Çıxışlar və müsahibələr

  • Yenilənib 23.10.2012 06:51
  • Yaradılıb 19.09.2012 14:47

Sual 1. Şahin müəllim, məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu ilin 13 oktyabrında imzaladığı Fərmanla Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi mexanizmi daha da təkmilləşdirildi.

 

Müasir Azərbaycan dövlətçiliyinin banisi Heydər Əliyevin gərgin əməyi sayəsində əldə olunmuş nailiyyətlər sonrakı illərdə ölkə iqtisadiyyatının davamlı və dinamik inkişafı üçün möhkəm zəmin yaratmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən sosial-iqtisadi siyasətin həyata keçirilməsi nəticəsində qazanılmış uğurlar daha da möhkəmləndirilmiş, makroiqtisadi sabitlik qorunub saxlanılmış, iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sahələrinin inkişafı sürətlənmiş, sahibkarlığa dövlət dəstəyi gücləndirilmiş, əhalinin sosial rifahı davamlı olaraq yaxşılaşmışdır.

Milli iqtisadiyyatın aparıcı qüvvəsi olan özəl sektora dövlət dəstəyinin gücləndirilməsi nəticəsində ciddi nailiyyətlər əldə edilmiş, sahibkarların işgüzarlıq səviyyəsi, fəaliyyət istiqamətləri və güzəştli kreditlərə çıxış imkanları genişlənmişdir. Bu sahədə Sahibkarlığa Kömək Milli Fondunun səmərəli fəaliyyətinin təşkil edilməsi xüsusilə əhəmiyyətlidir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dünya ölkələrinin qabaqcıl təcrübəsinin Azərbaycana gətirilməsi, müasir texnologiyaların tətbiqinə əsaslanan istehsal, emal, infrastruktur sahələrinin yaradılması istiqamətində verdiyi tapşırıqların icrasını təmin etmək məqsədi ilə Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə sahibkarlıq subyektlərinin investisiya layihələri güzəştli qaydada maliyyəşdirilir, yeni müəssisələr, iş yerləri açılır.

Güzəştli kredit vəsaitlərinin iqtisadiyyatın prioritet sahələrinə yönəldilməsi və sahibkarlığa dövlət dəstəyinin daha da gücləndirilməsi məqsədilə Ümummilli Lider Heydər Əliyevin 2002-ci il 27 avqust tarixli Fərmanı ilə "Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondu haqqında Əsasnamə" və "Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi Qaydaları" təsdiq edilmiş, Fondun fəaliyyəti və sahibkarlıq subyektlərinin investisiya layihələrinin güzəştli şərtlərlə maliyyələşdirilməsi mexanizmi təkmilləşdirilmiş və güzəştli kreditlərin real layihələrə istiqamətlənməsinə və ünvanlığının təmin edilməsinə zəmin yaradılmışdır.

Sahibkarlıq mühitinin inkişafı üçün yaradılan əlverişli şəraitə uyğun olaraq, "Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi Qaydaları"nın təkmilləşdirilməsi istiqamətində işlər sonrakı illərdə də davam etdirilmiş, 2006-ci ilin dekabrında və 2009-cu ilin oktyabrında güzəştli kreditlərin verilməsi qaydaları yenidən işlənilmiş və Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanları ilə təsdiq edilmişdir. Bu istiqamətdə növbəti mühüm dəyişiklik isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2011-ci il 13 oktyabr tarixli Fərmanı ilə Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsinin yeni mexanizminin müəyyən olunmasıdır. Dövlət başçısının sahibkarlığa böyük diqqət və qayğısının daha bir təsdiqi olan bu Fərmanla müəyyən edilmiş yeni mexanizm sahibkarlığın inkişafında yeni mərhələnin əsasını qoymaqla, ölkədə ən müasir texnologiyaların tətbiqinə əsaslanan rəqabət qabiliyyətli, idxalı əvəz edən və ixrac yönümlü məhsulların istehsalı və infrastruktur müəssisələrinin yaradılmasını, kiçik sahibkarlığın inkişafını daha da sürətləndirəcəkdir. Yeni dəyişikliklər Fondun vəsaitlərinin daha səmərəli yerləşdirilməsində, məqsədli dövlət proqramlarının icrasında sahibkarların fəallığının artmasında, ölkədə istehsal olunan məhsulların keyfiyyətinin yüksəldilməsində, istehsal həcminin və çeşidinin genişlənməsində xüsusilə əhəmiyyətli olacaq, daxili tələbatın maksimum dərəcədə yerli istehsal hesabına ödənilməsinə, ölkənin ixrac imkanlarının genişləndirilməsinə şərait yaradacaqdır. Möhtərəm Prezidentin yeni Fərmanı dövlət başçısının sahibkarlığa böyük diqqət və qayğısının daha bir bariz nümunəsidir.

