Çıxışlar və müsahibələr

  • Yenilənib 23.10.2012 06:33
  • Yaradılıb 19.09.2012 14:45

İqtisadi İnkişaf naziri cənab Şahin Mustafayevin "Azərbaycan" qəzetinə müsahibəsi

 

- Şahin müəllim, keçid dövrünü başa vurmuş Azərbaycan yeni inkişaf mərhələsindədir. Bu mərhələdə qarşıya qoyulmuş əsas məqsədlər hansılardır?

- Dövlət müstəqilliyini 20 il əvvəl bərpa etmiş Azərbaycanda həyata keçirilən uğurlu sosial-iqtisadi siyasət nəticəsində bazar iqtisadiyyatı üçün səciyyəvi qanunvericilik bazası yaradılmış, iqtisadiyyatda mülkiyyətin çoxnövlülüyü təmin olunmuş, bazar institutları formalaşdırılmışdır. İnzibati-planlı iqtisadi sistemdən liberal bazar iqtisadiyyatına keçid dövrünü başa vurmuş ölkəmiz yeni inkişaf mərhələsinə qədəm qoymuşdur.

Yeni inkişaf mərhələsinin məqsədi ilk növbədə xarici və daxili sosial-iqtisadi çağırışları qarşılaya biləcək rəqabətqabiliyyətli, ixracyönümlü, çoxşaxəli, səmərəli, innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılmasıdır. Bu isə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müəyyən etdiyi kimi, iqtisadiyyatın modernləşdirilməsi siyasəti vasitəsilə mümkündür.

Modernləşmə siyasətinin səciyyəvi xüsusiyyətini ölkənin uzunmüddətli dayanıqlı iqtisadi inkişafının təmin edilməsi, bilik iqtisadiyyatının formalaşdırılması, elmtutumlu texnologiyaların tətbiqinin sürətləndirilməsi, innovasiya fəallığının yüksəldilməsi yolu ilə rəqabətqabiliyyətli məhsulların istehsalının stimullaşdırılması təşkil edir. Dövlət başçısı İlham Əliyevin bu fikirləri modernləşmənin mahiyyətini daha aydın əks etdirir: "Ölkəmizin qarşısında duran başlıca vəzifə iqtisadiyyatın bundan sonra da sürətlə inkişaf etdirilməsi, siyasi islahatların keçirilməsi, ölkənin modernləşdirilməsidir. Son illərdə bu istiqamətdə çox iş görülmüşdür... Biz ölkəmizdə geniş modernləşdirmə siyasəti aparırıq. Bu siyasət bizə imkan verəcək ki, enerji resurslarından daha da az asılı olaq. Bizim əsas məqsədimiz güclü, dayanıqlı, uzunmüddətli iqtisadi inkişafı təmin etmək, insanların rifah halını yaxşılaşdırmaq, Azərbaycanda sosial məsələlərin həlli üçün bütün lazımi tədbirləri görməkdir".

 

- Modernləşmə bu gün Azərbaycan cəmiyyəti üçün iqtisadi və sosial çağırışlara ünvanlanmış müasir inkişaf formasıdır. Amma bu siyasətin həyata keçirilməsini yalnız son dövrlərə aid etmək nə dərəcədə düzgündür?

