunda orta hesabla 8% artım gözlənilir. Bu sektorun ÜDM-də payının 2013-cü ildə 30.2%-dən 2018-ci ildə 38.6%-ə qədər artacağı proqnozlaşdırılır ki, bu da iqtisadiyyatın diversifikasiyasının gücləndirilməsinin göstəricisidir.
Ölkədə turizm potensialının daha dolğun reallaşdırılması üçün yeni müasir standartlara cavab verən mehmanxanaların tikilməsi, Qəbələdə Tufan və Qusarda Şahdağ qış-yay turizm komplekslərinin istifadəyə verilməsi, 2015-ci ildə ilk Avropa Oyunlarının, 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarının keçirilməsi Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu gücləndirməklə, turizm xidmətlərindən əldə olunan gəlirlərin artımına səbəb olacaqdır. Bunun da nəticəsində 2015-2018-ci illər ərzində turizm sektoru orta hesabla 23.5% artacaq və bu sahə sürətlə inkişaf edən sahələrdən birinə çevriləcəkdir.
İnformasiya və rabitə sektorunda da artım davam edəcəkdir. Belə ki, 2015-ci ildə bu sahədə 12.1%, növbəti 3 ildə orta illik 12% artım gözlənilir. İKT sahəsində Azərbaycanın yeni telekommunikasiya peyklərinin orbitə çıxarılması, yaradılmış yüksək texnologiyalar parkında elmtutumlu və nanotexnologiya məhsullarının buraxılması, elektron xidmətlərin və internet trafikinin genişləndirilməsi yeni imkanlar yaradacaqdır.
Nəqliyyat sektorunda regional və yerli əhəmiyyətli iri infrastruktur layihələrinin reallaşdırılması, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının istifadəyə verilməsi, TRASEKA və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərində avtomobil yollarının tikintisi və yenidənqurulması, yeni metro stansiyaları və beynəlxalq hava limanlarının istifadəyə verilməsi ortamüddətli dövrdə nəqliyyat sektorunda artımı təminedəcəkdir. Belə ki, gələn il bu sahədə 7.5%, növbəti 3 ildə isə orta illik 7.6% artım gözlənilir.
Ortamüddətli dövrdə ölkə iqtisadiyyatının dinamik inkişafını şərtləndirən əsas amillərdən biri də investisiyalar olacaqdır. Həyata keçirilən iqtisadi siyasətin mühüm istiqamətlərindən biri kimi xarici investisiyaların, qabaqcıl texnologiyalarınn və təcrübənin cəlb olunmasına üstünlük veriləcəkdir.
Hazırda "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının əsas hədəflərinin reallaşdırılması ilə bağlı ardıcıl tədbirlər həyata keçirilir ki, bu da növbəti illərdə ölkəmizin davamlı inkişafını, dünyada mövqeyinin möhkəmlənməsini və xalqımızın sosial-iqtisadi vəziyyətinin daha da yaxşılaşmasını təmin edəcəkdir.
Əminik ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin çevik, uzaqgörən, ölkəmizin gələcək sürətli inkişafına hesablanmış praqmatik siyasəti, bu siyasətə uyğun olaraq həyata keçirilən iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, müasir texnika və texnologiyaların iqtisadiyyata cəlb edilməsi, biznes və investisiya mühitinin yaxşılaşdırılması, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, regionların inkişafı,sosial müdafiə tədbirləri bu hədəflərə nail olunacaqdır.

 

← Geriyə