 

Sual 2: Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsinin yeni mexanizminin əsas mahiyyəti nədir?

Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsinin yeni mexanizminin əsas mahiyyəti ölkənin qeyri-neft sektoru sahələrinin inkişafı istiqamətində daha mütərəqqi layihələrin güzəştli şərtlərlə maliyyələşdirilməsi, kreditlərin verilməsi şərtlərinin daha da optimallaşdırılması, effektiv maliyyələşmə mexanizminin tətbiq olunması, sahibkarların investisiya layihələrinin daha səmərəli icra olunması, kreditlərin qaytarılmama risklərinin maksimum minimallaşdırılması, sahibkarlıq fəaliyyətinə gənclərin, xırda təsərrüfatların və əhalinin həssas qruplarının daha çox cəlb olunması, uzunmüddətli investisiya tələb edən sahələrin maliyyələşdirilmə imkanlarının genişləndirilməsidir. Fondun vəsaitlərinin istifadəsinin yeni şərtləri özündə əsasən güzəştli kreditin növlər üzrə yeni təsnifləşdirilməsini, kredit məbləğlərinin və müddətlərinin artırılmasını, kreditlərə tətbiq olunan güzəşt müddətinin optimallaşdırılmasını və müvəkkil kredit təşkilatlarının fəallığının daha da artırılmasını ehtiva edir.

 

Sual 3. Qaydalardakı son dəyişikliklər sahibkarlara nə verəcək ?

Yeni mexanizmə əsasən güzəştli kreditin növləri beynəlxalq maliyyə institutlarının praktikasına uyğunlaşdırılaraq, kiçik, orta və böyük həcmli kreditlər kimi təsnifləşdirilmişdir. Kiçik həcmli kreditlərin aşağı həddinin 10 min manatdan 5 min manata endirilməsi və müddətinin 2 ildən 3 ilədək artırılması məcburi köçkünlərin, xırda fermer və ailə təsərrüfatlarının, qadınların, aztəminatlı ailələrin sahibkarlıq fəaliyyətinə cəlb olunmasını stimullaşdıracaqdır. Orta həcmli kreditlərin yuxarı həddinin 250 min manatdan 500 min manatadək və kreditlərin müddətinin 3 ildən 5 ilə ilədək artırılması dövlət başçısı tərəfindən verilən tapşırıqlara uyğun olaraq, ölkədə ən son texnologiyaların tətbiqi ilə rəqabət qabiliyyətli, idxalı əvəz edən və ixrac yönümlü məhsulların istehsalına, o cümlədən infrastruktur müəssisələrinin yaradılmasına təkan verəcəkdir. Böyük həcmli kreditlərin yuxarı həddinin 5 milyon manatdan 10 milyon manatadək, müddətinin isə 7 ildən 10 ilədək artırılması əsasən iri investisiya tutumlu sənaye müəssisələrinin yaradılmasında, o cümlədən kənd təsərrüfatının uzunmüddətli investisiya tələb edən çayçılıq, üzümçülük, meyvəçilik və digər sahələrin inkişafında xüsusilə əhəmiyyətli olacaqdır.