- Bunu iddia etmək tamamilə yanlışdır. Çünki modernləşmə xəttinin ilkin zəmini məhz ulu öndər Heydər Əliyevin məqsədyönlü milli inkişaf strategiyası ilə müəyyənləşib. Unutmayaq ki, bir ictimai-iqtisadi formasiyadan digərinə keçid cəmiyyətləri üçün səciyyəvi olan bir sıra çətin maneələri uğurla adlamış Azərbaycanda cəmiyyətin istər iqtisadi, istərsə də siyasi-hüquqi liberallaşdırılmasına yönəlmiş çoxşaxəli islahatlar müasir mərhələdə dövlətçilik maraqları ilə qətiyyən ziddiyyətə girmir. Ümummilli lider Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanın prioritet inkişaf yoluna çevrilmiş milli iqtisadi modeli özünəməxsus uzaqgörənliklə əsaslandırmış, eyni zamanda bu spesifik modelin yalnız demokratik tərəqqiyə əsaslanan möhkəm ictimai-siyasi sabitlik şəraitində davamlı nəticələr verə biləcəyini vurğulamışdır. Böyük strateq mərkəzi planlaşdırma və bölgü prinsiplərinin hakim olduğu ictimai-iqtisadi formasiyadan azad bazar iqtisadiyyatına optimal keçid modelini müdrikliklə irəli sürmüş və onun mərhələlərlə həyata keçirilməsinə çalışmışdır.

Azərbaycanda da demokratik həyat tərzinin diktə etdiyi gerçəklik kimi bazar iqtisadiyyatının fundamental prinsipləri - xüsusi mülkiyyətçilik, azad sahibkarlıq fəaliyyəti, özəlləşdirmə, qeyri-neft sektorunun, sənayenin inkişafı, sosial infrastrukturun yeniləşdirilməsi əsas məqsəd elan olunmuşdur. Müvəffəqiyyətlə həyata keçirilən bu strategiya sayəsində ölkə iqtisadiyyatının strukturu mülkiyyət və təşkilati-hüquqi baxımdan köklü surətdə dəyişdirilmiş, bir sıra mərkəzi və dövlət idarəetmə orqanları ləğv edilmiş, digərlərinin tənzimləmə funksiyaları saxlanılmaqla təsərrüfat funksiyaları dayandırılmışdır. Heydər Əliyevin rəhbərliyi altında iqtisadi sahədə həyata keçirilən islahatların başlıca qayəsini həm də dövlətsizləşdirmə prosesinin sürətləndirilməsi - iqtisadi cəhətdən güclü və müstəqil milli şirkətlərin yaradılması, insanların biznes təşəbbüskarlığının, özünüifadə və özünütəsdiq imkanlarının artması, demokratik dəyərlərin ictimai şüurda möhkəmlənməsi kimi mühüm prinsiplər təşkil etmişdir. Ümummilli lider dəfələrlə bildirmişdi ki, Azərbaycan könüllü olaraq qoşulduğu demokratiya yolunun iqtisadi bazisə əsaslanan təkamül modelini özünün alternativsiz inkişaf yolu hesab edir.

Ötən əsrin 90-cı illərinin ortalarından etibarən respublikamızda hüquqi-siyasi və iqtisadi islahatların paralelliyi prinsipinin gözlənilməsi, Azərbaycanın inkişaf tempinə cavab verən liberallaşdırma siyasətinin aparılması Heydər Əliyevin müəyyənləşdirdiyi milli inkişaf strategiyasının - son məqsədi modernləşmə olan xəttin ana qayəsini təşkil edir. Yeni minilliyin başlanğıcında formalaşan mürəkkəb və ziddiyyətli dünya nizamı böyük siyasət ustadının məharətlə əsaslandırdığı bu strategiyanın alternativsizliyini bir daha sübuta yetirir. Bəşəriyyətin minilliklər boyu can atdığı demokratik meyarların cəmiyyətdə yalnız elmi əsaslarla həyata keçirilən səmərəli iqtisadi islahatlar və təkamül nəticəsində özünə möhkəm dayaqlar tapa bilməsi fikri qloballaşan dünyanın gerçəklikləri fonunda tam təsdiqlənir.

Bugünkü reallıqlar kontekstində onu da əminliklə demək olar ki, Azərbaycan iqtisadiyyatının modernləşdirilməsi zərurəti və onun əsas istiqamətləri həm də dünya iqtisadiyyatının inkişaf meyillərindən qaynaqlanan ciddi sosial-iqtisadi çağırışlarla şərtləndirilir.

 

- Sizin də qeyd etdiyiniz kimi, dünya iqtisadiyyatı bir sıra sosial və iqtisadi çağırışlarla üz-üzədir. Bunlar əsasən hansı sahələri əhatə edir?

- Dünya iqtisadiyyatının gələcək inkişafı istiqamətində ciddi risklər kimi, dünyanın inkişaf etmiş ölkələrində borc problemi, kapital, əmlak və əmək bazarındakı mövcud vəziyyət göstərilir. Avrozonada hələ də davam edən iqtisadi qeyri-sabitlik də dünya iqtisadiyyatının gələcək inkişafı üçün narahatlıq doğurur.

Diqqəti cəlb edən digər qlobal problem enerji təhlükəsizliyi ilə bağlıdır. Dünyada əhalinin sayının, eləcə də yaşayış standartlarının yüksəlməsi və enerji tutumlu sənaye sahələrinin inkişafı nəticəsində qlobal miqyasda enerji istehlakı dəfələrlə artmışdır.

Dünya ölkələrinin enerji istehlakının strukturunda neft, qaz və kömürün dominant rola malik olması, digər tərəfdən enerji daşıyıcılarının ehtiyatlarının məhdudluğu, onların istismarının ətraf mühitə mənfi təsiri, eləcə də nüvə enerjisi istehsalının təhlükəsizliyinə dair baxışların dəyişməsi bu problemi daha da kəskinləşdirir. Enerji təhlükəsizliyi məsələləri isə enerjidən səmərəli və qənaətlə istifadə etmək, bərpa olunan və alternativ enerji mənbələri potensialından maksimum yararlanmaq, ekoloji təmiz texnologiyalar tətbiq etmək, eləcə də enerji sahəsində səmərəli beynəlxalq əməkdaşlığı daha da gücləndirmək kimi prioritetləri ortaya qoyur.

Aclıq və yoxsulluq da həllini gözləyən qlobal problemlərdəndir. Məlumat üçün qeyd etmək istərdim ki, son 20 ildə planetin hər bir sakininə düşən milli gəlir 2 dəfədən çox artaraq 1990-cı ildəki 4079 dollardan 2010-cu ildə 9116 dollara yüksəlmişdir. Lakin buna baxmayaraq, aclıq və yoxsulluq problemi hələ də aradan qaldırılmamış, aktual olaraq qalmaqdadır.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən aparılan son araşdırmaya əsasən dünyada aclıq həddində yaşayan insanların sayı son bir neçə ildə daha 75 milyon nəfər artaraq 925 milyon nəfərə çatmışdır. Dünya Səhiyyə Təşkilatı tərəfindən verilən məlumata əsasən isə dünyada təxminən 3,7 milyard insan lazımi səviyyədə qidalana bilmir.

Dünya həm də ekoloji çağırışlarla üzləşib. İqlimin dəyişməsi, sənaye fəaliyyəti nəticəsində ətraf mühitin çirklənməsi, ozon qatındakı ciddi dəyişikliklər, torpaqların şoranlanması, səhralaşma və bu kimi digər ekoloji problemlər dünya iqtisadiyyatının dayanıqlı inkişafına əlavə risklər yaradır.

Dünya təcrübəsi göstərir ki, beynəlxalq, o cümlədən regional iqtisadi əməkdaşlıq sosial-iqtisadi problemlərə qarşı dayanıqlılığı gücləndirən əsas amillərdəndir. Bunu nəzərə alaraq, regional əməkdaşlığa böyük əhəmiyyət verən ölkəmiz bir sıra irimiqyaslı transmilli layihələrin təşəbbüskarı və fəal iştirakçısıdır. Lakin Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın işğalçılıq siyasəti və Azərbaycanın ərazisinin 20 faizinin bu ölkə tərəfindən zəbt edilməsi Cənubi Qafqazda əməkdaşlığın genişlənməsinə, onun səmərəliliyinin artırılmasına əsas maneədir. Qeyd etmək lazımdır ki, Ermənistanın işğalçılıq siyasəti ilk növbədə onun iqtisadiyyatına ciddi mənfi təsir göstərmiş, həm də bu ölkəni regional layihələrdən kənarda qoymuşdur.