Bunlarla yanaşı, kreditlərin güzəşt müddətinin dəyişdirilməsi praktik olaraq güzəşt müddətinin artırılmasına, kreditlərin qaytarılmasının daha da asanlaşdırılmasına, maliyyələşdirilmiş layihələrin tam başa çatdırılmaması ilə bağlı risklərin maksimum minimallaşdırılmasına və güzəştli kredit vəsaitlərindən səmərəli istifadə edilməsinə şərait yaradacaqdır.

Yeni dəyişikliklərdən biri də müvəkkil bankların Fonddan cəlb etdikləri vəsaitlərin ümumi məbləğinin qalığının onların məcmu kapitalının, bank olmayan kredit təşkilatlarının isə nizamnamə kapitalının 100 faizinədək müəyyən edilməsidir ki, bu da Fondun həmin kredit təşkilatlarına ayrılan vəsaitlərinin riskini azaltmaqla yanaşı, müvəkkil kredit təşkilatlarının daha etibarlı kapital ehtiyatı yaratmasına və sahibkarlarla daha səmərəli əməkdaşlıq əlaqələrinin qurulmasına imkan yaradacaqdır.

 

Sual 4. Şahin müəllim, yəqin ki, qarşıdakı illərdə güzəştli kreditlərin həcmi daha da artırılacaq...

Ölkə iqtisadiyyatının bütün sahələrində müşahidə olunan dinamik iqtisadi artım, yaradılmış əlverişli işgüzar mühit, sahibkarların maarifləndirilməsi istiqamətində işlərin aparılması, regionlarda və Bakı qəsəbələrində keçirilmiş tədbirlərdə iqtisadiyyatın müxtəlif sahələri üzrə hazırlanmış nümunəvi investisiya layihələrinin təqdimatının keçirilməsi sahibkarlığa marağı, eyni zamanda güzəştli kreditə olan tələbatı daha da artırmışdır. Möhtərəm cənab Prezidentin tapşırığına əsasən, güzəştli kredit vəsaitlərinin həcmi daha da artırılacaqdır. Belə ki, 2011-ci ildə güzəştli kreditlərin verilməsi üçün nəzərdə tutulan vəsaitin indiyədək Fondun tarixində ilk dəfə ən yüksək həddə - 138 milyon manata çatdırılması nəzərdə tutulur. 2012-ci ildə isə Sahibkarlığa Kömək Milli Fondundan müvəkkil kredit təşkilatları vasitəsilə 200 milyon manat vəsaitin ayrılması proqnozlaşdırılır ki, bunun da 110 milyon manatını verilmiş güzəştli kreditlər üzrə Fonda qaytarılacaq vəsaitlər, 90 milyon manatı isə dövlət büdcəsindən ayrılacaq vəsaitlər təşkil edəcəkdir. Güzəştli kreditlər məqsədli dövlət proqramlarına uyğun olaraq, iqtisadiyyatın qeyri-neft sektorunun davamlı və dinamik inkişafı üçün önəmli olan müasir tələblərə cavab verən iribuynuzlu heyvandarlıq komplekslərinin, quşçuluq (o cümlədən damazlıq), taxılçılıq və toxumçuluq, intensiv üzümçülük və çayçılıq təsərrüfatlarının, istehsal və emal müəssisələrinin, istixanaların, soyuducu anbar komplekslərinin, sənaye müəssisələrinin yaradılması üzrə investisiya layihələrinin güzəştli şərtlərlə maliyyələşdirilməsinə, gənclərin, kiçik fermer və ailə təsərrüfatlarının, məcburi köçkünlərin, qadınların və az təminatlı ailələrin sahibkarlıq fəaliyyətinə cəlb olunmasına və s. istiqamətlərə yönəldiləcəkdir.

Sonda bir daha qeyd etmək istəyirəm ki, sahibkarlar, eləcə də sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyənlər ölkəmizdə özəl bölmənin inkişafı üçün yaradılan şəraitdən, əlverişli biznes mühitindən yararlana bilər, dövlətin maliyyə vəsaitlərindən güzəştli qaydada istifadə etmək üçün Sahibkarlığa Kömək Milli Fonduna müraciət edə bilərlər.

 

← Geriyə