 

- Azərbaycan iqtisadiyyatı bu çağırışlara nə qədər hazırdır?

- Prezident İlham Əliyevin xalqımızın ümummilli lideri Heydər Əliyev strategiyasından qaynaqlanan, reallıqları nəzərə alan məqsədyönlü, çevik sosial-iqtisadi siyasəti nəticəsində iqtisadi çağırışlara dayanıqlılığı ilə seçilən və ölkəni regionun həm də iqtisadi liderinə çevirən milli iqtisadi inkişaf modeli formalaşmışdır. Bu modelin reallaşdırılmasının nəticəsidir ki, oturuşmuş iqtisadi sistem yaradılmış, makroiqtisadi sabitlik təmin edilmişdir.

Bir məqamı da xatırlatmağı zəruri sayıram ki, müasir dövrdə demokratik-hüquqi, mükəmməl dövlət quruculuğunun ilkin şərti məhz dövlətin iqtisadi imkanlarının geniş olmasıdır. Bu səbəbdən də Azərbaycanın inkişafının Prezident İlham Əliyev tərəfindən elan edilmiş öncül istiqaməti, ilk növbədə, əhalinin maddi rifahının yüksəldilməsi, yeni iş yerlərinin açılması, orta təbəqənin mövqelərinin möhkəmlənməsidir. Dövlət idarəçiliyinin, birgəyaşayışın, vətəndaş-dövlət münasibətlərinin bugünkü reallıqda ən yaxşı, ahəngdar forması olan demokratiya yalnız iqtisadi cəhətdən sürətli inkişaf yolunda olan, xüsusi mülkiyyətçilik münasibətləri inkişaf edən dövlətlərdə bərqərar ola bilər - necə ki, bu proses Azərbaycanda artıq uğurlu həllini tapıb.

Son 7 ildə ÜDM 3 dəfə, sənaye məhsulunun ümumi həcmi 2,8 dəfə, dövlət büdcəsinin gəlirləri 9,3 dəfə, əsas kapitala yönəldilmiş investisiyalar 2,9 dəfə artmış və ölkəmiz investisiya ixracatçısına çevrilmiş, inflyasiya birrəqəmli səviyyədə saxlanılmışdır. Hətta qlobal maliyyə-iqtisadi böhranın yüksək həddə çatdığı 2009-cu ildə belə, Azərbaycanda ümumi daxili məhsul 9,3 faiz artmışdır.

Dünya iqtisadiyyatına inteqrasiya sürətlənmiş, ticarət tərəfdaşlarımızın sayı 147 ölkəyə çatmış, xarici ticarət dövriyyəsi 5,4 dəfə, o cümlədən ixrac 8,2 dəfə artmışdır.

Hazırda ciddi iqtisadi-maliyyə böhranla üzləşmiş Avropa Birliyində büdcə kəsirinin 3 faizə qədər azaldılması əsas hədəflərdən biri kimi müəyyən edildiyi halda, vurğulamaq istərdim ki, Azərbaycanda son illərdə dövlət büdcəsinin kəsirinin ÜDM-ə nisbəti 1 faizdən az olmuş və bu da ölkə iqtisadiyyatının qlobal çağırışlara dayanıqlılığının mühüm göstəricilərindən biridir.

Eləcə də, inkişaf etmiş bir sıra ölkələrdə dövlət borcunun ÜDM-ə nisbətinin təhlükəli həddi aşdığı, o cümlədən İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatına üzv olan 34 ölkənin 12-də bu göstəricinin 85 faizdən çox, Avropa Birliyində 80 faiz, avrozonada 85,1 faiz olduğu halda konservativ xarici borclanma siyasətinə üstünlük verilən Azərbaycanda xarici dövlət borcunun ÜDM-ə nisbəti isə cəmi 7,4 faiz təşkil edir. Bununla yanaşı, hazırda ölkəmizin strateji valyuta ehtiyatları 40 milyard ABŞ dollarından artıqdır ki, bu da xarici dövlət borcunu 8 dəfədən çox üstələyir.

Aqrar sektorda düşünülmüş strategiyanın reallaşdırılması, müasir texnika və texnologiyaların tətbiqi əsasında intensiv metodlardan geniş istifadənin stimullaşdırılması, dövlət dəstəyi, o cümlədən kənd təsərrüfatı məhsulları istehsalçılarının 2014-cü ilədək torpaq vergisindən başqa bütün növ vergilərdən azad olunması, güzəştli kreditlər və subsidiyaların verilməsi nəticəsində ölkəmizin ərzaq təhlükəsizliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə edilmişdir.

Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq edilmiş "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"nda nəzərdə tutulmuş tədbirlərin yerinə yetirilməsi nəticəsində əsas ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsi daha da yüksəlmişdir.

Uzaqgörən yeni neft strategiyasının reallaşdırılması nəticəsində neft-qaz hasilatının əhəmiyyətli dərəcədə artması, onun xarici bazarlara ixrac marşrutlarının 7-yə çatdırmaqla diversifikasiyasının təmin olunması Azərbaycanın enerji təhlükəsizliyini təmin etmiş və ölkəmiz bu gün həm regionun, həm də Avropanın enerji təhlükəsizliyində fəal iştirakçıya çevrilmişdir.

Uğurla aparılan sənayeləşmə siyasəti çərçivəsində yeni sənaye müəssisələri, texnoparklar, fabriklər, zavodlar açılır, iri infrastruktur layihələri icra olunur ki, bu da öz növbəsində enerjiyə olan tələbatı artırır. Artan tələbatın ödənilməsi məqsədilə təkcə son beş il ərzində Azərbaycanda 11 elektrik stansiyası tikilmişdir.

Eyni zamanda, alternativ və bərpa olunan enerji mənbələrinin istifadəsinin genişləndirilməsi üçün zəruri işlərə başlanılmışdır. Bu il Eksperimental Poliqonu istifadəyə verilmiş və hibrid tipli müasir günəş və külək elektrik stansiyası quraşdırılmışdır. Beləliklə, elektrik enerjisinə olan tələbatın yerli istehsal hesabına ödənilməsinə nail olunmuş və ölkəmiz enerji ixracatçısına çevrilmişdir.

Minilliyin Bəyannaməsinə qoşulan bir ölkə kimi, yoxsulluqla mübarizə sahəsində kompleks tədbirlərin təmin edilməsi məqsədi ilə "2003-2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı" və eləcə də "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı" təsdiq edilmişdir. Həmin proqramlarda nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi nəticəsində ölkə üzrə yoxsulluq səviyyəsi 5,4 dəfə, başqa sözlə 2001-ci ildəki 49 faizdən 2010-cu ildə 9,1 faizə qədər azalmış, son 7 ildə orta aylıq əməkhaqqı 4,3 dəfə, əhalinin gəlirləri 4,5 dəfə, eləcə də minimum əməkhaqqı 9,4 dəfə, əmək pensiyalarının baza hissəsi 4,3 dəfə artmış, 1 milyona yaxın iş yeri açılmışdır.

150 ildən artıq dövr ərzində neft hasil edilən Azərbaycanda da əvvəlki dövrlərdə ekoloji problemlərə yetərincə diqqət yetirilməmiş, böyük ərazilər çirkləndirilmişdir.

Bu gün ekoloji tarazlığın təmin olunması, ətraf mühitin qorunması məsələlərinə xüsusi diqqət yetirilir. 2010-cu il dövlət başçısı tərəfindən "Ekologiya ili" elan edilmiş və dövlət başçısının dediyi kimi, hər il davam etdirilməlidir.

Neftlə çirklənmiş torpaqların reabilitasiyası, Xəzər dənizi buxtasının təmizlənməsi layihələri həyata keçirilir. Təhlükəli tullantıların idarə olunması məqsədilə müasir standartlara uyğun Təhlükəli Tullantılar Poliqonu yaradılmış, MDB və Şərqi Avropada analoqu olmayan, ən müasir texnologiyalara əsaslanan Bərk məişət tullantılarının yandırılması zavodunun tikintisi başa çatmaq üzrədir.

Ölkəmizdə 881 min hektar ərazidə xüsusi mühafizə olunan təbiət əraziləri, o cümlədən, 8 Milli Park, 11 Dövlət Təbiət Qoruğu və 24 Dövlət Təbiət Yasaqlığı yaradılmışdır.

Əhalinin ekoloji cəhətdən təmiz, Ümumdünya Səhiyyə Təşkilatının tələblərinə cavab verən içməli su ilə təminatı istiqamətində ciddi addımlar atılmış, Oğuz - Qəbələ - Bakı su kəməri istifadəyə verilmişdir.

Beləliklə, Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin dayanıqlı iqtisadi inkişafı, enerji və ərzaq təhlükəsizliyi təmin olunmuş, yoxsulluğun azaldılması və ekoloji tarazlığın bərpa olunması istiqamətində əhəmiyyətli nailiyyətlər əldə olunmuşdur.

 

- Azərbaycanın qazandığı uğurlar beynəlxalq aləmdə də etiraf edilir, dünyada nüfuzlu təşkilatlar tərəfindən yüksək qiymətləndirilir...

- Tamamilə doğrudur. Azərbaycan yuxarı orta gəlirli, yüksək insan inkişafına malik olan ölkələr sırasına daxil edilmiş, regionun lider dövlətinə çevrilmiş, Cənubi Qafqazda investisiya kredit reytinqi alan ilk və yeganə ölkədir.

Dünya İqtisadi Forumu tərəfindən dərc edilən "Qlobal Rəqabət Qabiliyyəti İndeksi 2011-2012" hesabatına əsasən Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyəti səviyyəsinə əsasən yenə də MDB ölkələri arasında 1-ci yerə, "əmək bazarının səmərəliliyi" alt göstəricisi üzrə dünyada 14-cü, "makroiqtisadi vəziyyət" alt göstəricisi üzrə isə 16-cı yerə layiq görülmüşdür.

Hazırda qarşıda duran ən vacib vəzifə Prezident İlham Əliyevin müəyyənləşdirdiyi kimi, gələcək 10 ildə qeyri-neft sektorunun inkişafı hesabına ÜDM-in iki dəfə artırılması, qeyri-neft sektorunun ÜDM-də xüsusi çəkisinin 80 faizə çatdırılmasıdır.

Bu məqsədlə innovativ inkişafın hərtərəfli stimullaşdırılması, sənayeləşmə siyasətinin davam etdirilməsi, sənaye zonalarının yaradılması, müasir texnologiyalar əsasında rəqabətqabilliyyətli və ixracyönümlü məhsul istehsalının artırılması, aqrar sektorda intensiv metodların tətbiqinin genişləndirilməsi kimi tədbirlər həyata keçirməklə Azərbaycan iqtisadiyyatının mümkün qısa vaxt ərzində modernləşdirilməsi ön plana çıxmışdır.

Bu mərhələnin səciyyəvi xüsusiyyəti əvvəlki illərdə möhkəm təməli qoyulmuş yeni iqtisadi artım amillərinin iqtisadi fəallığa daha geniş miqyasda cəlb edilməsidir. Başqa sözlə, ölkə iqtisadiyyatının modernləşdirilməsi və ya innovativ inkişaf mərhələsinə uyğun tədbirlərin həyata keçirilməsi davamlı iqtisadi artımın təmin edilməsinə, mövcud olan və gələcəkdə gözlənilən iqtisadi və sosial çağırışlara adekvat cavab verilməsinə şərait yaradacaqdır.

Azərbaycanın innovativ inkişafı, ilk növbədə, Azərbaycan şirkətlərinin müasir texnologiyaları mənimsəməsi, rəqabətqabiliyyətli yeni məhsulların istehsalının təmin edilməsi və ixrac bazarlarının genişləndirilməsidir. Məlumat üçün qeyd edim ki, müasir texnologiyaların tətbiqi ilə sənayedə yeni məhsul istehsalı 2007-ci illə müqayisədə 2010-cu ildə 5 dəfəyə yaxın artmışdır.

Azərbaycan Respublikası Prezidentinin "Sumqayıt Kimya Sənaye Parkının yaradılması haqqında" 21 dekabr 2011-ci il tarixli fərmanı bu prosesin daha da sürətləndirilməsini, innovativ və yüksək texnologiyalar əsasında sənaye istehsalının inkişafı üçün münbit şəraitin yaradılmasını, bu sahəyə xarici investisiyaların cəlb edilməsini, sahibkarlıq fəaliyyətinin daha da genişləndirilməsini, ümumiyyətlə qeyri-neft sektorunun davamlı inkişafı və əhalinin məşğulluğunun artırılmasını təmin edəcəkdir.

İkincisi, rəqabətin təmin edilməsi və dinamik inkişaf edən bazar institutlarının gücləndirilməsidir. Bu, sahibkarlığın inkişafı və ölkə iqtisadiyyatına investisiyaların cəlb edilməsi baxımından Azərbaycanda həyata keçirilən iqtisadi siyasətin ən vacib elementidir.

Ölkədə özəl sektorla dövlət sektoru arasında əməkdaşlığın səmərəli mexanizmi yaradılmış, azad rəqabət, istehsal və innovasiya infrastrukturu vasitəsilə sahibkarlığın inkişafı üçün əlverişli şərait təmin edilmişdir. Bu baxımdan özəl sektorla dövlət sektorunun əməkdaşlığının uğurlu nümunəsi kimi Azərbaycan İnvestisiya Şirkətini xüsusilə qeyd etmək istəyirəm.

Üçüncüsü, milli iqtisadiyyatın diversifikasiyası, müasir texnologiyalar tətbiq etməklə son məhsul istehsalının genişləndirilməsi, emal sənayesinin və "bilik iqtisadiyyatı"nın rəqabətqabiliyyətinin artırılmasıdır. Modernləşmə siyasətinin ən vacib elementlərindən olan innovativ inkişafın stimullaşdırılması məqsədilə innovasiya fəaliyyətinin hüquqi və iqtisadi əsaslarının təkmilləşdirilməsi işləri davam etdirilir.

Eləcə də, müasir standartlara cavab verən informasiya-kommunikasiya infrastrukturunun yaradılması, vahid milli elektron informasiya məkanının formalaşdırılması və elektron xidmətlərin genişləndirilməsi istiqamətində görülmüş işlər "bilik iqtisadiyyatı"nı daha da genişləndirəcəkdir.

Yeri gəlmişkən qeyd edim ki, hazırda ölkə əhalisinin hər 100 nəfərinə düşən kompyuterlərin sayı 20-yə, internet istifadəçilərinin sayı isə 60-a çatmışdır. Müstəqillik illərində həcmi 88 dəfə artmış rabitə sektorunda 2012-ci ildə milli telekommunikasiya peykinin orbitə çıxarılması iqtisadiyyatın modernləşdirilməsinə xüsusi töhfə verəcəkdir.

Dördüncüsü, insan kapitalının yeni keyfiyyəti, kadr hazırlığının iqtisadiyyatın tələblərinə uyğunlaşdırılmasıdır. Bunu nəzərə alaraq, hazırda təhsilin forma və məzmununun yeniləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.

Eyni zamanda, Prezident İlham Əliyevin "qara qızıl"ın "insan kapitalı"na çevrilməsi siyasəti çərçivəsində qəbul edilmiş "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"na uyğun olaraq yüzlərlə azərbaycanlı gənc təhsil almaq məqsədilə dünyanın qabaqcıl ölkələrinin aparıcı təhsil müəssisələrinə göndərilmişdir. Təhsil infrastrukturunun müasir tələblərə uyğunlaşdırılması məqsədilə ümumi məktəblərin 40 faizi yeni tikilmiş, genişləndirilmiş, əsaslı təmir edilmişdir.

Səhiyyə sistemində islahatların aparılması, tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi və əlyetərliliyinin təmin edilməsi sahəsində əhəmiyyətli tədbirlər görülmüş, son illərdə 400-dən çox tibb müəssisəsi yeni tikilmiş, əsaslı təmir edilmişdir.

Ən nəhayət, iqtisadi artımın yeni mənbələrinin yaradılması istiqamətində işlərin davam etdirilməsidir. Bu baxımdan Azərbaycanın tranzit potensialını daha da artıracaq Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinin, Beynəlxalq Dəniz Ticarət Limanının, sənaye şəhərciklərinin, ən müasir texnologiyalara əsaslanan gəmiqayırma zavodunun, 3 sement zavodunun və digər yeni istehsal və emal müəssisələrinin yaradılmasının iqtisadi artımda rolu əhəmiyyətli olacaqdır.

Azərbaycanın inkişaf startegiyası artıq yeni və daha məsuliyyətli mərhələyə qədəm qoyub: iqtisadi sahədə keçid dövrünü geridə qoyan ölkəmiz indi inkişaf etmiş dövlətlərin cərgəsinə qoşulmağı özünün əsas hədəfi kimi müəyyənləşdirib. Belə ki, 2009-cu ilin noyabrında dövlət başçısı İlham Əliyev tarixi bəyanatla çıxış edərək ölkədə ötən əsrin 90-cı illərindən başlanmış keçid dövrünün geridə qaldığını, Azərbaycanın bu mərhələdən uğurla çıxdığını elan etmişdir. Respublikamız 15 il ərzində böyük bir iqtisadi mərhələni inamla geridə qoymuşdur. Qarşıdakı dövrdə isə formalaşmış bu möhkəm təməl üzərində bazar iqtisadiyyatı prinsiplərinin tam bərqərar olmasına çalışmaq, iqtisadi sahədə liberallaşdırma prosesini davam etdirmək, modernləşməni uğurla həyata keçirmək, ən nəhayət, inkişaf etmiş ölkələrin cərgəsinə qoşulmaq hökumətin qarşısında duran ən əsas vəzifədir.

Sözsüz ki, bütün bunlar ölkənin gələcək sosial-iqtisadi inkişafına yeni yanaşma tələb edir. Bu baxımdan Azərbaycanın perspektiv inkişafının hədəf və istiqamətlərinin müəyyən edilməsi məqsədilə "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanması barədə ölkə başçısının müvafiq sərəncamı müstəsna əhəmiyyət kəsb edir.

Əminik ki, "Güclü dövlət, yüksək rifah" prinsipinə əsaslanan, uğurları dünyada yüksək qiymətləndirilən Prezident İlham Əliyevin düşünülmüş və uzaqgörən siyasəti gələcəkdə də Azərbaycanın davamlı inkişafını təmin edəcəkdir. Heç şübhəsiz ki, əvvəlki illərdə olduğu kimi, bu siyasətin ana xəttini yenə də vətəndaşlarımızın həyat səviyyəsinin daha da yüksəlməsi təşkil edəcəkdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dediyi kimi, ölkəmiz güclənəcək, möhkəmlənəcək, Azərbaycan xalqı ildən-ilə daha da yaxşı yaşayacaqdır.

 

 

← Geriyə